525.Az

Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası


 

Azərbaycan ədəbiyyatında Məmməd Səid Ordubadi imzası<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Deyirlər, ədəbiyyat tarixi öyrənmək baxımından tarix elmindən daha çox iş görür. Doğru, düzgün, tarixi faktlara və tarixi sənədlərə dayanan, yazıçı təhkiyəsinin şirinliyi ilə qələmə alınan tarixi əsər oxucunun yaddaşında daha dərin izlər buraxır.  

Tariximizin ədəbi-bədii salnaməsi 

Bu baxımdan, M.S.Ordubadinin Azərbaycan tarixi və ədəbiyyatı üçün gördüyü işlər əvəzsizdir. Ədəbiyyatımızda tarixi roman janrının ilk rüşeymləri məhz onun qələmindən cücərməyə başlayıb. Onun yarardıcılığının böyük hissəsi bu janrla sıx bağlıdır. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər", "Qılınc və Qələm" və s. kimi romanlar Azərbaycanın çoxəsrlik zəngin tarixinin müxtəlif dövrləri haqqında oxucuda dolğun və dəqiq təəssürat yaratmaq iqtidarına malikdir.

Yavuz Axundlu M.S.Ordubadi haqqında yazdığı tədqiqat işində onun tarixə və tarixi romana yanaşma tərzindən söz açarkən yazır: "Tarixi mövzuda əsər yazan hər bir sənətkar üçün əsas qiymətli mənbə tarix elmidir. M.S.Ordubadi öz tarixi romanlarını yazmağa başlayanda bu, mümkün deyildi. Çünki onun özünün dediyi kimi, "Bizim nöqsanımızın böyüyü orasındadır ki, indiyə qədər Şərq haqqında sistem üzərində bir tarix yazılmamışdır. Tariximiz bəzən Herodot və Esterabonların buraxdığı irslər, bəzən də səyyahların xatirat dəftərlərinə əsasən yazılmışdır".

Professor Mir Cəlal "Qocaman ədibin yaradıcılıq yolu" adlı məqaləsində yazır ki, M.S.Ordubadi öz tarixi romanlarını qələmə aldığı vaxt Azərbaycan ədəbiyyatında tarixi roman janrı yaranmamışdı və izlənməli bir nümunə yox idi.

M.S.Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən qapalı şəkildə bunu öz əsərlərində dilləndirməkdən də çəkinmirdi. Məhz buna görədir ki, illər keçməsinə baxmayaq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.

Akademik İ.Həbibbəyli özünün "Böyük Ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi" monoqrafiyasında yazıçını böyük rus ədibi Lev Nikolayeviç Tolstoyla müqayisə edir. Daha doğrusu, onu Azərbaycan ədəbiyyatının Tolstoyu adlandırır. Akademikin fikrincə, M.S.Ordubadinin məşhur tarixi romanları, xüsusən, "Dumanlı Təbriz", "Qılınc və qələm" özünün monumentallığına, əzəmətinə görə, epoxanın eposunu yaratmaq xüsusiyyətlərinə görə Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə oluna bilər.

Ədibin tarixi romanlarında həm tarixi, həm də müəllif təxəyyülündən yaranmış surətlər var. Lakin bu uydurma surətlər də qələmə alınan dövrün səciyyəvi cəhətlərini özündə əks etdirir. Onlar da özünün fərdiliyi və tarixi səciyyəsi ilə seçildiklərindən heç də qondarma təsir bağışlamır, həqiqi tarixi şəxsiyyətlərin obrazlarının kölgəsində qalmırlar.

Fikrimcə, roman yazmaq nə qədər çətin və ağır prosesdirsə, tarixi roman yazmaq ondan dəfələrlə ağır və böyük zəhmət tələb edən işdir. Çünki birinci növbədə müəllif müraciət etdiyi dövrü mükəmməl bilməli, həmin dövrdə yaşayan xalqın əxlaqını, adət-ənənələrini, məişətini dərindən öyrənməli, canlandırdığı tarixi şəxsiyyətləri araşdırmalıdır.

Bu barədə M.S.Ordubadi özünün "Ədəbiyyatımız və tənqidimiz haqqında" adlı məqaləsində yazırdı: "Şair tarix cəhətcə savadsız, öz xalqının keçmişini bilməkdən aciz və xəbərsiz olursa, o, hansı talant və hansı bir düha ilə tarixi əsərlər və tarixi dastanlar yarada bilər?!

