525.Az

Böyük və möhtəşəm qələbə


 

Böyük və möhtəşəm qələbə<b style="color:red"></b>

“DH-Hüquq-Consulting” Şirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi

Prezident seçkiləri başa çatdı. Bir neçə gün ərzində hadisələr elə istiqamət götürdü ki, ən müasir, lap elə ultra-müasir texnologiyalar imkan versə də, hər bir hadisəni təfərrüatına qədər izləmək sadəcə mümkünsüz oldu. Bu, hər şeydən qabaq həmin hadisələrin xarakteri, dinamikası və ortaya qoyulan gücün yenilməzliyi ilə birbaşa bağlı idi. Güc isə, məlumdur ki, insana, topluma birdən-birə deyil, təkanla gəlir, keçmişdən damla-damla yığılaraq son anda selə dönür və bu selin qarşısında dayanmaq sadəcə mümkün olmur!

Azərbaycanda prezident seçkiləri başa çatdı, uzaqgörən və müdrik insanlar möhtəşəm qələbənin gücünü hiss edib, təqdir etdi, cığallar yenə də “öz oxu ətrafında fırlanan” valı səhnəyə diyirlətdilər. Ancaq qələbə elə möhtəşəm təsir buraxmışdı ki, bütün yalanlar, şantajvari fikirlər, hətta ironiya ilə daxildən və xaricdən səslənən rəylər bir göz qırpımında suvaq kimi yerə töküldü. Baş verən hadisələri yalanla bəzəmək nə qədər gülünc görünsə də, xalqın baxışı altında qar kimi əriyib yox oldu. Bütün bunların bir sadə səbəbi var: seçdiyimiz prezident məhz xalqımızın iradəsi ilə ali kürsüyə oturdu və onların arasında bir-birini hay-küysüz anlama hər kəsin ən azı qəlbində etiraf etdiyi kimi, mühüm şərtdir. Bütün bunların, ən əsası, möhtəşəm qələbənin hardan qaynaqlandığını anlamaq üçün yaxın keçmişin qələbələrindən söz açsaq, şübhəsiz ki, yerinə düşər.

Azərbaycan prezidenti cənab İlham Əliyev xarici siyasətdə ölkənin milli maraqlarını güzəştə getməməsi onun siyasi əqidəsinin mühüm komponentidir. Bu faktı möhtəşəm qələbədən sonra bir daha dilə gətirmək böyük məna daşıyır. Azərbaycan prezidentinin siyasi davranış və diplomatik jestləri məqsədyönlü və son dərəcə mükəmməldir. Rusiya dövləti ilə Qəbələ RLS ətrafında gedən danışıqlar bunu bir daha sübut etdi. Milli maraqları qəti şəkildə güzəştə getməmək və ən əsası Rusiya ilə danışıqları bərabərhüquqlu tərəfdaş kimi apara bilmək siyasi təfəkkürün ən ali məqamıdır. Məhz elə buna görədir ki, qarşı tərəf sənin üstünlük verdiyin siyasi dillə danışmağa məcbur olur və danışıqların nəticəsi iki ölkə arasındakı əlaqələrə zərrə qədər də təsir etmir. Möhtərəm Prezidentimiz İlham Əliyevin özünün dediyi kimi, “...Azərbaycan Rusiya ilə sıx hərbi-texniki tərəfdaşlıq edir və bu ölkədən silah və hərbi texnikanı dünya bazarı qiymətləri ilə alır. Ona görə də öz ərazisindəki RLS-in icarəsi üçün məbləği bazar şərtlərinə uyğunlaşdırması başadüşüləndir”. Eyni zamanda prezident bəyan etdi ki, stansiyanın icarəsinin dayandırılması ikitərəfli münasibətlərdə problem yaratmadı və Rusiya bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanın mövqeyini anlayışla qarşıladı.

Beləliklə, Prezident İlham Əliyevin ölkənin milli maraqlarından güzəştə getməmək prinsipinə söykənən xarici siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisində heç bir xarici dövlətin hərbi obyektinin mövcud olmadığı ölkəyə çevrildi. Habelə ölkənin turizm zonasında ətraf mühit üçün riskli hərbi obyektin ləğvinin yolu açıldı. Hadisələrin xronikası sadə təsir bağışlasa da, onların nəticəsində ölkəmizin ərazisində heç bir xarici ölkənin hərbi obyektinin dövlətimizin siyasi müstəqilliyini və gücünün artdığını nümayiş etdirdi, bu isə etiraf etmək lazımdır ki, İlham Əliyevin dərin zəkası hesabına başa gəlib. Məlumat üçün deyək ki, Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri idi. İstismara 1985-ci ildə verilmişdi. Texniki parametrlərinə görə dünyada analoqu yoxdur, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilmişdi. Stansiyada 1400 Rusiya hərbçisi qulluq edirdi.

İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, dünyanın müxtəlif güşələrində Azərbaycan dövlətinin adı hörmət və ehtiramla çəkilir. Əlbəttə, bütün bu faktların arxasında ağır zəhmət, gecəni gündüzə qatıb xalq, millət və dövlət yolunda yorulmadan çalışmaq eşqi dayanır. Avropanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan dostluq klubları, Avropa-Azərbaycan cəmiyyətləri gərgin zəhmət hesabına müasir dünyanı tanımaq, öyrənmək və sistemli bilgi əldə edildikdən sonra məqsədyönlü iş görməq məqsədini güdür. Bu məqama xüsusi diqqət yetirmək lüzumu yaranır: Azərbaycanı dünyaya tanıtmaq uzun illərin şuarıdır və etiraf etmək lazımdır ki, burada pafos real güc və fəaliyyətdən daha çoxdur. İndi dünya açıq sistemdir, heç bir ölkə, necə deyərlər, yorğanı başına çəkib görünməz ola bilməz. Hamı hamını ovuc içindəymiş kimi görür və etiraf edək ki, əldə edilən uğurlar kontekstində Azərbaycan panoraması gözoxşayan və cazibədardır. Ancaq əsas bu deyil. Ən əsası dünyanı çox ciddi bir elm kimi öyrənməkdir, belə olduqda sən hansı addımları atacağını, bu tədbirləri həyata keçirərkən hansı mülahizələri əsas götürəcəyini bilməlisən. Bax elə bu məqamlara görə İlham Əliyev müasir təfəkkürlü siyasi lider hesab edilir və onun seçkilərdə möhtəşəm qələbəsi bütün dargözlərin ironiya ilə səsləndirdikləri mülahizələri kölgədə qoyur. Bu faktı unutmaq lazım deyil ki, Azərbaycanın günbəgün güclənməsi, sağlam əsaslara söykənib iqtisadi, hərbi, siyasi güc toplaması və nəhayətdə dünyada sayılıb-seçilən bir güclü dövlətə çevrilməsi heç də hamının ürəyincə deyil. Əvvəlki yazılarımızda xatırlatdığımız kimi, siyasi danışıqlarda güclü siyasi liderimizi yenə bilməyən qüvvələr əlaltdan ən müxtəlif proyektlərə əl atır, Azərbaycanda  çaxnaşma yaratmaq, onun dövlətinin sabitliyini pozub gücünə xələl gətirmək üçün əllərindən gələni edirlər. R.İbrahimbəyovun kartı açılan kimi ortaya zahirən milli qiyafəli tarix professorunun atılması da həmin bəd qüvvələrin gizli niyyətinin bir elementi idi. Ancaq ümummilli lider Heydər Əliyevin dühası, zəka və uzaqgörənliyi bu gün də var olduğu üçün onun varisi, dünyanın ən güclü siyasi liderlərindən biri möhtərəm İlham Əliyev cənablarının təmkinli gedişləri nəticəsində həmin qüvvələrin ən uzaqvuran gedişləri belə bir göz qırpımında yerlə-yeksan oldu.

 

Avropa və dünyanın digər ölkələri ilə sıx və qarşılıqlı faydalı iqtisadi münasibətlərin qurulması, Avropa üçün enerji təhlükəsizliyinə təminat verilməsi də uğurlu xarici siyasətin hardan baxsan görünən nəticələrindən biridir. Təsadüfi deyil ki, prezident seçkilərindən dərhal sonra Avropa Parlamentinin müşahidəçisi, Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti Fiorello Provera bu məqamı xüsusi olaraq vurğulayıb. Onun fikrincə, “...Azərbaycan təkcə iqtisadi münasibətlərə görə deyil, həm də enerji təhlükəsizliyi baxımından Avropa və İtaliya üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Bizim missiya baş çəkmək istədiyimiz bütün seçki məntəqələrində, daha doğrusu, 18 məntəqədə olub və heç bir maneə ilə qarşılaşmayıb. Missiya seçkilərdə sakit ab-havanı qeyd edib, heç bir pozuntu və ədalətli şikayət qeydə almamışıq. Buna görə də demək olar ki, seçkilər azad və ədalətli keçib”. İtaliyalı müşahidəçinin fikrincə, böyük dəyişiklik və inkişaf təkcə Bakıda müşahidə olunmur, yaşayış standartları ölkə üzrə artıb, xeyli yeni bina var və ümumilikdə ölkədə ab-hava çox müsbətdir...” Muşahidəçi daha sonra qeyd edib ki, namizədlər eyni şəraitə malik olublar.

