525.Az

Nazirlik: "Təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir"


 

Nazirlik: "Təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir"<b style="color:red"></b>

Ümumi orta təhsil səviyyəsini yüksək qiymətlərlə bitirən şagirdlər meyl və maraqları, təlim nailiyyətləri, gələcək ixtisas yönümü nəzərə alınmaqla məktəbdə təşkil edilmiş təmayül siniflərinə qəbul olunurlar.

Nazirlikdən APA-ya verilən məlumata görə, “Ümumi təhsil haqqında” qanuna əsasən, təmayül sinifləri 15 şagirddən az olmamaqla komplektləşdirilir. Təmayül siniflərinə şagird seçimi hər dərs ilinin II yarımilinin əvvəlindən başlanılır. Şagird sayı az olan və bir-birinə yaxın ərazidə yerləşən müxtəlif məktəblərin şagirdlərindən seçilmiş bir məktəbdə təmayül sinifləri təşkil oluna bilər. Bu zaman həmin təhsil müəssisəsinin əlverişli coğrafi mövqedə yerləşməsi, yol infrastrukturu, məktəbdə peşəkar və təcrübəli müəllimlərin olması kimi amillər nəzərə alınır.

Meyl və maraqları müxtəlif istiqamətli olan şagirdlərdən ibarət yaxın 2 təmayül sahəsini əhatə edən siniflər (qoşa təmayüllü) təşkil oluna bilər. Bu siniflərdə uyğun təmayül siniflərilə yanaşı, “Azərbaycan dili”, “Azərbaycan tarixi”, “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq” fənləri tədris olunur.

Yerdəyişmə zamanı şagird getdiyi məktəbdə eyni təmayüllü sinfə qəbul edilir. Belə sinif olmadıqda şagird öz arzusuna görə qismən yaxın təmayüllü sinfə qəbul edilə bilər. Əks halda şagird ərazidəki təmayül tətbiq edilməyən məktəbin adi sinfində təhsilini davam etdirməlidir. Şagird X sinifdə oxuyarkən dərs ilinin birinci yarısında, ən geci yarımil başa çatanadək təmayül istiqamətinin dəyişilməsinə yol verilir.

Seçilmiş təmayüllər üzrə təsdiq edilmiş tədris planlarında nəzərdə tutulmayan digər fənlərdən tam orta təhsil haqqında attestata ümumi orta təhsil səviyyəsində həmin fənlərdən tədris olunan saatların ümumi miqdarı və təhsilalanın bu fənlərdən yekun attestasiya nəticələri (illik) yazılır. 

 

 





17.08.2019    çap et  çap et