525.Az

Milli mətbuatın aktuallığını itirməyən problemləri - Əhməd bəy Ağaoğlu-150


 

Milli mətbuatın aktuallığını itirməyən problemləri - <b style="color:red">Əhməd bəy Ağaoğlu-150</b>

Əhməd Ağaoğlunun aşağıda Azərbaycan türkcəsinə tərcümədə  "525-ci qəzet"in oxucularına təqdim etdiyim "Şərqi-rus" qəzetinin ünvanına bir neçə söz" adlı məqaləsi  ("Kaspi", 22 aprel 1903, № 88) və onun ədəbi-ictimai mühitdə yaratdığı əks-səda ilə bağlı "Üç aqilin davası" adlı araşdırmamda ətraflı bəhs açdığımdan burada əlavə təfərrüata ehtiyac görmürəm.

Məhəmməd ağa Şahtaxtinskinin (1865-1930) naşirliyi və redaktorluğu ilə 1903-cü ilin martın 30-da Tiflisdə XX yüzilliyin ilk ana dilli mətbuat orqanının - "Şərqi-rus" qəzetinin nəşrə başlaması milli ruhlu ziyalıların bəziləri kimi naəlaclıq ucbatından doğma xalqına rus dilində xitab etmək məcburiyyətində qalan Əhməd bəy Ağayev (Ağaoğlu) üçün də həyatının xoş hadisəsinə çevrilmişdi. Parisdən vətənə dönəndən az sonra özü də ana dilində qəzet nəşr etmək istəyən, lakin Peterburq Senzura Komitəsindən lazımi icazə ala bilməyən Əhməd bəy bu xəbərə bəlkə də hamıdan çox sevinmişdi. Yeni nəşrin tezliklə milli mədəni-mənəvi fikrin başlıca tribunasına çevriləcəyini düşünmüşdü. Lakin aradan az keçməmiş bu zənnində yanıldığını anlamışdı. Çünki "Şərqi-rus" ayrı-ayrı istisnaları çıxmaq şərti ilə bütünlükdə  bəslənən ümidləri doğrultmamışdı.

Belə şəraitdə ilk etiraz səsini ucaldan Əhməd bəy olmuşdu. Tutduğu dəsti-xəttin "Şərqi-rus"u mütləq uğursuzluğa gətirib çıxaracağını qəzetin bir neçə sayı ortaya qoyulandan sonra bildirmişdi. Lakin Məhəmməd ağa Şahtaxtinski onun milli düşüncyə bağlılıq və peşəkarlıq prinsiplərindən çıxış edərək irəli sürdüyü obyektiv fikirlərə az qala şəxsi düşmənçilik kimi yanaşaraq həmkarına bir qədər də donos təsiri bağışlayan təhqiramiz tərzdə cavab vermişdi.

Sərt üslubda, acı və istehzalı dillə yazmağı Şahtaxtinskidən heç də pis bacarmayan Əhməd bəy "Kaspi"nin növbəti saylarından birində "Şərqi-rusa" son sözüm" adlı məqalə çap etdirmiş və bununla da birtərəfli qaydada gərəksiz mübahisəyə son qoymuşdu.

Doğrudur, sonradan Məhəmməd ağa ilə barışmışdılar. Hətta "Şərqi-rus" redaksiyasını Tiflisdən Bakıya köçürüb Ə.Topçubaşovun naşirliyi, M.Şahtaxtinski və Ə.Ağayevin (Ə.Ağaoğlu) birgə redaktorluğu ilə nəşrinə davam etdirməklə bağlı razılıq əldə olunmuşdu. Lakin 1904-cü ilə "Həyat" qəzetinin nəşrinə icazə alınması "Şərqi-rus" brendinə olan ehtiyacı aradan qaldırmışdı.

Tarixi nüanslar öz yerində. Zənnimcə, Əhməd bəyin məqaləsi mətbuatın məqsədinə, istiqamət və vəzifələrinə münasibət baxımından bu gün də aktuallığını qoruyub saxlayır. Çünki günümüzdə də sadəcə naşirinin (oxu, sponsorunun!), yaxud redaktorunun reklamına xidmət edən, təsadüfi adamlara ünvanlanan, oxucuya heç bir faydalı informasiya, yüksək fikir və hiss aşılamayan kifayət qədər çığırğan nəşrlər (xüsusən də elektron media sahəsində) mövcuddur. Və şübhəsiz, onları da ötən əsrin başlanğıcında cəmiyyətin rəyini saya salmayaraq milli tribunaya çevrilməyi istəməyən, yaxud bacarmayan "Şərqi-rus"un aqibəti gözləyir. 

"Şərqi-rus" qəzetinin ünvanına bir neçə səmimi söz   

Əhməd bəy Ağaoğlu 

Tiflisdə tatar dilində "Şərqi-rus" qəzeti nəşrə başlayıb. Tatar qəzetinin indiki vaxtda diyarımızın ən zəruri tələbatına çevrildiyini əlavə olaraq söyləməyə lüzum yoxdur. Bu qəzeti birincilər sırasında, hələ onun nəşrinə icazə alınan vaxt təbrik edib xoş arzularımızı bildirmişdik Üstəlik, "Kaspi" səhifələrində hamıdan əvvəl və hamıdan çox belə bir mətbu orqanın həyati əhəmiyyəti və vacibliyi barədə dəfələrlə məsələ qaldırmışıq.

