525.Az

Mübariz Qurbanlı: “Milli Şura” deyilən qurumun seçkiyə kölgə salmaq cəhdi iflasa uğradı”


 

Mübariz Qurbanlı: “Milli Şura” deyilən qurumun seçkiyə kölgə salmaq cəhdi iflasa uğradı”<b style="color:red"></b>

“Azərbaycanda müxalifətin radikal qanadı bu seçkilərdə tam iflasa uğradı. Çünki Azərbaycan cəmiyyəti bu radikalizmi rədd edir. Radikalların hay-küy qaldırmalarına baxmayaraq, reallıq göz önündədir”.

Bunu mətbuata açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı dilə gətirib. Onun sözlərinə görə,  radikalların namizədi olan Cəmil Həsənlinin təbliğat kampaniyasının nə qədər uğursuz olduğu aydın göründü. Millət vəkili deyib ki,  əslində, teledebatlarda onun dedikləri yalanları radikalların bəzi nümayəndələri çoxdan deyirdi. YAP rəsmisinin dediyinə görə,  hamı şahidi oldu ki, radikal müxalifətin namizədi olaraq C.Həsənli Azərbaycanda görüləcək işlər, iqtisadi məsələlər, xarici siyasət, qarşıda duran vəzifələr və onun həlli yolları barədə hansısa proqram ortaya qoymadı:  “Yəni, köhnəlmiş tezisləri təkrar dövriyəyə buraxmağa cəhd edilirdi. Ona görə də, ictimai rəy bu çıxışlara heç bir reaksiya vermirdi. Radikallar seçki dövründə bir neçə dəfə mitinq keçirməyə cəhd göstərdi. Əslində, bu mitinq deyildi, çünki az sayda insan həmin tədbirlərə gələrək hay-küy qaldırırdılar. Bu aksiyadakıların sayı o qədər az idi ki, seçicilərin sayı ilə müqayisədə o qədər aşağı idi ki, seçkilərin nəticələrinə hər hansı təsiri ola bilməzdi. Ona görə də, onların seçki kampaniyası dövründə uğursuzluğu seçkidən sonra da davam etdi.  Radikallar öz məğlubiyyətlərini ört-basdır ötməyə çalışırlar. İddia edirdilər ki, guya “Milli Şura”nın namizədinə çoxlu səs verilib. Amma faktlar araşdırıldı və məlum oldu ki, onların dediyi pozuntular olmayıb. Əgər qanun pozuntusu olan yerlər varsa da, həmin pozuntuların çoxunu da “Milli Şura”nın nümayəndələri edib. Bu seçkiyə “Milli Şura” deyilən qurumun kölgə salmaq cəhdi elə beşiyindəcə iflasa uğradı. Cəmiyyətdə hər hansı reaksiya olmadı, onların özləri deyib özləri də eşitdilər. Seçkidən sonrakı mitinq də fiaskoya uğradı. Əgər bunu mitinq hesab edirlərsə, ona mən bilmirəm ki, əsl mitinq necə olur. Bütün bunlar bir daha göstərdi ki, radikalların cəmiyyətdə heç bir dəstəyi yoxdur. Hesab edirəm ki, Azərbaycanda bu seçkilər cənab İlham Əliyevin lider, şəxsiyyət olaraq qələbəsidir və bu qələbə Azərbaycan xalqının qələbəsidir. Xalqımız Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir və biz növbəti 5 ildə də Prezidentimizin rəhbərliyi ilə ölkəmizin inkişafının şahidi olacağıq”.

Kamil HƏMZƏOĞLU

 

 





19.10.2013    çap et  çap et