525.Az

Mən necə qəhrəman oldum (povestdən parça)


 

Mən necə qəhrəman oldum <b style="color:red">(povestdən parça) </b>

Yazıçı Elçin Hüseynbəyli “Çudak” və “Mən necə qəhrəman oldum” adlı iki yığcam povestini bitirib. İronik üslubda qələmə alınmış həmin əsərlər “Azərbaycan” jurnalının gələcək saylarında nəşr olunacaq. İndi oxuculara “Mən necə qəhrəman oldum” povestindən bir hissəni təqdim edirik.

Elçin HÜSEYNBƏYLİ 

Tahirə, Yavərə, Nazimə, Nəbiyə, Babaya, Ağaya, Tehrana və cəmi əsgərlik yoldaşlarıma  həsr olunur... 

Əsgərliyin ilk günləri iki şeyi yan-yanaşı ağcaqayın meşəsində basdırdım: milli qeyrət və SSRİ-nin hərbi qüdrəti haqqında deyilənləri. Birinə balaca, o birisinə yekə bir qəbir qazdım və baş daşılarının üstünə bunları yazdım: Ümidləri  dəfn edin. Sonra “dəfn edin” sözünü “basdırınla” əvəzlədim. Çünki bu söz ürəyimə daha çox yatır: ümidləri basdırın, daha sonra “əbədi” sözünü də ora pərçimlədim”. Və belə cümlə alındı: Ümidləri əbədi basdırın! Ax, nankor SSRİ!!! Bəlkə “quyulamaq” sözü yaxşı olardı: Ümidləri əbədi quyulayın!

Deməli belə.

Əsgərliyə kənddən məni qonum-qonşular, sinif yoldaşlarım, bir eşşəyimiz, iki camışımız, bir inəyimiz, 4 qoyunumuz yola saldı. Deyəsən, madar toğlumuzu mənim şərəfimə kəsmişdilər.

Rayondan Biləcəriyə məni papamla (atamla) nənəm (anam) göndərdilər, ancaq əsgərlikdən qayıdanda papamı görmədim. O, mənim yox, xəstəliyinin xiffətindən dünyasını dəyişmişdi.

Biləcəridən qardaşlarım, onların dostları, mənimlə birgə Rusiya çöllərinə yollanan Rəşidin qardaşı Səfərxan yola saldı. Deyəsən, rəhmətlik Soltan da ordaydı. Təkcə vücudumuzu yox, mədəmizdəki kolbasa qırıntılarını və badamlının qazını da özümüzlə vaqona daşıdıq.

İlk dava qatarda başladı. Qardaşlarım bizi aparan heyvərə xoxolla dalaşdılar və ortancıl qardaşımın qolu ikinci dəfə orada sındı. Amma mənim ondan xəbərim olmadı. Sonradan mənə göndərilən məktublarda da bu barədə bir söz yazmadılar.

Xoxol komandirin “o adamlar kimi yola salırdılar?” sualına uşaqlar susdular, amma mən sarımı çoxdan udmuşdum. Xoxol çox yekə və zəhmliydi. O qədər içmişdi ki, spirtin iyi aralıdan bizi vururdu...

Burası da belə.

İlk dəfəydi ki, vətəndən kənara çıxırdım. Vətən deyəndə kəndimizi nəzərdə tuturam. Düzdü, bir-iki dəfə rəngbərəng balkonlu Sumqayıtda olmuşdum. Dondurmanın dadı damağımda, yaşıl parklar gözlərimdə, asfaltın iyi burnumda qalmışdı. Xlor tamı verən pürrəngi çay da öz yerində. İndi məni beş günlük qatar yolu, qarşıda isə iki illik uzaq Sibir çölləri gözləyirdi. Gözlədi, qarşıladı, yola da saldı, amma anamızı da mələr qoydu, biz də onun anasını o məsələ... Hər halda bir az kişiləşdik.

Obşi (ümumi) vaqonda ayaq yoluna getməkdən başqa hər şey ümumiydi. Yemək – içmək də, yatmaq-durmaq da, söz-söhbət də.

Gözümü ilk qıran bakılı uşaqlar oldu. Onların cığallığını hələ Sumqayıtda görmüşdüm. İlk dəfə universitetə imtahan verən vaxtı. Sumqayıtdan qohumlarımın bağına gedərkən yolda Corat uşaqları yolumu kəsmişdilər. Mənimlə məzələnmək istəmişdilər, istəklərinə az da olsa nail olmuşdular. Məni o qədər sıxmışdılar ki, az qala ağlayacaqdım, himə bənd idim. Amma hardansa çıxan bir motosikletçi məni bu fırıldaq, ayağı yalın, başı açıq, qəribə ləhcəli yeniyetmələrin əlindən aldı.

