525.Az

Həyatın özü qədər canlı əsər


 

Həyatın özü qədər canlı əsər<b style="color:red"></b>

Filologiya üzrə fəlsəfə doktoru, “Qızıl qələm” mükafatı laureatı

Novruz Nəcəfoğlunun şeirləri, hekayələri barədə yazılarım elə bu qəzetdə “525-ci qəzet”də  dərc olunub. “Bir dərənin uzunu” povesti  də öz dərin məna qatına görə məni cəlb etdi və fikir söyləməkdən özümü saxlaya bilmədim.

Bu başdan onu deyim ki, onun şeirlərini də, hekayə, povest, pritça, esse və novellalarını da oxuyarkən böyük Bəxtiyarın (Vahabzadə) bir bənd şeiri yaddaşımda canlanır:

“Öz kökümə dayanmaqla,

Öz yurdumun, torpağımın

övladıyam”.

Ana torpağa, kəndimizin axar-baxarlı keçmişinə bütün varlığı ilə bağlanan yazıçının bu əsəri isə başqa bir aləmdir.

Kəndimizin həmin dövrünü mən də yaşamışam. Çox ağrılı – əzablı, sevincli – kədərli günlər, aylar və illər keçirib Allahın böyük qismətilə ömrün 87-ci qışına qədəm qoyuram. Əsər məni elə ağuşuna aldı ki, təəssüratlarımın zənginliyilə sanki o illəri bir də yaşadım.

Yuxarıda dediyim kimi yazıçı ana torpağa, doğulub boya-başa çatdığı kəndinə bütün varlığı ilə bağlıdır. Bu bağlılıq isə heç şübhəsiz, daha çox onun adamlarına olan isti, doğma münasibətdən irəli gəlir.  Mən də elə bil illərin arxasından boylanıb həmin adamlara baxdım, dərin-dərin xəyallara qərq oldum, yeddiillik həsrətdən sonra mənim dünyaya gəlişimlə sonsuz sevinc yaşayıb çox erkən dünyadan köç edən ata-anamı yada salıb qəhərimi çox çətinliklə boğa bildim.

Əsərin qəhrəmanları İbrahimlə Əhlimanın (İbrahim müəllifin prototipidir desəm yəqin ki, yanılmaram) görüş məqamlarını oxuyanda bir xatirə yaddaşıma hakim kəsildi. Birinci sinfə gedəndə İsrafil Hacıyevlə dostluğum başlamışdı. Günlərimiz ayrılmaz olaraq keçir, dərsə birlikdə gedir, birgə hazırlaşır, dağa – meşəyə birgə gedir, kəndin rəngarəng oyun – əyləncələrinə də birgə qatılırdıq. Gecələr də biri-birimizdən ayrılmaq istəmirdik. Atasını körpə yaşlarından itirmiş İsrafil dayısı, kolxozun çobanı olan Bəhərçinin himayəsində böyümüş, dördüncü sinfi bitirəndə elə həmin dayısı da onu məktəbdən ayırıb peşəkarlığa (o zaman çoban olmaq üçün əvvəl gərək “peşəkar” (gənc çobanlar belə adlanırdı) olaydın, belə deyirdilər) aparmışdı. Hətta bir  neçə gün ağladığım da yadımdadır. Ondan sonra məktəbimizdə özümə yaxın dost tapa bilmədim. Az sonra mən də əvvəlcə atamı, sonra isə anamı itirib yetimliyin acısını yaşadım. Qaxa köçüb məndən yeddi yaş böyük olan bacımın himayəsində təhsilimi davam etdirdim.

1945-ci ildə kamal attestatı ilə rayonda qızıl medala layiq görülən yeganə şagird oldum. Lakin başqa bir fəlakətlə üzləşdim. Az-çox bizi himayə edib rayon çörəkxanasının müdiri işləyən dayım məni çörəkxananın odunçusu Məmməd kişiyə şagird verdi. Onunla hər gün səhər açılmamış kəl arabası ilə meşəyə gedir, bir araba odunla axşam geri qayıdırdıq. Ona 2 kq, mənə isə 1 kq çörək verirdilər. O zaman işləyən adamlar talonla 500 qr, işləməyənlər və uşaqlar isə 200 qr çörək alırdı.