Bilirəm ki, bizim rəyimizlə və Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi arasında fərq var. Hər kəsin öz fikrini söyləmək hüququ var və hamı öz fikrinə görə məsuliyyət daşıyır. Heç kəsdən mükəmməl demokratiya tələb etmək olmaz, çünki belə demokratiya heç bir yerdə yoxdur. Avropa İttifaqı ölkələrinin vəzifəsi Bakıya mərhələli, addım-addım inkişaf etməyə hakim kimi yox, dost kimi kömək etməkdir. Biz Azərbaycanı tərəfdaş kimi həvəsləndirməliyik”.

F.Proveranın çıxışında daha maraqlı bir məqam: “Jurnalistlərin sıxışdırıldığı barədə danışan tənqidçilərə cavab olaraq demək istəyirəm ki, İtaliyada hazırda diffamasiya ittihamı üzrə 4 jurnalist həbs edilib, onlardan birinin yaşı 70-i ötüb. Tənqidin ikinci məqamı prezidentliyə qadın namizədin olmamasıdır. Lakin heç vaxt qadının prezidentliyə namizəd olmadığı ABŞ nümunəsi var, bu da onu göstərir ki, demokratiya və qadın prezidentin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan 20 ildir müstəqil ölkədir və biz ölkəyə demokratiyanın inkişaf etdirilməsində kömək etməliyik”.

Demokratiya sivil dünyanın getdiyi bir yoldur və bizim kimi ölkələr üçün onunla dövlət müstəqilliyi kateqoriyası arasında sıx əlaqə mövcuddur. Yəni, dövlət müstəqilliyinin qorunması dövləti yerdə qalan, sənin fikrinlə uzlaşmayan ölkə və dövlətlərdən təcrid etmək deyil, əksinə sivil dünyaya inteqrasiya etmək, yuxarıda vurğuladığımız kimi onu öyrənməklə onunla qaynayıb-qarışmaqdır. Belə bir vacib məqamı qeyd etmədən ötüşmək olmaz kimi, Azərbaycan dövlətinin özülündə bir azərbaycanlı xarakteri var: dövlət xalqın taleyidir və dövlət quruculuğunda bu tale mütləq şəkildə nəzərə alınmalıdır. Demokratiya və bu kimi terminlər ümumi şəkildə yox, məhz millətin və dövlətin taleyi fonunda götürüldükdə məna qazanır, gerçəklik olur və heç kəs ona qarşı dura bilməz. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan malik olduğu coğrafi və strateji mövqeyi ilə hər şeydən qabaq Avropa üçün, digər dünya ölkələri və yaxın qonşularımız üçün ciddi təminat yaradır və buna görə də onun dünya dövlətləri ailəsində yeri möhkəmlənir, siyasi dəst-xətti birmənalı şəkildə başa düşülür.

Seçkilərlə bağlı başqa bir rəyə diqqət yetirək: “...Azərbaycanda prezident seçkiləri uğurlu və ədalətli keçdi. Bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Rusiya İctimai Palatasından olan müşahidəçilər missiyasının rəhbəri, palata üzvü, Rusiya Dövlət Dumasının keçmiş deputatı Sergey Markov bildirib. Onun sözlrinə görə, İlham Əliyevin qələbəsi Azərbaycanın zəfəridir. Markov o cümlədən əlavə edib ki, Azərbaycan müxalifətinin ciddi problemləri var, onlardan biri onun daxilindəki fikir ayrılıqlarıdır. Bizim yazının əvvəlindən ifadə etdiyimiz münasibətin fonunda “Azərbaycan müxalifətinin ciddi problemləri var” ifadəsi necə də yerinə düşür, buraya fikrimizcə, təfəkkürün bəsitliyi, hadisələrə yalnız öz mövqe və mənafeləri bucağından baxmaq ünsürləri daxil ola bilər.

