525.Az

1503-cü ilin yayı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1503-cü ilin yayı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

1503-cü ilin qışı 

Londondakı Vestminister abbatlığı bu vaxt bəzi hadisələrin şahidi oldu.

Ailə üçün Arturu itirməkdən artıq böyük dərd ola bilməzdi. Arvadı kral ərinə başsağlığı vermək istəyirdi. Bu yeganə dəhşətli itki isə öz ardınca üç əlavə itkiyə çevrildi. Əvvəlcə Artur, sonra kralın arvadı öldü, daha sonra isə anasının yenicə dünyaya gətirdiyi körpə uşaq öldü. Katerina Araqonluya gəldikdə, o, yenə də kral ailəsi ilə bir yerdə idi.

Marqaret özünə sual verirdi ki, ailə niyə bu üçlüyü itirdi və axı nəyə görə əri ölmüş gəlini biz ailəmizdə saxlayırıq. Anası Arturun yerini doldurmaq üçün ərinə və ölkəyə oğul doğmaq istəmişdi, lakin amansız ölüm ana ilə körpənin hər ikisini haqlamışdı.

Matəm çox təntənəli keçdi. Şotland kraliçası kimi Marqaret mərhum anasının otağını tutdu və sarayı idarə etməyə başladı. Anası qızına vaxtilə demişdi ki, hər bir şadlıqda kədər vardır. Bu dünyada yeganə yararlı şey taxt-tacdır və taledir. Qədim yunanlarda isə tale, fatum allahlardan da yuxarıda olmaqla, daha qüdrətli idi.

Marqaret hər şeyi unudub, özü barədə düşünürdü ki, ərə getməyi ilə ona nəhəng bir tale qismət olacaqdır. Bu tale isə onu daimi xoşbəxtliyə qovuşduracaqdır.

O, yayda İngiltərəni tərk etməli idi. Şotlandiya kralı Ceyms, nikah müqaviləsində yazılmış sözdə olduğu kimi, vədindən dönmədi və Marqaret alacağı rentalar vasitəsilə öz taleyinə sahib olacaqdı. Ona çatan torpaqları icarəyə verməklə ildə 1 min şotland funtu məbləğində pul qazanacaqdı. Həm də o, özünün 24 nökərinə maaş verəcək, sarayının xərclərini ödəyəcəkdi. Əri əgər bir bədbəxtlik nəticəsində ölsə, - əlbəttə ki, o, çox yaşlı olduğuna görə belə perspektiv mümkün idi, - bu vaxt Marqaret varlı dul qadına çevriləcəkdi. Nyüark qəsri və Ettrik meşəsi də onun olmaqla, başqa daha çox şeylər də ona mənsub olacaqdı. Tale və taxt-tac da nəzərə alınmalı idi. Hər şey, hətta anasına olan məhəbbəti də həmin gecə ərzində yaddan çıxdı.

Marqaret Harrinin yanına gəldi, onlar tək qaldıqda, qardaşı ona dedi:

"Sən bilirsən ki, bir gün mən İngiltərənin kralı olacağam və Katerinaya evlənəcəyəm. O, heç vaxt real olaraq Artura ərə getməmişdir. O, mənə ərə getməlidir. Əlbəttə, bu, tezliklə olmayacaqdır. Biz, mənim 14 yaşım olana qədər gözləyəcəyik. Lakin biz nə vaxtsa nişanlanacağıq".

Marqaret dedi:

"Axı o, Arturun dul arvadıdır". Harri cavab verdi: "Təəssüf ki, real olaraq heç də yox". Harri günahsız bir qaydada dedi: "Bu, atamın planıdır. Bu məsələ Ledi ananın yanında o, ölməmişdən əvvəl razılaşdırılmışdır".

Marqaret bildirdi ki, yəqin ki, bu, Katerinanın planıdır. O, Artura öləndən əvvəl nəsə vəd etmişdi, bu, yəqin ki, həmin məsələdir.

Harri işıq saçan mələk kimi gülümsədi: "Belədirsə, mən qardaşımın xeyir-duasını almışam. Əgər iki nəfər evlənib, bir yerdə yaşayırsa və onlardan biri övladı olmadan ölmüşdürsə, ölənin arvadı başqasına ərə getməlidir. Ancaq ərinin qardaşı onu özünə götürməlidir və öz qardaşı üçün toxumu səpib, cücərtini böyütməlidir".

