525.Az

Bax, belə bir Nizami - Bahəddin Həzinin yazısı


 

Bax, belə bir Nizami - <b style="color:red">Bahəddin Həzinin yazısı </b>

İndiki adı ilə desəm, Kliniki Tibbi Mərkəzin  reanimasiya otağında ölüm-qalım savaşı verirdim. Yazılarıma görə mənə qarşı terror aktı törədilmişdi.

Həkimim Sabir Mirzəyev çox zarafatcıl adam idi, qısa müddətdə dostlaşmışdıq; sonradan mən palataya köçürüləndən sonra gəldi və dedi:  "Həziyev, ilk üç gündə hər iki tərəfə biletin var idi". O günlərdə Nizami də tez-tez mənə baş çəkməyə gəlirdi. Və o adamlardan idi ki, hər gəlişi mənə bütün ağrılarımı unutdura bilirdi.  

Bir gün də yenə gəldi. Artıq palatadaydım. Dedi:

- Qardaş, sən burdan qalxan kimi qurban kəs...

Dayanıb mənim reaksiyamı gözlədi. Mən də onun üzünə baxırdım. Mən niyəsini danışmadan soruşmuşdum artıq. Cavabı belə gəldi:

- İki şeyə şükr elə. Birincisi, sən yaza biləcəklərinin hamısını yazmısan və bütün o yazdıqlarından sonra salamat qala bilmisən. İkincisi, ayaqlarından zədə almısan, əllərin salamatdır, yenə yaza bilərsən.

Təbii ki, o, bu sözləri zarafata büküb deyirdi. Ancaq anlatmaq istədiyi mətləb ciddiydi. Və mən bu gün üçüncü dəfə şükr elədim ki, salamat qalmışam və Nizami haqqında bu yazını yazan əllərim var. Bilirsiniz, Rusiyada müxalifət partiyasının sədri Yavlinskidən siyasi qisas almaq üçün oğlunu oğurlamışdılar və... barmaqlarını kəsmişdilər. Bundan daha dəhşətlisi: həmin oğlan mahir piaonuçuydu... 

... Nizami təkcə öz varlığı, öz təbəssümü ilə insanı həyata bağlamağı bacaran insandı. Özü az qala iki ildir ki, bizi bu dünyada qoyub cismən getmiş olsa da, o işıqlı siması, gülər üzü, müsbət aurası, mükəmməl obrazı ilə bizimlədir. Bəlkə bu üzdən itkisinə nə qədər yansaq-yaxılsaq da, adı gələndə üzümüzdə təbəssüm yaranır. Nizaminin özünə məxsus olan çox incə, həyatdan gələn yumoru var. Bu yumoru insanı həm ürəkdən güldürür, həm də dərindən düşündürür. İndiyə qədər Nizaminin bu məziyyətinin sirrini aça bilməmişəm. İki əhvalat yazacam. Hər ikisini oxuyandan sonra Nizaminin eyni vaxtda həm ürəyi güldürən, həm beyni düşünməyə sövq edən yumoruna bələd olacaqsınız.

Bilirsiniz ki, Nizami Quliyev iki müddət dalbadal - on il Milli Məclisin deputatı olmuşdu. Bəli, olmuşdu. Müxalifətin namizədi olaraq öz nüfuzu ilə seçilmişdi. Gədəbəyin separatçı ermənilərdən təmizlənməsi, işğalçı Ermənistandan qorunması uğrunda savaşda iştirak etmişdi, el-obada həm buna görə, həm mübariz vətəndaş mövqeyinə görə, həm də insanlığına görə böyük hörməti vardı (Yeri gəlmişkən, indi həbsdə olan Saleh Rüstəmli də həmin döyüşlərdə Nizami ilə birlikdə əziyyət çəkib, can qoyub).

Hə, Nizami deyir: "Bir gün Milli Məclisin iclasında spikerlə sözümüz çəpləşdi. Camaatın dərd-sərindən danışırdım, spiker sözümü kəsdi, mikrofonumu söndürdü. Mən də etiraz etdim. Bu dəmdə iqtidar deputatlarından biri özünü  ortaya atdı; spikeri dəstəklədi. Mən də qayıtdım ona dəmirçinin tulasının əhvalatını danışdım. Bir gün canavar gəlib sürüyə cumur. Çoban itləri onu qovur, kənddəki dəmirçi kişinin də bir tulası varmış, bu da başını başlara qoşub çoban itləri ilə birlikdə canavarın dalına düşür. Çoban itləri canavarı iki o təpə o yana keçirib geri - sürünün yanına qayıdır. Ancaq dəmirçinin tulası canavardan əl çəkmir, qovmaqda davam edir. Axırda canavar bezib dayanır, dəmirçinin tulasına deyir ki, "yaxşı, o çoban itlərinin məni qovmağa haqqı var idi; sürüdən qoyun aparmaq istədiyimə görə. Bəs sən nə istəyirsən? Sənin dəmirçinin dəmirini aparırdım, ya çəkicini, ya körüyünü aparırdım? Sən niyə əl çəkmirsən məndən?!" İqtidarlı-müxalifətli hamı gülüşdü. Yəni bu mənimlə spiker arasında olan məsələdir; mən ona sözümü deyirəm, o da mənə cavab verir, sən niyə qatılırsan bu söhbətə?"