Bir gün meşədə odun hazırlayarkən ehtiyatsızlıq edib balta ilə dabanımı kəsdim. Məmməd kişi köynəyimin qolunu qopararaq kəsiyi bağladı və axan qanın qarşısını çox çətinliklə ala bildi. Məni arabaya yatırtdı. Həmin gün axşamdan xeyli keçənə qədər arabanı zorla odunla doldura bildi. Çörəkxanaya çatarkən bizi çox böyük həyəcanla qarşıladılar. Odun ehtiyatı olmadığından səhəri gün bütün rayon çörəksiz qala bilərdi.

Həmin günü halımı görüb şivən qoparan bacımın sözləri indi də qulaqlarımda səslənir: “Yolda oturub əl açıb dilənçilik də etsəm, səni oxudacağam.” Bir ay gecikməyimə baxmayaraq məni medalçı kimi instituta imtahansız qəbul etdilər.

Bütün bu xatirəni yada salmaqla əsərdəki bir məqama keçid etmək istəyirəm. Əsərin qəhrəmanlarından İbrahim oxuyub elm adamı və böyük məmur olub, onun uşaqlıq dostu Əhliman isə bisavad  çobandır. Lakin dostluqları daha da möhkəmlənib.

Mənim də uşaqlıq dostum İsrafillə yollarım tamam ayrıldı. Mən Zaqatala rayon partiya komitəsinin birinci katibi kimi SSRİ Ali Sovetinə deputat seçildim. Rayonun yüz mindən çox qoyunu olan Acınour qışlaqlarına tez-tez yolum düşürdü və bu yol İsrafilin baş çoban olduğu Qax rayonunun İlisu kolxozunun qışlaqlarından keçirdi. Ayrılmağımızdan 25 il keçirdi və bir dəfə də olsa görüşməmişdik. Mən uşaqlığın şirin xatirələrilə onun görüşünə getdim. Məni çox soyuq qarşılayıb dərin xəyala daldı. Yəqin düşünürdü ki, axı mən də onunla eyni səviyyədə oxuyurdum, mən də bu səviyyəyə çata bilərdim. Cabir Novruzun “Ey həyat, sən nə qəribəsən?” sözləri yada düşür.

Nə isə! Söhbət ondan gedir ki, zaman çox şeyləri əridib yox eyləyən kimi, dostluğa da beləcə qələm çəkir. Böyük məmur İbrahimlə Əhlimanın dostluğunda isə fasilə olmayıb və bu münasibətlər daha da möhkəmlənib. Əsər bu sözlərlə tamamlanır: “Hər hansı var-dövlət dostluğun yanında mənasız görünür. “

Vərəvürd edib düşünürəm ki, kaş həyat da elə bu ehkam üzərində bərqərar olaydı.

Bəli, bu dostluq, yəni savadsız bir çobanla yüksək rütbəli dövlət məmurunun dostluğu kitabın ana xəttini təşkil etsə də bu, (bu yerdə bunu da yada salıb sinədolusu qürur hissi keçirirəm ki, mənim də ağdamlı çoban Əli ilə (Əli Abbasov Əhliman kimi savadsız olmasa da) otuz ildən çox davam edən dostluğumun bir növ oxşarıdır. Lakin əsərin məziyyətləri bununla bitmir. Orada kəndimizin tarixi keçmişini yada salan saysız-hesabsız dəyərli məqamlar var. Əsərdə təsvirini tapmış və bu gün yoxa çıxması ilə acı-acı təəssüfləndiyimiz elə adət-ənənələrimiz var ki, bizi yandırıb yaxır. Bununla belə kəndlərimizdə bu adət-ənənələr böyük şəhərlərimizlə müqayisədə daha çox saxlanılır.

Məsələn, əsərin başlanğıcındakına baxaq. “Kənddə ilin axırıncı çərşənbəsidir. Bütün kənddə bayram əhval-ruhiyyəsi hökm sürür. Küsülülər barışır, yaxınlar, doğmalar, qohum-əqrəba biri – birinə baş çəkir, nişanlı qızlara xonçalar bəzədilib gətirilir, il ərzində ərə köçən gəlinlərə pay – pörüş göndərilir, həyətlərdən ucaldılan atəşfəşanlıq bütün kəndi işıqlandırır. Sonra da bu, daha bir həftə davam edir”.

Ən çox da bu şənliklərin təbiiliyi, hər cür saxta bər – bəzəkdən uzaq olması yada düşəndə hər an bizi həyəcanlandırır.

