525.Az

ABŞ-İran: əməkdaşlıq baş tutacaqmı?


 

ABŞ-İran: əməkdaşlıq baş tutacaqmı?<b style="color:red"></b>

Son zamanlar Amerika ilə İran arasında müəyyən yaxınlaşmanın müşahidə edildiyi haqqında informasiyalar yayılır. Xüsusilə, hər iki dövlətin nümayəndələrinin BMT-dəki çıxışlarında söylədikləri bəzi mesajlar qarşılıqlı əlaqələrin yarana biləcəyinə işarə kimi qiymətləndirilir. Bunlarla yanaşı, Vaşinqton-Tehran xəttində hələ gərginliyin qaldığı da vurğulanır. İki ölkə arasındakı münasibətlərin gələcəyi aspektində müxtəlif fikirlər səsləndirilir.

Bir mərhələnin sonu gəlirmi?

ABŞ-İran münasibətlərində buzların əridiyi haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatların sayı çoxalır. Onlar hər iki dövlət rəhbərinin atdıqları konkret addımlara əsaslanır. Daha düşündürücüsü odur ki, Tehranla Vaşinqton arasında dialoqun başlamasının bütövlükdə Yaxın Şərqin geosiyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olacağını proqnozlaşdırırlar. Bu aspektdə analitik və ekspertlər xeyli sayda arqumentə əsaslanırlar.

''Iranian Diplomacy'' nəşri Obama və Ruhaninin BMT-dəki çıxışlarının iki ölkə arasındakı soyuqluğu aradan qaldıra biləcəyini vurğulayıb (bax: Вахид Абедини. Выступления в ООН Рухани и Обамы разбили лед ирано-американских отношений / www.inosmi.ru, 30 sentyabr 2013). ''Nəhayət, çoxdan gözlənilən hadisə baş verdi'' cümləsi ilə prosesə münasibət bildirən müəllif, əslində, Amerika və İran cəmiyyətlərinin iki ölkənin yaxınlaşmasının tərəfdarı olduğunu ifadə edib. Şərqi Kaliforniya Universitetinin professoru Cəlil Rouşandel də öz nikbinliyini gizlətmir. O, ''...hər iki prezidentin çıxışı – yaxşı başlanğıcdır'', - deyib (bax: əvvəlki mənbəyə).

Qərb analitik və ekspertləri ABŞ-İran münasibətlərinin yaxşılaşmasını faydalı hesab edirlər. Onlar ümumilikdə Yaxın Şərqdə yeni geosiyasi mənzərənin formalaşa biləcəyini vurğulayırlar. Maraqlıdır ki, bu zaman proseslərin Amerikanın strateji məqsədlərinə uyğun şəkildə gedəcəyinə inam vardır. Bunun fonunda isə İranın heç nə itirməyəcəyi proqnozlaşdırılır. O cümlədən, Təl-Əviv tərəfdən Tehrana olan təhlükənin aradan qalxması ehtimalı xatırladılır.

Məsələyə region dövlətlərinin maraqları aspektində də yanaşma mövcuddur. Ekspertlər bu sırada əsas olaraq Türkiyə, Səudiyyə Ərəbistanı, Suriya və İraqın adını çəkirlər. Bu dövlətlərin hər birinin öz geosiyasi iddiaları vardır. Lakin liderlik məsələsində ilk növbədə Türkiyə və Səudiyyə Ərəbistanının İrana rəqib olduğu vurğulanır.

Bu məqam bütövlükdə ABŞ-İran münasibətlərinin perspektivi baxımından olduqca düşündürücüdür. Çünki həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Vaşinqtonun regionda ən yaxın müttəfiqləridir. Əgər Tehran ABŞ-la münasibətlərini yaxşılaşdıra bilsə, onda regionda geosiyasi ''stavkalar'' necə dəyişə bilər? Bu suala təbii ki, Ər-Riyadda və Ankarada fərqli cavablar ola bilər. Lakin Türkiyənin İranla münasibətlərə yeni prizmadan yanaşması ilə bağlı müəyyən informasiyalar mövcuddur.

Türkiyəli ekspertlər İranla regional liderlik uğrunda rəqabətin səmərəsiz olduğunu vurğulayırlar. Son illər Yaxın Şərqdə şəriksiz lider olmaq istiqamətində apardığı mübarizənin nəticə verməyəcəyini hər iki ölkə rəhbərliyinin anladığını xüsusi qeyd edirlər (bax: məs., Yusuf Ünlü. New York Kime Yaradı? / ''Milli Gazete'', 2 oktyabr 2013).

Bunun təsdiqi olaraq, Nyu-Yorkda A.Gül və H.Ruhaninin söylədikləri bəzi fikirləri göstərirlər. Türkiyə prezidenti ''...regionda İranın maraqlarını nəzərə almaq lazımdır'' cümləsini işlədib. H.Ruhani isə ''...nüvə proqramından region dövlətlərinin narahatlığını aradan qaldırmaq lazımdır'' fikrini söyləyib. Ekspertlər bunları iki dövlət başçısının regionda şəksiz lider olmaq strategiyasından çəkilməsi kimi qiymətləndirirlər (bax: əvvəlki mənbəyə).

Onu demək lazımdır ki, analitiklər Tehranın ''yumşalmasında'' Suriya məsələsi ətrafında yeni vəziyyətin yaranmasının ciddi rol oynadığına əmindirlər (bax: Джордж Фридман. Реалии США и Ирана / www.geopolitica.ru, 2 oktyabr 2013; Владислав Гулевич. США на Ближнем Востоке: ставка на Турцию / ''Международная жизнь'', 3 oktyabr 2013). ''Stratfor''un proqnozlarında İranın regionda iddialarının azalacağı yer alıb.

