525.Az

"Saatın 61-ci dəqiqəsi" çatanda... - Resenziya


 

"Saatın 61-ci dəqiqəsi" çatanda... - <b style="color:red">Resenziya </b>

Hər bir bədii mətn, yazı addan başlanır. Ad başlanğıcdan nəsə, nəyisə oxucuya diqtə edirsə, elə təlqin olunan hadisələrin burulğanında və axarında da onun hikmətini, məzmununu arayıb-axtarırsan. Artıq imzası əbədi mühitdə tanınmış Qafar Cəfərlinin növbəti kitabı - "Saatın 61-ci dəqiqəsi" adlanır.

"Saatın 61-ci dəqiqəsi" hekayəsi Qarabağ müharibəsinin doğurduğu ağrılardan bəhs edir.

Hekayə müharibədə insanlıq naminə çaya düşən dörd yaşlı erməni uşağını xilas edərkən həyatını təhlükə altında qoyan, sonra ayağının bud nahiyyəsindən yaralanan Hünərin çəkdiyi ağrı-acıların təsviri ilə başlayır: "Bu gün canı bərk ağrayırdı. Can deyəndə ki, bütün bədəni sızıldayırdı, amma ürək sancıları onu tamam əldən salmışdı. Üstəlik də son günlərdə kəllə-çarxa qalxan təzyiqi nə şəkəri nəinki aşağı düşmək fikrində deyildi, heç dərmana da tabe olmurdu".

Dünyada hər şeydən uca bir prinsip var: İnsan humanizmi prinsipi. Müəllif qonşuluq münasibətlərimizi, ermənilərin silsilə xəyanətlərini, müharibənin gətirdiyi müsibətləri bilə-bilə sanki müvəqqəti yaddan çıxarır. Qubadlıda Həkəri çayının üstündən qışın şaxtalı-sazaqlı günlərinin birindən keçərkən sürüşüb çaya yıxılan balaca körpə uşaq. Doğrudur, heç Hünər də onun hansı millətə mənsubluğunu təyin edə bilmir. Azərbaycanlıdırmı, ermənidirmi? Dilemma qarşısında qalan cavan könüllü əsgər dözə bilmir, avtomatların şaqqıltısı altında irəli cumur, buzlu suyun burulğanından körpəni çəkib çıxarır, erməni qadınına verir. Ən nəhayətdə məlum hadisə baş verir, elə əks tərəfin açdığı atəş nəticəsində ağır bədən xəsarəti alır, şikəst olur, ayağı kəsilir.

"Saatın 61-ci dəqiqəsi" qeyri-realdır və hamıya məlum olduğu kimi, saat məhz altmış dəqiqədən ibarətdir.

Saatın 61-ci dəqiqəsi ölüm deməkdir, arzularına yetməyən, vətənin səsinə uzaq Rusiyadan hey verən, çağırışına gələn bir namuslu-qeyrətli övladımızın əzab-əziyyətdən sonrakı ömrünün qırılma anıdır. Axı o, qonşu ölkədə sevimli Leylasıyla qalıb xoşbəxt ola bilərdi. Onun müharibədə olub-olmadığından kim xəbər tutacaqdı ki? Yazıçı adi, sadə epizodlarla böyük-böyük mətləbləri açır, sonda istəyinə yetir, ümumiləşdirmə aparır, maraqlı nəsr əsəri ortaya qoyur.

Kitabın içindəkiləri varaqlayırsan, görürsən, hekayə və novella janrında qələmə alınan bədii nümunələrin adları da təzə-tər təsir bağışlayır, mənanın bütünlüklə ifadəsinə xidmət edirlər. Bu cür seçimin özü Qafarın yazıçı peşəkarlığından xəbər verir. Bu baxımdan &quot;Qəbir yeri&quot; hekayəsinin hikmət siqləti, məna yükü daha böyükdür və dərindir. Nə gizlədək, şəhərlərdə sıx surətdə yaşayan əhali ölüsünü basdırmaq üçün məcburən məmur qapısı döyür. Halbuki bu ağır sosial problemi asanlıqla yoluna qoymaq mümkündür. Ortaya atılan dəllallar, bəzi bələdiyyə əməkdaşları "ölüm haqdır, hamı bu körpünü keçəcək", Allah qanununu pozur, qəbir yerlərini od qiymətinə satırlar. Fərqi yoxdur şəhərdir, yoxsa kənd. Müəllif haray çəkir, etiraz edir. İnsanı insanlığa çağırır. Ancaq qısa müddətdə hardasa pullanan, uşaq vaxtı bəd əməllərinə görə "Düdük Musa" ləqəbini qazanan, Bəyləroba kəndində (şərti addır) az sonra nüfuza minən bu harın şəxs "burda mənəm, Bağdadda kor xəlifə" deyib durur, oğlu ölüm ayağında olan Məxmər arvada qəbir yeri vermək istəmir, onu peşman qaytarır. Düzdür, müəllif təkiyəsiylə el qınağıyla axırda Musanı sındırır, Allahsız hərəkətlərinə görə o, cəzasını alır, avtoqəzaya uğrayır və şikəst olur. Necə deyərlər, "it də gedir, ip də", sonrakı peşmançılıq isə fayda vermir. Müqəddəs kitabların birində deyilir: "İnsanlıq ilk öncə tək bir ümmət olub. Zaman keçdikcə alimlərin Rəbbi insanlar arasında baş verən ixtilafları aradan qaldırmaq üçün peyğəmbərlər göndərdi ki, özbaşınalıq olmasın".