Əsərdə ən diqqətçəkən məqamlardan biri ailədaxili münasibətlərin gözəlliyidir. Ədəb-ərkan, böyük-kiçik ab-havası, ata-ana məhəbbətinin, insan qəlbinin dərinliklərindən süzülüb gələn incə, həssas duyğuların təcəssümü ətraf mühitə, hər cür canlı məxluqa göstərilən insani münasibət və daha neçə-neçə yüksək dəyərlər öz ifadəsini tapır. İnsanların sadiq dostu olub onun yanında özünü ölüm-dirim savaşına atan itə də, fədakar dost olan ata da, anadan yetim qalmış körpə quzulara da qayğı elə təlqin olunur ki, bu barədə heç bir anlayışı olmayanlar da düşünüb-daşınmaya bilmirlər.

Müəllifin “illər keçdikcə insanlar yaxşı adamların qiymətini bilir. Onlar sadə adamların qəlbində heykəlləşir” kimi fikirləri elə həyati misallarla öz təsvirini tapır ki, hər kəs, xüsusilə adamların taleyi ən biganə məmuru da düşündünür.

Yetimçiliyin, kasıbçılığın dəhşətli acılarını görmüş adi çoban olan Əhlimana kolxoz sədri Şəmsi Babayevin dediyi “sənə bir toy edəcəm ki, hələ buralarda heç bir kişi eləsini edə bilməyib, dillərə düşəsi bir toy” sözləri Əhlimanı qanadlandırır, öz varlığına olan inamı, ümidləri birə beş artır. Uşaqlıq dostu İbrahim on nəfər tələbə dostu ilə Bakıdan bu toya gəlir, üç gün sərasər toyda iştirak edib bəyin sağında , solunda dolanaraq məclisə xüsusi rəng qatırlar.

Bəs bunları görən, oxuyan elə bir daşqəlbli məmur olarmı ki, özünü silkələyib qəlbində kök salan iblis xislətindən xilas olmağa ciddi-cəhd etməsin. Bunu etmirsə, demək o, heç insan deyil.

Gəlin indi diqqətimizi bir məqama da cəlb edək: Bir cüt aşığı, qoşa xanəndəsi, yeddi kənddən o tərəfə eşidilən qara zurnanın səsi ilə keçirilən toyları indi Bakının göbələk kimi artan şadlıq saraylarında keçirilib bir neçə saat orada iştirak edən hər kəsin əsəblərini tarıma çəkən monoton dambadurumla müşayiət olunan toylarla müqayisə edək. Daha dəhşətlisi odur ki, hamı bu toylardan ürək ağrısı ilə danışır, imkan tapıb çalışırlar ki, ya getməyib “konvert” göndərsin, ya da bir az oturub onu tərk etsin. Hələ toy sahiblərini ağır borca salan və heç 20-30 faizindən istifadə edilməyən yeməklər (bəzən kütləvi zəhərlənmələr də olur)  də yada düşür. Ən dəhşətlisi də odur ki, məişətimizə hakim kəsilən bu bəladan xilas yolu axtaran yoxdur. Niyə?

Niyəsi isə bunlardan da dəhşətlidir. Cəmiyyətimizdə insan əxlaqı üçün ən böyük bir bəla olan “laqeydlik” adlı anlayışın insanlara hakim kəsilməsi bütün bəlaların kökündə dayanır. Bu bəla hamının- yüksək rütbəli məmurların da, ziyalıların da, adi vətəndaşların da, ağsaqqal və ağbirçəklərin də, daha dözülməzi isə mədəniyyət və incəsənət xadimlərinin də varlığına sirayət edib. Yeri gəlmişkən, bu günlərdə bərbərxanada bir vətəndaşın ahu-zarı ilə üzləşdim. Azyaşlı uşağın boğazında əmələ gəlmiş bir şişlə həkimə aparmış, həkim ona xərçəng diaqnozu qoyaraq təcili cərrahi əməliyyat təklif etmiş, həm də əməliyyatın dəyərini söyləmişdi. Ata diaqnoza inanmamışdı və həm də həkimin ona oxuduğu qiymətə heç cür imkanı yox idi. Odur ki, türkəçarə üsulla onu müalicə etmişdi. Lakin evlərində yaranmış narahatlıq, ananın bir neçə ay davam edən göz yaşları onları elə sarsıtmışdı ki, uşaq sağalsa da onlar özlərinə gələ bilməmişlər. Ata həkimin nadanlığından dəhşətlə danışır və həm də belələrinə qarşı heç bir tədbirin görülməməsindən acı-acı şikayətlənirdi. Ona məsləhət verirlər ki, məhkəməyə versin, o isə qayğılı-qayğılı çiyinlərini çəkib deyir ki, nə xeyri var? Başqa bir ürəkağrıdıcı faktı qeyd etmək istəyirəm. Vaxtilə uzun illər yüksək dövlət vəzifələrində işləmiş bir dostumun ürəyinə stend qoyulub bunun yüksək qiymətlə ölçülən “haqqını” almışdılar. Dostum ürək ağrıları keçmədiyinə görə Türkiyəyə getmiş və orada müayinə olunan zaman stend qoyulduğunu bildirərkən ona demişdilər ki, heç bir stenddən söhbət gedə bilməz, o  yoxdur. Dostum dəhşətə gəlmiş və müayinə sənədləri ilə gəlib həmin həkimi tapıb onu ağır sözlərlə məsuliyyətə çəkmişdi. Həkim isə diz çökərək onu bədbəxt etməməsi üçün yalvarmış və aldığı pulu geri qaytarmışdı. Dostum da onun günahından keçmişdi. Bəlkə də daha çox pulu geri qaytardığına görə yumşalmışdı. Bəs buna nə ad verək. Axı belə cinayəti bağışlamağın  özü daha böyük cinayət deyilmi?! Bu da yenə laqeydlikdən törənən cinayətdir. 