Bu dəmirçi tulası söhbətini tez-tez xatırlayıb gülürdük. Hətta kimsə əsassız yerə özünü ortalığa atanda həmin əhvəlat xatırlanırdı. Bu, həm də çox düşündürücü bir hekayə idi. Nizaminin belə söhbətləri, bildiyi, danışdığı lətifələri çox idi. Bütün sözündə-söhbətində hər şey - misallar, nümunələr, bənzətmələr həyatın özündən, həyatın içindən gəlirdi. Lətifələri də həyatın içindən gəlirdi. Yəni danışdığı lətifələrin, yumorlu söhbətlərin, demək olar, doxsan faizindən çoxu gerçək həyatda baş vermişdi. Buna bir misal göstərim. Bilirsiniz, Gədəbəydə xeyli molokan kəndləri var; vaxtilə Rusiyadan köçürülmüş dini eretik ruslar. Deyir, səhv etmirəmsə, Novosaratovka kəndində şərti adını Kolya deyəcəyimiz bir rus var. Nizami ondan zaafatla soruşur ki, "Kolya, sən də, arvadın da russunuz, ikiniz də sarısınız. Uşaqlar niyə sarı deyil?" Kolya nə cavab versə yaxşıdır: "Sizinkilər imkan versə, sarısı da olar". Nizami bu söhbəti hər dəfə danışanda doyunca gülürdü. Biz dostları da onun danışdığı bu əhvalat qədər onun gülüşündən ürək dolusu yumor payımızı alırdıq.

Nizami Gədəbəyin o dağları, meşələri, bulaqları, şəlaləsi kimi təbii idi. Onun ömrü də o dağ çayları kimi təbii axımı ilə axıb gedirdi. Nizaminin sevgisi hər kəsə və hər şeyə bəs edəcək qədər idi. Təkcə insanlara deyil, təbiətə, ağaca, gülə, heyvana da...

Bir yay ailəmizlə Gədəbəydə idik. Nizami dedi ki, gedək bir yaxşı yer var, orda oturaq. Biçənək idi. Aşağısı otlaq. Təpənin üstündə manqal qoyduq. Kabab çəkdi. Ailə-uşaqlarımız da aşağıda kölgəlikdə süfrə açırdı. Gədəbəydəki qızıl zavodunda bir dostu da vardı Nizaminin. Güney türkü. Adı Mahmud. Amma yaman çox içirdi Mahmud. Nə isə. Kabablar hazır olduqca qazana çəkilirdi. Elə orda manqalın qırağında araq süzüldü, içildi. Nizaminin də kefi yaxşıydı. Dedi: "Ailə-uşağın yanında çox içməyək".  Bişən kabablardan aşağıya - külfətlərə göndərdik. Maşında musiqi qoşdu, maşının arxasında doyunca oynadı. Özü də hərdən yavaşdan oxuyurdu. Bir yandan da manqala baxırdı; şişləri çevirir, yelləyirdi.

Bu dəmdə təpənin döşündə bir çaqqal balası peyda oldu. Ətin iyinə gəlmişdi. Dayanıb üzüyuxarı baxırdı. Mahmud bir kəsək atdı, çaqqal balası gerilədi, ancaq çox da uzaqlaşmadı. Nizami Mahmuda zarafatyana hirsləndi: "Qonağı qovmazlar". Sonra qab götürüb qazandakı tikələrin ən canlılarından seçdi, indisindən uzaq olsun, üzüaşağı çaqqala tərəf apardı. Çaqqal bir az da uzaqlaşıb yenə dayandı. Nizami qabı yerə qoyub geri qayıtdı. Təpənin başından çaqqalın kababı yeməyinə ləzzətlə tamaşa elədi. Mahmud dözmədi, o da "etiraz"ını  zarafatla bildirdi: 

- Ay Nizami, qəribə adamsan e. Yazığın gəlir, çiy ətdən verəydin. Kababın yaxşı tikələrini mənə vermirsən, aparıb çaqqala verirsən.      

Nizami çaqqala tamaşa eləyirdi, arada geri qanrılıb Mahmuda cavab verdi:

- Ayə, mən səni tanıyandan hər gün kabab yeyirsən. Hələ üstündən araq da içirsən. Ancaq bu yazıq çaqqalın ömründə bircə dəfə kabab yemək şansı var. Dəymə, qoy yesin.

Özü də, biz də bu sözə gözlərimiz yaşarana qədər güldük.

Həmin o mənzərə və o söhbət mənim heç vaxt yadımdan çıxmır. Onda da, indi də xatırlayanda doyunca gülürəm. Ancaq həm də düşünürəm ki, Nizami bu yumorlu səhnə ilə insanlığın, İNSAN ola bilməyin nə demək olduğunu da öz nümunəsində, öz təbii yaşamında başqalarına da göstərirdi.  Bunu oxuyanda onu tanıyanlar deyəcək: "Hə, bax bu, bizim Nizamidir, Nizami belədir". "Belə idi" yox, məhz "belədir". Nizami keçmiş deyil. İndiki zamandadır. İnsan unudulanda ölür. İnsan unudulmadıqca yaşayır. Nizami də unudulmur. Unudulacaq insan deyil axı.

... Bu gün - avqustun 17-də dostum Nizami Quliyevin 63 yaşı tamam olur. Ruhuna təbrik göndərirəm. Allah əziz qardaşımıza rəhmət eləsin!

 





20.08.2019    çap et  çap et