525.Az

Avarlar - Layihə


 

Avarlar - <b style="color:red">Layihə </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin dördüncü yazısını təqdim edirik. Yazı avar xalqı haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü məqalə saxur xalqına həsr olunmuşdu.

Avarlar Şəki-Zaqatala bölgəsində Azərbaycan türkləri ilə birgə yaşayan etnosdur. Avar etnosunun əsas hissəsi Dağıstan ərazisində yaşayır.

Azərbaycanda yaşayan avarlar Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan dilləri qrupuna daxil olan avar dilinin ansux dialektində danışırlar. Bununla belə, avarlar Azərbaycan dilindən də geniş istifadə edirlər. Avarların kompakt yaşadığı yaşayış məntəqələri məktəblərinin ibtidai siniflərində avar dili tədris olunur. Dini etiqada görə, avarlar İslam dininin sünni məzhəbinin təmsilçiləridir. Zaqatala rayonu Mazıx kəndində Cümə məscidi fəaliyyət göstərir. Məscid 1881-ci ildə kənd sakinləri tərəfindən tikilib, sovet dövründə ambar kimi istifadə olunub, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən təmir edilərək, tarixi statusu özünə qaytarılıb. 

Avarların ənənəvi dünyagörüşündə müxtəlif qədim dini etiqadların qalıqları da müşahidə olunur. Onlar qədimdəm təbiət hadisələrinə, göy cisimlərinə sitayiş edər, yağışın yağması, Günəşin çıxması üçün mərasimlər keçirərdilər.

Özlərini "maarulal", yəni "dağlı" adlandıran avarları, Qafqaz Rusiyanın nəzarətində olduğu dövrlərdə uzun müddət "ləzgi" kimi təqdim ediblər.

Avarlar Azərbaycan ərazisinə Dağıstandan köçüb. Tarixi mənbələrə görə, onların köçü birdəfəlik, kütləvi xarakter daşımayıb, proses zaman-zaman gerçəkləşib.  Dağıstan ərazisində əkinə yararlı torpaqların azlığı, qədim zamanlardan avarların əsas təsərrüfat məşğuliyyətinin qoyunçuluq olması, yeni otlaqların axtarışı və bununla əlaqədar səyyar həyat tərzi onların tədricən Qafqaz sıra dağlarının şərq ətəklərinə köçməsini şərtləndirib. Çox guman ki, bu köçlər kiçik qruplar şəklində baş verib.

Rəvayətə görə, bu bölgədə avarların ilk məskunlaşdığı yer "Qoloda" adlanırdı. Bu məskən Kelan dağında, köç yerində yerləşirmiş. Burada qəbiristanlıq və bəzi tikililərin bünövrələri indiyədək qalmaqdadır. Həmin bölgədə avarlar uzun dövr məhz "qolodolal", yəni Qoloda sakinləri adı ilə tanınırdılar.

Yuxarıda qeyd olunduğu kimi, avarlar həmişə maldarlıq və əkinçiliklə məşğul olublar. Məskunlaşdıqları ərazilərdə qədim əkinçilik ənənəsinin təşəkkül tapdığını terras sistemlərin, xüsusi dağ əkin alətlərinin, bu fəaliyyət sahəsində ənənəvi vərdişlərin, adətlərin mövcudluğu sübut edir. Yüksək əkinçilik mədəniyyəti ilə yanaşı, avarların təsərrüfatında dağ qoyunçuluğu da aparıcı yer tuturdu. Bu təsərrüfat növünün inkişafına dağlıq yerlərin əlverişli təbii şəraiti xüsusi imkan yaradırdı.

Azərbaycanda yaşayan avarların məişətində ipəkçilik, tütünçülük, bostançılıq, arıçılıq sənətləri də xüsusi əhəmiyyət daşıyır. Etnoqrafik araşdırmalar göstərir ki, avarların təsərrüfat həyatı Azərbaycan türklərindən çox fərqlənmir. Hər iki xalq əkinçilik mədəniyyətində, onun ayrı-ayrı sahələrində eyni üsullardan istifadə edirdilər. Müxtəlif etnoslara aid olmalarına baxmayaraq, əhali vahid təsərrüfat sistemindən yararlanırdı. 

Avar kəndləri üçün qədim zamanlardan kənd icması, habelə kiçik ailələr səciyyəvi idi. Kənd icmasına bir neçə qohum ailələrin nümayəndələri daxil olardı. Qohumluq münasibətərini göstərmək üçün "tcoruksalul qadamal" - bir evin adamları ifadəsini işlədərdilər. Bununla yanaşı, toxum, "ksibil" - bir kökdən olanlar təqdimatı da avarlar arasında tez-tez səslənərdi. Bəzən bir "qadamal"da 60-70 nəfər qohum birləşirdi. Bir neçə toxumun və "qadamal"ın birləşməsindən "ksibil" təşkil olunurdu.

