525.Az

İdris Abbasov: “Din təhlükə deyil..." (davamı)


 

İdris Abbasov: “Din təhlükə deyil..." <b style="color:red">(davamı)</b>

...ƏKSİNƏ, DİNSİZ VƏ YA DİNDƏN SUİ-İSTİFADƏ EDƏN CƏMİYYƏTLƏR POTENSİAL TƏHLÜKƏ ALTINDADIR” 

Müsahibimiz – filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”, “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət”, “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitablarının, “Ərəb dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir. İ. Abbasov müxtəlif illərdə tərcüməçi-redaktor, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyində tərcüməçi-katib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Nümayəndəliyində əvvəlcə şöbə müdiri, sonra İdarənin rəisi və başqa vəzifələrdə çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Alimlə söhbətimizin mövzusunu dinlərin təsnifatı, qədim, milli və səmavi dinlər barəsində mülahizələr, din və vicdan azadlığı məsələləri, din və dövlət münasibətlərinin təhlili təşkil edir.

(Əvvəli ötən sayımızda)

Orta əsrlərdə daha rahat bir həyat tərzi sürən yəhudilər qeyri-yəhudilərlə yaxın münasibətlər qurmağa başladılar. Belə şəraitdə Talmuddakı yasaqlar yenidən şərh olunaraq digər dinlərə qarşı açıq bir tolerantlıq bərqərar oldu. Qərb mədəniyyət tarixində din və vicdan azadlığı problemi ilk dəfə xristianlıqda ortaya çıxıb. Xristianlar dini səhvə yol verənləri Tanrı düşməni hesab edərək – fəzilət sahibi olsa da – yer üzündən silib yox etməyi özlərinin ümdə vəzifəsi sayırdılar. Başlanğıcda xristianlıq öz azadlığı üçün Romanın tolerantlığına möhtac idi, amma bu tolerantlığa qovuşduqdan sonra əldə etdiyi gücü digər din və məzhəbləri, dolayısı ilə dini azadlıq prinsipini ortadan qaldırmaq üçün istifadə edib. Həmin dönəmdə sadəcə mənəvi bir cəza olan aforoz (xristian toplumundan qovulma) kilsənin dövlətlə iş birliyindən sonra qorxunc bir silaha çevrilib. Milan fərmanı ilə xristianlığı azadlığa qovuşdurmuş Konstantin sonralar başqa din və fərqli inancların azadlığını tanımayıb. Xristianlıqda dözümsüzlüyü prinsip halına gətirən şəxs Sent Avqustindir. Sent Avqustin İncildəki “Ağa xidmətçiyə dedi: Yollara və hasarların üstünə çıx, qarşılaşdıqlarını içəriyə girməyə məcbur et ki, evim dolsun” deyimini mənbə kimi əxz edib. Xristianlıq dövlət dini olduqdan sonra ilk iş olaraq bütpərəstliyi ortadan qaldırıb, eyni zamanda yolunu azmış (heterodoks) kimi qəbul edilən görüş və inanclarla da mücadilə edib. Lütherin başladığı islahat hərəkatı katolik kilsəsinin digər xristianlara qarşı daha da sərt davranmasına səbəb olub, kilsənin dövlətdən aldığı güc kəsildikdə isə bu xeyli yumşaldılıb.

