525.Az

1506-cı ilin yazı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

1506-cı ilin yazı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası</b>

(Əvvəli ötən şənbə sayımızda)

1504-cü ilin yazı

Ceymsin kiçik qardaşı Ross hersoqu yanvar aynda, Milad bayramı qurtaranda öldü. Bu, kral üçün kədərli hadisə idi, lakin Arturun itkisi ilə müqayisədə Marqaret üçün heç nə idi. Qardaşı kralın varisi idi, kral bildirdi ki, yalnız sülhsevər adam arxasındakı ordu ilə bu ölkəni birlik şəklində saxlaya bilər. "Heç bir qadın bunu edə bilməz. Sən kraliça titulunu sevirsən. Lakin başa düşmürsən ki, bu, necə daimi və vacib səbəbdir".

Arvadı ona möhkəm cavab verdi: "Sən elə danışırsan ki, elə bil dəmirçisən".

"Bəli, mən dəmirçiyəm. Mən klanlar ölkəsini krallıq səltənətinə dəyişmişəm, onu bir bədəndə təmsil olmağa gətirmişəm. Sənin atan da tacı götürəndə eyni şey etməli idi, onun işi daha çətindir. Heç kəs bilmir ki, o, Riçmond qrafını sürgün etmişdir. Ən azı, mən kral kimi doğulmuş və tərbiyə olunmuşam. Sənin atan da mənim kimi lordlarla mübarizə aparır. Mən səni də öyrətməliyəm".

Ceyms sözünə davam etdi: "Şotlandiya lordları heç vaxt ingilis kralını qəbul etməyəcəklər. Biz öz kralımıza malik olmalıyıq. Məndən sonra sülalə xətti üzrə əmim oğlu, Olbani hersoqu Con Styuart kral olmalıdır. Sən onu görməmisən, o, Fransada yaşayır, orada böyümüşdür və atamın sevimlisi idi. Sən mənə oğul doğana qədər, bunun yaxşı və pis olmasından asılı olmayaraq, o, mənim varisim olacaqdır. Bu vaxt ərzində mənim oğlum Ceymsi dünyaya gətirsən, mən onu öz varisim adlandıracağam. Mən istəyirəm ki, ikimizin birlikdə oğlumuz olsun. Mən istəyirəm ki, bu oğlan mənim adımı və xeyir-duamı daşısın. Mən Ceymsi legitim etməyə hazırlaşıram". Bu söhbət Edinburq qəsrində gedirdi.

Marqaret görmüşdü ki, atası oğlan uşaqlarını, Plantagenet oğlanlarını saxlayır, onlardan biri hətta özünü Plantagenet printsi adlandırmışdı. Hər bir prints, hər bir printsessa bircə şeyə can atırdı, bu da yalnız taxt-taca sahib olmaq idi.

1506-cı ilin yazı 

Marqaretin 16 yaşı olanda kral Edinburqdakı Holiruudhauz sarayında onu hədiyyələr leysanına tutdu. Çoxlu qızıl və daş-qaş verdi. Onlar üç ilə yaxın idi ki, ər-arvad kimi yaşayırdılar, lakin heç bir uşaq əlaməti görünmürdü.

Atası evlərində isə Merini ispan dilini öyrənməyə sövq edirdilər. Meri yazırdı ki, o, Karla ərə getsə, Müqəddəs Roma imperatriçəsi olacaqdır. Onda bizim üçümüz də kraliça olacağıq. Meri Katerinanı, Marqareti və özünü nəzərdə tuturdu. Marqaret bacısını parlaq gələcəyinə görə təbrik etdi.

Nəhayət, Marqaret yazda öz şadlığını və ana olacağı xəbərini Ledi nənəyə yazdı.

1507-ci ilin qışının sonu 

Adamlar Merinin gözəlliyini və istedadını tərifləyirdilər, lakin onun Karla nişanlanmağı baş vermədi, çünki Karl hələlik uşaq olmaqdan başqa bir şey deyildi. Onun atası I Filipp yenicə Kastiliya kralı olmuşdu ki, öldü və 6 yaşındakı bu uşaq artıq Müqəddəs Roma imperatorluğuna varis idi. Axı o, imperator Maksimilianın və katolik kralları Ferdinandla İzabellanın nəvəsi idi. Lakin o, balaca uşaq olduğundan bu yükü hələ daşıya bilməzdi.