"Bibliya belə demirmi?" Harri özünə sual verərək, dedi: "Deyteronomi" (Bibliyanın "İkinci qanun" kitabı - müəllif) belə məsləhət görür. Bu, Allahın iradəsidir ki, mən Katerinaya evlənim". Nikah yatağında nə baş vermişdi? Bəlkə də, o qız qorxmuşdu və ya onun toy gecəsi ağrısı baş vermişdi. Katerina deyirdi ki, onlar heç vaxt birgə yatağı bölüşməmişdilər. 16 yaşındakı gəlin və 6 aya yaxın ər-arvad olasan, özü də intim yaxınlıq etməyəsən. Bu, necə işdir, indi o deyir ki, heç vaxt bir yataqda olmamışlar. O, israr edir ki, əl dəyməmiş bir bakirə qızdır. Təzə evlənmiş ər-arvad arasında intim yaxınlığın baş verməməsi halları mümkündür və tarixdə bunu təsdiq edən misallar da vardır. Fransa printsi, dörd il sonra ölkənin kralı olan XVI Lui 1770-ci ildə Avstriya printsessası Mariya-Antuanettaya evlənsə də, 7 il ərzində onunla cinsi münasibətdə həqiqi ər rolunu oynaya bilməmişdi. Yalnız Avstriya printsi, gələcək imperator İosifin kəskin tələbindən sonra Luiyə sünnət edilmiş, bununla o, arvadının bədəninə yaxınlaşdıqda baş verən kəskin ağrıdan xilas edildikdən sonra, ər funksiyasını yataqda da icra etməyə başlamışdı. Deməli, cinsi yaxınlıqda da problemlər mövcuddur və onları tam inkar etmək də ağılsızlıqdır.

Marqaretə isə Katerinanın bakirə gəlin olması şübhəli gəlirdi və o, Harrinin bu qıza evlənməsini istəmirdi. Ledi nənə də bu izdivaca razı deyildi. 

1503-cü ilin qışının sonu 

Katerina öz vətənindəki Qranadada yerləşən ərəblərdən yadigar qalmış Alhambra sarayının dəbdəbəsini yaddan çıxarmaq istəmirdi. Doğrudan da, Alhambra insan əli ilə yaradılmış bir möcüzə idi. Sarayın tikintisində hind, mavr arxitektura üslublarından istifadə nəzərə çarpırdı. Gözəl fəvvarə və sarayı əhatə edən güllü-çiçəkli bağ bu əraziyə xüsusi gözəllik verirdi. Fəvvarənin suyu tökülən iri mərmər vazanı isə dörd kiçik fil fiqurları bellərində saxlayırdı. 1492-ci ilin yanvarında Qranadanın alınması ilə İspan Rekonkistası başa çatmış, Alhambra da ispanların əlinə keçmişdi. Mavrlarla düşmənçiliyə görə ispanlar onların bütün izlərini məhv etməyə çalışırdılar. Lakin katolik krallar Ferdinand və İzabella Alhambranı gördükdən sonra onun füsunkarlığına valeh olmuş, sarayın dağıdılmasına imkan verməmiş, üstəlik, özləri də orada yaşamağa başlamışdılar: Alhambranın gözəlliyi kiçik qız olan Katerinaya da böyük təsir göstərmişdi, axı adətən, gözəllik yaddaşlardan silinmir, yuva saldığı xatirə məkanını heç vaxt tərk etmir.

Əlbəttə, İngiltərə artıq onun vətəni idi və o, Uels printsinin dul qadını kimi orada yaşamağa məcbur olmuşdu. Marqaret Londondakı Darhem evində olarkən ondan soruşdu:

"Sən həm də kraliça olmaq istəmirsənmi?"

"Mən əgər sənin qardaşına ərə getsəm, əlbəttə ki, kraliça olacağam".

"Sən istəmirsənmi, elə atama ərə gedəsən?"

"Yox. Bu, nə qəribə ideyadır? Mənim heç bir belə niyyətim yoxdur və anam da heç vaxt buna razı olmaz".