Bunun səbəbi kimi regionda sünni-şiə qarşıdurmasının yekunda ABŞ-ın geosiyasi maraqlarına cavab verən məzmun kəsb edəcəyinə olan inam göstərilir. B.Əsədin həm ölkə daxilində, həm də regionda nüfuzunun aşağı düşməsi ilə həmin məqam yetişib. Buradan aydın olur ki, nəyə görə Vaşinqton Ankaranın təkidlərinə baxmadan Suriya rejimini tam çökdürmək planlarına əl atmadı.

ABŞ-a həm Türkiyə, həm də İrana təhdid doğura bilən region lazım idi. Hazırda radikal dini qruplar arasında elə bir nisbət yaranıb ki, nə Ankara, nə də Tehran özlərini rahat hiss edə bilmirlər. ABŞ isə bu vəziyyətdən geosiyasi fayda götürməkdədir. C.Fridmanın yuxarıda göstərilən analitik yazısında da yer almış bu fikirlər maraq doğurur.

Dialoqun perspektivi və şübhələr

Bütün bunlar ABŞ-İran münasibətlərinin normallaşacağını proqnozlaşdırmağa əsas verirmi? Obama və Ruhani verdikləri bəyanatlara sadiq qalacaqlarmı? Etiraf etmək lazımdır ki, bu suallara qəti cavab vermək çox çətindir. Çünki hər iki ölkə daxilində fərqli düşünənlər vardır. H.Ruhaniyə Tehran hava limanında ayaqqabı atdılar. Bu, onun Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq cəhdinə etiraz əlaməti idi. İranın bir sıra siyasi qüvvələri hələ də Amerikaya qarşı sərt davranmağı lazım bilirlər. Onlar XX əsrdə Vaşinqtonun bu ölkə əleyhinə atdığı addımları bağışlaya bilmirlər. Bununla yanaşı, iranlılar real düşünməyə məcburdurlar.

Məsələ ondan ibarətdir ki, Mahmud Əhmədinejadın həyata keçirdiyi strateji xətt özünü doğrultmadı. Ölkə regional liderə çevrilmədi, nüvə proqramı beynəlxalq aləm tərəfindən qəbul edilmədi, sanksiyalar aradan qalxmadı və Yaxın Şərq miqyasında siyasi aspektdə şiə üstünlüyü təmin olunmadı. Məlum oldu ki, Qərb nə sünni, nə də şiələrin tam qalib gəlməsini istəmir – onu daha çox hər iki tərəfin gücünün təqribən bərabər olması qane edir. Bu məqsədlə Vaşinqton hər iki dini məzhəb təmsilçilərinə yardım edirmiş.

Suriya məsələsində isə son sözü Amerika və Rusiyanın söyləyə biləcəyi aydın oldu. Bu o deməkdir ki, Tehranın illərdir həmin bölgədə formalaşdırdığı geosiyasi nüfuzun müəyyən həddi varmış. Lakin bunlar İranın region üçün əhəmiyyətini qətiyyən azaltmadı. Əksinə, C.Fridman yuxarıda xatırlanan analitik yazısında ''Yüksələn İran'' ifadəsini işlədib.

Bununla o, Yaxın Şərqdə yaranmış yeni geosiyasi mənzərənin inkişafında Tehranın oynaya biləcəyi mühüm rola işarə edir. Belə bir perspektiv Amerikanın strateji maraqlarına cavab verir. Çünki Vaşinqton regionda təqribən eyni gücdə olan bir neçə dövlətin mövcudluğunu öz geosiyasi məqsədlərinə daha uyğun sayır. Bu bağlılıqda Amerika xarici siyasətinin patriarxlarından olan Henri Kissincerin bəzi fikirləri düşündürücü görünür. O, hələ 2011-ci ilin sonlarında vurğulamışdı ki, ''...biz yeni cəmiyyət, yeni dünya nizamı yaradırıq, yalnız bir superdövlət qalacaq və o, qalib dünya dövləti olacaq'' (bax: Киссинджер: США нужна не Сирия, а весь мир / www.russiapost.su, 3 oktyabr 2013). O, ABŞ hərbiçilərinin onların qarşısına qoyulan 7 Yaxın Şərq ölkəsinin təbii ehtiyatlarını ələ keçirmək, onlara nəzarəti reallaşdırmaq vəzifəsinin demək olar ki, öhdəsindən gəldiklərini deyib. Bunlar Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Suriya, Liviya və İrandır (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, indiki mərhələdə İranla əlaqələrin normallaşması Vaşinqton üçün olduqca əhəmiyyətlidir. Bu vəziyyət, heç şübhəsiz, İranı da qane edir. Çünki ölkəyə hərbi zərbə endirilməsi dövlətçilik üçün ağır nəticələr verə bilər. Bundan əlavə, region miqyasında İranın geosiyasi nüfuzu çox aşağı düşər. Rəsmi Tehran var gücü ilə bunlara imkan verməməyə çalışacaq.

Hər bir halda, regionda müharibə təhlükəsinin aradan qaldırılması müsbət haldır. Bu, bölgənin bütün dövlətlərinin xeyrinədir. Onu da nəzərə almaq lazımdır ki, hələlik liderlik uğrunda ABŞ-Çin mübarizəsi başa çatmayıb. Hansısa ölkənin bu prosesin daxilində olması arzuolunan deyil. Bütün bunlara görə, ABŞ-İran münasibətlərinin normallaşması Cənubi Qafqaz üçün də müsbət hadisə olardı.

Newtimes.az

 





17.10.2013    çap et  çap et