Marqaretin Edinburqdakı Holiruudhauz sarayında hamiləliyi başa çatanda oğul doğdu, bu, az qala, onun həyatı hesabına başa gəlmişdi. Ölümcül xəstə olduğundan hamı güman edirdi ki, kraliça həyatla vidalaşacaqdır. Əri də bu vaxt ziyarətə yollanmışdı.

Onların uşağı həm də İngiltərə taxt-tacına varis idi. Əgər Harrinin başına bir iş gəlsəydi, Marqaretin körpəsi anasına görə İngiltərə taxt-tacına da varis olacaqdı.

Marqaretin atası gözləyirdi ki, onun Allahı sülh gətirəcək və bu sülh İngiltərə və Şotlandiya arasında əbədi davam edəcəkdir.  

1507-ci ilin Milad bayramı 

Holiruudhauz sarayında Marqaretə xəbər çatdı ki, bacısı Meri kastiliyalı Karla rəsmən nişanlanmışdır. O, 250 min qızıl kron məbləğində cehizə malik olmalı idi. Meri böyük bacısına yazırdı: "Mən printsin 14 yaşı olanda ona ərə gedəcəyəm, bundan sonra hələ 7 il keçməlidir və mən ağlıma da gətirə bilmirəm ki, ümumiyyətlə, bunu gözləyəcəyəm. Bu, bir ömürə bərabərdir, çünki mən evdə oturmalı və ispan dilini öyrənməliyəm. Katerina deyir ki, məni öyrədəcəkdir. Valideynləri onu heç də dəstəkləmirlər və biz də onun dul qadın cehizini vermirik, nə qədər ki, onlar onun cehizini tam ödəməmişlər".

İngilis səfiri Ceymsə demişdi ki, hər kəs qızıl boşqabdan yeyir. Meri üçün qızıl boşqab barədəki ideyanın özü tam gülməli idi.  

1508-ci ilin yazı 

Sterlinq qəsrində pis bir hadisə baş verdi. Marqaretin oğlu körpə Ceyms - o, Şotlandiya printsi idi - yuxuda olarkən ölmüşdü. Bu vaxt o, kral beşiyində idi. Marqaret artıq Şotlandiyanın sonrakı kralının anası deyildi. Onun bətni növbəti uşağı bəsləyirdi, lakin doğduğu körpənin boş qalan beşiyi gözünün qabağında dururdu və o düşünürdü ki, heç vaxt ağlamasını dayandırmayacaqdır.

O, ərinə dedi ki, mən çox bədbəxtəm, özümə ölüm arzulayıram. Kral arvadının ledilərinə onları tərk etmək göstərişini verdi və Marqaretə dedi: "Mən istəyirəm ki, sən mərd olasan. Sən fikirləşirsən ki, görən, sənin lənətlənməyin mümkündürmü? Sənin atanın üç oğlu var idi və onlardan ikisi ölmüşdür. Son üç ilə yaxın sən qısır idin, indi isə bizim oğlumuz ölmüşdür. Bu, anlaşılmalı olan bir məsələdir".

O, sözünə davam etdi:

"Prints Riçard özü mənə demişdi ki, Tüdorlar lənətlənmişlər. O, sənin dayındı. O, iki prints oğlanlardan biri idi ki, III Riçard onu Londondakı Tauer qəsrinə saldırmışdı. Riçard İngiltərəyə müdaxilə etməmişdi. O, mənim sevgili dostum idi, biz kral qardaşlar kimi bir yerdə yaşayırdıq. Mən əmim qızını ona verdim. Və o, mənə dedi ki, kimsə onu öldürməyə cəhd etmişdi və onun qardaşı Eduard lənətə tuş gəlmişdi. Sənin ananın anası, ağ rəngli cadugər kraliça Elizabet Vudvil and içmişdi ki, kim gənc kralı ölümə məhkum etsə, o, özünün oğlunu, onun da oğlunun oğlunu itirəcəkdir və bütün xətt üzrə hər şey övladsız bir qızla başa çatacaqdır".

