525.Az

Ceyhun Bayramov dərsliklərdən danışdı


 

"KEYFİYYƏT MƏSƏLƏSİNDƏ ZAMAN FAKTORU ÖNƏMLİDİR"

Ceyhun Bayramov dərsliklərdən danışdı<b style="color:red"></b>

"2008-2009-cu tədris ilindən tədrisdə yeni məzmuna keçdik. Bu, özündə dərsliklərin tamamilə yenilənməsini ehtiva etdi. Prosesin nəticəsi olaraq 300-dən artıq yeni məzmuna uyğun dərsliklər yaradıldı. Onlar bu gün istifadədədir. Bu, böyük göstərici, təhsil sisteminin nailiyyətidir".

Bu fikirləri təhsil naziri Ceyhun Bayramov deyib.
 
Nazir bildirib ki, digər məsələlərdə olduğu kimi, dərsliklərin keyfiyyəti məsələsində də zaman faktoru önəmlidir:

"Təhsil Nazirliyi olaraq biz dərsliyin yaradılması prosesini təşkil edirik. Dərsliyin yaradılması mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Təhsil Nazirliyi siniflər üzrə dərsliklər yaradılmasını sifariş edir. Mövcud kurikulumları, standartlarına uyğun olaraq müəlliflər qrupu işə başlayır və dərslik komplektlərini yaradıb qiymətləndirməyə təqdim edirlər.

Qiymətləndirməni Təhsil Nazirliyi təşkil etsə də, müxtəlif qurumlar həyata keçirir. Təhsil Nazirliyi yanında İctimai Şura statusunda olan Dərsliklərin qiymətləndirilməsi şurası, Dövlət İmtahan Mərkəzinin ekspert qrupları, pedaqoji kafedraları olan ali təhsil müəssisələri qiymətləndirmə meyarlarına uyğun olaraq qiymətləndirir. Bu məqsədlə ballar müəyyənləşdirilir, tövsiyələr, rəylər verilir və orta bal əsasında qalib dərslik müəyyən olunur. Bundan sonra həmin dərsliklər AMEA-nın müvafiq institutlarına gedir. Burada hər hansı elmi səhvlərin olub-olmaması yoxlanılır. Toplanan bütün rəylər qalib olmuş dərsliyin müəllif qrupuna təqdim edilir. Onlar bu rəyləri dərslik komplektində nəzərə alırlar. Nəzərə alınmayan rəylərlə bağlı qərarı isə əsaslandırırlar. Bütün bu proses son illərin yenilikləridir. Bundan sonrakı mərhələdə qalib olan, ancaq təsdiq və çap olunmamış dərslik bu məqsəd üçün yaradılmış elektron portala yerləşdirilir və bildirilir ki, dərslik növbəti tədris ilindən istifadə olunacaq. Beləliklə, dərslik ictimai müzakirəyə çıxarılır. Bu zaman təcrübəli müəllimlərdən faydalı rəylər daxil olur, onların qeydiyyatı aparılır, həmin rəylərin hamısı müəlliflər qrupuna təqdim edilir".

Nazirin dediyinə görə, dərsliyin özündən çox yazışmalar, rəylər, əsaslandırmalar mövcuddur. Hər biri ilə bağlı müəlliflər qrupunun rəyi, əsaslandırması var. Bundan sonra dərslik formalaşır. Bir dərsliyin formalaşması üçün bir qrupun və ya şəxsin peşəkar olması kifayət deyil. Burada hər bir qurumun, şəxsin - müəllif, ekspert, elmi rəyçi, ictimaiyyət nümayəndəsi, pedaqoqlar olsun - hər birinin dərsliyin hazırlanmasında öz töhfəsi var. Məktəb dərsliyinin yaradılması çox mürəkkəb prosesdir. Dərslik yaradan qrup nəinki həmin fənnin məzmununu, uşaq psixologiyasını, bütövlükdə məktəb proqramını, digər fənlərin proqramlarını bilməlidir. Çünki fənlər arasında inteqrasiya təmin edilməlidir.

Tutaq ki, fizikadan bir mövzunu riyaziyyat həmin səviyyəyə çatmayıbsa, dərsliyə sala bilməzsiniz. Say baxımından bütün proqrama uyğun olaraq bütün dərsliklər artıq yaradılıb. Yəni minimal dərsliklərlə təminat məsələsi artıq həll edilib: "Hesab edirəm ki, dərsliklərin yaradılması, təkmilləşdirilməsi, keyfiyyətinin artırılması bir prosesdir. Bu prosesdə müəlliflər də təkmilləşir. Təklif edirəm ki, maraqlanan şəxs 10-15 il öncə Azərbaycan məktəbində eyni fənn üzrə olan dərsliyi götürüb indiki ilə müqayisə etsin. Düşünürəm ki, müqayisə zamanı fərqi hətta qeyri-peşəkarlar belə aydın görəcək.

Cəmiyyət olaraq müsbət dəyişiklikləri çox qısa zamanda görmək istəyirik. Əfsuslar olsun ki, bu, hər zaman mümkün olmur. Dərsliklərlə bağlı rəylər çoxdur, müxtəlifdir. Ədalət naminə onu da qeyd etməliyik ki, bir çox hallarda xüsusi olaraq müxtəlif media qurumlarında da uyğunsuzluqlarla bağlı paylaşımlar olur. Qeyd etməliyəm ki, həmin paylaşımların böyük bir qismi hazırda istifadədə olan dərsliklərə aid deyil. Kiminsə yaratdığı əlavə tədris resurslarıdır. Bu, dediyim həmin prosesdən keçmiş dərslik deyil. Bir çox hallarda hətta Azərbaycanda istifadə edilən tədris resursu belə olmur. Belə faktlar da var. Ancaq dərsliklərin daha da təkmilləşdirilməsinə ehtiyac var və bu proses davam etməlidir.

Vurğuladığım kimi, artıq bütün fənlər üzrə yeni proqrama uyğun dərsliklər yaradılır. Bu, bizə imkan verir ki, bəlli bir zamanda yeni yanaşmaya uyğun olaraq bir sıra ehtiyat dərslikləri yaradaq".

S.QARAYEVA

 





16.08.2019    çap et  çap et