Başqa bir bəla da ondadır ki, insanları mənəvi dəyərlərə səsləyən belə kitabları oxuyanların sayı gündən-günə azalır, yüngül və eybəcər şoularla insanların vaxtının çoxunu alan telekanallar da bir dərdə çevrilib.

Müəllifin günü çöllərdə keçib bəzən əlindəki radioqəbuledicidən “Sarı gəlin”ə qulaq asıb ona sahib çıxmaq istəyən erməni dığaları haqqında dedikləri oxucunu riqqətə gətirir: “Bicdən, haramzadadan törənmiş köpək uşağı! Əcdadınızdan bu yana sərgərdan gəzən tayfa olmusunuz da. Harda üzünüzə xoş baxıblar, orda qərar tutub yurd-yuva salmısınız. Gavur uşağı, gavur! Qızınızın, ananızın, bacınızın, məyər hörüyü olub ki, biləsiniz saçın ucun hörərlər, ya hörməzlər? Bəyəm birdən-ikidən qabağınıza sürü qatıb çobanlıq etmisiniz ki, indi də həya-abır bilməyib “Sarı gəlin”dən dəm vurursunuz?!”

Əsərdə dəyərli bir məqamdan da yan keçmək mümkün deyil. Bu, valideyn-övlad münasibətləri barədə deyilənlərdir. Dünyaşöhrətli pedaqoqlar uşaq tərbiyəsində ən başlıca didaktik prinsipin hörmət və tələbkarlıq olduğunu dönə-dönə təkrar etmişlər. Biz cəmiyyətimizdə hər gün nə qədər faktlarla üzləşirik ki, uşaqlarını ərköyün böyüdən ata-ana sonralar çox böyük fəlakətlərə düçar olurlar. Belə faktlar o qədər çoxdur ki, misallar çəkib vaxt almaq istəmirəm. Ancaq bunu demək kifayətdir ki, narkomanlığa, əyyaşlığa, azğınlığa, pozğunluğa tutulub valideynlərini ah-zar içərisində qoyan gənclərin böyük əksəriyyəti ərköyün tərbiyənin qurbanlarıdır. Böyük müdrikliyi ilə adı dillərdə dolaşan bir dostum (indi haqq dünyasındadır) sağlığında çox sevdiyi bir mərhum dostunun oğlu dünyasını dəyişərkən eşidir ki, o, əlinə fürsət düşərkən rüşvətxorluq və məişət pozğunluğu ilə məşğul olub. Qəzaya düşüb öldüyünü eşidərkən yasına belə getmədi və böyük təəssüf hissi ilə dedi ki, gorun çatlasın filankəs, gör həyatda kimi qoyub getmisən.

Əsərin qəhrəmanlarından olan İbrahim dərsə gecikdiyinə görə çəkdiyi xəcaləti üzündən məktəbdən üz döndərib səbəbini öyrənmək istəyən anasından qaçarkən ana onu qan-tər içində axıradək qovub yaxalayır və qəzəbini boğa bilmədiyindən analıq haqqı ilə ağzına bir sillə vurur. Sonra da axan qana baxıb “kaş əlim quruyaydı”- deyib ah-zar edir. Anası Sərvinaz bağrına basıb onunla bərabər ağlayır, isti göz yaşları İbrahimin çənəsindən aşağı axan al qanına qatılırdı. İbrahimin ağlaya-ağlaya, “ana daha dərsdən qaçmaram” sözləri ana-övlad məhəbbətinin ülviyyətindən xəbər verir. Ananın onu qabağına qatıb məktəbə aparması, qəbahətini deyib müəllimlərdən oğluna görə üzr istəməsi elə təsir gücünə malik olur ki, İbrahimin bütün gələcəyinə hakim kəsilir.