Marqaret əlini fəxr etdiyi qarnının üstünə qoydu və dedi: "Mən heç də qısır qız deyiləm, mən yeni uşağa hamiləyəm".

Kral davam etdi: "Biz bir az əvvəl oğlumuzu itirmişik. Sən düşünmürsənmi ki, biz oğlumuzu sənin Tüdorlarının lənətlənməsinə görə itirdik". Marqaret qəzəblə ona dedi: "Yox. Mən düşünürəm ki, onu ona görə itirdik ki, sənin üfunətli ölkən çox çirklidir və doğulan uşaqların yarısı ölür, çünki tüstülü otaqlarda nəfəs ala bilmirlər və onlar məhvedici soyuq havada da küçəyə çıxa bilmirlər. Bu, sənin çirkli ölkəndir, bu, sənin səfeh mamaçalarındır, bu, sənin xəstə dayələrindir və onların südüdür. Bu, mənə edilən lənət deyildir, təkcə onların da hamısı deyildir. Bir sözlə, mən bətnimdə uşaq gəzdirirəm, heç də qısır qız deyiləm".

Əri dedi:

"Bizim oğlumuz göylərdədir. Biz bilməliyik ki, o, günahsızdır. O, yarılıqda sənin ola bilərdi. Uşaqları öldürən uzurpatorun xəttindən idi, yarılıqda isə mənim idi. Kralı və atasını öldürənin oğlu idi, biz hər ikimiz günahkar valideynlər cütlüyüyük".

"Mən arzu edərdim ki, mən də onunla göylərdə olaydım" deyə Marqaret söhbəti yekunlaşdırdı.

Marqaret Katerinaya məktubunda yazırdı ki, Meri mənə deyir ki, sən çox kasıb yaşayırsan və qardaşımla sənin toyun barədə heç bir plan yoxdur. Mən sənə görə xəcalət çəkirəm. Kim nə vaxtsa düşünür ki, nəsə bizim üçün belə pis gedə bilər, bu, Allahın mərhəmətində olmamalıdır".

Marqaretin atasından Tomas Uolsi başda olmaqla, emissarlar gəldi. Onlar Holiruudhauz sarayında qəbul edildilər. Uolsi deyirdi ki, Fransa çalışır ki, Ceymslə ənənəvi müqaviləni təzələsin, VII Henri isə Şotlandiya ilə Daimi Sülh Müqaviləsini qoruyub saxlamaq istəyir. Marqaraetin əri öz nikahına görə bu müqaviləyə hörmətlə yanaşmalıdır. O, ərini inandıracaqdı ki, fransızlardan uzaqlaşsın və İngiltərə ilə ittifaqı təsdiqləsin. O, israr edirdi ki, bizim möhtac olduğumuz yeganə ittifaq İngiltərə ilədir. "Ümid edirəm ki, sən unutmayacaqsan ki, mən Şotlandiya kraliçası olmamışdan əvvəl ingilis printsessası kmi doğulmuşam!"

Katerina Marqaretə nəsihət verirdi ki, Allahın oğul və varis vermək iradəsinə ümidvar olaraq qalsın. Sən məhsuldar və xoşbəxt olacaqsan. Mən bilirəm ki, heç nə Tüdorlar əleyhinə deyildir.

"Atam mən printsə ərə gedənə qədər cehizimin qalan hissəsini mənə göndərməyəcəkdir, sənin atan isə mənim cehizimi bütünlüklə almayana qədər mənə dul qadın əmlakını verməyəcəkdir. Mən iki böyük kral arasında şahmat piyadasıyam və mənim nə pulum, nə də kiçik bir məclisim vardır, baxmayaraq ki, mən sarayda yaşayıram, mən Londonda kasıblıq tələsinə düşmüşəm və nə dul qadınam, nə də gəlinəm. Geyinməyə donum olmadığından, nikah məclisinə gedə bilmirəm və yatmağa ac olan vəziyyətdə gedirəm, mətbəxdən otağıma nəsə göndərməyi də unudurlar".  