Azərbaycanda yaşayan avarlar qədim zamanlardan müxtəlif sənətkarlıq nümunələri yaratmaqla da ad qazanıblar. Avar ustalarının hazırladığı gümüş və qızıl bəzək əşyaları Azərbaycanda,  Dağıstanda və ümumiyyətlə Qafqazda məhşur idi. Qadın və kişi kəmərləri, qadınlar üçün baş bəzəklərinin hər biri sözün əsl mənasında bir sənət əsəri sayılır. Avar qadınlarının bəzək əşyaları arasında sırğa (qilqol), üzük (bargiç), kəmər (kamar) və yaxud qızıl kəmər (macı kamar), sinəbənd (gaziyaxa) diqqəti xüsusilə cəlb edir. Avar qadınlarının toylarda, bayramlarda başlarına geydikləri və əsasən qızıl və gümüşdən hazırlanan belə sənət nümunələri bu gün Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunur. Avarların məşğuliyyət sferasına aid keçəçilik, dəmirçilik, qalayçılıq, kürkçülük, xalçaçılıq sahələri də geniş inkişaf edib.

Avarların yaşadıqları təbii-coğrafi şərait, sərt iqlim onların həyatının bütün sahələri kimi, yeməklərinə də təsir göstərib. Daha çox heyvandarlıqla məşğul olduqlarına görə onların yemək rasionunda heyvan mənşəli qidalar üstünlük təşkil edir. Ən sevimli yeməkləri xəmir xörəkləridir. Bu sırada xəngəl (xinqal) öndə gəlir. Avarların bişirdiyi xəngəlin bir neçə növü var: "hanal xinqal" (ət xəngəli), "micul xinqal" (gicitkən xəngəli), "qibxil xinqal" (balqabaq xəngəli) və s. Müxtəlif qutab ("qotsi") növləri də avarların sevimli xörəkləri sırasındadır. Avarların ənənəvi yeməklərindən biri də sacda bişirilən "maxaradır".

Azərbaycanda yaşayan avarların mədəniyyəti nəsillərdən nəsillərə ötürülməklə zənginləşərək müasir dövrə gəlib çıxıb. Avarların şifahi xalq yaradıcılığına nağıllar, ağılar, bayatılar daxildir. Nağıl və əfsanələrin başlıca mövzularını qəhrəmanlıq, el-obaya məhəbbət, düşmənlərə qarşı mübarizə təşkil edir. Şeyx Şamilin apardığı mübarizə ilə bağlı rəvayətlər, qəhrəmanlıq nəğmələri, zərbi-məsəllər avar əhalisi arasında geniş yayılıb. Bu xalqın damburla oxuduğu "haylalar" onların mədəni irsinə  daxil olub.

Avarlar qədim zamanlardan gələn inanclarını, adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Qədim etiqadlara əsaslanan məhsul bayramları, təbiət hadisələrinə sitayiş, mərasimlər onların müasir mənəvi mədəniyyətinin mühüm hissəsidir. Məsələn, baharın gəlişi ilə əlaqədar, mart ayında "otsbay" (öküz bayramı) keçirirlər. Bayram tarla işlərinin başlanmasına həsr olunur. Bu mərasimdə müxtəlif qədim idman yarışları nümayiş etdirilir. 

Ənənəvi avar toyu müxtəlif mərhələlərdən ibarət olub. Toyun ilk günü oğlan evində deyil, "qsudul" adlandırılan ən yaxın dostunun evində başlanar, ikinci gün bəyin yaşadığı ünvanda davam edərdi. Adətə görə, toya kəndin bütün əhalisi dəvət olunardı. Toyun oğlan evində başladığı ikinci gün duvaqlı gəlin rəfiqələrinin əhatəsində mərasimə təşrif buyurardı. Mərasim bitənə qədər bəyin ümumi camaata qarışması yolverilməzdir, o, bu xoş günü yoldaşlarından birinin evində qeyd edərdi. Avarlarda bəyin oğurlanması, əvəzində atasından hədiyyə alınaraq geri qaytarılması adəti də mövcud olub.

Tarix boyu Azərbaycan avarları yaşayan bölgədə müxtəlif etnik qruplar arasında dərin inteqrasiya prosesləri səciyyəvi xarakter daşıyıb. Bunu şərtləndirən amil onların eyni növ təsərrüfat fəaliyyəti ilə məşğul olmaları və vahid dini baxışlarıdır.

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb

 





16.08.2019    çap et  çap et