Bir daha təkrar edirik: tatar qəzeti bizim günlərdə diyarımızın ən mühüm tələbatına çevrilib. İndi belə bir qəzet olmadan yaşamaq qətiyyən mümkün deyil. Bizim müsəlmanlar artıq geriyə dönüşü fikirlərindən də keçirmədən Rusiyanın şəhər və kəndlərimizə gətirdiyi ümumbəşəri mədəniyyət yoluna qədəm qoyublar. Məhz bu səbəbdən də onların öz ehtiyac və tələblərini ifadə edə bilmələri üçün çoxdan belə bir mətbu orqanın fəaliyyətinə lüzum və zərurət yaranmışdı. Digər tərəfdən, böyük əksəriyyəti hələ də cəhalətdə qalmış xalq kütlələri arasında maarif və mədəniyyətin bələdçisi olmaq baxımından da ona ehtiyac böyükdür.

"Şərqi-rus" qarşısına qoyulan bu əsas vəzifəni yerinə yetirdimi?

Mövcudluğunun bir neçə həftəsi ərzində artıq qəzetin xarakteri, istiqaməti və tonu tam müəyyənləşdi və indi təəssüf ki, biz "Şərqi-rus"un  vəzifəsinin öhdəsindən gəldiyini  deyə bilmərik. Qəzetin tonu, ifadə tərzi etik və sırf praktik baxımından tamamən arzuedilməzdir. İstiqaməti isə elədir ki, bu, onu mütləq  tez-gec labüd məhvin astanasına gətirib çıxaracaq.

Tonuna görə qəzet sensasiya və oxucuda effekt yaratmaq istəyi üzərində köklənib. Bizdə (Rusiya nəzərdə tutulur - V.Q) və xaricdə nəşr olunan küçə vərəqələrinin uğur nağıllarına aldanan "Şərqi-rus" göründüyü kimi, oxucuları sensasiyalı rubrikalarla cəlb etməyin mümkünlüyü haqda düşünür. Qəzet, çox güman, unudur ki, mahiyyəti etibarı ilə əslində, ləyaqətsiz mahiyyət daşıyan bu məqsəd yalnız oxucuların başdan-başa küçə adamları və səviyyəsiz kütlə, naşirin yeganə niyyətinin isə kommersiya olduğu yerlərdə özünü doğrulda bilər.

Fikrimizcə, tatar qəzeti  mövcud zərurəti nəzərə alaraq ilk növbədə məhdud sayda adamlara, əsasən də ziyalılara müraciət etməli və yazılarında didaktika, nəsihət tonuna daha çox üstünlük verərək özü öz oxucusunu  formalaşdırmaq və çevrəsində toplamaq haqda düşünməli idi.

Belə yol tutan  qəzetin oxucuları artıq o dərəcədə ziyalıdır ki, onlar səs-küylü qalmaqalları izləməkdən əsla məmnunluq duymurlar; eyni zamanda,  o qədər  diqqətcildir ki, mənasız, cığırğan  başlıqlar onlarda əvvəldən narazılıq və qeyri-məmnunluq hissləri doğurur.

Hamı, ilk növbədə isə "Şərqi-rus"un  ziyalı oxucuları təəccüb içində sual edirdilər ki, hansı səbəbdən qəzet birinci sayından Hacı Zeynalabdin Tağıyevin üzərinə hücum çəkib?  Düzdür, redaksiya ikinci sayda xəbərdarlıq edərək yazdı ki, Hacının tərəfdarları kiminsə onun xətrinə dəyməyinə imkan verməzlər. Lakin gördüyümüz kimi, hətta bu cür ehtiyatlı diqqətcillik də bütün nəcib, eyni zamanda,  adlarının Hacının müdafiəçiləri sırasına düşməsi perspektivindən  qorxmayan  müsəlmanları qəzetin lüzumsuz debütünə hiddətlərini bildirməkdən çəkindirmədi. Bu hiddət bir də ona görə tam yerinə düşürdü ki, həmin yazının dərcindən bir neçə gün əvvəl eyni "Şərqi-rus" qəzeti dəbdəbəli-patetik məktubunda "özünü bütünlüklə Hacı Zeynalabdin Tağıyevin - maarifpərvər, nəcib və həssas rəhbərin ixtiyarına  verdiyini" bəyan etmişdi.

Əgər "Şərqi-rus" həqiqətən də maarifçi məqsədlər güdürsə, o zaman adı müsəlmanlar arasında demək olar ki, bütün təhsil müəssisələrinin yaradılması ilə bağlı olan bir adamı təhqir etməklə üzərində oturduğu budağı kəsdiyinin fərqinə varmırmı? İndi bütün Rusiyada müsəlmanlar arasında ikinci belə bir şəxsiyyət mövcuddurmu? Yoxsa, bəlkə "Şərqi-rus" elə güman edir ki, səs-küylü, cığırğan ifadələrin gurultusu arxasında daldalanıb müsəlman ictimai fikrini, ictimai şüuru  saymamaq olar, onunla hesablaşmamaq olar?

