525.Az

Meksika El-Pasodakı silahlı hücumu soydaşlarına qarşı terror aktı hesab edir


 

Meksika El-Pasodakı silahlı hücumu soydaşlarına qarşı terror aktı hesab edir<b style="color:red"></b>

Meksika avqustun 3-də Amerika Birləşmiş Ştatlarının El-Paso (Texas ştatı) şəhərində törədilən və böyük sayda meksikalıları qətlə yetirmək məqsədini daşıyan terror aktı hesab etdiyi qorxaq hücumu şiddətlə qınayır.

Bu barədə Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Meksika höküməti Xarici İşlər Nazirliyi vasitəsilə atışma qurbanları üçün ədaləti təmin etmək və Birləşmiş Ştatlardakı Meksika icmalarının hüquqlarını qorumaq üçün bir sıra hüquqi, diplomatik və müdafiə tədbirlərini həyata keçirəcək.

Meksika ABŞ-nın müxtəlif ştatlarında fövqəladə iclaslar keçirəcəyini elan edib. Bu iclaslarda konsulluqlara meksikalıların əlavə müdafiə tədbirləri haqqında təlimat veriləcək. İlk belə görüşlər Texas, Kaliforniya, İllinoys, Nyu-York və Corciya ştatlarında baş tutacaq.

Bundan başqa, Meksika ABŞ-da bütün ispandilli ölkə icmalarını konfransa toplayacaq. Məqsəd bu ölkədə ispandillilərin hüquqlarının qanunla müdafiəsini təşviq etməkdir.

Meksikanın Xarici İşlər naziri Marselo Ebrard Kasaubon Texas ştatının El-Paso şəhərində, Ohayo ştatının Deyton şəhərində və İllinoys ştatının Çikaqo şəhərində təzəcə baş verənlərə görə Birləşmiş Ştatların höküməti və xalqına baş sağlığı verib.

“Anlayırıq ki, Birləşmiş Ştatların xalqı matəmdədir və biz bu həftə sonu baş verənlərin bir daha heç vaxt təkrar olunmayacağına ümid edirik”, - deyə M.E.Kasaubon deyib.

C.ABASOV

 





06.08.2019    çap et  çap et