İndi onlara oxşayan biri vardı, yetənə yetir, yetməyənə badalaq vururdu. Öz küçüyündən elə şövqlə danışırdı ki, adam onun küçüyünə həsəd aparırdı. Həmin o məxluqu yağışın altında Maştağadan Bülbüləyə piyada, yağışın altında necə gətirdiyini, yağışdan qorumaq üçün pencəyinə bükdüyünü kövrələ-kövrələ xatırlayırdı. Ağ günlərini əziz xatirə kimi vaqonun ortasına sərirdi, pəncərəsinə allı-güllü pərdələr tikirdi, qulağımıza zorla sırğalayırdı. Amma onu əsgərlikdə görəydiniz, dalına təpik dəyməkdən döyənək olmuşdu. Xatirələrinin rəngi dəyişmişdi, günəşin qarşısını kəsən  qapqara buludlara bənzəyirdi. Sibir günəşinin altında yanıb külə dönmüşdü, bircə gözləri ağarırdı.

Bax, həmin “dil pəhləvanı beş gün ərzində bizə gün verib, işıq vermirdi. Asıb-kəsirdi, bizi “yortmaqla” hədələyirdi. Bir neçə kəndçi bir yerdə olduğumuza görə, bizə elə də bata bilmirdi, amma hamımızın gözünün odunu almışdı. Burası dəqiqdir. Qorxumuzdan küncə sığınıb büzüşürdük. Əsgərliyə və onu icad edənə ürəyimizdə söyürdük, amma dilimizə gətirməyə cürət etmirdik.

Əl qərəz.

Beş gün yol gedəndən sonra bizi vaqonlardan düşürdülər və gecə vaxtı payi-piyada şəhərin küçələrilə harasa apardılar. Yarımqaranlıq küçələrdən şaxta tamam çəkilməmişdi, gecənin ayazı bizi dalayırdı. Xeyli yol getdikdən sonra bizi yekə bir zala gətirdilər. Buradan tər və kirli corab iyi gəlirdi. Əsgərləri müşaiyət eləyən zabit dedi ki, kim harda istəyir, orada da səhərə kimi yatsın.

Sonradan bildim ki, düşdüyümüz şəhər Novosibirsk, ilk yatdığımız yer isə idman zalıymış. Əslində hələ Bakıda olarkən Sibir istiqamətinə aparıldığımızı demişdilər.

Günəş pəncərədən düşməmiş bizi durquzdular və qoyun sürüsü kimi qabaqlarına qatıb hamama gətirdilər. Evdən çıxanda bizə öyrətmişdilər ki, hamama girməzdən əvvəl pullarımızı serjanta (çavuş) verək, ya da salafana büküb ağzımıza qoyaq. Biz birincini seçdik. Aliminium vannaların taqqıltısının müşayiətilə soyuq suyun altında yaxalanandan sonra bizə əsgər paltarı verdilər.

Pulumuzu etibar elədiyimiz serjant Gürcüstan azərbaycanlısıydı, evə getməyinə az qalırdı, ona görə hərəmizdən 5-10 manat kəsdi, əvəzində isə portyankanı ayağımıza necə dolamağı öyrətdi.  Heç kimin çəkməsi ayağına düz gəlmirdi: birininki yekə, o birisininki balacaydı. Mənə yekəsi düşmüşdü.

lll 

İkinci dava karantində olanda düşdü. Bizi küçələri təmizləməyə aparmışdılar. Kənddə demişdilər ki, yalnız çumolara, yəni yaramaz, əfəl əsgərlərə  küçə təmizlətdirirlər və yalnız onları naryada və mətbəxə göndərirlər. Əsl kişi  bunları eləməz. Çünki milli qeyrət və namusumuz buna imkan vermir. Bəs necə: Koroğlu, Babək nəsliyik axı. Nədənsə Keçəl Həmzənin nəvələri olduğumuzu yadımıza salmamışdılar.

Mən küçəni təmizləməkdən imtina elədim. Hətta kəndçilərimizə də qəhmər çıxdım. Serjantla küçənin ortasında tutaşdıq, amma mənim qəhmər çıxdığım adamlar davaya qatılmadılar və serjantın əmrlərinə candərdi olsa da, əməl elədilər.

Kazarmaya qayıdandan sonra serjant dedi ki, gecə sənin dərsini verəcəyik. Mən də komandirə şikayət edəcəyimlə onu hədələdim. Halbuki komandirə deməyəcəkdim, çünki bunu satqınlar edərdi. Sonra serjantı qorxuzmaq üçün gopladım ki, qardaşım yaxınlıqdakı hərbi hissələrdən birində işləyir, sabah, ya biri gün mənim yanıma gələcək. Bütün bunları qolu-qıçı qırıq rus dilində deyirdim. “Uştel Bəylər”in bizə etdiyi zülmlər öz bəhrəsini verirdi. Qulaqlarımı dartmaqdan şəlpəyə dönmüşdü. Allah ona rəhmət eləsin, rus dilini bizə azdan-çoxdan öyrədə bilmişdi. Həyatda olsaydı, “qulaqlarımı buran əllərinə qurban olum” deyərdim.

Nəysə.