İslam alimləri tərəfindən dinə verilən təriflərdə dinin qəbul edilməsi mövzusunda insanın iradə və seçiminə (tərcihinə) böyük önəm verildiyi anlaşılır. Bu nöqteyi-nəzərdən dini qəbul edib yaşamaq üçün fərdi vicdanlara təzyiq edilə bilməz. Hər hansı inancı zor işlədərək insanın qəlbinə yerləşdirmək mümkün deyildir. Səhih bir hədisdə insanın bütün əməl və davranışlarının onun niyyətinə görə dəyərləndirilməsi təsbit edilib. Bu halda xoş niyyətə, iradənin tərcihinə dayanmayan və qəlbən qəbul edilməyib bir dindarlıq dini nöqteyi-nəzərdən inkarla bərabər tutulan nifaq mənasına gəlir və bu, insana mənəvi həyat baxımından heç bir şey qazandırmaz. Qeyri-səmimi ibadət isə əsl məqsədə yönəlməyən gərəksiz bir iş keyfiyyətində olub heç bir dəyər kəsb etməz. Qurani-Kərim iman ilə inkarın, haqq ilə batilin peyğəmbərlər tarixi boyunca davamlı mücadiləsinə dair bir çox nümunələr verib. “Əgər Rəbbin diləsəydi, yer üzündəki insanların hamısı haqqı qəbul edib iman edərdilər. Yoxsa sən inanmaları üçün zormu işlədəcəksən?” Bu ayədən məlum olur ki, Allah şüurlu və azad olaraq yaratdığı insanın iradə azadlığına müdaxilə etməyi diləməyib, “istəyən iman etsin, istəməyən küfrü (inanmamağı) üstün tutsun”. İslamda din və vicdan azadlığını müəyyən edən ən bariz ifadə Bəqərə surəsinin 256-cı ayəsində yer alıb. “Dində məcburiyyət yoxdur; artıq haqq ilə batil tamamilə bir-birindən ayrılmış və haqq bütün açıqlığı ilə meydana çıxmışdır” mənasındakı ayə üzərində alimlər müxtəlif fikirlər irəli sürüblər.  İslam düşüncəsinə görə dünya bir imtahan və seçim meydanıdır. Yaradan, yaxud yaradılmışlar tərəfindən təzyiq işlədildiyi təqdirdə seçmə azadlığının yönəldiyi alternativlər də ortadan qalxar və bu şəraitdə dünya imtahan meydanı olma keyfiyyətini itirər. Qeyd etdiyimiz ayənin enmə səbəbi ilə bağlı Təbərinin verdiyi məlumat diqqətəlayiqdir. Onun söylədiyinə görə, mədinəli ərəblər islamiyyətdən öncə uşaqlarını müxtəlif məqsədlərlə yəhudi ailələrinə verirdilər. Daha sonra bunların bir qismini geri alır, bir qismi də yəhudilərlə birlikdə qalaraq onların dinini qəbul edirdi. Mədinəli ərəblər islamiyyəti qəbul etdikdən sonra yəhudiliyi qəbul etmiş uşaqlarını zor işlədərək müsəlman etmək istəyiblər, fəqət sözügedən ayə bunu yasaqlayıb. Digər bir təfərrüat isə belədir: Mədinə civarında yaşayan Bəni Nadir yəhudiləri sürgün edildiyi zaman içərilərində onların dinini qəbul etmiş ənsar uşaqları da var idi. Bəzi müsəlmanlar övladlarını zorla geri alıb islamlaşdırmaq və yəhudilərlə getmələrinə mane olmaq istəyib, ancaq ayənin təlqin etdiyi din və vicdan azadlığı buna əngəl olub.  Zor işlədərək insanlara İslam dinini qəbul etdirməyin məşru olmadığını təsdiq edən alimlərin bir qismi bu azadlığı yalnız səmavi dinlərə mənsub olan xristian və yəhudilərə aid edirlər. Əhli-Kitab adlanan bu zümrə İslamın varlığını və müsəlmanların hökmranlığını qəbul etdiyi təqdirdə öz din və inanclarında sərbəst qalırlar. Sözügedən alimlərə görə, səmavi bir təmələ dayanmayan digər inanclar insanın şərəf və ləyaqəti ilə ziddiyyət təşkil etdiyi üçün din və vicdan azadlığı sferasına daxil deyildir. Təbii ki, bu alimlərin fikirlərini ehkam kimi qəbul etmək olmaz.

– İslamda cihada münasibət bu gün birmənalı deyil...

