525.Az

İki şəkili - Əkbər Qoşalının yazısı


 

İki şəkili - <b style="color:red">Əkbər Qoşalının yazısı </b>

Bəlli olduğu kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin ötən ay Bakıda keçirilən 43-cü sessiyasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi.

Bundan öncə isə 2000-ci ildə "İçəri şəhər memarlıq kompleksi", 2007-ci ildə isə "Qobustan dövlət tarixi-bədii qoruğu" UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Eyni zamanda, ölkəmizin qeyri-maddi mədəni irsinin 13 örnəyi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında öz yerini alıb. Əlbəttə, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın, eləcə də, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə, şəxsi nüfuzu ilə uzun illər apardığı ardıcıl və prinsipial iş, eləcə də, Mədəniyyət nazirliyimizin bu sahədə çalışmaları minnətdarlıqla vurğulanmalı, şükranlıqla qeyd olunamlıdır.

Adıçəkilən mədəniyyət örnəkləri Azərbaycanın milli-mədəni dəyərləri içərisində özünəxas yer tutmaqla yanaşı, respublikamızdakı önəmli turizm obyektlərindən hesab olunur. 

Şəki - kənd adıdır,
Şəki - rayon adıdır,
Şəki - şəhər adıdır!
Şəki - tarixdir,
Şəki - çağdaşlıqdır!
Şəki bir dünya irsidir! 

Heç şübhəsiz, başqa yazarlarımız da, biz də, UNESCO-nun Şəki qərarına münasibətdə turizm baxımından geniş izahlar verə bilərik, zatən belə izahlar mediada yetərincə yayımlanıb da; ancaq Şəkini Şəki edən uluların ehtiramını, şəkili olmanın övlad məsuliyyətini dərindən idrak edən insanlar, Şəki kaloritinin, Azərbaycan mədəniyyətinin usta daşıyıcısı olan, onu təbliğ edən, yayan aydınlarımız da, onların çalışmaları da qeyd edilməlidir. Bu işi bilavasitə vəzifə öhdəliyi olaraq, turizmçi olaraq, yaxud deyək ki, diplomat olaraq peşəkarlıqla görmək sayğıya layiqdir; bu işi, necə deyərlər, könüllü etmək, içindən gələn istəklə Vətən və vətəndaşlıq yolunda yürüməksə, başqa bir gözəllikdir.

Sizə iki şəkilidən söz açmaq istəyirəm. İkisi də deputatdır. Biri Azərbaycan Milli Məclisinin, o biri uzaqdakı qardaşımız Saxa (Yakutiya) Respublikasının Dövlət Yığıncağı - İl Tümenin üzvüdür. İkisi də xeyirxah insandır. İkisi də məşğul olduqları işlərlə ürəklə məşğul olub və uğurlar qazanıb! - Fəlsəfə doktoru Cavanşir Feyziyev və Əməkdar inşaatçı Əliş Məmmədovdan söz açacam bu gün sizə. Eyni güclə Cavanşir müəllimə də inşaatçı, Əliş müəllimə də fəlsəfə doktoru deyə bilərik: Cavanşir müəllim könüllərdə yuva quran, xoşməramlı münasibətlər inşa edən, yaxud onu möhkəmləndirən aydınımızdır; Əliş müəllim idarəetmənin fəlsəfəsini dərindən bilən, uzun illərdir uzaq ellərdə böyük kollektivə yalnız müdirlik etməyən, müdriklik edən, öyrədən, dəstək duran, könüllər qazanan aydınımızdır.

***

Cavanşir müəllimi daha çox "Türk dövlətləri birliyi" monoqrafiyası ilə tanıdım. Sonra şəxsən tanış olmaq fürsətim oldu. Gördüm, bir-birimizi tanımasaq da, biz eyni davanın adamlarıyıq. Millət vəkili, tanınmış ictimai xadim, türkoloq, poliqlot və Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi onun yazıları, çıxışları, səfərləri ən ümumi sözlərlə ifadə etsək, eyni qut yolun yolçusu olduğumuzu göstərirdi zatən. Bununla belə, daha yaxından tanışlıq, onun çoxşaxəli çalışmalar, qayğılar içindən işıq seli kimi sıyrılan alovlu ürəyini görməyə imkan verdi. Bəli, türk dünyası üçün atılan addımlar Cavanşir müəllimin ürəyinə, tovuzlular demiş, sarı yağ kimi yayılır; onu daha da qanadlandırır.

Titulları, təltifləri onun təvazökarlığını, nəcib duyğularını zərrə qədər zədələməyib. Cavanşir müəllim millət vəkilliyinin, alimliyin, geniş əlaqələrə malik olmağın şərtləndirdiyi mövqedə ləyaqətlə dayandığını, ilk növbədə, könül im-kanlarına sahib olduğunu göstərən aydınlarımızdandır.

