525.Az

Nağdsız hesablaşmalarda yenilik


 

"TƏMASSIZ ÖDƏNİŞ VASİTƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ NAĞDSIZ HESABLAŞMALARIN ARTIRILMASI, NAĞD HESABLAŞMALARIN AZALDILMASINA CİDDİ TƏSİR EDƏCƏK"

Nağdsız hesablaşmalarda yenilik<b style="color:red"></b>

Bu yaxınlarda Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə ölkədə nağdsız ödənişlərlə bağlı problemlərə toxundu. Dövlət başçısı nağdsız ödəmə sisteminin stimullaşdırılması, mövcud problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlarını verdi.

Prezidentin müzakirəyə çıxardığı məsələ ekspert dairələrində də diqqətdə saxlanıldı. Sahə üzrə mütəxəssislər nağdsız ödənişlərin təşviqi istiqamətində bir sıra təkliflər səsləndirdilər.
Təkliflərdən biri də NFC (Near Field Communication) -  texnologiyasına əsaslanan, mobil telefon vasitəsi ilə qısa məsafədən təmassız ödəmə xidmətinin yaradılmasıyla bağlı idi. Nəticədə, müşavirədən keçən bir neçə gün ərzində Azərbaycanda bu sistemin tətbiqi istiqamətində fəaliyyətə başlanıldı. Mətbuatda avqustun 15-dən etibarən Azərbaycanın 3 bankının bu xidmətləri göstərməyə başlayacağı haqda məlumatlar yayıldı.

Bu ödəniş sisteminin tətbiqi ilə banklar plastik kartların emissiyasına, müştərilər isə onları əldə etməsinə çəkdikləri xərclərə qənaət edəcəklər. İstifadəçilərin bir neçə kart gəzdirmələrinə ehtiyac qalmayacaq. Təmassız ödəniş aparmaq üçün kart məlumatlarını mobil əlavəyə daxil etmək kifayət edəcək.

Mövzu ilə bağlı "525"ə İqtisadi və Sosial İnkişad Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, təmassız ödəniş vasitələrinin genişləndirilməsi nağdsız hesablaşmaların artırılması, nağd hesablaşmaların azaldılmasına ciddi təsir edəcək: "Bu, bank sektorunda yeni innovativ resursun təklif olunması, bazara çıxarılması deməkdir".

İqtisadçı alimin sözlərinə görə, təmassız ödənişlər həm də plastik kartlar vasitəsilə həyata keçirilir: "Bu, kod daxil etmədən, kənardan ödəmə xidmətidir. Artıq Azərbaycanın kommersiya banklarından çoxu təmassız ödəniş sisteminə qoşulub. Əvvəlki dövrlərdə plastik kartlardan 30 manatadək təmassız ödəniş etmək mümkün idisə, artıq bu rəqəm 50 manatadək yüksəlib".

V.Bayramovun sözlərinə görə, bu ödəniş xidmətinin üstünlüyü ondan ibarətdir ki, daha qısa zamanda tranzaksiyaların həyata keçirilməsinə imkan yaradır: "Vətəndaş şifrə daxil etmədən sosial, ictimai iaşə obyektlərində, xüsusilə iri super marketlərdə növbə yaratmadan ödənişi həyata keçirə bilir. Bu, ödənişlərin asanlaşdırılması baxımdan çox əhəmiyyətli sistemdir".

 "Azərbaycanda plastik kartların sayı 7 milyona çatıb. Bu kartların təxminən 4,5 milyonu sosial və əməkhaqqı kartlarıdır. Kredit kartların sayı isə 810 minə yaxındır", - deyə iqtisadçı alim qeyd edib.

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiq etdiyi Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində də rəqəmsal iqtisadiyyatın formalaşdırılması və davamlı inkişafına nail olmaq üçün bu sahədə müasir tələblərə cavab verən effektiv tənzimləmə mexanizminin yaradılması nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycanda elektron xidmətlərin göstərilməsi və genişəhatəli nağdsız əməliyyatların aparılması üçün elektron ödəniş infrastrukturu kifayət edəcək səviyyəyə çatdırılmalı, ödənişlərin iştirakçısı olan subyektlərin milli ödəniş sisteminin infra-
strukturuna inteqrasiyası artırılmalı və rəqəmsal iqtisadiyyata çevik adaptasiya təmin edilməlidir.
Beynəlxalq təcrübədə geniş istehlakçı kütləsinin elektron ödəniş sisteminə keçidini təmin etmək məqsədilə stimullaşdırıcı tədbirlərlə yanaşı, nağd ödənişlər üzrə yuxarı hədd müəyyən edilməklə onların məhdudlaşdırılması, vergi, rüsum və yığımların ödənilməsi zamanı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi kimi müxtəlif üsullardan istifadə edilir. Azərbaycanda mövcud ödəniş infrastrukturunun elektron ödəniş subyektləri üçün bir sıra xidmətlər təklif etməsinə baxmayaraq, hazırda bu xidmətlərdən istifadə imkanları arzuolunan səviyyədə deyil. 2018-ci ildə ölkədə aparılan kart əməliyyatlarının cəmi 23 faizi (bankomatlardan nağd pulun çıxarılması istisna olmaqla, digər kart əməliyyatları) nağdsız qaydada həyata keçirilir. Müqayisə üçün 2016-cı ildə Azərbaycanda bu göstərici 8 faiz, Türkiyə Respublikasında isə 51 faiz təşkil edirdi. Qardaş ölkədə bu nəticənin əldə olunmasında stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərlə yanaşı, bankların dövlət və özəl sektoru təmsil edən təşkilatlarla uğurlu əməkdaşlığı da xüsusi rol oynayıb.

Ceyhun ABASOV

 





10.08.2019    çap et  çap et