Qardaşımın tezliklə gələcəyi barədə goplarıma serjantı inandıra bildim. Mənə dəymədi və andiçmədən sonra bizi poliqona (hərbi təlim düşərgəsinə) – Şilova göndərdilər. Ona kimi bir neçə mahnı da əzbərlətmişdilər. “Den pobedı” (“Qələbə günü”),  “İdyot soldat po qorodu” (“Əsgər küçə ilə gedir”), “Ne plaç devçonka” (“Ağlama, qızcığaz”), “Komsomoltsı” (“Komsomolçular”) və s.

Yaxşı təpik döyürdük, Azərbaycan ləhcəsilə rus mahnıları oxuyurduq. Nə özümüz, nə də komandirlərimiz oxuduqlarımızdan bir şey anlayırdılar. Amma hər halda “diki” (vəhşi) qafqazlıları öyrətdiklərinə görə sevinirdilər.

Onu da deyim ki, əsgərliyin elə ilk günlərindəncə general qızları ilə gəzmək sevdamın boşa çıxdığını gördüm. Heyf, bizim kəndçilər kimi ola bilmədim. Onların əksəriyyəti komandir qızları və arvadları ilə yatmışdılar və onu elə erotik ustalıqla təsvir etmişdilər ki, “Pələş” hekayəmdə dediyim kimi, mən praporşik qızı ilə də kifayətlənərdim. Heç olmasa kəndə qayıdanda danışmağa sözüm olsun. Yoxsa ki, el içində biabır olardım.  Dalımdakı ağac kəndin bu başından o başına çatardı.

İlk gündən darıxmağa başladım. Qırmızı guşədə oturub evə məktub yazanda kövrəldim, ətrafdakılardan ayıb elədiyimə görə ağlamadım. Yağış yağırdı və yay günəşindən isinmiş torpaq buxarlanırdı, burnuma vətənin iyi dəyirdi. Sən demə, torpaq hər yerdə eyni cür qoxuyur. Torpaqdan yaddaş qoxusu gəlir.

Evə məktubumda yazdım ki, imkanları varsa, məni burdan qurtarsınlar, çünki kəndçimiz Qəbil demiş, “mənim günüm, Babakişinin Vaskasının günü”. Vaska babamın itinin adıydı. Məktubda peşmançılıq hissi keçirdiyimi yazırdım və söz verirdim ki, məni burdan qurtarsalar, kəndə gələn kimi sözə baxacam, hər nə desələr edəcəm. Pəyəni də səhərlər özüm kürüyəcəm, qonum-qonşunun da mal nobatına özüm gedəcəm. Nəysə, o zamankı Sovet rəhbərlərinin vermədiyi vədlər verirdim.

Məktubu təzədən oxudum. Amma kəndə göndərmədim. Fikirləşdim ki, məndən qabaq əsgərliyə gedən qardaşlarım dözübsə, deməli, mən də dözə bilərəm. “Qara balam, dəli balam” deyən nənəmi incidərəm.  O, gələcəkdə mənim böyük adam olacağıma müqəddəs and yerimiz və pirimiz Hacı Qaramana inandığı kimi inanırdı. Atam da qəti zənn eləmişdi ki, böyüyəndə yazıçı olacam və onun keşməkeşli həyatını qələm alacam. Mən onların bu ümidlərini puç eliyə bilməzdim.

Bizi tulaçezməzdən durquzub səhər  gimnastikasına aparırdılar. Podyom sözündən zəhləm gedirdi. Bu, uşaqlıqda danüzü eşitdiyim radioreproduktordan da betər idi. O, zaman məni nobata, ya da baramaqurdu üçün yarpaq sivirməyə göndərirdilər. Amma o vaxtlar qarşıda gözəl saatlar da vardı: futbol oynamaq, çayda çimmək və s. Burada isə heç bir perspektiv yox idi. Bircə xoşuma gələn şey səhər günəşi, həmişəyaşıl kollar, gül-çiçəyə düşmüş şeh və təmiz asfalt idi. Səhər şehi məni riqqətə gətirir, qəlbimi sevgiylə doldurur, amma indi sevməyə elə bir şey yox idi. Mən sevgimi kənddə qoyub gəlmişdim və onu xatırladan bir şey görəndə sevinirdim.

İdmandan sonra səhər yeməyi gəlirdi. Yaşı yüzü haqlamış yeməxanada xoşuma gəlməyən şey kisel idi. O adını çəkə bilmədiyim axmaq bir məhlula oxşayırdı. İki il ərzində bircə dəfə də olsun dilimə vurmadım.

Yeməkxana Çar Rusiyasından qalmaydı, turşumuş borş iyi verirdi. Serjantın razılığı veriləndən sonra hərə öz payını acgözlüklə gözünə təpirdi. Bütün bunlar əsgərlikdə olanlara tanış olduğuna görə zəvzəyib başınızı ağrıtmaq istəmirəm. Amma maraqlı bir əhvalat danışım ki, siz də bir az dincələsiniz...

 





21.10.2013    çap et  çap et