Yazıçının "Namus yarası" adlı dedektiv povesti təsdiq edir ki, öz zəmanələrində Allahın elçiləri bəşər övladını nə qədər doğru yola yönəltsələr də, hansısa şeytani şər qüvvə daim onu aldadır, azdırır, qeyri-insani şeylərə sövq edir. İnsan doğulandan günahdan, səhvdən xali olmur və bəzən həyatda elə hadisələr baş verir ki, cinayət aləminin özünü də şoka salır.

Povestdə adı çəkilən Əli Zaminli ölkənin iri aran rayonlarının birində polis rəisinin müavini vəzifəsində çalışır, yüksək çinli zabitdir. Hər gün onlarla hadisəylə üzləşən bu qanun keşikçisi çalışdığı ərazidə ədalətin carçısı olmağı ilə ad çıxarıb. O, qəsddən cinayət törədənlə nə qədər barışmazdırsa, təsadüfi hadisənin məcburi qurbanına çevrilmiş şəxsə qarşı münasibətdə nisbətən loyaldır, yumşaqdır. Qanun isə hamı üçün qanundur. Rafiq adlı varlı məişət pozğununun halal bir ailənin namusunu tapdalaması əsərin ana xəttidir. Bütün bu faciələrin fonunda həmin kasıb ailənin böyük qızı zəhmətkeş Xəyalə bacısı Şəfiqənin hamiləliyinə dözməyərək, onu boğub öldürür. Xəyalə tutulur və 12 il həbsxana həyatı keçirir. Ancaq tutulmamışdan öncə əli Rafiqdən qisas almağa çatır. Gecəykən tək yaşayan qonşunun evinə gələn, onu sorğu-suala tutmaq istəyərkən Rafiqin nalayiq söyüşlərini eşidən qız daha dözə bilmir. Rafiqin sərxoşluğundan istifadə edib gurhagurla yanan qazı söndürür, sonra qazı qonşunun yataq otağında açıq saxlayıb, evini tərk edir. Yalnız həbsxanada Xəyalə eşidir ki, Allah bu kafirin cəzasını verib, o, evə qaz sızmasından boğulub.

Xəyalə əslində, qisasçı deyil, hər cür məhrumiyyətlərə sinə gərən qüdrətli Azərbaycan qadınının bədii obrazıdır. Ölümə dözür, türmə işgəncəsinə dözür, namus ləkəsinə dözmür, nə cür olursa olsun, hansı yollasa, bu ləkəni ailəsinin üstündən götürmək istəyir. Baxanda, yurdu talanıb, viran qalıb, xəstə atası Kərim Ağayevin evi naməlum səbəbdən yanğından dağılıb, o, içində xəsarət alıb dünyasını dəyişib. İki bacısının bəlli ağrılı taleyi bir yana, qardaşı Sahib müəmmalı surətdə Rusiyanın hansı şəhərindəsə, nə səbəbdənsə, qətlə yetirilib, öldürülüb. Özünün ərə getməyə macalı olmayıb, qız qarıyıb, bütün arzuları puç olub. Ailənin bu faciəvi taleyinə Xəyalənin də amansız taleyi qovuşur. Rəis Zaminlinin yanında bütün günahlarını etiraf edəndən sonra boğub öldürdüyü bacısı Şəfiqənin qəbri üstündə canını tapşırır.

Qafar Cəfərli "Xəyanət" povestini də ailə-məişət mövzusunda yazıb. Əsər sanki bütöv bir ailə dramıdır.

Kriminal aləmə bələdçiliyi, obrazlarının görünməyən kölgəli tərəflərinin önə çəkilməsi burda da ustalıqla işlənib.

Mən Qafar Cəfərlinin hekayə, novella və povestlərini birnəfəsə oxudum. Mübaliğəsiz deyirəm, bu əsərlərdə həyatın cizgiləri və rəngləri var. Bütövlükdə isə yaşadığımız külli-aləm, dünya var. Ona görə, bu bədii nümunələri oxumağa dəyər və onlar həmişə aktuallığını saxlayır.

Ağacəfər HƏSƏNLİ

 





12.08.2019    çap et  çap et