525.Az

Səfər təəssüratları...- (Fotolar)


 

Səfər təəssüratları...- <b style="color:red"> (Fotolar)</b>

“Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik fikirləri ümumilli lider Heydər Əliyev söyləmişdir. Dəqiq və çox sərrastlıqla söylənilmiş bu fikirləri dünya ölkələri arasında özünəməxsus, zəngin mədəniyyəti ilə seçilən Azərbaycana aid etmək olar...

Azərbaycan mədəniyyətinin vacib sahələrindən  biri olan teatrımızın dünya ölkələri arasında daha da tanınması və bağlanmış ikitərəfli yaradılıcıq müqaviləsinə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının Həştərxan vilayəti və Kalmıkiya Respublikasına qastrol səfəri etmişdir.
 

29 sentyabr, saat 14.00, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısı...

Yolumuza sentyabr ayının 29-da teatrın qarşısından start verdik. Bir gün sonra sentyabr ayının 30-da Həştərxan vilayətinin otellerindən birinin qarşısında dayandıq. Bizi “Matuşka” Volqa ilə üz-üzə, Kremlyevski küçəsində yerləşən “Azimut” otelin qarşısında duz-çörəklə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Viktor Yakovleviç Butenko, teatrın bədii rəhbəri Yuri Vladimiroviç Koçetkov və direktor müavini Svetlana Vasilyevna Povalyayeva və aktyorları alqışlarla qarşıladılar...
 

Tamaşalarımız böyük maraqla qarşılandı... 

Oktyabr ayının 1—və 2-də kollektiv “Ana qaz” tamaşasını seyrçilərinə təqdim etdi. Artıq şəhərin ayrı-ayrı yerlərində tamaşanın afişaları vurulduğundan və mətbu orqanlarda məlumatlar yerləşdirildiyindən insanlar bu səhnə əsəri haqqında yetərincə ətraflı məlumata sahib idilər. Xalq şairi Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış allegorik bir hissəli pantomim-tamaşa nəinki azyaşlı tamaşaçıların, eləcə də onların valideyn və müəllimlərinin böyük marağına səbəb olmuşdu. Balaca qaz balalarının acı taleyindən təsirlənən tamaşaçılar göz yaşlarına hakim ola bilmirdilər...
 

Bir az da Həştərxan Gənc Tamaşaçılar Teatrının tarixindən... 

1933-cü ildə mart ayının 11-də yaradılmış Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının qədim tarixə malik teatrlarından biridir. Teatrın ilk tamaşası N.Şestokovun “Uzaq yol” pyesi əsasında hazırlanmış səhnə əsəri olmuşdur. Teatrın bədii rəhbəri Rusiyanın Xalq Artisti Yuriy Vladimiroviç Koçetkovdur. Teatrın repertuarında azyaşlı tamaşaçılar üçün  “Skazka o zolotoy ribke”, “Skazka o pope i eqo rabotnike Balde”, “Sindbad-morexod”, “Alenkiy svetocek”, “Konek-qorbunok”, “Dyadya Fyodor, Pyes i Kot”, eləcə də digər yaş kategoriyalarını əhatə edən tamaşaçılar üçün “Tri muşketyora”, “Primadonnı”, “Strasti po Torçalovu” və başqa səhnə əsərləri var. Bu yaxınlarda teatr 80 illik yubileyini təntənəli surətdə qeyd edəcəkdir.

Həştərxan ilə yaxından tanışlıq... 

Kollektivin Həştərxan şəhəri ilə tanışlığı  Volqa çayı boyunca salınmış Azərbaycan parkı və  parkda ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsinin ziyarət edilməsindən sonra başladı. Naberejnaya Privoljskoqo Zatona küçəsində yerləşən abidə ətrafında 3,5 hektar ərazidə park salınıb. Heydər Əliyevin abidəsinin hündürlüyü postamentlə birlikdə 7,2 metrdir. Bürüncdən hazırlanmış abidənin müəllifi Azərbaycanın xalq rəssamı Natiq Əliyevdir.