Mətbu orqanın maarifçi rolu özünü bundamı göstərir? "Müsəlman mühitində Qərbi Avropa sivilizasiyasının toxumlarını səpmək" təşəbbüsü budurmu?

İndi də keçək qəzetin istiqaməti ilə bağlı məsələyə.

"Şərqi-rus"da çap olunan bütün materiallar özünütərif və özünüreklamdan ibarətdir. İndiyə qədər qəzetin səhifələrində bir dəfə də olsun sanballı elmi-tarixi, ədəbi-tənqidi məqaləyə, yaxud gündəlik həyat və məişət mövzusunda sanballı yazıya təsadüf edilməyib. Felyetonlar (burada publisist yazılar mənasında işlənib - V.Q.) bir qayda olaraq  redaktorun mədhinə xidmət edir və  məsələn, "Məhəmməd Ağanın əlifbası" kimi gurultulu başlıqlar altında verilir. Məqalələrə gəldikdə  isə demək olar ki, hamısı istisnasız şəkildə redaktorun ünvanına oxunan oda və difiramblardan ibarətdir. Bu qəzet indiki vəziyyətdə nümayiş etdirdiyi bütün səciyyəvi xüsusiyyətləri ilə xalis  Tehran vərəqəsidir!

Bir tərəfdən (özünüz söhbətin nədən getdiyini başa düşürsünüz) sanki hər şey qaydasındadır - biz ən gözəl dünyalardan ən gözəlində yaşayırıq. Digər yandan, ardı-arası kəsilməyən difiramblar baş alıb gedir. Üçüncü tərəfdən isə (bu məsələnin ən gülməli yeridir!) qəzetə abunə yazılmadıqlarına görə müsəlmanları söymək!? Arabir də söhbətin gözünə məzə qatmaq üçün mədəniyyətin yayılması, dilin sadələşdirilməsi (dili daha sadə vəziyyətə gətirməklə bağlı vəzlər elə qarmaqarışıq, ədabaz-bəlağətli  tərzdə qələmə alınır ki, hətta orta savad dərəcəsinə malik müsəlmanlar da müəllifin nə demək istədiyini çətinliklə başa düşürlər) qulağı dəng edən ifadələr və mülahizələr səsləndirilir.

Qəzetin bəzi hissələri "Məhəmməd Ağanın əlifbası" ilə çap edilir. Naşirin aldığı abunə haqqı müqabilində oxucuya zorla öz "ixtirasını" sırımağa çalışmasının nə dərəcədə  etik və məqbul olduğunu bir tərəfə qoyaq. Sırf təcrübi baxımdan da belə eksperimentlər başlanan işin məhvinə gətirib çıxara bilər.

Bu ona bənzəyir ki, mən rusca qəzet çıxarmaq haqda elan verib abunə pulu yığım, sonra isə qəzetimi  Çin ieroqlifləri ilə nəşr etməyə başlayım.

Hələlik "Şərqi-rus" belə vəziyyətdədir. O, öz üzərinə çox vəzifələr götürüb: həm davakar küçə şöhrəti qazanmaq, həm ciddi olmaq  istəyir, maarifin qayğısına hamıdan çox qalan adamları söyüb təhqir etmək, eyni zamanda, maarif təbliğatçısı kimi tanınmaq istəyir, ən anlaşılmaz dillə yazmaq və dili sadələşdirmək istəyir, nəhayət, xalqa tamamən yad bir əlifba ilə ona böyük həqiqətləri anlatmaq istəyir...

Bizim "Şərqi-rus"a səmimi və xeyirxah məsləhətimiz belədir: bütün bu xəstə xülyaları, faydasız təmayülləri, gülünc və biabırçı Tehran ədalarını bir tərəfə buraxın. Xalqın başa düşdüyü dildə, gözünün öyrəşdiyi əlifba ilə qəzet buraxın. İnsanların həyatını gündəlik məişət nöqteyi-nəzərindən işıqlandırın, vətəndaşlarımızı Qərb mədəniyyəti ilə tanış edin. Ona daha çox elmi-populyar məlumatlar çatdırın. Nəhayət, ciddi tarixi-fəlsəfi tədqiqatlarla Şərqin öyrənilməsinə yardım göstərin, müsəlman həyatında  mənəvi başlanğıcların və dünyagörüşünün yenilənməsinə öz töhfənizi verin.

Hər bir yeni tatar qəzeti yaradıcı olmalıdır. O, müsəlmanların hisslərini, qəlbini və ağlını zənginləşdirməlidir. Bu məqsədə nail olandan sonra  lüzumsuz, ziyanlı və izafi ünsürlərin dağılıb sıradan çıxması prosesi öz-özünə davam edəcək. Yalnız belə bir proqrama ciddi şəkildə əməl olunduğu təqdirdə qəzet uğur qazana və cəmiyyətdə öz mədəniləşdirici rolunu oynaya bilər.

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

 





19.08.2019    çap et  çap et