525.Az

Sosial sahədə inqilabi islahatlar


 

AZƏRBAYCAN VƏTƏNDAŞININ RİFAHI DAHA DA GÜCLƏNİR

Sosial sahədə inqilabi islahatlar<b style="color:red"></b>

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının diqqət mərkəzindədir.

Bu istiqamətdə davamlı olaraq vacib addımlar atılır, qərarlar qəbul edilir. Bu istiqamətdə atılan addımlar 2018-ci ildən etibarən xüsusilə intensivləşib. Cari ildə isə Prezident İlham Əliyevin sosial sahədə imzaladığı qərarlar, fərman və sərəncamlar inqilabi xarakter daşımaqla, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərməklə yanaşı, daha geniş əhatəliliyi, miqyası, insanların sosial durumuna daha çox müsbət təsir göstərməsi  ilə fərqlənir. 

Azərbaycan prezidenti hələ 2018-ci ilin sonlarında bəyan etmişdir ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Cari ilin əvvəlindən verilən qərarlar məhz bu məqsədə xidmət edir.

Artıq müsbət nəticələr də var. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə açıqlanan nəticələr, rəqəmlər yaxın gələcəkdə daha böyük uğurlara nail olunacağına şübhə yeri qoymur. Müşavirədə dövlər başçısı 2019-cu ilin birinci yarısında Azərbaycanın öz inkişaf dinamikasını qoruyub saxladığını, qeyri-neft sənayesində, kənd təsərrüfatında yüksək nəticələr əldə olunduğunu, bütün qarşıya qoyulan vəzifələrin icra edildiyini bildirib. Azərbaycan prezidenti həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlərin prioritet sahə olan sosial sferanın inkişafına yönəldildiyini diqqətə çatdırıb.

Xatırlatmaq yerinə düşər ki,  2019-cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev iki böyük sosial islahat paketi təsdiq edib. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılması, mühüm sosial məsələlərin həllinə 1.6 milyard manatın yönəldilmısini nəzərdə tutub və icra olunub.

İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanıb, sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub. Hər iki paketin ümumi məbləği cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon vətəndaşın əhatə edilməsini və 5.2 milyar manatın sərf olunmasını nəzərdə tutur.

Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artdığına görə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşacaq.

Bundan başqa, müavinətlərin və stipendiyaların artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artıq tələbəni, ümumilikdə 1.3 milyon insanı əhatə edib. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə, bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edəcəkdir.

Azərbaycan prezidentinin digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də əhatə olunacaq.

Dövlət başçısı məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini də tələb edib. Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub. Əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində ƏƏSMN-ə artıq 45 min müraciət daxil olub, 4 min nəfər təlim keçib, 110 nəfər aktiv əldə edib.

Bununla yanaşı, DOST mərkəzlərinə 20 min müraciət daxil olub, vətəndaşların məmnunluğu səviyyəsi 93 faizə yüksəlib. Bu gün DOST mərkəzləri artıq 126 növ xidmət təklif edir. Bu il daha bir, gələn il isə 3 mərkəzin açılması nəticəsində Bakı əhalisinin 80 faizi əhatə olunacaqdır.

Bütün bunlar Azərbaycan prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.

Mövzu ilə bağlı danışan millət vəkili Pərvin Kərimzadə deyib ki, ölkə rəhbərinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib. Deputatın sözlərinə görə, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub: "Təbii ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır. İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirdə də qeyd edildiyi kimi, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Ölkə başçısının dediyi kimi, ən sevindirici göstərici qeyri-neft sənayesində (15.7 faiz) əldə olunub". P.Kərimzadə vurğulayıb ki, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar ölkəmizin güclü iqtisadi imkanlarının olduğunu sübut edir: " Son keçirilən müşavirədə Azərbaycan prezidenti bir daha qeyd etdi ki, iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər prioritet sahə olan sosial sferanın inkişafına yönəldilir. Məhz bunun nəticəsidir ki, cari ildə imzalanan 2 mühüm sosial paket nəticəsində ölkə əhalisinin gəlirləri 6,6 faiz artıb. Pensiya, maaş və digər müavinətlərin artımı istiqamətində atılan addımlar vətəndaşlarımızın sosial müdafiəsinin daha da güclənməsinin, firavan həyatının təminatına çevrilib".

Siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə olunan nəticələr ölkəmizdə həyata keçirilən dərinləşdirilmiş islahatların ilkin nəticələridir. O vurğulayıb ki, müşavirədə dövlətimizin başçısı qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini və müsbət dinamika alan ümumi iqtisadi vəziyyətin rəqəmlərdə əks olunduğunu bildirdi. Ekspertin sözlərinə görə, iqtisadiyyatımızın inkişafında nəzərə çarpan dinamika sübuta yetirir ki, 2019-cu ilin sonunda bu göstəricilər daha da yüksək olacaq: "Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrində baş verən irəliləyişlər ölkəmizdə vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial layihələrin fonunda baş verib. Bu, çox mühüm faktordur. Yəni Azərbaycan əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına sərf edib. Minimum əmək haqları, pensiyalar, təqaüdlər artırılıb. Şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, onların layiqli həyat sürmələrinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılıb".

PƏRVANƏ

 





07.08.2019    çap et  çap et