525.Az

"İki dollara aldığım kitab, sən demə, qiymətsiz bir xəzinə imiş" - Fotolar


 

"KİTABİ-DƏDƏ QORQUD"UN YENİ NÜSXƏSİNİN SAHİBİ VƏLİ MƏHƏMMƏD XOCAYLA SÖHBƏT

"İki dollara aldığım kitab, sən demə, qiymətsiz bir xəzinə imiş" - <b style="color:red">Fotolar </b>

Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyiylə Bayburt şəhərinə - 25-ci Bayburt Dədə Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı gündəmini məşğul edən "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyini təxmin edirdim. Hətta yeni nüsxənin sahibi Vəli Məhəmməd Xocanın da dəvətli olacağı gözlənilən hadisə idi.

İranın Türkmən Səhra bölgəsindən olan Vəli Məhəmməd Xoca ilə bağlı məlumatları hələ Bayburta getmədən öncə - Türk dünyasının ortaq ədəbiyyat dərgisi "Qardaş qələmlər"in son sayındakı müsahibəsindən əldə etmişdim. "525-ci qəzet"in 20 iyul sayında isə həm yeni nüsxə, həm Xocanın müsahibəsi, həm də Türk dünyasının ayrı-ayrı  ölkələrindən olan professorlarının bu yeni tapıntı və dastanın 13-cü boyuyla bağlı məqalələri haqqında geniş bir yazı ilə çıxış etmişdim. Dədə Qorqudun adına, sözünə həsr olunmuş tədbirə qatılarkən həmin məqaləni aparmamaq doğru olmazdı. Axı bir türk milləti, Türk dünyasının önəmli bir qolu olaraq bu mühüm məsələnin Azərbaycana və onun tarixinə də aidliyi var. Özü də yeni nüsxənin 17-18-ci əsrlərə, yəni son dövr Azərbaycan türkcəsinə və 17-18-ci əsrlər Güney Azərbaycan coğrafiyasına məxsusluğu iddia olunur.

Beləcə 21-25 iyul tarixlərində Bayburtda Dədə Qorqud havasını ciyərlərimizə çəkir, dünyanın dörd bir yanından Türkiyənin bu kiçik şəhərinə təşrif buyurmuş professorların, qorqudşünasların maraqlı yanaşmalarıyla tanış olurduq.  

Bayburta Dədə Qorqud gəlib 

Ancaq etiraf etmək gərəkirsə, səfərimin ən yadda qalan və ən çox həyəcanlandıran, sevindirən tanışlığı Dədə Qorqudun Türküstan/Türkmən-Səhra nüsxəsinin sahibi, el ağsaqqalı Vəli Məhəmməd Xoca oldu.

Onu ilk dəfə "25-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət festivalı" çərçivəsində Şair Zehni Kültür Mərkəzində baş tutan Beynəlxalq Dədə Qorqudun izində-sözündə simpoziumunda gördük. Protokol çıxışları arasında ona da söz verdilər. Son dərəcə təvazökar, sadə, mülayim görünüşə sahib Xocanın çıxışa da o cür sadə və səmimi oldu. Nüsxəni özünün tapmağına baxmayaraq, onu Türk dünyası ədəbiyyatına türkiyəli alimlərin qazandırdığını deyən Vəli Məhəmməd Xoca bunun üçün hər kəsə təşəkkürlərini çatdırdı.

Özümlə apardığım "525-ci qəzet"in bir sayı Azərbaycandan simpoziuma qatılan və orada moderatorluq edən professor Əli Şamildə vardı. Ancaq təəssüf ki, gərgin və sıx proqramın içərisində simpoziumda axıra qədər qalmaq imkanımız olmadığından Xocayla görüşə bilmədik. Və mən onun da adı keçən məqaləmi özünə təqdim edə bilmədim. Bunu özümə problem etdiyimi və Xocayla görüşməyi çox arzuladığımı görən bələdçimiz Fateh bəy onunla digər tədbirlərdə də görüşəcəyimizi, arzuladığım reportaj üçün imkan yaradılacağını dedi.

Ondan sonra qatıldığımız hər tədbirdə gözüm Vəli Məhəmməd Xocanı axtardı.

Onu ikinci dəfə bir sərgidə gördüm. Festival çərçivəsində Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV)  tərəfindən tarixi Taşhanda açılan Türk Dünyası Karma Rəsm sərgisinə təşrif buyuranlar arasında bu nurani el ağsaqqalı da vardı. Onu uzaqdan görəndə həm özünün nuraniliyi, təmkinli yerişi, davranışı, həm də ətrafındakı sevgi və sayğı seli sayəsində elə zənn edirdin ki, festivala 1300 illik tarixin arxasından Dədə Qorqudun özü qatılıb.

Sərgiyə toplaşan hər kəsin marağı, diqqəti Xocaya yönəlmişdi. O, televiziyalara müsahibə verir, onunla şəkil çəkdirmək istəyənlərə sevgiylə gülümsəyirdi. Əlyazmanın tapılması tarixini bəlkə də artıq neçənci dəfə eyni şövqlə, eyni həyəcanla, eyni sevgiylə ən xırda detalına qədər danışırdı.  

"Kitabxanamda 132 əlyazma var..." 

Dedi ki, artıq uzun illərdir türk və türkmən dilli kitabları, əlyazmaları toplayır: "Onların sürətlərini çıxarıb tədqiqatçılara yönləndirirəm. Türk ədəbiyyatına aid kitabxana qurarkən bütün dostlarıma "harda əlinizə türkcə əlyazma, qədim kitab keçərsə, mənə deyin"- deyə tapşırmışdım. Əlyazma və daş basqılar kitabxanamı 15 ildir ki qurmuşam. Orada Türk ədəbiyyatıyla bağlı önəmli əlyazmalar, kitablar toplamışam. Bu günə kimi yığdığım 132 əlyazmam var.