– Əslində İslamda cihadı din və vicdan azadlığını sıxışdıran bir prinsip olaraq dəyərləndirmək yanlışdır. Çünki cihad bir çoxlarının iddia etdikləri “savaş” anlamına gəlməz. “Tanrının birliyini ifadə edən tövhid kəlməsini yaymaq məqsədilə güc sərf etmək” mənasını daşıyaraq normal şərtlər daxilində bu cür fəaliyyətlər savaşdan kənar metodlarla yürüdülür. Cihad İslamiyyəti zorla qəbul etdirmək yolu olmayıb din olaraq varlığının qəbul edilməsini və yayılmasını əngəlləyən şərtlərin aradan qaldırılması üçün səy göstərməkdən ibarətdir. Qurani-Kərim müsəlmanlara daim mötədil bir inanc və din həyatının təmsilçisi olma vəzifəsini yükləyib. Din azadlığı və cihad prinsiplərinə bu cəhətdən baxıldığı təqdirdə Quranda ara-sıra savaşmağı əmr edən ayələrin qayəsini də asanlıqla təsbit etmək mümkün olur: “Fitnə yox olana və din tamamilə Allaha aid olana qədər onlarla vuruşun”. Fitnə böyük sosial sarsıntılar doğuran hadisələr mənasında anlaşıldığı  kimi, insanın sağlam yaradılışı, azadlığı, heysiyyət və şərəfi ilə uyğun gəlməyən bütpərəstlik anlamında da qəbul edilə bilər. “Dinin tamamilə Allaha aid olması” hədəfini İslam alimləri dinin ilahi olması tərzində anlayaraq səmavi dinlərə mənsub olanlara zor işlədilməyəcəyini qəbul etmişdirlər. Bunu da qeyd etmək lazımdır ki, İslamın ilk dövrlərində cərəyan edən savaşların bir qismi müdafiə olunmaq xarakteri daşıyırdı. Digərləri isə haqqı təmsil edən bir zümrənin, yəni İslam dövlətinin mövcudiyyətini və davamını qorumaq üçün idi. Din sərbəst iradə ilə qəbul edilən və həyatı bütövlükdə əhatə edən bir doktrina, yaşayış tərzi, demək olar ki, insan üçün ikinci bir təbiətdir. Din, iman və islam terminlərinin üçü də “itaət və boyun əymə” mənasını daşıyır. İslam inancına görə bu itaət yalnız Allaha və onun təlimatını söz və əməllə bizə təbliğ edən Həzrəti Peyğəmbərədir. Dini həyat ilk baxışda bir hüquqsuzluq kimi görünsə də, səmimiyyətlə qəbul etdikdən sonra onun insanı ucaltdığı, əbədiləşdirdiyi və ruh dünyasındakı bütün hüquqsuzluqları kənar etdiyi görünür. Ümumiyyətlə, insan düşdüyü dairəni və alışdığı həyat tərzini dəyişdirməyə qarşı müqavimət göstərir və bunu onun azadlığının boğulması kimi qiymətləndirir. Halbuki bu davranış onun fizioloji və psixoloji inkişafına əngəl törədir. Məsələn, ana bətnindəki uşağın dünyaya gəlməsi, dünyadakı insanın qəbir və bərzəx həyatına keçidi və nəhayət, ölümsüz axirət həyatına qovuşma insanın müqavimət göstərmək istədiyi, fəqət onun qədərinə yazılmış dəyişmə və inkişafdandır. Bu baxımdan din bəsit və səthi baxışlara görə azadlığa əngəl törədir, perspektivdə isə olduqca sərhədsiz  azadlığı təmin edir. Bütün dinlərdə diqqətdən kənarda qalması mümkün olmayan prinsiplər mövcuddur. “Dini zərurətlər” adlandırılan bu prinsiplər islamiyyətdə birmənalı olaraq ilahi mənşəlidir və təhrifə uğramadan günümüzə qədər gəlib çatıb.

– Hazırda Azərbaycanda din və etiqad azadlığını ümumən necə dəyərləndirirsiniz?

– Azərbaycan Respublikasında Respublika Konstitusiyasına uyğun olaraq dini etiqad azadlığının və dini qurumların fəaliyyətinin əsas təminatını müəyyən edən qanunvericilik aktı mövcuddur. Bu qanun 20 avqust 1992-ci il tarixdə qəbul olunub, sonrakı illərdə ona əlavə və dəyişikliklər edilib. Azərbaycan Respublikasında hər bir kəsin dinə öz münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququ var. Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak etməsində, dini öyrənməsi yolunda hər hansı maneəçiliyə yol verilmir. Dini etiqadların, dini həyat tərzinin və ibadətlərin zor işlədilməklə və ya insanlar arasında nifaq salmaq məqsədilə təbliği, dini etiqada məcbur etmək qadağandır. Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda məhdudiyyətlər qoyula bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.

S.MÜRVƏTQIZI

 





21.10.2013    çap et  çap et