Cavanşir müəllim bir qədər öncə adını çəkdiyim monoqrafiyadan sonra, daha əhatəli bir əsərlə yenidən könüllərə xitab etdi: bu, "Türk dünyası" beşcildliyidir! Beşcildliyədək öncəki əsərinin qardaş xalqların dillərinə uyğunlaşdırıldığını, boşnakca və ruscaya çevrildiyini də vurğulayaraq, deyək ki, yaşının, təcrübəsinin yetkin çağından sonra, əlbəttə, Cavanşir müəllimdən başqa yönlü bir araşdırma deyil, sabitəqədəmlik örnəyi olaraq, məhz türk dünyası ilə bağlı əsərlər gözləyirdik. Bununla belə, beşcildlik bir insandan daha çox bir institutun işi miqyasındadır.

Bu yaxınlardasa, Cavanşir müəllimin dəvəti ilə 14 Qırğız yeni nəsil yazarı respublikamızda oldu. Qırğızlar da, biz yerli iştirakçılar da, unudulmaz günlər yaşadıq. Qırğız yazarları Bişkekə döndükdən sonra, qısa müddət içində, bəlkə bir il ərzindəki qədər radio, teleçıxışlar etdi, canlı yayımlarda bulundu, mətbu yazılar yayımladı və s.

Cavanşir müəllim haqqında yığcam şəkildə bu bilgiləri də paylaşmaq istərdim:

- 2005-ci ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi dərginin təsisçisi və baş redaktorudur;

- "Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti" İctimai Birliyinin həmtəsisçisidir;

- 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür;

- 2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azər-baycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib;

- 2015-ci ildə Kolmar (Fransa) şəhərinin Fəxri Elçisi elan olunub;

- 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Eləcə də,

- 2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən "Şöhrət çələngi" xalqlararası ödülü ilə təltif edilib;

- 2010-cu ildə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə "Uğur" Milli ödülünə layiq görülüb;

- 2016-cı ildə Xalqlararası Türk Akademiyasının qızıl medalı ilə təltif olunub;

- 2016-cı ildə Qazaxstan Prezidentinin Fərmanı ilə "Qazaxstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi" medalı ilə təltif olunub;

- 2018-ci ildə İLESAM tərəfindən "Türk Dünyasının Şərəf medalı" ilə təltif olunub;

- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı ilə təltif olunub;    

- 2019-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilib;

- 9 iyul 2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən "Azərbayxan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" medalı ilə təltif edilib;

- 15 iyul 2019-cu ildə isə Qırğız Milli Yazıçılar Birliyinin "Xidmətlərə görə" medalı ilə təltif olunub...

Heç şübhəsiz, hələ hamısını salamadığımız bu uğurlar, təltiflər öz-özünə qazanılmır. Bununçün gərgin əmək, vətənsevərlik, xeyirxahlıq, intellekt, sevdiyi işə fədakarcasına yanaşma olmalıdır!

***

Əliş Məmmədovla uzaq Saxada tanışmışam - 2017-ci ilin payızında. Saxanın payızı da qış kimidir. Ancaq o uzaq coğrafiyadakı, o soyuq iqlimin şirin Şəki ləhcəsi ilə isinəcəyini heç düşünməzdim. Bir anda paytaxt Bakıda, koloritli Şəkidəymişəm kimi gəldi mənə.

2017-ci ildə Saxaya ilk səfərim Saxa Yazıçılar Birliyinin "Böyük qarın lütfü" adlı ədəbiyyat festivalına dəvəti ilə bağlı idi. Festivala ayrı-ayrı ölkələrdən, o cümlədən, Rusiya Federasiyası subyektlərindən xeyli gələn vardı. Təsəvvür edin, onlardan məhz mənim ardımca xüsusi maşın gəldi, məhz bizim Saxadakı diaspor təşkilatımız görüş təşkil etdi və Saxadakı soydaşlarımız bəndənizə qürur hissi yaşatdı. Saxadakı diaspor təşkilatımızın o zamankı başqanı Elxan Nadiroğlu özü şəxsən gəlmişdi festival yerinə və ordan müəyyən müddətə ayrılıb, soydaşlarımızın bir araya gəldiyi qərargaha getdik; o soyuq günlər, o soyuq coğrafiya bir otaqdan bir şəhərədək dalğa-dalğa isindi sanki: öz bayrağımız, öz danışığımız, öz mətbəximiz, öz, öz... Qardaş qardaş olsa da, o uzaqlarda, o soyuqlarda bir köynək daha yaxın nəfəs duymaq ayrı bir gözəllikdi, əlbəttə!

Eldar Nadiroğlu ilə söhbətin şirin yerində, ona zəng gəldi, dedi "ağsaqqaldı, bizi gözləyir". Açığı, mən elə bilirdim, elə qəragrahdanca festival yoldaşlarımızn yanına qayıdaram; sən demə, Elxan müəllimlə danışan Saxada böyük nüfuz sahibi olan ictimai-siyasi xadim Əliş Zabid oğlu Məmmədov imiş; festivala doğma Vətəndən gələn olduğunu eşidib, deyib, mütləq görüşməliyik.