Marqaret dedi: "Lakin həm də onlar sənin öz evinizə qayıtmağını da təkid etmirlər".

"Mən gözləyirəm ki, valideynlərin cehiz pulunu bütünlüklə ödəyəcəklər və mən Harriyə nişanlanacağam".

"Əgər onlar bunu etməsələr?"

"Bu, heç vaxt sənin başına gəlməsin. Əri sevmək və itirmək dəhşətli qəm-qüssədir. Mən İngiltərənin kraliçası olacağam".

Marqaret dedi: "Bu, mənim üçün heç vaxt baş verməyəcəkdir. Əgər baş versə, mən Şotlandiyada qalmayacağam, mən İngiltərədəki evimə dönəcəyəm".

"Sənin atan mənim gəlinlik cehizimi almayana qədər mənə dul qadına çatacaq irsi də verməyəcəkdir. Mən iki dəyirman daşının arasındayam və onlar məni əzirlər. Mən dözəcəyəm. Mən onların hər ikisindən çox yaşayacağam. Ona görə də mən İngiltərənin kraliçalığını vəd edən öz taleyimə inanıram".  

1503-cü ilin yazının sonu 

Roma Papasının təlimatına görə, qardaş öz mərhum qardaşının gəlini ilə evlənə bilər və Katerina Araqonlu bakirə qızın ağ paltarını geyindi, bürünc rəngli saçlarını çininə atdı. Bu, qarşıdakı digər toy hadisəsinin əlaməti idi. Bu, nişan qoyulma idi, toy deyildi, belə bir vəd idi ki, Harrinin 14 yaşı olanda o, Katerinaya evlənəcəkdir. Katerina isə 19 ay əvvəl də Londondakı Yepiskop kapellasında beləcə gəzmişdi. İndi isə özündən 6 yaş kiçik olan oğlana ərə getməklə özünü xoşbəxt hesab edirdi. Elə bil ki, nə Artur, nə onların toyu, nə də gənc ər-arvadın bir-birlərinə əhd-peymanı olmamışdır. Artıq o, Harrinin gəlini idi və bir daha Uels printsessası kimi tanınmalı idi. Qadın öz mərhum ərini inkar etməklə yenidən əvvəlki tituluna qayıtmışdı.  

1503-cü ilin yayı 

Riçmond sarayında Marqaret artıq Katerinaya məhəl qoymurdu və bacısı Meriyə də yol göstərib deyirdi:

"Mən Şotlandiyaya, ərimin yanına getməyə hazırlaşıram. Böyük kraliça olmalıyam, kraliça taleyinə malik olacağam. Sənə yazacağam və sən də cavab verməlisən".

 Marqaret düşünürdü ki, Katerinaya desin ki, printsessa heç də kotançı qızına bənzəmir. Həm də "bacını itirmək onun üçün çətindir, o bacı ki, yenicə anasını və qardaşını itirmişdir". Sonra Meriyə dedi: "Kiçik printsessa Meri, bir bacı səni tərk edir, lakin digəri sənin yanına gəlir. Bizim hamımız bir-birimizə yazacağıq". Meri təntənəli qaydada cavab verdi: "Əbədi və həmişəlik dostlar". Katerina əlavə etdi:

"Biz Tüdor bacılarıyıq. İki printsessa və bir kraliça". Və gülümsəyərək əlavə etdi ki, "Mən əminəm ki, bizim hər birimiz nə vaxtsa bir gün kraliça olacağıq".

Kral atası qızı Marqareti Şotlandiya kraliçası kimi yeni vətəninə yola salırdı. O, özü kral ştandartının arxasınca atını çapırdı, qızı isə onun arxasınca gedirdi. Onların atları ən yaxşı olanlardan seçilmişdi. Marqaret yastıq yəhərin üstündə oturmuşdu, yəhər Şotland emblemi olan qanqal gülü şəkli ilə bəzədilmişdi. O, yorulanda qatırların çəkdiyi təxti-rəvanda otururdu, pərdələri çəkir və çox silkələndikdə isə yatırdı.

