525.Az

Dünyaya, insana, tanrıya sevginin qaynağı – Əli Rza Xələfli poeziyası


 

Dünyaya, insana, tanrıya sevginin qaynağı – <b style="color:red">Əli Rza Xələfli poeziyası</b>

“Burda qərib ağlar, orda yurd ağlar” naləli,
“yollar ürəyimdən açılan qapı, mənim könül
dünyam Qarabağdadır” inamlı şairin 60 yaşına

Dünyanın əvvəli və sonu, Tanrıyla bəndə arasında əlaqə, yaradılışda əsas məqsəd əsrlər boyu müzakirə mövzusu olub,  bu barədə ən müxtəlif  baxışlar irəli sürülüb. Yekdil və ümumiləşdirici rəy isə belədir: Xaliq bəşəri məhz Onu tanımaq, İlahi gücün əzəmətinə və qadirliyinə bələdçilik üçün xəlq edib. Mənim düşüncə və müşahidələrim bu istiqamətdəki fikrin təsdiqiylə bərabər, xilqətin başqa missiyasına da işıq salır: vücudumuz  (ürək, sinir, göz və s) Haqq-təalanın buyurduqlarının təcəllası və nişanələrinin izharından ötrü bir vasitədir. Qurani-Kərimdəki “Özündə və yaratdıqlarında gizlənən xəzinənin aşkarlanması” kimi mənalanan ayələr də həmin qənaəti möhkəmləndirir. Deməli, müqəddəs kitabların və səhifələrin nazilində olduğu kimi, insan Allah kəlamına rabitəçidir, İlahi vəhy körpüsüdür. Və həmin vəzifənin icrasında məqamına görə, peyğəmbərlərdən və şəhidlərdən sonra şairlər dayanır.

Şair-publisist, Beynəlxalq Rəsul Rza və Şahmar Əkbərzadə mükafatları laureatı Əli Rza Xələflinin yaradıcılığına müəyyən qədər bələd olsam da əyani tanışlığımızın ömrü işlədiyim redaksiyanın “Azərbaycan” nəşriyyatına – rəhbərlik etdiyi “Kredo” qəzetinin qonşuluğuna köçdüyü müddət qədərdir, yəni 3 ildən çox deyil. Əvvəl arada məsafə saxlamaq şərtilə quru salam-kəlamla kifayətlənib bir-birimizi öyrənməyə çalışırdıq. Əlbəttə, burada onun (hövsələsizliyi, diqqətcilliyi, müstəqilliyi) barədə mənə və  yəqin ki, mənim (siyasi yönümüm, mühafizəkarlığım) haqqımda da ona deyilənlər az rol oynamamışdı. Lakin söhbətlərini dinləyib, fəaliyyətini görüb, daxili aləminə bələd olduqca ilk növbədə şəxsiyyətin yaradıcılığı tamamladığına, əsl insanla rastlaşdığıma sevindim.  Ən başlıcası, Əli Rza müəllimin ülvi məhəbbətlə coşub-daşan ürəyində hamıya yer və pay vardı:

Məni daha çox duyğulandıran isə, “Kredo”nun və onun baş redaktorunun məhdud maddi imkanlar çərçivəsində çiynini ölkədə gedən bütöv bir ədəbi prosesin işıqlandırılması yükünün altına verməsi, həmin görəvin öhdəsindən layiqincə gəlməsi, bu məsələdə təmənnasızlığı və ayrıseçkilikdən uzaqlığıdır. Sonuncu qiymətləndirməni bir az da aydınlaşdırmaq istərdim. Sirr deyil ki, müstəqillik illərində – Azərbaycanda ədəbi tənqidin susduğu bir zamanda yeni əsərlərin dəyərləndirilməsi, təhlili istiqamətində məqalələr əsasən hansısa ödəniş, borclu qalmamaq (yazıbsa, yazmalıyam), yaxud da şəxsi dostluq zəminində reallaşır. Ə.R.Xələflininsə böyüklüyü ondadır ki, 5-6 saatlıq qızıl kimi vaxtını və qəzetin bir-iki səhifəsini heç tanımadığı gənc müəllifə həsr eləyər, təəssüflənməz. Yetər ki, həmin insanın yaradıcılığındakı tapıntı onu təəccübləndirsin. “Bu dünyanın Mehmanısan” kitabının arxa cildində özü bu barədə yazır: “Məni danışdırmağın bir yolu var: istər ecazkar lövhəsi, şimşəyi, yağışı, günəşi... ilə təbiət olsun, istərsə də ruhi-mənəvi aləmi, sənəti, qüdrəti... ilə insan – bütövlükdə tarix, incəsənət, ədəbiyyat... məni heyrət içində qoysun”.