Hökmən qeyd edilməlidir ki, cənab İlham Əliyevin proqressiv, irəli düşüncəsi, çox saylı hadisə və faktları dərindən analiz etmə qabiliyyəti, bu gün, məhz bu gün sabahın düşüncə sxeminin qurulması, insanların arasında onları ali düşüncəyə sövq etməklə qatılmaq üstünlüyü... indi yalnız bir qismini sadalamaqla kifayətləndiyimiz bu üstün cəhətlər böyük və müstəqil Azərbaycanın qurulma prosesini sürətləndirir. Bəli, İlham Əliyevin iqtidarda olduğu müddət ərzində həyatımızın ritmi və dinamikası əsaslı şəkildə dəyişib. Artıq köhnə düşüncəli fərdlər bu yeni, sözün əsl mənasında cıdırı xatırladan sürət meydanında tez sıradan çıxır, məğlub olur, yeganə çıxış yolu məhz yeni dövrün, yeni Azərbaycanın sürət əmsalını mənimsəməkdir, bunsuz bizim gələcəyimiz yoxdur. Bir dövlət başçısı kimi İlham Əliyevin siyasi düşüncəsində, ictimai-ideoloji baxışlarında aparıcı amil də elə budur – fərdləri irəli, proqressiv düşüncəni mənimsəməyə vadar etmək, ölkənin işıqlı gələcəyi üçün hər bir resursdan maksimum istifadə edib onu faydaya çevirmək – bax, bu kontekstdə fərd vətəndaşa çevrilir.

Bu günlərdə 80 illik yubileyini qeyd edəcəyimiz millət şairi Məmməd Araz demişkən: VƏTƏN DAŞI OLMAYANDAN, OLMAZ ÖLKƏ VƏTƏNDAŞI! İlham Əliyev bir siyasi lider və dövlət başçısı kimi elə addımlar atır ki, bu hərəkətlərin mənasında bizim ürəyimizin başından qopan, ən böyük şair və sənətkarlarımızın qələmə aldıqları şeirlərin hüsnü görünür. Bir sözlə, İlham Əliyev bütünlüklə milləti ehtiva edir, onun arzularının, xəyal və düşüncəsinin gerçəkləşməsini həyata keçirir.

Beləliklə, bu il baş tutmuş prezident seçkilərində İlham Əliyevin möhtəşəm qələbəsi gözlənilən idi.

Yuxarıda vurğuladığımız kimi, bizim dövlətin əsasında xalqa diqqət və qayğı dayanır. İlham Əliyevin dediyi kimi, “biz insanlar üçün çalışırıq. Çalışırıq ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Kimin imkanı var, imkanları daha artıq olsun, kimin imkanı yoxdursa, dövlət öz dəstəyini göstərməlidir”.

Azərbaycanın son on il içində sürətli, kimlər üçünsə inanılmaz inkişaf yolu keçməsi dünya ictimaiyyəti tərəfindən təqdir edilir. Bu fakt, rəsmi statistikadan bəllidir ki, Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi, ABŞ-ın Hudzon İnstitutu, İtaliyanın Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu, Litvanın “Ronald Reqan House” beyin mərkəzinin hesabatlarında dəfələrlə təsdiq edilib.

Məhz bu son on il ərzində Azərbaycan regional gücə çevrildi. Ukrayna beyin mərkəzinin rəyinə görə, Azərbaycan artıq regionda müstəqil oyunçudur, bu ölkə Avropanın enerji təhlükəsizliyini təmin edir, müxtəlif sahələrdə uğurlara imza atıb və bunu görən beyin mərkəzləri də ölkənin real imicini ortaya qoyur. Başqa bir ekspert rəyində deyilir ki, artıq Azərbaycanın sosial-iqtisadi uğurları yalnız qlobal rəqabətlilik reytinqində, yaxud ayrı-ayrı ölkələrin reytinqində əksini tapmır: çünki Azərbaycan artıq Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edən ölkə deyil, həm də Orta Asiya və Avropada diqqət mərkəzində olan ölkədir.

Bütün bu uğurların sayını artırmaq da olardı, ancaq inkişafla bağlı faktların bir qismini təşkil edən bu xarakterik cizgilər müasir Azərbaycan dövlətinin və onun siyasi liderinin gücünü əks etdirməyə qadirdir.

 





19.10.2013    çap et  çap et