Şəhərin ən adlı-sanlı restoranına getdik. Əliş müəllimi ilk gördüyüm andan hər halı ilə şəkili olduğunu hiss etdim. - İstiqanlı, şirin danışıqlı, səmimi, sanki illərin tanışı, dostuymuşuq kimi xoş rəftarlı... Çox xoş idi!

Əliş müəllim süfrə arxasına bir neçə başqa soydaşımızı da çağırmışdı; soydaşlarımız Saxada gördükləri işlər barədə danışdı, Saxa-Azərbaycan əlaqələrinin güclənməsi sahəsində həyata keçirilən işlərdən söz açdı. Örnəyi, dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin saxa türkcəsində, dövlət teatrında tamaşaya qoyulmasını dedilər.

Bütün işlərdə də Əliş Məmmədov adı, Əliş Məmmədov dəstəyi, məhəbbəti..!

Sonra, qarşı dönəmin mədəniyyətyönümlü planlarından danışdıq. Mən Saxa şairlərinin seçmə şeirlərinin azərbaycancaya çevrilərək, Bakıda, Azərbaycan yazarlarının əsərlərinin saxa türkcəsində Yakutskda nəşr edilməsi, Saxa yazarlarının Azərbaycana səfərlərinin təşkili və s. barədə təşəbbüs qaldırdım və yenə Əliş müəllim, yenə Əliş müəllim və yenə gerçəkçi ürək-dirək!..

Bəli, 2017-ci ildə, bir soyuq gündəki isti tanışlıq, ilk görüşdə etdiyimiz isti söhbətlər unudulmazdı və ogünkü planların hamısı yerinə yetirilməkdədir. Tanrıya şükür, mən və dostlarım Xalq şairi Natalya Xarlampyevanın, repressiya qurbanı olan Saxa ədəbiyyatı klassiki Platon Oyunskinin əsərlərini dilimizə çevirdik, nəfis şəkildə kitablaşdırdıq, təqdimatlar təşkil etdik. Ötən müddət ərzində Saxanın üç ədibi bizim dəvətimizlə respublikamızda oldu, burdan yaxşı təəssüratlarla qayıtdı; bu sətirlərin yazarı və Aida xanım Eyvazlı bu ilin iyun ayında  dolu proqramla Saxada olduq, yüksək qonaqpərvərliklə qarşılandıq. - Deyərdim, dövlət protokolu səviyyəsində qəbul gördük. Əlbəttə, yenə Əliş Məmmədov, yenə Əliş Məmmədov sayəsində!

Təsadüfi deyil ki, Əliş Məmmədov bu ilin əvvəlində, saxalı yazarlar tərəfindən "İlin ədəbiyyat himayəçisi" seçildi.

Əliş müəllimi bir az daha yaxından tanıyaq:

- 10 fevral 1958-ci ildə Şəkinin Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universitetinin) məzunudur (1979).

- Əmək fəaliyyətinə "YakutPromStroyMaterial"da ("ƏkutPromStroyMaterial") başlayıb. Keçmiş Sovet ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə "YakutSement"in baş direktorudur.

- Xalqlararası İnşaat Akademiyasının müxbir üzvü olan Ə.Məmmədov, Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısıdır. Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə layiq görülüb. Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb.

- Saxa (Yakutiya) Respublikasının Fəxri vətəndaşıdır;

- Saxa Dövlət Məclisi - İl Tümenə keçirilən IV, V və VI seçkilərdə deputat seçilib. (Soydaşımız ötən ilin 9 sentyabrında keçirilən seçkilərdə rəqiblərinə çox böyük fərqlə qalib gələrək, 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümenin üzvü seçilib. Onun topladığı səs faizi (89,2%, 25 saylı Xanqalasskiy Uulusu üzrə Seçki Dairəsi) Saxada ən yüksək göstəricilərdən biriydi.)

- Azərbaycanımızın adını həmişə uca tutan, Saxadakı diasporumuzun təşkilatlanmasında, uzaqdakı qardaş ölkə ilə Azərbaycan arasında ictimai-mədəni ilişkilərin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində onun böyük xidmətləri var və bu xidmətlər azalmadan davam edir.

***

Yuxarıda vurğuladıq ki, Cavanşir müəllim Bakıya gələn türk dünyası aydınları ilə görüşür; Əliş müəllim də, türk dünyası ünvanlı bir toplantımız olan kimi, Saxadan çağırğımız varmı? - deyə sual edir, təkliflər verir.

Türk dünyası ünvanlı layihələrlə dərindən ilgilənən, barələrində "iki şəkili" deyə sözə baş-ladığımız hər iki aydınımız artıq çoxdan iki azərbaycanlı, iki türk dünyalıdır! Var olsunlar!

Başqa bir şəkili, azərbaycanlı və türk dünyalı Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi: "Millət millət olur, xeyri-şəriylə"... Xeyirdə-şərdə gənclərin, yazarların, soydaşlarının yanında olan aydınlarımıza bir daha könül dolusu salam-sayğılar!

 





16.08.2019    çap et  çap et