Istiqamətimiz əksər vaxtlarda Rusiyanın möcüzəsi adlandırılan Həştərxan Kremlinədir. Rusiya tarixi ilə bağlı mühüm hadisələrin şahidi olan Həştərxan Kremli XVI əsrin ikinci yarısında tikilmişdir. Rus hərbi-mühəndis memarlığının məşhur abidələri sırasında mühüm yerini hələ də qoruyan Həştərxan Kremli bu ərazidə, o cümlədən Volqa sahilində tikilən ilk qədim qalalardandır. Vaxtilə Həştərxan hakimiyyətinin mərkəzi kimi çıxış edən bu qala özündə 5 tarixi abidəni əhatə edir. Həştərxan Kremli 1980-ci ildən nadir tarixi abidə kimi dövlət tərəfindən qorunur. Hazırda Rusiya hökumətinin qərarı ilə abidədə bərpa və yenidənqurma işləri aparılır.
Şəhərin görməli, tarixi memarlıq abidələri ilə bizi tanış edən bələdçi şəhər haqqında da məlumat verir: “Şəhər 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır və Volqa çayının hər iki sahilində yerləşir. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. XI-XII əsrə aid mənbələrdə Aş Tarxan, Aj Tarxan şəkillərinə də rast gəlinir. Adın digər şəkli As Tarxan və ya Aş Tarxan) Həştərxan şəklini almasına yol açdı. Burada müxtəlif dini təriqətlərə mənsub insanlar yaşayırlar”.
 Bələdçi məlumat verir: “I Pyotrun Həştərxan vilayətinin inkişaf tarixində
özünəməxsus yeri var.  Bu məkan həmişə öz əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə imperatorun diqqət mərkəzində olmuşdur. Imperator öz növbəsində burada ticarətlə yanaşı, balıqçılığın da inkişaf etdirilməsi üçün bir sıra addımlar atmışdır. 1717-ci ildə imperatorun fərmanı ilə Həştərxan quberniyası yaradılmışdır. 2002-ci ildə quberniyanın yaradılmasının 285 illiyində abidənin ilk daşı qoyulmuşdur. Hazırda isə qarşımızda üzü Volqaya baxan, dörd tərəfi lövbərlərlə əhatə olunmuş, əynində parad libası, sinəsinə ordenlər taxılmış I Pyotr dayanır”.
 

Həştərxan səfərimiz yekunlaşır...
   
Uğurla keçən qastrol səfərinin bağlanışında Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və  teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü  bildirmişdir. Bağlanış mərasimində Həştərxan vilayəti Mədəniyyət nazirinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunmuşdur.
 

Yolumuz Kalmıkiyayadır... 

Oktyabr ayının 3-də Həştərxandan Kalmıkiyaya yola düşdük. Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrının rəhbər və aktyor heyəti bizi öz milli musiqiləri ilə qarşıladılar. Bir günlük istirahətdən sonra oktyabr ayının 4-dən gərgin rejimə start verdik.
Həştərxanda rastlaşdığımız münasibət və  reaksiyalar burda da təkrarlanırdı. “Ana qaz”da ananın faciəsi, körpə qaz balalarının ölümü, “Kontrabas”da kontrabasçının Saraya olan gizlin və qarşılıqsız məhəbbəti, “Müharibə”də ana, qızları və kor atanın bədbəxt taleyi kiçikdən böyüyə hər kəsi təsirləndirmiş, göz yaşlarına qərq etmişdi.
 

Şəhər ilə daha yaxından tanış olaq... 

Oktyabr ayının 5-də tamaşadan sonra şəhəri daha yaxından tanımaq üçün gəzintiyə çıxdıq. Təsadüfdən həmin gün respublikanın mərkəzində yerləşən Selinnıy rayonunun 75 illik yubileyi idi və biz də Azərbaycandan gələn qonaq qismində həmin tədbirə qatıldıq. Müxtəlif milli libaslarda olan yerli aktyorlarin ifaları tədbirə xüsusi kolorit qatırdı. Bundan başqa tədbirdə Kalmıkiya Respublikasının Baş naziri İqor Zotov, Kalmıkiya Respublikası Xalq Xuralının (Parlament) sədri Anatoli Kozaçko, “Vahid Rusiya” regional parlamentinin partiya üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər. Bayramsayağı bəzədilmiş çadırlarda bizi qarşılayan rayon əhalisi qonaqpərvərliklə hazırladıqları yeməklərə bizi qonaq edirdilər. Teatrın istedadlı aktyoru İlham Əsədovun Azərbaycan və rus dilində ifa etdiyi mahnıları sürəkli alqışlarla qarşılayan tədbir iştirakçıları teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidova yubiley tədbirində iştirak etdiklərinə görə minnətdarlıqlarını bildirdi. Daha sonra Selinnıy rayonunun rəhbərliyi Azərbaycan Rusiya teatrları əməkdaşlığının inkişafındakı mədəni əlaqələrinin genişlənməsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevi şəhərin 75 illik yubileyinə həsr olunmuş medalla təltif etdi. Mükafatın Bakıda sahibinə təqdim olunması teatrımızın direktoru Mübariz Həmidovdan xahiş olundu.
 