Bu əlyazmanı da qaldığım şəhərdən 500 kilometr uzaqda yaşayan dostumdan kitab almağa gedərkən tapdım. Bir neçə kitab almaq üçün Tehrana getdim. Ravi adlı həmin kitabçı dostumdan kitablar alıb geri qayıdırdım. Təsadüfən bir nəfər mənə əlində qədim bir kitab olduğunu dedi. Mənsə, sadəcə əlyazmalarla maraqlandığımı dedim. O da bunun əlyazma olduğunu, 10 dollara satdığını dedi. Ravi ona baxdı, "bu, bəlkə sənə lazım olar" - deyib mənə göstərdi. Ravi türkcə bilmirdi. Mən də türkcə olduğu üçün maraqlandım. Danışıb kitabı iki dollara aldım, amma nə olduğunu öncə anlamamışdım. Fikrimdə sadəcə kolleksiyama yeni bir türkcə əl yazma qatıldığı var idi". 

"Zibilliyə atacaqdım..." 

"İlk göstərdiyim tədqiqatçılar bunun Dədə Qorqudu məsxərəyə qoyan, ona tamamilə zidd bir kitab olduğunu dedilər, atmağımı məsləhət gördülər. Mənsə, atmadım, sürətlərini çoxaldıb digər türkoloqlara, alimlərə göndərməyə davam etdim. Çoxu nə olduğunu anlamamışdı.

Əsəri 2018-ci ilin dekabrında tapdım. Tədqiqatçılar əsərin 200-300 illik olduğunu söylədilər.

Artıq usanmışdım, onlar mənə "zibilliyə at" deyirdilər. Ən çox da ona görə ki, kitabda Dədə Qorqudun lağ obyektinə çevrildiyini düşünürdülər. Əgər kitab Şahruz Ağ Atabəyin diqqətini çəkməsəydi, zibilliyə atacaqdım. O, bu kitabın Dədə Qorqud olduğunu və mühafizə edilməsi gərəkdiyini dedi. Mənim iki dollara aldığım və zibilliyə atmağı düşündüyüm kitab, sən demə, qiymətsiz bir xəzinə imiş (gülür)".  

"Bu, Dədə Qorqudun mənə hədiyyəsidir" 

"Əlyazmaları toplayarkən atam mənə "türk və türkmən ədəbiyyatında Dədə Qorqud kimi bir alim olmadı, olmayacaq da"- demişdi. Atamın sözləri hər zaman ağlımda idi. Bir gün qismət oldu ki, Qazaxıstanda Ceyhun (Sır Dərya) çayının kənarında Dədə Qorqudun məzarı olduğunu öyrəndim və ziyarət etdim. Belə bir insanın qəbrinin pis vəziyyətdə olmasına çox ağladım. Qəzetə müsahibə verib diqqəti cəlb etdim. Sonrakı gedişimdə isə oraların təmir edildiyini gördüm. Bu gün bu kitabı tapmağımı Dədə Qorqudun bir hədiyyəsi olaraq qəbul edirəm. Çünki vaxtilə mən onu ziyarət edib ruhuna dualar oxumuş, məzarıyla maraqlanmışdım.

Bildiyimiz kimi, "Kitabi-Dədə Qorqud" dastanının iki nüsxəsi Avropadadır. Sevinirəm ki, heç olmasa, üçüncü nüsxə Türk torpaqlarında qalacaq. Mənsə, əlbəttə, bundan sonra da bu işimi davam etdirəcəyəm".

"Mənə qəzetinizdən verməyəcəksiz deyə narahat olmuşdum"

Müsahibədən sonra insan selinin arasından birtəhər keçib Xocaya yaxınlaşdım. Özümü tanıtdım. Gördüm ki, mən danışarkən gözləri əlimdəki "525-ci qəzet"dədir.

- Xocam, bu, mənim Azərbaycanda çalışdığım "525-ci qəzet"dir. Buraya gəlmədən öncə Dədə Qorqudun yeni nüsxəsi haqda yazı yazdım. Məqaləmdə sizdən də bəhs etdim, sitatlar gətirdim. Bu qəzeti də buraya sizin üçün gətirmişəm.

Xocanın sevinci gözlərindən oxunurdu. Dərhal qəzeti əlimdən alıb məqaləni axtardı:

- Dünən simpoziumda sizin qəzetinizi Əli Şamil müəllimdə gördüm. Dedilər ki, məqaləniz yayımlanıb. Baxdım, şəklinizi də gördüm (gülürük). Sizi axtardım, ancaq getmişdiniz. Qəzetinizdən mənə verməyəcəksiniz, sizi yenidən görə bilmərəm deyə narahat olmuşdum. Təşəkkür edirəm ki, bu nüsxəyə bu cür maraq göstərmisiniz. Dədə Qorqudun yeni nüsxəsini mən tapdım, amma onu elmə, ədəbiyyata Türkiyə qazandırdı. Görürəm ki, Azərbaycan da ona biganə qalmayıb. Məqalənizi elə bu gün məmnuniyyətlə oxuyacağam. Sizə və qəzetinizə uğurlar arzulayıram, Dədə Qorqudun müqəddəs ruhu daim sizinlə olsun!

Şahanə MÜŞFİQ
Bayburt-Bakı

 





07.08.2019    çap et  çap et