Yalnız iti fəhmə, dərin idraka malik, istedadlı adamlar belə düşünə bilərlər. Həm də ki, çoxumuzdan fərqli, ondakı fitri qabiliyyət başlı-başına buraxılmayıb; gündəlik zəhmətə, yuxusuz gecələrə, davamlı mütaliəyə, cəsarətli müzakirəyə, dönməz mübarizəyə söykənir. Mən də bu kiçik yazıda Əli Rza yaradıcılığına, ehtiva etdiyi üç kontekstdən yanaşmağı qərara aldım – Dünyaya, İnsana, Tanrıya sevgi kontekstindən... 

Ə.R.Xələflinin poeziyasında da, nəsrində də “dünya” məfhumu olduqca geniş və çoxcəhətli məna yükünə malikdir. Bildiyimiz kimi, İslamın bel sütunu sayılan iki dünya fəlsəfəsinə istinadən, fikrin dəqiq ifadəsindən ötrü “dünya-axirət” bölgüsü aparılır ki, sadə dillə, qarşısına “o”, “bu” işarə əvəzliyi artırmaqla nəzərdə tutulanı daha yaxşı anlamaq mümkündür.

Müəllif doğma vətəni, ülvi məhəbbəti, sadiq dostu, zəngin ürəyi, dərin kəlamı... da bir dünya sayır və gücünü sadalananların qarış-qarış kəşfinə, öyrənilməsinə yönəldir:

Qayıtdım, söz adlı dünyama gəldim,
Gəldim, neçə dosta pənah gətirdim. 

Deməli, haqqında söhbət açılan dünya  həm də onun üçün vətəndir, yurd yeridir və beləcə tikib-qurduğu, yuvalandığı məkanların sayı çoxalır:

Hətta mövzuya bir az da bəsit yanaşıb ana xətdə yalnız “bu dünya”nın nəzərdə tutulduğunu qəbul etsək belə, böyük ideallardan heç nə əskilmir; çünki Həzrət Peyğəmbərimiz və digər müqəddəs şəxsiyyətlər “dünyanı axirətin tarlası” adlandırıblar. Dünyanı – əkin yerini sevib qayğı ilə yanaşmalısan ki, yaxşı əməllər göyərdəsən.

Bu mənada, “Üçüncü dünyanın qorxusu”nun oxuculara povest şəklində təqdimatı heç də təsadüfi deyil. Dünya-axirət məsələsi aydındır, bəs üçüncü dünya haradır və insana hansı problemləri yaradır? İlk dinləmədə adama elə gəlir ki, əsərdə yerdənkənar sivilizasiya, “uçan boşqablar”ın müdaxiləsi barədə söhbət açılacaq. Lakin müəllifin düşüncələrinə, qələminə, yazı manerasına bələdçilik, anındaca həmin versiyanı rədd edir. Filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin yazdığı ön sözlə tanışlıqda və kitabı vərəqlədikcə gözlərimiz önündə ümumiləşdirilmiş Kişi və Qadın obrazının baş vurduğu bir məhəbbət dəryası, sevgi dənizi dalğalanır. Sadəcə, məhrəmanə duyğular ürəyə bir qədər gec, yaşın ahıl çağlarında sızdığından milli-əxlaqi tabular kontekstində müəyyən təhlükələr törədir. 