“Şahmat şəhərciyi”... 

Elistanın cənub-şərqində 1998-ci ildə  XXXIII Şahmat Olimpiya Oyunları münasibətilə tikilmiş  “Şahmat Şəhərciyi” (“City Chess”) yerləşir. 2001-ci ildə burada Şahmat Muzeyi inşa olunmuşdur. Muzeyin fondunda 3,5 min ədəd eksponat qorunur. Şahmat şəhərində beynəlxalq və ümummilli forumlar, müsabiqələr, simpoziumlar, sərgilər, elmi və mədəni görüşlər keçirilir.
 

Памятник “Исход и Возвращение” 

Elistanın şərq hissəsində 1943-cü ildə Sibirə deportasiya olunmuş və Stalin repressiyasına məruz qalmış Kalmıkiya əhalisinin xatirəsinə həsr olunmuş abidə (памятник “Исход и Возвращение”) yerləşir. Abidə 29 dekabr 1996-cı ildə inşa edilmişdir. Memorial kompleks abidə, süni yolla hazırlanmış kurqan, vaqon və lövhədən ibarətdir. Kurqanın aşağı hissəsində insanları Sibira aparan vaqon yerləşdirilmişdir. Relslər üzərində dayanan vaqonun sol tərəfində kalmıkların sürgünə məruz qaldıqları 1943- 1957-ci illər yazılmışdır. Relsin sonunda yerləşdirilmiş lövhəyə David Kulqutinovun şeirindən bir parça həkk olunmuşdur.
 

Avropanın ən böyük budda məbədi...
 
Elistanın mərkəzində Yuri Klikov küçəsində  Avropanın ən böyük buddizm məbədlərindən biri olan “Budda Şakyamunanın qızıl yurdu” məbədi yerləşir. Məbədin açılışı 2005-ci il 27 dekabrda baş tutmuşdur. Məbədin binasının hündürlüyü 63 metrdir. Məbəddə Rusiya və ümumilikdə Avropada ən hündür 9 metrlik buddanın heykəli yerləşdirilmişdir. Məbəd köhnə beton məmulatları istehsal edən zavodun yerində inşa edilmişdir. Məbədin inşasına xeyir-duanı Tibet, monqol və rus buddistlərinin mənəvi lideri sayılan XIV Dalay Lama 2004-cü ildə Elistanı ziyarət edərkən vermişdir.
 

Kalmıkiyada yaşayan Azərbaycanlılar... 

Kalmıkiyada 2000-ə yaxın Azərbaycanlı  yaşayır. Onların bəziləri qastrol ərəfəsində nümayiş olunan bizim bütün tamaşalarımızı izləmişdilər. Həmvətənlərimizin kiçik bir qismi ilə tanış olmaq imkanına da nail olduq. Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri hökümət təşkilatının sədri Sabir Quliyevin başçılığı ilə təşkil olunmuş ziyafətdə teatrımızın kollektivi, B.Basanqov adına teatrın rəhbərliyi və həmvətənlərimiz öz ailələri ilə iştirak edirdilər. Tamaşalarımız haqqqında yüksək fikirlər söyləyən azərbaycanlılar əslində bu qədər peşəkar şəkildə hazırlanmış və istedadlı aktyor ifası ilə tamamlanmış tamaşalar gözləmədiklərini bildirdilər.
 

Bir az da B.Basanqov adına Milli Dram Teatrından... 