Vətəni sevmək kifayət deyil, onu layiqincə tanımaq lazımdır. Xalqı sevmək azdır. Onun əxlaq və adətlərini layiqincə öyrənməlisən... və əsərində tərənnüm etməlisən... Biz isə... xalqı layiqi ilə tanıya bilməmiş, əsərlərimizdə onun qəhrəmanlıq tarixini əks etdirə bilməmişik.

Bir şair və bir ədib öz əsərlərini elmi əsaslar üzərində qura bilmədiyi, onda bir süjet xətti yaratmağı bacarmadığı və əsərinə nəzəri fikir cəlb edə biləcək qiymətli libaslar geydirməyi bacarmadığı üçün öz təbinin məhsuluna cahan ədəbiyyatı sərgisində müştəri tapa bilməyəcəkdir".

XX əsrin birinci yarısında M.S.Ordubadi ədəbiyyatımızda tarixi roman janrı istiqamətində böyük nailiyyətlər əldə edir. O, 1933-cü ildə yazdığı dörd kitabdan ibarət "Dumanlı Təbriz" əsəri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyur.

Ədib xüsusən, "Dumanlı Təbriz", "Qılınc və qələm" kimi irihəcmli əsərlərində Azərbaycan xalqının milli mübarizə, milli düşüncə, dövlətçilik məsələlərini geniş planda təsvir edir. O, bir sıra tarixi romanlarını yaratmaqla xalqının mübarizə qüdrəti və mücadilə əzminin tarixini yazdı.

1933-1938-ci illərdə qələmə alınan "Dumanlı Təbriz" əsərində 1906-1911-ci illər Cənubi Azərbaycan inqilabı mövzuya alınıb. Amma Təbrizin bir inqilab, mücadilə beşiyi, milli dəyərləri, bütün keyfiyyət və xüsusiyyətlərilə təsvir olunmasını, uzun müddət Azərbaycan dövlətinin paytaxtı olan bir şəhərin simvolizə edilməsini nəzərə almaqla demək olar ki, romanın qəhrəmanı Təbriz özüdür. Ədib şəhəri bütün etnoqrafik, siyasi, ictimai halı ilə təsvir edərək bir ölkənin və xalqın taleyini əks etdirir. Əsərdəki hadisələr Azərbaycan xalqının dövlətçilik təfəkkürünün bədii əksi kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin, milli azadlıq və tarixi bütövlük idealı daşıyan bu əsər yazıldığı dövrdə Sovet İmperiyasının repressiya tüğyanına qarşı da bir cavabdır. Əsər müəllifin böyük cəsarətinin nümunəsi kimi də qiymətləndirilə bilər.

Məmməd Səid Ordubadinin "Döyüşən şəhər" (1938) və "Gizli Bakı" (1940) əsərləri də Azərbaycan tarixi romanının yaddaqalan nümunələridir. O, "Gizli Bakı" romanında tariximizin çox mürəkkəb bir dövrünə müraciət edir. Burada 1905-ci ilədək olan dövrün tarixi hadisələri təsvir olunub, kortəbii fəhlə çıxışlarının get-gedə mütəşəkkil proses alması əks etdirilib. "Döyüşən şəhər" romanı bir növ "Gizli Bakı"nın davamıdır.

Tarixi romandan danışmaq, əsərin əvvəldən sona tarixə sadiq qaldığı demək deyil. Ordubadi bu üç, eləcə də "Qılınc və Qələm" romanlarında macəra xarakterli hadisələrə də yer ayırır. Bu, tarixə köklənmiş oxucunu bir anda real həyatdan qoparıb sentimental, romantik axına çəkərək marağını əsərə daha da artırmaq məqsədi daşıyır.

Ədibin son tarixi romanı "Qılınc və qələm"dir. Özünün yazdığına görə, bu əsər üzərində 1939-cu ildən işləməyə başlayıb. 1946-cı ildə tamamlanan roman Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsi hesab olunur. Lakin bu əsər Nizami Gəncəvinin mühiti, müasirləri ilə bağlı əsər idisə də, özündə Azərbaycan milli dövlətçiliyinin nailiyyətləri ifadəsini tapırdı. Bolşevik ideologiyası Azərbaycan xalqına elm, maarif öyrətdiyi haqqında fikir yürütmək istərkən XII əsrdə dünya ədəbiyyatı korifeyinin Azərbaycanda yazıb-yaratmasının təsvir olunması layiqli bir cavab idi.