Xələfli qələminin baş mövzusu, qüdrət aldığı əsas mənbə isə ana Vətəndir, doğma torpaqdır, doğulub boya-başa çatdığı evdir. Hansı ki, 20 ildir düşmən tapdağı altındadır, həsrəti yüz minlərlə cəbrayıllının, zəngilanlının, füzulilinin – azərbaycanlının ürəyinə çalın-çarpaz dağ çəkib: 

Yaşıdım çinarın kölgəsi sağmı?
O kəndin sinəsi dərəmi, dağmı?
Qürbət xatirələr indi oyaqmı?
Burda qərib ağlar, orda yurd ağlar. 

Lakin qan yaddaşımızın təməlində qərar tutmuş Xudafərinin kölgəsində doğulmuş Əli Rza müəllimin vətən həsrətinin yaşı 20 il deyil, 200 ildir, bəlkə də daha çoxdur. Bu, təkcə təqvimi hesablamalara yox, müəllifin yaşantılarına, əsərlərində kök salmış talesizliyə, sınıqlığa görə də belədir.  O, Cənubi Azərbaycanın (bağlı) qapısı sayılan Cəbrayılın bədəninə batıb qanını axıdan tikanlı məftilləri, buradan Arazın digər sahilinə boylanan nisgilli baxışları hələ uşaqlığından müşahidə edib, ürəyində dərd-ələm şahə qalxıb, tarixin bu ədalətsizliyini daim lənətləyib.

Xələflinin yaradıcılığında bir xalq kimi, yerli-yersiz sadəlövhlüyümüzü, qonaqpərvərliyimizi, humanistliyimizi qınayan özünütənqiddən başlanan gizli üsyan var, düşmənlə barışmazlıq var. Təcavüzə məruz qalmış, qız-gəlinləri əsir alınmış, dağıdılıb talan edilmiş, sakinləri didərgin salınmış yurdun övladı “moizə oxumaqla donuzun darıdan çıxmayacağını” yaxşı bilir, sülh danışıqlarının bir nəticə verməyəcəyi təqdirdə çıxış yolunu cihadda görür, hətta Allah-təalanın “sizə qarşı vuruşanlarla siz də vuruşun” əmrinə riayət etməməkdə peşman olur:

Bu torpağa göz tikanı basdırmadıq,
                        kor eləyə kəc baxanı.
Bu torpağa göz dikəni qusdurmadıq,
                         laxta-laxta axa qanı. 

İstər nəsr nümunəsi olsun, istərsə də poeziya, Əli Rza müəllimin qələminə məxsus hər kiçik yazıda bəşərə böyük məhəbbətin, etibarın, etimadın təcəssümünü görürük. Çünki məskən saldığımız planetin taleyi Allahın şah əsəri sayılan, nəfissiz mələklə ağılsız heyvan arasında qərar tutub bu xislətlərin ikisini də özündə ehtiva edərək, hansını seçməsi faili-muxtarlığının ixtiyarında qoyulmuş Adəm övladının atacağı addımdan asılıdır. O, şüurlu həyat tərzini seçərək mələkdən də yuxarı yüksəlib dünyada cənnət, nəfsinin quluna çevrilib heyvandan da aşağı düşməklə isə cəhənnəm yarada bilər. Məhz buna görə də tərəqqipərvər şair Azərbaycan ədəbiyyatının Nizami, Füzuli, Nəsimi təki söz nəhənglərinin layiqli xələfi olaraq daim kamil insan axtarışındadır.

O, Sokratsayağı bütün şüurlu ömrünü “nə üçün bəşər övladı gözəlliyi sevir, amma pisliyə, eybəcərliyə meyillənir” sualına cavab axtarışına həsr etməkdən heyfislənmir, “Haqq əlindən yapışsın, düşmə felə, oyuna”-deyə öyüd-nəsihətini əsirgəmir.