Teatr 1936-ci il noyabr ayının 8-də öz pərdələrini tamaşaçıların üzünə açmışdır. Teatrın repertuarında yer alan ilk tamaşalar Kalmık dramaturqu Baatr Badmayeviç Basanqovun pyesləri əsasında hazırlanmışdır. Bu teatr vasitəsilə ilk dəfə insanlar rus və xarici ölkə dramaturgiyası ilə yaxından tanış olmuşdurlar. Müharibənin çətin illərində belə teatr öz fəaliyyətini dayandırmadan davam etdirir, ön cəbhələrdə teatr aktyorları konsert proqramları ilə çıxış edirdilər. 1961-ci ildə Baatra Basanqovun anadan olmasının 50 illik yubileyi münasibətilə teatra onun adı verilmişdir. 2011-ci ildə B.Basanqov adına Milli Dram Teatrı Kalmıkiya Gənc Tamaşaçılar Teatrına birləşdirilmişdir. Bu gün teatrda bütün yaş kateqoriyaları üçün nəzərdə tutulmuş tamaşalar nümayiş etdirilir.
 

Qastrolun son günü...

Qastrol səfərinin bağlanış mərasimində  çıxış edən Kalmıkiya Respublikasının mədəniyyət naziri xanım Amulanqa Uçurova çıxış edərək kollektivə öz minnətdarlığını bildirmişdir. Kalmıkiya Respublikasının Baş naziri İqor Zotovun Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə ünvanladığı məktubu səsləndirən mədəniyyət naziri əfsanəvi rejissor, aktyor, pedaqoq K.Stanislavskinin 150 illik yubileyinə həsr olunmuş fəxri medallarla teatrın direktoru Mübariz Həmidov və Bəhram Osmanovu təltif etmiş, Elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva yeni nəşr olunmuş “Kalmıkiya etno dünya” kitabını teatra təqdim etmiş, Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva çıxışından sonra Kalmıkiya Teatr Xadimləri İttifaqı adından Əməkdar Artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Şövqi Hüseynov, Qurban İsmayılov, Əməkdar İnəcəsənət Xadimi Bəhram Osmanova fəxri fərmanlar təqdim etmiş, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri hökümət təşkilatının sədri Sabir Quliyev ürək sözlərini bildirərək öz hədiyyələrini kollektivə təqdim etmişdir.
B.Basanqov adına Milli Dram teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev və teatrın direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva Qalina Borisovna qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirmişlər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatının direktoru, Əməkdar Artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirmiş, Rusiya və Azərbaycan Teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulamışlar.
 

Qastrolun uğurlu nəticələri...
 

İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən bu ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, gələn ilin may ayında isə Kalmıkiya Milli Dram Teatrının ölkəmizdə qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunmuşdur. Bundan başqa gələn il Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev teatrımızda tamaşa hazırlamaq üçün dəvət olunacaqdır. Teatrımızın baş rejissoru Bəhram Osmanov isə daha sonra Kalmık Milli Dram Teatrına ezam olunaraq “Azərbaycan” əsərinə quruluş verəcəkdir.
Tamaşalardan sonra hər iki teatrın aktyorlarının  birgə görüşü keçirilmiş, aktyorların ifasında milli mahnılar səsləndirilmişdir. Görüşdə teatrımızın aktyoru İlham Əsədovun ifasında səsləndirilmiş Azərbaycan milli və rus mahnıları Kalmık teatrının aktyorları tərəfindən maraqla qarşılanmışdır.
 

Ümumi təəssürat...

Tamaşalarımızın teatr nümayəndələri və tamaşaçıları tərəfindən rəğbətlə qarşılanması bizi şox sevindirdi. Zaman-zaman bu cür qastrol səfərlərinə getmək, ölkənin hüdudlarından kənara çıxmaq teatrlarımız üçün çox vacibdir. Bu bir növ dünya və Avropa teatr məkanına inteqrasiyanı təmin edir. Bu sayaq qastrol səfərləri əldə etdiyimiz bütün nailiyyətlər, mövcud qüsurları daha aydın şəkildə görməyə yardımçı olur.

Geriyə, Vətənə doğru...

Oktyabr ayının 7-də gecə saatlarına Kalmıkiyadan yola çıxdıq, bir gün sonra artıq Vətəndə  idik.

 

Hüsniyyə Mursaquliyeva

Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının mətbuat xidmətinin rəhbəri

Bakı-Həştərxan- Kalmıkiya (Elista)- Bakı
29.09-07.10.2013-cü il

 





17.10.2013    çap et  çap et