1508-ci ilin yayı 

Hər kəs bilirdi ki, tiran III Riçard Tauer qəsrində printsləri öldürmüşdür, məhz bu yolla o, öz qardaşı uşaqlarının taxt-tacını tuta bilərdi. Hər kəs bilirdi ki, VII Henri gəlib İngiltərəni monstrdan xilas etdi. Tüdorlar buna görə xeyir-dua qazanmışlar, bu, heç də lənət deyildir.

1485-ci ildəki Bosvort döyüşü göstərdi ki, Allahın Tüdorlardan xoşu gəlir. Marqaretin anası Plantagenet olduğuna görə Henri Tüdora ərə getmişdi, qırmızı qızılgül ağ qızılgüllə çəpərlənmişdi və Tüdor qızılgülünü əmələ gətirməklə, onların əvvəlcə oğlu Artur və qızı Marqaret dünyaya gəlmişdi. Bu, Allahın mərhəmətinin sübutu idi.

Marqaret Holiruudhauz sarayında yaşayırdı, doğmaqdan qorxurdu, lakin ikinci doğuş olduqca asan keçdi. Xoşa gəlməyən bir məsələ isə o idi ki, uşaq printsessa idi. Lakin az sonra, Marqaret yuxudan oyananda uşaq yenə də əvvəlki oğlu kimi ölmüşdü.

Əri ona nəvaziş qaydasında dedi:

"Mənim yazıq məhəbbətim".

Arvadının iki uşağı olmuş, hər ikisi bir-birinin ardınca ölmüşdü. Yəqin ki, Katerina Marqaretdə nəyinsə pis olduğu barədə düşünəcəkdir. Ərinə isə bildirdi ki, "Sən mənə lənət haqqında demişdin".

"Mən bunu kədərdən və qorxudan demişdim. O sözləri sənə deməkdə səhv etmişdim. Sən çox cavansan və özün barədə səhv etməyini düşünməklə böyümüsən".  

1509-cu ilin Milad bayramı ərəfəsi 

Sterlinq qəsrində yaşayan Marqaret yenə də hamilə idi. Bu vaxt əri ona atasının ölməsi xəbərini verdi və əlavə etdi ki, sonra Harri VIII Henri kimi kral olacaqdır. "Sənin qardaşın heç də tanınmır, atan ona heç bir hakimiyyət verməmişdi, o, öz atasından idarəetmə yollarını öyrənməmişdi".

"Axı atam daim Arturu nəzərdə tuturdu". Sonra əlavə etdi: "İndi mən yetiməm".

Əri cavab verdi: "Burada sənin ailən vardır. Əgər Harri sülhü qoruyub saxlasa, o, taxt-taca çıxanda sən ona qonaq gedə bilərsən. Biz sənin atanla müdaxiləçilər və dəniz quldurları barədə daim sözləşirdik və o, mənə Fransa ilə dostluğu qadağan etmək istəyirdi". Harri barədə isə soruşdu ki, sənin ona hansısa bir təsirin varmı?

"Mən əminəm ki, onu inandıra bilərəm. Əminəm ki, ona vəziyyəti izah edə bilərəm. Mən Londona gedəcək və nə lazımsa, ona deyəcəyəm".

Atasına gəldikdə o, olduqca varlı adam kimi dünyadan köçmüşdü. Əri ona dedi:

"Sənin qardaşının gözlənilən ilk hərəkəti, güman ki, atasının xalqa ağır vergilər qoymağı məsləhət görən müşavirləri cəzalandırmağı həyata keçirməsidir. İkinci hərəkəti isə, nəhayət, Katerina Araqonlu ilə evlənməsi olmalıdır. Bu qız yeddi ildir ki, onun qapısı ağzında gözləyir. Güman ki, onlar artıq evlənmişlər".

(Ardı var)

 





20.08.2019    çap et  çap et