525.Az

Mixail Sinelnikovun tərcümə şeirləri


 

Mixail Sinelnikovun tərcümə <b style="color:red">şeirləri</b>

Qoy dəlsin köksümü bozarmış otlar,

Başımın üstdə ki mavi səma var!

M.Sinelnikov

 

 

Mixail Sinelnikov görkəmli rus şairi, tərcüməçi, tənqidçi, Afrika və Asiya Ölkələri Universitetinin professorudur. Rusiya Elmlər Akademiyasının və Petrovsk Akademiyasının həqiqi üzvüdür, Türkiyə Mədəniyyət və Poeziya Akademiyasının (Çanaqqala) akademikidir.

21 orijinal poetik toplunun, “Xaqaninin divanı” və “Şərq poeziyası” adı altında toplanmış seçmə poetik tərcümə nümunələrinin və onlarla digər kitabın müəllifidir. M.Sinelnikov Azərbaycanda Nəcəf Nəcəfov Mükafatına layiq görülüb. Mükafatı, Moskva şəhərində, AYB-nin sədri Anar laureata təqdim edib.

Azərbaycan ədəbiyyatına sıx bağlı olan şairin yaradıcılığından nümunələri Afaq Şıxlının tərcüməsində oxucuların ixtiyarına veririk.

 

Valideynlərimin xatirəsinə

 

Onların qocalığı

Dövrün qocalığıyla düşmüşdü bir zamana.

Üfüqlər qaralanda

Gəzişirdi əl-ələ bir atayla, bir ana.

 

Ağarmışdı saçları...

Dolaşaraq bağları,

Onlar yada salırdı Petroqradda yaşanan

o dəhşətli illəri,

sonra beşillikləri –

Ötüb keçən çağları...

 

Artıq, Orta Asiya olmuşdu vətənləri –

keçmişdən uzaqlarda, gözəl şərq təbiəti...

Bu dünyaya sığmayan,

xəyalpərəst və çılğın bir oğlan haqqındaydı

onların son söhbəti...

 

İndi doğmadır mənə

qocaları ovudan o adi gəzintilər

şirin xəyaldır deyə!

... Son baharda getdilər

Tanrının dərgahına,

bürünüb səssizliyə...

1993

 

Yuxu

 

Tükənmir yuxular yenə bu axşam,

Qızılı boşluqda bir dünyamı var?!

Rəqs edir rəqqasə, əllərində şam,

Uyur bu ahəngə bəyaz sütunlar...

 

Bu Qanqın suyumu dəlir göyləri?

Bu sitar səsimi inləyir belə?

Bu – mənim ömrümin dəqiqələri,

Pərvəriş tapmamış özünə hələ.

 

Budur Rusiyanın qəlbinə daman –

Görəcək rəqs edən çılpaq bütləri.

Özümdən aralı düşmüşəm yaman,

Bilmirəm nə zaman dönəcəm geri.

11.01.13.

 

Səhra

 

Səhranın özündən başqa nəyi var?!

Səhra qürur duyur tənhalığıyla.

Dünya yaranandan, dayanıb lal-kar,

Gözləri yol çəkir su sorağıyla.

 

Bəzən çiçəkləyir gələndə bahar

Çöllərin ömürsüz efemerləri...

Rəngi çəhrayıya ya boza çalar,

Canını yaxmamış günəş telləri.

 

Qayğısız yuxular çəkincə köçün,

Bir qum axınıtək keçincə zaman,

Bunu kəşf edirsən sən özün üçün –

Yalnız ruhu ilə zəngindir insan!

05.05.11.

 

lll

 

Anladım ki, qocalıq – ötən illər deyilmiş,

Qalaq-qalaq həsrəti, dərdiymiş gedənlərin.

Ruhları uzaqlaşıb göy üzünə çəkilmiş,

Baxışları seyr edir bizləri, dərin-dərin...

 

O görünməz gözlərdə elə bir cazibə var –

Vücuduna hopunca titrəyirsən, əsirsən.

Vidalaşmaq yerinə, unutmaqdan zamanla,

Var gücünlə onlarla görüşə tələsirsən...

2010

 

lll

 

Sahil – qələbəlik, uğuldar, inlər...

Bir vaxtlar səninlə doluydu o da.

Yenə axışmada akvamarinlər,

Səma da seyr edir özünü suda.

 

...Elə bil yarıda qırıldı sözlər,

Yaxın günlərimiz uzaq qaldılar.

Bir anda qaraldı bütün dənizlər,

Süni işıqlar haray saldılar.

 

Ömrün qürubuna gedən günlərim

Solan üfüqlərin qarasındadı.

Sənlə bağlı olan düşüncələrim

İki itkin gəmi arasındadı...

1994

 

 

Dilənçilər

 

Qırılmış şüşələrlə dövrələnmiş hasarlar!

Qara dilənçilərsə yenə zillənib baxar –

Bəlkə, küncdə-bucaqda

yerə düşən nəsə var?...

