525.Az

Tahir Rzayev: "Boykot zəiflik əlamətidir"


 

"BÜTÜN SİYASİ QURUMLAR SEÇKİLƏRDƏ İŞTİRAK ETMƏLİDİR"

Tahir Rzayev: "Boykot zəiflik əlamətidir"<b style="color:red"></b>

"İqtidarlı-müxalifətli, bitərəfli, sağlı-sollu bütün siyasi qüvvələr, partiyalar seçkilərdə iştirak etməlidirlər. Seçkilərdə iştirak etmək siyasətin əlifbasıdır. Siyasi partiya adı ilə siyasi meydanda olmaq hakimiyyətə gəlmək, hakimiyyət uğurunda sivil, demokratik, ədalətli mübarizə aparmaq deməkdir. Sivil, demokratik, ədalətli mübarizənin yolu isə seçkilərdən keçir".

Bunu "525"ə açıqlamasında millət vəkili Tahir Rzayev hakimiyyətə qarşı sərt, radikal mövqedə dayanmış siyasi qüvvələr və şəxslər arasında yenidən seçkilərlə bağlı müzakirələrin başlanmasına, boykot məsələsi ətrafında fərqli mövqelərin ortaya qoyulmasına, iqtidara qarşı ittihamların irəli sürülməsinə münasibətini bildirərkən deyib.

Qeyd edək ki, bugünlərdə REAL-ın lideri İlqar Məmmədov "Seçkimizin yolunda kim hansı pozada dursa, erməni işğalçısının əlaltısıdır..." - deyə, bəyan etmiş və onun bu mövqeyi müxalifət düşərgəsində müzakirələrə və ittihamlara səbəb olmuş, ciddi təpkilər yaratmışdı. Xüsusilə də, Milli Şura və onun təmsilçiləri boykot variantının üzərində israr edərək, İ.Məmmədovu iqtidarla işbirliyində, növbəti seçkilərlə bağlı "mandat sevdası"nda ittihamlamışdılar.

T.Rzayev bildirib ki, Azərbaycanda da son 26 ildə - 1993-cü ilin iyunundan bu yana azad, demokratik, şəffaf və ədalətli seçkilər keçirilməsi üçün hər cür şərait, imkan yaradılıb və təmin edilib.

Onun sözlərinə görə, istər ölkə Konstitusiyası, istər seçki qanunvericiliyi - Seçki Məcəlləsi ilə bunun üçün tam, mükəmməl hüquqi baza formalaşdırılıb:

"Kimsə Azərbaycada seçkilərin demokratik olmaması ilə bağlı hansısa iddia irəli sürə bilməz. Dünyanın ən demokratik, demokratiya beşiyi sayılan ölkələrində də seçkilərdə bu və ya digər xırda problemlər, nöqsanlar olur və  sonda da yoluna qoyulur. Bizdə də belədir, biz də bunlardan xali deyilik, amma həmin problemlər və nöqsanlar məhz Azərbaycan iqtidarını tərəfindən aradan qaldırılır. Hər bir seçki demokratiyaya doğru atılmış daha bir addım olur, seçkidən-seçkiyə demokratiyaya doğru böyük yol, məsafə qət edilir. Bunu seçkiləri müşahidə edən çoxsaylı və nüfuzlu müşahidə missiyaları, beynəlxalq qurumlar özləri də təsdiqləyir və etiraf edirlər.
 
İndi biz nə edək ki, seçkilərdə - son 26 ildə hər dəfə iqtidarda olan qüvvələr, hakim Yeni Azərbaycan Partiyası, onun dəstəkləyən qüvvələr, onların namizədləri qələbə qazanır? Bizlər - hakim partiya olan YAP öz halal və qanuni, demokratik qələbəmizdən imtina etməliyikmi ki, kimlərinsə, xüsusilə də, azsaylı radikal kəsimin könlü şad olsun? Onlar demokratiya ilə anarxiyanı, xalqın seçimi ilə etimadsızlığını bu qədərmi başa düşmürlər?! Bilmirlərmi ki, xalq, seçici onlara qiymətini indi yox, 1993-cü ildən verib? Bunun günahkarı, səbəbkarı bizmiyik? Ona görə artıq bəhanələrə, yersiz bəyanatlara son qoyulmalıdır, seçkilərə qatılmalıdır, boykotdan əl çəkilməlidir. Boykot zəiflik, boykot olunmuşların siyasi gücsüzlüyünün ilk və başlıca əlamətidir. Özünə güvənirsənsə, özünə bu qədər arxayınsansa, niyə seçkilərə qatılmırsan, niyə boykot yolunu tutursun? Deməli, özünə, siyasi perspektivinə inanmırsan və özünü sığortalamaq üçün seçkidə iştirakdan qaçır, boykot yolunu tutursan. Özünə, gücünə inansaydın, seçkilərə qatılar, axıracan mübarizə aparardın. Boykota getdikcə də boykot olunursan, olan-qalan nüfuzun, dayağın da yox olub gedir, seçici səni xatırlamır və xatırlamaq da istəmir.

Təbii ki, biz kimsənin işinə qarışa, seçiminə müdaxilə edə bilmərik. Kim nə deyər, nə qərar verər, ozü bilər. Bu, heç bizim marağımızda da deyil. Biz öz yolumuzla irəliyə - gündən-günə güclənən, demokratikləşən, modernləşən, tərəqqi edən Azərbaycana doğru gedirik. Bizim yolumuz budur.

Eyni zamanda, qarşıdan gələn seçkilərə - növbəti bələdiyyə və 2020-ci ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlaşırıq. Bir seçki bitdi, səhərsi gün bizim üçün yeni seçki və ona hazırlıqlar başlayır, bu, bizim üçün davamlı prosesdir. Odur ki, bir daha siyasi mövqeyindən və düşüncəsindən asılı olmayaraq, Azərbaycan Konstitusiyasına və qanunlarına hörmət, riayət edən bütün siyasi qüvvələri və şəxsləri seçkilərdə iştiraka dəvət edirik. Buyursunlar, gəlsinlər, iştirak etsinlər, özlərini sınasınlar, qalib gələ bilirlərsə, qalib gəlsinlər, gələ bilmirlərsə də, kənara çəkilsinlər, səhvlərini, xətalarını araşdırsınlar, nəticə çıxarsınlar və uduzduzqlarını etirtaf etsinlər. Biz  qarşıdan gələn seçkilərə də hazırıq və qələbəmizə də tam əminik. Xalq, seçici yenə mövcud siyasi-iqtisadi kursa, yürüdülən siyasətə öz dəstəyini verəcək. Bu, kimdəsə şübhə doğurmasın".

Kamil HƏMZƏOĞLU

 





18.08.2019    çap et  çap et