Ordubadi dövrün ən çətin zamanlarında, ədəbiyyatın sıxışdırıldığı, hakimiyyətin uşaqdan-böyüyə hər kəsi nəzarətdə saxladığı, tarixin saxtalaşdırıldığı bir vaxtda  nəhəng yazıçılıq qüdrətilə Azərbaycan xalqının tarixi taleyi, dövlətçilik tarixi, mübarizə əzmi barəsində sanballı əsərlər yaradırdı.

"Qılınc və qələm" tarixi romanı XII əsr tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa layiqdir. Əlbəttə, bu baxımdan roman təkcə ədəbiyyatşünaslar üçün deyil, tarixçilərdən üçün də əhəmiyyətli qaynaqdır.

Gələcəyə Ordubadi mirası 

Görüldüyü kimi, M.S.Ordubadi ta gənc yaşlarından başlamış bütün yaradıcılığı boyunca istər nəzm, istər nəsr, istərsə də publisistik əsərlərində hər zaman azərbaycançılıq ideyalarını təbliğ edib, xalqın maariflənməsinə çalışıb, milli düşüncənin, milli məfkurənin təbliği ilə məşğul olub. Heç bir repressiya, heç bir sıxıntı, heç bir təqib onu tutduğu bu şərəfli yoldan döndərə bilməyib. O, qələmi ilə yalnız Şimali və ya Cənubi Azərbaycanın deyil, bütöv və vahid Azərbaycanın uğrunda savaşıb, öz ideyalarını əsərləri vasitəsilə gələcək nəsillərə miras qoyub.

İ.Həbibbəylinin diliylə desək, M.S.Ordubadinin əsərləri mənsub olduğu xalqın milli-mənəvi bütövlüyünün, birliyinin, mübarizə ruhunun, oyanış və azadlığının böyük ədəbiyyat səviyyəsində dolğun əks-sədasıdır: "Onun tarixi romanları da, ümumiyyətlə, müxtəlif janrlarda yazılmış qiymətli əsərləri də Azərbaycan xalqının çoxəsrlik tarixinin və keşməkeşli taleyinin ədəbiyyatı olaraq ümummilli mənafelərin ədəbi yaddaşda həkk olunması ilə yanaşı, həm də gələcəyə işıq salmaq missiyasına xidmətin ifadəsidir.

Yəni Lev Nikolayeviç Tolstoyun öz xalqı üçün gördüyü işi Azərbaycanda XX əsrdə bir neçə görkəmli sənətkarlarla birlikdə həm də Məmməd Səid Ordubadi gerçəkləşdirməyi bacarmışdır. Görüntüdə keçmiş sovet rejiminin Azərbaycandakı rəhbərləri ilə münasibətləri haqqında əfsanələr yaşayan Məmməd Səid Ordubadi idealının ədəbiyyatdakı ifadəsi milli-mənəvi bütövlüyə, tarixi yaddaşın yaşadılmasına xidmətin nümunəsi kimi ədəbiyyatı tarixi əhəmiyyətli işə çevirməyin gerçəkliyini canlı və real şəkildə əks etdirir. Bu gün böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadini öyrənməyin və öyrətməyin zəruriliyi həmişə olduğundan daha aktualdır".

Təəssüf ki, üstündən bir əsr zaman keçməsinə baxmayaraq, Məmməd Səid Ordubadinin elmi və bədii irsi hələ də tam şəkildə toplanıb nəşr edilməyib. Eyni zamanda, böyük ədib yalnız bədii yaradıcılıqla deyil, həmçinin, elmi-tədqiqatla da məşğul olub. Onun bu sahədəki fəaliyyəti gələcək ədəbiyyatşünasların diqqət mərkəzindəki mövzuların sırasına rahatlıqla daxil edilə bilər. Ədibin zəngin və çoxşaxəli ədəbi irsinin gələcəkdə gənc tədqiqatçılar tərəfindən daha ətraflı və ixtisaslaşmış şəkildə öyrənilməsi ədəbiyyatımıza bənzərsiz töhfə olacaq.

 





08.08.2019    çap et  çap et