525.Az

Münaqişələr – itirən və qazanan tərəflər


 

Münaqişələr – itirən və  qazanan  tərəflər<b style="color:red"></b>

Bu gün dünyada 50-dən artıq  münaqişə ocağı mövcuddur.  Diqqətlə təhlil edəndə  görürsən ki,  hər bir münaqişənin arxasında   çox  hiyləgər bir  ssenari  var.  Həyatda  bəzən elə insanlar   var ki, çox peşəkarcasına  konfliktlər yaradırlar.  Sonradan bu konfliktin  həlli istiqamətində  çox  hiyləgərcəsinə  imitasiya ilə məşğul olurlar. Bu gün  dünyada bir çox dövlətlərin yaratdığı  münaqişələr də buna  daha çox oxşayır.

1988-ci ildən  başlayan  Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyanın bəzi dairələri  tərəfindən  yaradıldığı heç kimə sirr deyil. Sonradan bu konfliktdən  maksimum  dərəcədə  yararlanan  digər  qüvvələr oldu.  Münaqişələr yaratmaq və ondan  davamlı olaraq iqtisadi, siyasi qazanc güdmək  əslində ciddi  cinayət hadisəsidir. Lakin super  güclər müasir  hüquqdan və   beynəlxalq məhkəmədən daha güclüdür.

 Bu vaxta qədər  eşitməmişik ki,  hər hansı Rusiya məmuru  bu konflikdə  iştirakına və ermənilərə kömək etdiyinə görə  beynəlxalq məhkəmələr tərəfindən  cəzalandırılsın.  Dağlıq Qarabağda yüzlərlə günahsız azərbaycanlının ölümünə bais olduğu  üçün beynəlxalq məhkəmə qarşısına çıxarılsın. Cəzasızlıq  mühiti  münaqişənin bu qədər uzanmasının səbəblərindən  biridir.

Artıq elə siyasət formalaşır  dünyada hər şey  maraqlara xidmət edir.  Böyük  dövlətlərin  maraqları ilə üst-üstə düşən  bəzi beyin mərkəzlərinin   hazırladıqları hesabatlar, siyasi  mahiyyətli təzyiq ssenariləri, iqtisadi maraqlar  münaqişələrin davamlı olaraq dərinləşməsinə səbəb olur.

 Dağlıq Qarabağ  probleminin həllinə dəstək göstərən  təşkilatların,  böyük dövlətlərin  siyasətinə nəzər salanda  bu qənaətə gəlmək olar ki, həmin qüvvələr  birmənalı olaraq  bu münaqişədə   həqiqət axtarmırlar. Həmin   münaqişədə kimin  haqlı, kimin  haqsız  olduğu məsələsi onlar üçün önəmli deyil. Onlar  üçün  önəmli olanı budur ki,  bu münaqişədən  bütün formalarda, həm iqtisadi, həm də siyasi mənada  fayda götürsünlər.

Bu gün müsəlman dünyasında, ərəb ölkələrində  baş verən  hadisələrə  nəzər salaq.  Həmin ölkələrdə  problem yalnız  demokratiyadırmı?  Bəs, onda əhalisi qeyri müsəlman olan ABŞ-ın qonşuluğunda yerləşən   Kubaya, Venesuelaya,   dünyaya meydan oxuyan Şimali Koreyaya   top-tüfənglə, hərb yolu ilə  demoktatiya niyə  ixrac olunmur, onlara  qulaq burması  niyə verilmir?

 Deməli, dünyada dini qütbləşmə faktoru  istisna hal deyil.  Liviyada, Suriyada, Misirdə  və  daha haralarda   qarşı-qarşıya gələn,  qanı tökülən  müsəlmanlardır. Əslində  müsəlman dünyasının bu faciələrinin kökündə  islam sivilizasiyasından, islam mədəniyyətindən, islam halallığından uzaq düşmələri olur.

 BDU-da  təhsil aldığım dövrdə   çox dəyərli  müəllimim olan, mərhum Şaməddin  Xəlilovun  hər zaman  bir fikrini xatırlayıram. O, deyirdi  “Dəhşətli var-dövlət, bir də həddindən artıq kasıbçılıq hər ikisi qorxuludur”. Həqiqətəndə bu iki qorxulu tendensiya  və digər faktorlar  həmin o münaqişə ocağına çevrilən islam ölkələrinin  çökməsinə  gətirib çıxartdı. Qanunların işləmədiyi həmin cəmiyyətlərdə ciddi təbəqələşmə,  qeyri şəffaf yolla varlanma və kəskin kasıbçılıq  qorxulu nəticələrə səbəb  olur.

 Yenə Rusiya məsələsinə keçək.  Bu gün bəzi ekspertlər iddia edirlər ki,   şimal qonşumuz gündən-günə itirir, zəifləyir.  Rusiya İraqda, Liviyada və digər Şərq  ölkələrində itirir. Lakin  bu ölkə Cənubi Qafqazda   və  o cümlədən  keçmiş SSRİ məkanında   möhkəmlənməkdədir.  Bu ərazilərdə mövcud olan  dövlətlərlə Rusiya  təzyiq və təhdid dili ilə danışır. Bu gün  adı çəkilən,  MDB məkanda münaqişələrin bu qədər uzanmasının təəssüf ki, əsl səbəbkarı  Rusiyadır.

Nə  qədər  barmaq silkələyib  demək olar ki,  Qarabağ münaqişəsinin  həll variantı hərb yolu ilə  mümkün deyil.  Bu  hegemon siyasətin nə vaxt  bitəcəyi məlum olmasa da  bir məsələ  bəllidir ki, bundan  rus xalqı  daha çox itirəcək. Çünki dünyada anti-Rusiya meylləri artmaqdadır. Suriyada Bəşər Əsəd  rejiminin  ən çox silah təminatçısı  Rusiyadır.

Təbii ki,  bütün bunlar yeni bir fikir deyil.  Kimi dindirsən  deyəcək ki,  Dağlıq Qarabağ münaqişənin  yaradıcısı  Rusiyadır.  Ancaq biz Rusiya faktorunu  əsas götürüb əlimizi əlimizin üstünə qoyub susmamalıyıq. Yenə uzun illər gözləməməliyik.  Çünki ötən bir il bizi Qarabağdan,  itirilmiş torpaqlardan  daha da uzaqlaşdırır.

Ona görə də  Rusiyanın təsir dairəsindən  çıxmaq,  ümumilikdə, bu təzyiqlərin birdəfəlik aradan qaldırılması barəsində  düşünmək lazımdır. Bu gün Avropanın enerji  təhlükəsizliyində  Azərbaycanın böyük rolu var.  Bəs,  o zaman   həmin Avropa,  ABŞ  Cənubi Qafqazın təhlükəsizliyində   ciddi şəkildə  öz sözünü  niyə deməməlidir?  Qərbin,  ABŞ-ın  ikibaşlı  mövqeyi,  sülh imitasiyası  uzandıqca  Rusiyanın  bu regionda təzyiq  və təsir imkanları  artır.

Dəyərli oxucular, ola bilər kimsə səslənən fikirlərlə razılaşmasın.  Mənim qənaətimcə, Qarabağ münaqişəsinin həllində bütün xarici pozitiv  qüvvələrin gücündən  yararlanmaq lazımdır. Lakin onlara  etibar etmək olmaz.  Bu münaqişənin həllində Azərbaycan  bütün mənalarda öz potensialına  arxalanmalıdır.  

 





19.10.2013    çap et  çap et