525.Az

"5 Xəzəryanı dövlətin birgə monitorinqlərinin aparılmasına ehtiyac var"


 

"5 Xəzəryanı dövlətin birgə monitorinqlərinin aparılmasına ehtiyac var"<b style="color:red"></b>

"Ekologiyanın qorunması, Xəzərin çirklənməsinin qarşının alınması bir vətəndaş olaraq, hər birimizin borcumuzdur. Xəzər xalqımızın milli-təbii sərvətidir. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən, xüsusilə də, 1996-2018-ci illər ərzində aparılan gərgin müzakirələrdən, çətin keçən danışıqlar prosesindən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsi mümkün oldu. Bu Konvensiya həm də Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirkləndirilməsinin qarşısının alınması üçün mühüm bazalardan birini təşkil edir".

Bunu mətbuata açıqlamasında akademik, millət vəkili Ziyad Səmədzadə deyib.

O bildirib ki, xalqımız, dövlətimiz Xəzərin sərvətlərindən istifadə hüququna malik olan Xəzəryanı ölkələrdən biridir:

"Xəzərin ekologiyasının qorunması, onun çirklənməsinin qarşısının alınması mühüm vəzifələrdəndir. Təəssüf ki, bəzən bilmədən, bəzənsə bilərəkdən Xəzərin onsuz da ağır olan ekoloji durumunu ağırlaşdırırıq. Hansı ki, bunun zərəri də elə ilk növbədə özümüzə, insanlarımıza dəyir, uzun illər insanlarların istifadə etdikləri çimərliklər bəzən məhz bu çirklənmələr səbəbindən bağlanır, qapadılır. Xəzərin sərvətlərindən istifadə etdiyimiz kimi, onun ekoloji durumunun yaxşlaşdırılmasının da qayğısını qalmalıyıq. Dövlətlə yanaşı, hər birimiz bu işə öz töhfəmizi verməliyik. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də keçirilən müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir, bu məsələnin vacibliyini vurğulayır. Çünki hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Odur ki, bu istiqamətdə atılan addımlardan biri də insanları, ictimaiyyəti, xüsusilə, paytaxt əhalisini Xəzərin çirklənməsinin qarşısını almaq işinə səfərbər etməkdir.

Onu da deyim ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir. Bu, bir dövlət olaraq, Azərbaycanın Xəzərin ekologiyasının yaxşılasdırılmasına necə böyuk önəm verməsinin göstəricisi sayıla bilər. Bununla yanaşı, Heydər Əliyev Fondu və onun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın Xəzərin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı çox gözəl təşəbbüsləri, layihələri olub və var". 

Z.Səmədzadə bildirib ki, Xəzərə də çirkli sular axıtmaqla, onu çirkləndirməklə həm də öz sağlamlığımıza ziyan vurmuş oluruq:
 
"Xəzərə çirkli, kanalizasiya sularının axıdılmasının qarşısı alınmalıdır. Yeni təmizləyici qurğular qurulmalıdır. Konkret şəkildə qeyd etməli olsaq, təəssüf ki, bu gün Xəzərlə sərhəd, Xəzərə çıxışı olan rayonlarımızda kanalizasiya sistemləri yox dərəcəsində olduğundan bütün kanalizasiya suları Xəzərə axıdılır, nəticədə də dəniz çirklənir. Bu problemin aradan qaldırılması təcili addımlar atılmalıdır. Xəzərin Rusiya ilə olan sərhəddindən İranla olan sərhəddinə qədər, yəni Azərbaycana aid olan hissəsində mütəmadi monitorinqlər aparılmalıdır. Yeniyətmələr, gənclər, uşaqlar arasında maarifləndirmə işləri gücləndirilməlidir, telekanallarda, mediada Xəzərlə bağlı maarifləndirici verilişlər, proqramlar, yazılar getməlidir, mütəxəssislərin, peşəkarların fikirləri ictimaiyyətə çatdırılmalıdır.

Bu gün Xəzərin ekoloji problemlərinin həlli ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına da ciddi ehtiyac var. Azərbaycan Milli Elmlər Akademiyası bununla bağlı böyük potensiala mailkdir. Onlar müvafiq dövlət qurumları ilə bu istiqamətdə fəaliyyətlərini əlaqələndirə, Xəzərin ekoloji problemlərinin həllinə öz töhfələrini verə bilərlər. Hələ sovetlər dövründə, 70-ci illərdə Azərbaycanda, Elmlər Akademiyasında Xəzərin problemləri ilə məşğul olan ayrıca institut var idi. Görkəmli ziyalımız, professor Gülün rəhbərliyi ilə Xəzərin ekoloji məsələlərinin həlli ilə bağlı çox mühüm işlər görülmüş, addımlar atılmışdı. Hesab edirəm ki, indi də bu istiqamətdə işlərin canlandırılmasına, Xəzəryanı ölkələrlə birgə emli-tədqiqat işlərinin aparılmasına, birgə monitoriqnlərin keçirilməsinə ehtiyac var".

Kamil HƏMZƏOĞLU

 





16.08.2019    çap et  çap et