525.Az

Minimum pensiya artımı 660 min şəxsi əhatə edəcək


 

"ƏMƏK PENSİYASI HAQQINDA" QANUNA YENİ DƏYİŞİKLİKLƏRLƏ MİNİMUM PENSİYANIN MƏBLƏĞİ 200 MANATA ÇATDIRILDI

Minimum pensiya artımı 660 min şəxsi əhatə edəcək<b style="color:red"></b>

Avqsutun 14-də Prezident İlham Əliyev ölkədə əmək pensiyası sahəsində bir sıra islahat xarakterli qərarlar qəbul edib. "Əmək pensiyaları haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, ölkəmizdə əmək pensiyasının minumum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "525"ə verilən məlumata görə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslərin əmək haqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Həmçinin bildirilib ki, dövlət başçısının cari ildə təqdim etdiyi ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.

Mövzu ilə bağlı "525"ə "İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, ötən il əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının qeyri-rəsmi məşğulluq səviyyəsini nəzərə alaraq ölkə üzrə orta aylıq nominal əməkhaqqıdakı artım faizinə deyil, illik infilyasiya səviyyəsinə uyğunlaşdırılmasını təklif etmişdik: "Bu təklifimiz də qəbul olundu".  İqtisadçı alim rəsmi illik infliyasiya dərəcəsinin hesablanması mexanizm və metodologiyasının təkmilləşdirilməsini vacib hesab edir: "Bəzi illərdə, xüsusən də məzənnədə dəyişiklik baş verən zaman infilyasiya səviyyəsi daha yüksək olur. Nəticədə, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı belə infilyasiya dərəcəsinə indeksasiya oluna bilmirdi. Təbii ki, bəzi illərdə nominal orta aylıq əməkhaqqıdakı artım infilyasiya səviyyəsindən çox ola bilər. Amma strateji olaraq infilyasiya səviyyəsi əməkhaqqı artımından daha çox olur və bu indeksasiya məbləğinə təsir göstərir. Məsələn, 2017-ci ildə infilyasiya səviyyəsi 12.7 faiz, nominal orta aylıq əməkhaqqıda artım 5.7 faiz olmuşdu". V.Bayramov qeyd edib ki, Azərbaycan Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" imzaladığı fərmana əsasən, qanunun "Əmək pensiyalarının indeksləşdirilməsi" ilə bağlı 29-cu maddəsinə dəyişiklik edilib: "Yeni dəyişiklilərə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hər ilin əvvəli əvvəlki ilin infilyasiya səviyyəsində indeksasiya olunacaq. Məsələn, əgər pensiya kapitalında 10 min manat vəsait varsa və illik infilyasiya səviyyəsi 6 faizdirsə, o zaman həmin məbləğə 600 manat əlavə olunacaq".

"Beyin mərkəzi olaraq bu istiqamətdə islahatların davam etdirilməsi və daha iki təklifin nəzərə alınmasını təklif edirik. Əvvəlla, əmək pensiyasının sığorta hissəsi ya infilyasiya səviyyəsinə, ya da əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunsun. İkincisi və ən əsası, infilyasiyanın hesablanması mexanizmi təkmilləşdirilsin. Rəsmi infilyasiya dərəcəsinin real olaraq qəbul olunması çox vacibdir. Bu indeksasiya məbləğinə birbaşa təsir göstərən meyardır", - deyə iqtisadçı alim əlavə edib.

C.ABASOV

 





15.08.2019    çap et  çap et