525.Az

Eldar İbrahimov: “Yeni reallıqlara uyğun islahatların keçirilməsi qaçılmazdır”


 

Eldar İbrahimov: “Yeni reallıqlara uyğun islahatların keçirilməsi qaçılmazdır”<b style="color:red"></b>

“2008-ci ildə başlayan dünya maliyyə-iqtisadi böhranı ilə birlikdə birinci plana iqtisadi sabitlik və iqtisadi artımın bərpası məsələləri çıxdı.Bu məqsədlə Azərbaycan prezidentinin təşəbbüsü ilə ölkəmizdə müvafiq iqtisadi və maliyyə siyasəti aparılmağa başladı. Bu tədbirlər sayəsində qlobal maliyyə böhranı dövründə və ondan sonra ölkə iqtisadiyyatının təhlükəsizliyinin heç bir makroiqtisadi indikatorunda geriləmə müşahidə olunmayıb”. Bunu  Milli Məclisin (MM) ATƏT-in Parlament Assambleyasındakı (PA)  nümayəndə heyətinin üzvü Eldar İbrahimov qurumun 2013-cü il payız sessiyasındakı parlament konfransında “Maliyyə-iqtisadi böhranın təhlükəsizlik sahəsinə təsiri” mövzusunda çıxışında səsləndirib. Onun dediyinə görə, iqtisadi göstəricilərin dinamik artımı stabil şəkildə günümüzdə də davam edir. Millət vəkili qeyd edib ki,  2007-ci illə müqayisədə ÜDM 1,9 dəfə, investisiyalar isə 2,2 dəfə artıb,  son 10 il ərzində 1,2 milyon iş yeri yaradılıb və işsizlik 5,2%-ə qədər aşağı düşüb və hazırda Azərbaycan respublikasının valyuta rezervləri 49,4 milyard dollar təşkil edir.

E.İbrahimovun bildirdiyinə görə,  bu ehtiyatlar dövlət büdcəsinin xərclərini 2 dəfə, xarici borcları isə 8 dəfə üstələyir və bunun sayəsində daxili investisiyaların payı artıb və 2012-ci ildə 60% təşkil edib: “Qeyd edilən makroiqtisadi göstəricilər sübut edir ki, Azərbaycan dünya böhranının davam etməsinə rəğmən, öz sosial və investisiya proqramlarını həyata keçirməkdə çətinlik hiss etmir. Mənim ölkəm maliyyə-iqtisadi böhrandan sonra xarici ölkələrə ilk növbədə qonşu dövlətlər – Türkiyə və Gürcüstana kreditlər verir. Buna yalnız qarşılıqlı iqtisadi qərarların verilməsi deyil, həm də qonşu dövlətlərlə mədəni və tarixi yaxınlıq təsir edib. Bu isə böhrandan sonra ümumi hədəflərə çatmaq və milli maraqları müdafiə etmə üçün vahid siyasətin yaradılması və reallaşdırılması baxımından kompromisin əldə olunmasını mümkün edir. Məlumdur ki, Ermənistanın hərbi aqressiyası nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu konflikt demokratik islahatlara mane olur, ümumavropa əməkdaşlığı üçün əngələ çevrilir və bütün Qafqaz regionuna mənfi təsir göstərir.  Ermənistan etnik separatizm siyasətindən əl çəkməyərək, bu 20 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini rədd edib. Bununla da özünü təcrid edib və regionda keçirilən iqtisadi baxımdan effektiv proyektlərdən kənarda qalıb. Bu gün Ermənistanın xarici borcu dövlət büdcəsindən çoxdu və ölkə iqtisadi böhranın astanasında dayanıb. Əgər Ermənistan bizim münbit torpaqları işğal etməsəydi, onda Azərbaycanın uğurları və qonşu dövlətlərlə, Avropa dövlətləri ilə əməkdaşlığının miqyası daha böyük olardı”.   

Millət vəkili eyni zamanda qeyd edib ki, dünya iqtisadi-maliyyə böhranı digər faktorlarla yanaşı, beynəlxalq təhlükəsizliyə  risk yaradan iqtisadi, konfliktoloji və ekoloji miqrasiyanı sürətləndirdi: “Beynəlxalq institutların fəaliyyətinin iqtisadiyyatlaşması tendensiyası bu təşkilatların qlobal inkişafın aktual problemlərini və beynəlxalq təhlükəsizliyin təmin olunması prosesini həll etmək gücündə olmadığını göstərir. Bununla bağlı qlobal institutlarda, o cümlədən, ATƏT-də yeni reallıqlara uyğun islahatların keçirilməsi qaçılmaz olur. Azərbaycan parlamentinin nümayəndə heyəti bu prosesdə aktiv iştirak edə bilər”.

Kamil HƏMZƏOĞLU

 





19.10.2013    çap et  çap et