Amma bütün tarixi istinadlar, fəlsəfi ümumiləşdirmələr, obrazlı ifadəçiliklə yanaşı, bu əsərlərin qəhrəmanı real insandır, müasirimizdir; fərqi yoxdur, alimdir, döyüşçüdür, həkimdir, fəhlədir, amma bu günün adamıdır. Və həmin kontingentin içərisində Əli Rza Əzizlinin özü, dostları, doğmaları da var. Yəni, o deməkdir ki, qələmin əlində olmasından sui-istifadə, yaxasını məsuliyyətdən qurtarmağa cəhd halları yoxdur. Lazım gələndə daxilindəki “mən”i suçlamağı, səhvini etiraf etməyi bacarmalısan. Danışmaq məqamında susmayan, haqsızlıqlar müqabilində kükrəyən ağsaqqal dostumuz da tapdaladığı qarışqaya görə min dəfə “ölüb-dirilə”, boynubükük bənövşənin halını sorub ağlaya, xətrinə dəydiyi uşaqdan üzrxahlıq diləyə bilər.

Ə.R.Xələflinin bir bəndə olaraq vahid Allaha inamı dərindir, qırılmazdır; şair kimi səmavi qüdrətin təcəlla etdiyi hər şeyə – təbiətə, ilhama, sənətə sadiqdir, haçansa bu nemətlərə xəyanət barədə heç düşünməz də; övlad, ata, baba təki də öhdəsinə düşən vəzifələri sevgiylə yerinə yetirir. “Göylərin, yerlərin sahibi birdi, hər ana qəbri də ocaqdı, pirdi” deyir. Ən ümdəsi də qələm çəkəndə, kəlmə kəsəndə, addım atanda bir məsuliyyət duyğusu yaşayır, sanki bu anlamaq, düşünmək, sevmək, yazmaq imkanlarını bəxş edən Yaradıcı önündə hesabat verir, özünü Onun qarşısında hiss edir:

Allahın nəzəri üstündə gəzər,
Səninlə yeriyər dünya boyunca. 

Əslində gözəgörünməzlik aləmlərin Rəbbinin əlçatmaz məqamına işarə, cahil kütləyə hesablanmış xarakterizasıdır; imanlı qəlblərə, bəsirətli gözlərə zərrə qədər də aid deyil. İmam Əli (ə) bu mənada buyururdu ki, “görmədiyim Allaha ibadət etmərəm”. Necə ki, Həzrət Musa (ə) Turi-sinada dua edib yerin-göyün Sahibini görmək arzusunu dilə gətirmişdi..

Əli Rza Xələfli zaman-zaman bu dünya həyatındakı nisbilikləri sınaqdan çıxardığından Mütləqə doğru can atır, sufiyana şəriət-təriqət-mərifət mərhələlərini adlayaraq Həqiqətə qarışmağa çalışır. Bunun üçünsə qəlbin günahlardan bərkiyib daşlaşmaması, Xaliqlə rabitənin qorunub saxlanması çox zəruridir:

Allahdan insana körpülər min-min,
Fəqət görə bilsən, biri də bəsdir.
Əgər görmədinsə, döndü dönəmin,
Ha yalvar, ha yaxar, bil ki, əbəsdir. 

Altmış il bundan əvvəl oktyabrın 1-də Qarabağda – Cəbrayıl rayonunun Xələfli kəndində Zal kişinin evindən ucalan körpə çığırtısı dünyaya bir insanın göz açdığından xəbər verdi. 14-15 yaşlı yeniyetmənin Xudafərinin uçuq tağlarını yalayıb keçən dərdli Arazın lal sularına baxıb Vətənin sınıq taleyini düşünməsi bir vətənpərvərin formalaşmasından söhbət açdı. 48 il öncə rayon qəzetində çap olunan sətirlər (“Boranla üz-üzə”) ədəbiyyata bir şairin gəldiyini söylədi. Və ömrün yeddinci onilliyi beləcə yavaş-yavaş xırdalandıqca fəth olunan zirvələrin sayı da artmaqdadır. Bəli, Əli Rza Xələfli daim axtarışlardadır; enişli-yoxuşlu, əzab-əziyyətli, lakin möhtəşəm və şərəfli bir yoldadır; sarsılmaz inamla, yüyrək ilhamla, gənclik həvəsi ilə. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Könül verdi Araza, gedər oldu Xələfli,
Çağır onu səsinlə, oyat, gələr dünyaya.

Qurban CƏBRAYIL
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı

 





21.10.2013    çap et  çap et