Ağzı “içinə batmış” bir qoca gülümsəyər,

Bir oğlan da rəqs edər,

Qayğısız qara köpək quyruğunu bulayar,

Zəhərsiz qoca gürzə yalandan fısıldayar,

Meymuncuğaz

əl açıb insan kimi dilənər...

1982

 

Səs

 

Yalın bir yarğanla keçib gedərsən,

Günün qızmarında mürgüləyərsən...

Bir il ötər bəlkə... Bir gün səhrada,

Səni silkələyər zəif bir səda...

 

O səsdə dəhşətli qorxu yaşanmış,

O səs görünməyən odlarda yanmış.

O səs dinəndə də, o susanda da,

Məktubda, sözlərdə canlananda da.

Qızılı günlərə heyran olurduq..

Qara kölgələri silib qovurduq...

 

O səs naqillərlə sızıb gəlirdi,

Çaylarda sular da çilvələnirdi!

Otlar təzə-tərdi, səma ağappaq,

Həyat – tükənməzdi, anamızsa sağ...

1981

 

Kərpic

 

Qalmıram beləcə divar daşıtək!

Bir qumlu sahilə uzanam gərək.

 

Qoy dəlsin köksümü bozarmış otlar,

Başımın üstdə ki, mavi səma var!

 

Hamar dalğalar da məni yuyacaq,

Ləpələr üzümü sığallayacaq.

 

Balıqlar uçacaq çaylara sarı,

Vardır onların da öz mahnıları....

 

Amma ki, yenə də əlçatmazdılar –

Mərmər zirvələrlə, bəyaz buludlar...

 

Mən – bir qara bulud, zülmətin yarı!

Saldığım: şəhərlər, gül bağçaları.

 

Pəncərə açıram üzü günəşə,

Bu gün də, sabah da... dünən, həmişə...

 

Titrəşir üstümdə sarı qamışlar...

Sümüklər torpağı qucaqlamışlar...

 

Mən heçdən dirildim illərdən bəri,

Qəlbimdə həkk olub mamont izləri.

 

Mən – Üstyurt çölündə dəli burulğan,

Nəhəng əjdahatək alovdan doğan...

 

Qırmızı bacalar çatır təndiri,

Çarəsiz... səssizlik tüstüləndirir...

 

Mən qumam, şəhərlər salınır məndən.

Ordular tapdayıb keçir sinəmdən.

 

Çəkicəm, alovam, şimşəyəm, odam.

Yollarda çığıram, qaçağan atam.

 

Bir ocaq külüyəm – keşmişə dönən.

Bir köhlən iziyəm – gələcək günə.

 

Nə vaxt ki, ilğımlar itər, yox olar –

Susuzluq yanğısı bir yuxu olar.

Karvanlar dizədək sulara batar,

Mənim kiçik şöləm ulduza çatar...

 

Məni yoğurmağa uzanır əllər,

Çevrəmdə hərlənir qızılı tellər.

 

Planetlər, uşaqlar dövrə vururlar,

Zamanın hökmünə məhkum olurlar.

 

Məni yadınızda tutasız gərək

Divar səhifəsində qırmızı hərftək!

 

Baxıram özümə hər iki üzdən –

Kömürəm,  palçığam, həm də daşam mən!

1971

 

Yəhudi qızı

 

Gecə... restoranda gülüb danışır

Əlində bir qədəh yəhudi qızı.

Dilində rişxəndlər bir-bir alışır,

Bəzən kinayəylə büzülür ağzı.

 

Susanda dişi bir qurd kimi baxıb,

Kədərli qürurla zillənir birdən.

Diqqəti cəlb edən bir üzük taxıb...

...Ətri məst eyləyir durduğu yerdən.

 

Nədir bu baxışlar... yuxusuz, yorğun,

Nə qədər uzaqdır bəşər şərindən!

Salxım tək1 şipşirin, “kül”2 kimi solğun...

Sion dağlarıtək gözəl bir bədən!

 

Saat kimi dəqiq, öd kimi acı...

Gah siqaret çəkir, gah yemək yeyir.

Hardasa ... müqəddəs bir əl ağacı 3,

Xaç 4 və alışan kolv gözümə dəyir.

 

Nəfəslər qarışıq, fikirlər oyaq...

Səssiz yalvarış var Tanrı lütfünə5.

Ya qızıl buğadır6, ya odlu dayaq7?!

Gümanlar içində itirik yenə...

1979-1980

 

 

1. Xristian dininin başlıca simvollarından biri.

2. İkinci Dünya müharibəsində alman faşistlərinin ölüm düşərgələrində yandırdığı insanlar nəzərdə tutulub.

3. Mənəvi və cismani hakimiyyət simvolu.

4. Xristian dini nəzərdə tutulur

5. Musa peyğəmbərin Tanrıyla söhbəti hekayətindən...

6.  Burada: hərislik və xəsislik simvolu kimi

7. Rəvayətə görə, yəhudilərə gecələr yol göstərən odlu dayaq.

 

 





19.10.2013    çap et  çap et