525.Az

Bahar Muradova: “Vuazen Azərbaycandakı prezident seçkilərini bir sıra ölkələrə nümunə göstərdi”


 

Bahar Muradova: “Vuazen Azərbaycandakı prezident seçkilərini bir sıra ölkələrə nümunə göstərdi”<b style="color:red"></b>

“Azərbaycandan olan nümayəndə heyəti oktyabrın 13-dən 15-dək Monteneqronun Budva şəhərində keçirilən ATƏT-in Parlament Assambleyasının payız sessiyasında iştirak edib. Payız sessiyası çərçivəsində Aralıq dənizi Forumu, Assambleya Bürosunun iclası, Daimi Komitənin nümayəndə heyətləri rəhbərlərinin iclası və parlament konfransı keçirilib. İclaslarda Azərbaycanda keçirilən seçkilər və onların nəticələri ilə bağlı məsələlər müzakirə olunub”.

Bu fikirləri hakim partiyanın saytına müsahibəsində Azərbaycanın  ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova dilə gətirib. Onun dediyinə görə,  sessiya çərçivəsindəki müzakirələrdə aparıcı istiqamət ondan ibarət idi ki, müşahidə missiyasının üzvlərinin fikirlərinin ATƏT/DTİHB-nin rəyində yer almasına imkan verilməyib.

Vitse-spiker qeyd edib ki,  bu səbəbdən də  koordinator Mişel Vuazen seçkilərdən sonra özünün ayrıca bəyanatını verməli olub:  “Məlumdur ki, əksər beynəlxalq təşkilatlar kimi AŞ PA və Avropa Parlamenti də Azərbaycandakı seçkiləri kifayət qədər yüksək dəyərləndiriblər. Çox təəssüf ki, ATƏT DTİHB-nin hesabatı tamamilə mənfi tondadır. Burada bir məqamı nəzərə almaq lazımdır ki, ATƏT PA-nın müşahidəçiləri ayrı-ayrı ölkələrin deputatlarından, ATƏT DTİHB-nin müşahidəçiləri isə muzdla tutulmuş “ekspertlərdən” ibarət olur və bir qayda olaraq, təcrübələrinə, seçki prosesini dəyərləndirmə imkanlarına görə onlar ATƏT PA-nın müşahidəçilərindən xeyli geridə qalırlar.  Digər tərəfdən, bu iki institut müşahidə etdikləri seçkilərlə bağlı vahid mövqedən çıxış etməkdə daim çətinliklərlə üzləşir. Bu məsələ təkcə Azərbaycanda deyil, ATƏT-in digər üzv ölkələrində keçirilən seçkilərdə də problem kimi meydana çıxır. Hər dəfə bu cür fikir ayrılıqları, ziddiyyətlər, birinin digərini öz işinə yaxın buraxmaması, amma nəticədə, onun rəyinə qoşulmasını tələb etməsi kimi vəziyyətlə üz-üzə gəlirlər. Sabit mövqeyi olan, məsələyə münasibətini konkret faktlar əsasında formalaşdıran siyasətçilər isə bunu qəbul etmək istəmirlər”.

B.Muradovanın sözlərinə görə, sessiya çərçivəsində ATƏT PA-nın daimi komitəsinin iclasında isə bu məsələnin müzakirəsində 56 üzv ölkənin hər birinin nümayəndələri və katiblər, həmçinin, ATƏT-in büro üzvləri iştirak ediblər: “Bu müzakirələr kifayət qədər məhsuldar oldu. İlk olaraq Doris Barnett çıxış etdi. Barnett nəticə etibarilə ATƏT DTİHB ilə işləməyin çox çətin olduğunu bildirdi. Hər kəsin fikrini ifadə edən hesabatın hazırlanması səylərinin baş tutmamasından doğan narazılıq onun çıxışında özünü qabarıq göstərirdi. Yalnız faktlar əsasında münasibət bildirməyə üstünlük verdiyini deyən Barnett bildirdi ki, istər Bakıda, istərsə də regionlarda seçkilər çox yüksək əhval-ruhiyyədə keçdiyinin, insanların öz iradələrini azad ifadə etməsi üçün hər bir şəraitin yaradıldığının şahidi olub. Bununla yanaşı, namizədlərin çoxluğu, mətbuatda fikirlərin işıqlandırılması, televiziyadakı debatlar və çoxsaylı müşahidəçilərin iştirakı da müsbət cəhətlərdir. Xanım Barnett vurğuladı ki, hər hansı nöqsanlar olsa belə, onlar seçki prosesini kölgədə qoyacaq, nəticələri şübhə altına alacaq səviyyədə olmayıb. Barnett, həmçinin qeyd etdi ki, Azərbaycanda keçirilən seçkilər səviyyə və seçki texnologiyası baxımından Almaniyadakı seçkilərə bərabər səviyyədədir. Onun gəldiyi qənaət ondan ibarətdir ki, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının metodologiyasını dəyişmək lazımdır. ATƏT DTİHB fəaliyyətinin nədən ibarət olduğu o qədər də məlum olmayan QHT-lərin verdiyi “faktları” dərhal hesabatlarına daxil edir, amma həmin iddialarla bağlı müvafiq qurumların mövqelərini qətiyyən hesaba almır”.

Vitse-spiker eyni zamanda deyib ki,  müşahidə missiyalarının əlaqələndiricisi  Vuazen isə çıxışında Azərbaycanda seçkilər ərəfəsində hökumət rəsmiləri və namizədlərin seçki qərargahlarının nümayəndələri ilə keçirdiyi görüşlərin nəticəsində müvafiq dövlət qurumlarının namizədlərə hər cür şərait yaratdığının şahidi olduğunu söyləyib:  “O, seçkilər günündə yüksək seçici fəallığnın olduğunu, seçkilərin nəticəsində isə heç kimin inkar edə bilmədiyi, şəksiz bir qalib şəxsin olduğunu, onun cəmiyyətdə yüksək reytinqə malik olduğunu dedi. Azərbaycanda dördüncü dəfədir ki, seçkiləri müşahidə edən M.Vuazen sonuncu prezident seçkilərini bir sıra ölkələrə müsbət nümunə kimi göstərdi. O, həmçinin, ATƏT PA-nın ATƏT DTİHB ilə əməkdaşlıq prinsiplərinə yenidən baxılmalı olduğunu vurğuladı. Bütövlükdə, mən son 8 ildə müxtəlif ölkələrdə keçirilən seçkilərlə bağlı ATƏT PA-dakı müzakirələrdə iştirakıma əsasən deyə bilərəm ki, bu günə qədər haqqında bu qədər çox sayda müsbət fikir ifadə olunan seçkiyə rast gəlməmişdim. Demək olar ki, daimi komitənin iclası bütünlüklə Azərbaycandakı seçkilərə həsr olundu, çıxış edənlərin əksəriyyəti ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərə verdiyi mənfi qiyməti tənqid etdi”.

K.HƏMZƏOĞLU

 





19.10.2013    çap et  çap et