525.Az

Çap məhsullarına ƏDV-nin tətbiqi ilə bağlı problem narahatlıq doğurur


 

Çap məhsullarına ƏDV-nin tətbiqi ilə bağlı problem narahatlıq doğurur<b style="color:red"></b>

Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) uzun müddətdir ciddi müzakirə mövzusudur.

Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar gündəmə gətiriblər. Məsələ Mətbuat Şurası, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində də qaldırılsa da, müsbət nəticə əldə olunmayıb. Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var.

Məsələ ilə bağlı "Reytinq.az"a danışan "Qaya" Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyev bildirib ki, Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni əlavə dəyər vergisi tələb edir: "Qanunverici və icra orqanları isə komitənin bu tələbinə biganə yanaşır". "Qaya" Mətbuat Yayımının rəhbəri hesab edir ki, bu məsələ ilə bağlı qanunun yox, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya" Mətbuat Yayımının idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir".

X.Əliyev bu qanunsuzluğa görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu günahlandırır. Onun iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: "Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulur-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, "alqı" sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna "alqı" sözü necə səhv düşə bilər? Mən üç ildir, bunu başa sala bilmirəm".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə "525"ə bildirib ki, məsələ qanunvericilik çərçivəsində həll edilməlidir: "Biz bu problemin mahiyyəti ilə tanışıq. Əksər hallarda Xanhüseyn Əliyevin müraciəti əsasında Mətbuat Şurasının İdarə Heyətində müzakirələr təşkil etmişik. Məsələ obyektiv mahiyyətli, mətbuat cameəsinin mənafeyinə uyğun olduğuna görə dəstək göstərməyə çalışmışıq". Bir neçə dəfə də Milli Məclis qarşısında məsələ qaldırdıqlarını deyən A.Quliyev bildirib ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlament iclaslarında çıxış edib, problemin həllinin vacibliyinə diqqəti çəkib. Baş redaktor ümid edir ki, parlamentin növbəti iclaslarında məsələ yenidən qaldırılacaq və nəhayət, öz həllini tapacaq.

A.Quliyev qeyd edib ki, problemin sadə həll yolu var: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşlərimizdə də məsələni qaldırmışıq. Sonuncu dəfə Milli Mətbuat günü ilə bağlı Gömrük Komitəsinin sədri ilə bir qrup media orqanı rəhbərlərinin keçirdiyi qeyri-rəsmi görüşdə məsələni yenidən gündəmə gətirdik. İnsafən qeyd etmək lazımdır ki, Səfər Mehdiyev də bu məsələnin həllinə dəstək vermək fikrindədir. Lakin bu, bütünlükdə onun səlahiyyətində olan məsələ deyil. Sadəcə çap məhsullarının ölkəyə idxalı ilə bağlı qanunvericlikdə müəyyən dəyişiklik edilməlidir. Əgər həmin dəyişiklik olacaqsa, problem asanlıqla həllini tapacaq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə "525"ə bildirib ki, çap məhsullarının zamanla bahalaşması qəzetçilik fəaliyyəti göstərən qurumların xərclərini daha da artırır. O  hesab edir ki, belə bir şəraitdə çap məhsullarına görə ƏDV-nin aradan qaldırılması klassik media ənənələrinin yaşadılması istiqamətində atılmış növbəti stimullaşdırıcı addım olar. Klassik media ənənələrinin qorunması üçün dövlətin qəzetlərə dəstək göstərdiyini deyən baş redaktor idxal edilən çap məhsullarına tətbiq edilən ƏDV məsələsində də yazılı mətbuatın xeyrinə qərar çıxarılacağına ümid bəsləyir: "Məsələ müsbət həllini tapsa, qəzet kağızı bazarında qiymətlər xeyli ucuzlaşacaq. Nəticədə, qəzetçiliklə yanaşı, poliqrafiya fəaliyyətində də müsbət dəyişikliklər baş verəcək, nəşr edilən kitabların qiymətləri xeyli aşağı düşəcək. Bu, oxu mədəniyyətinin inkişafına da çox ciddi təsir göstərəcək".

A.Aşırlı çap sektorunun inkişafında qonşu ölkələrin təcrübəsinə istinad edib: "Türkiyə və Rusiyada çap məhsullarına heç bir vergi tətbiq olunmur. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanda da oxşar addımların atılmasına ehtiyac var".

C.ABASOV

 





16.08.2019    çap et  çap et