Atası daim şübhə içərisində idi, köhnə kralın sülaləsinə loyallığını saxlayan pis, səfeh adamlardan qorxurdu. Ona görə də onların ətrafında ovçularla birlikdə iri tazılar - canavar və maral tazıları dolaşırdı. Lakin dəstə qarşıdakı bayrama və ya rəsmi "xoş gəldin" mərasiminə doğru çapmaqda davam edirdi və hətta ov etmək üçün də dayanmırdı.

Yarım düjün araba gəlinin paltarlarını aparırdı, bir araba isə xüsusi qaydada qorunmaqla, onun daş-qaşlarını daşıyırdı. Gəlinin ev mühafizəçisi və onun nökərləri arxayın olmaq istəyirdilər ki, heç nə yoxa çıxmasın və itirilməsin.

Marqaret düşünürdü ki, Katerina Arrogant atasını özünə evlənməyə məcbur etsə, bu, onun Harriyə ərə getməsindən daha yaxşı seçim olardı. O, Harrinin ağası olmağa hazırlaşır, atası isə onu işləməyə vadar edərdi.

Karvan Riçmond sarayından səfərə başlayıb. Kollivestondakı Ledi nənənin evinə gəlib çatanda onlar ayrıldılar, ata geri qayıdacaqdı, Marqaret isə şimal istiqamətində Şotlandiyaya getməli idi. Qız bundan sonra geri, İngiltərəyə qonaq kimi gələnə qədər, bir daha atasını görməyəcəkdi. Ata öz itkilərini qızından daha çox, daha ağrılı qaydada hiss edəcəkdi. O, öz həyatını Fransada, sürgündə keçirmişdi, bütün maneələrə baxmayaraq, sonra İngiltərəyə gəlmişdi. Ata keçmişi xatırlayaraq, hər bir adam barədə pis düşünürdü və potensial düşmənlərini həbs etməyi planlaşdırırdı.

O, qızına nəsihət verməyə başladı: "Sən nə etməli olduğunu bilirsən. Əmin olmağa çalış ki, ərin sülhü qoruyub saxlasın. Əgər Şotlandiya düşmən olsa, İngiltərə heç vaxt təhlükəsiz olmayacaqdır və Şimal torpaqlarımıza can atacaqdır. Sən əminlik yaratmalısan ki, Daimi Sülh Müqaviləsi, həqiqətən də, daimi olsun".

"Mən nə bacarıramsa, onu edəcəyəm, ser".

"Heç vaxt unutma ki, sən İngiltərə printsessasısan. Əgər Harrinin başına bir iş gəlsə, bu, Allahın iradəsidir, sən İngiltərənin sonrakı kralının anası olacaqsan". Bu sözlərə nənə əlavə etdi ki: "Bu isə dünyada ən böyük şeydir".

Sonra Marqaret əlini çarmıxa çəkilmə obrazının üstünə qoydu, boğazının quruması onu göstərirdi ki, onu Müqəddəs Marqaret kimi London ilə Edinburq arasındakı əjdaha udacaqdır, ona görə də buna tam hazır olmalı idi. Nənəsi də "Allah sənə yar olsun" sözlərini dedi. Axı o, sülalənin banisi idi, o, yalnız oğlan uşaqlarına möhtacdır. "Sənin oğlunun taxt-taca çıxmasına isə heç bir söz ola bilməz".

Karvan Yorkdan Edinburqa tərəf irəliləyirdi. Marqaretin əhval-puhiyyəsi qarışıq xarakterli idi, həm ərə getməyinə sevinir, həm də keçən il ərzində sevimli qardaşını, sonra anasını, onunla birlikdə yeni doğulan bacısını itirməyinin qüssəsini çəkirdi. O düşünürdü ki, Katerina İngiltərə kraliçası, özü isə Şotlandiya kraliçası olacaqdır və adamlar onları bir-biriylə müqayisə edəcəklər. O görürdü ki, Şimali İngiltərə boşdur, ümumiyyətlə, işləyən heç kəs yoxdur. Bura boş bir ölkədir, kimsəsizdir, hətta xəritəyə düşməmişdir. Onlar kasıblıqlarına görə Cənubdakı hər şeyə nifrət edirdilər.

(Ardı var)

 





06.08.2019    çap et  çap et