Biz indi bunun da şahidi oluruq ki, pis əməlinə görə özünü saxlaya bilməyib şagirdinə bir sillə vuran müəllimi uşağın valideynləri məhkəməyə verir. Bundan belə nəticə çıxarmamalıyıq ki, fiziki cəza didaktik prinsipə çevrilsin. Lakin bunu da unutmaq olmaz ki, uşağın istənilən pis əməlinə göz yumulması gələcəkdə onun böyük fəlakətinə çevrilə bilər. Amma uşaq gərək dərk eləsin ki, ona vurulan sillə əməlindən narahat olaraq yaranan qayğıdan irəli gəlmişdir.

Yazıçının povestini oxuyarkən bundan əvvəl dərc olunmuş əsərlərindəki kəndli obrazları da yada düşür:necə bitkin, bütöv, təmiz, gələcəyimizə örnək olan insanlar! Yazıçının digər bir əsərində (“Povest-portret”) verilmiş Kəlbi əmi obrazı da yada düşür. Bu obrazın timsalında kəndimizin ən nadir və parlaq kəndlisini görürük. Həm ondakı, həm də haqqında bəhs etdiyimiz əsərdəki Əhliman obrazlarındakı müdrik, mətanət, sədaqət, dəyanət, gözütoxluq, səxavət, qürur, igidlik, fədakarlıq, dost qədrini uca tutmaq – saymaqla qurtarmayan müsbət insani keyfiyyətlər özünü insan bilən hər kəsi təsirinə almaya bilməz. İnsan faktorunun bütöv keyfiyyət göstəricilərinin mükəmməl sintezi və həm də bunların çox təbii real boyalarla oxucuya çatdırılmasında yazıçı təxəyyülünün əsla hiss olunmaması diqqəti çəkir.

Ümumiyyətlə, onun əsərlərində kəndimizin mənəvi zənginliyi, onun adamlarının, məişət etnoqrafiyasının gözəllikləri elə təsvirini tapır ki, bunlar böyük tarixi əhəmiyyət kəsb etməyə bilməz. Yazıçı belə bir mətləbi önə çəkir ki, hər cür adət-ənənənin yaradıcısı xalqdır. Hər xalqın da onun özünə məxsus adət-ənənələri var. Onlara xor baxan hər kəs ya bu xalqa məxsus deyil, ya da ondan uzaqlaşıb. Xalqı yaşatmaq üçün onun dili nə qədər vacibdirsə, adət-ənənələri də bir o qədər vacibdir. Bu iki amilsiz kökə bağlanmaq qeyri-mümkündür. Amma bütün hallarda insan faktorunu yaddan çıxarmaq olmaz. Bu sözləri deyərkən dünyalar qədər sevdiyim və 20 ildən çox vətəndən ayrı düşən nəvəmi xatırladım. Onun da, kənarda böyütdüyü 3 övladının da ana dilimizə möhkəm bağlılığı məni sevindirsə də adət-ənənələrimizin köhnəlməsi barədə nəvəmin dedikləri məni ağır düşüncələrə qərq edir. Adət-ənənələrin unudulması bizi milli mentalitet dediyimiz əvəzsiz dəyərlərdən məhrum etməkdir.

Adət-ənənədən danışarkən böyük ürək ağrısı ilə düşünürsən ki, kəndimizdə bir neçə gün bütün kəndi ağuşuna alan toy şənliklərini, bəyin və gəlinin şərəfinə deyilən təriflər, at yarışlarında qalib gələn ata gəlinin kəlağayı bağlaması, elə gəlinin at belində bütün kənd boyu müşayiət olunması, toydan əvvəl və sonra bir neçə gün keçirilən maraqlı tədbirləri bu gün yuxarıda dediyim kimi bir neçə saat davam eləyən hay-küylü, qulaq batıran monoton hay-küylə necə müqayisə etmək olar. Gözəl milli rəqslərimiz yaddan çıxır və bu böyük bəlanın qarşısını almaq üçün heç bir təşəbbüs yoxdur.

Əhlimanın bir neçə gün davam edən toy şənlikləri bizə həmin xatirələri yaşadır. Bunu da düşünməli olursan ki, boşanmaların həmin dövrlərlə müqayisədə dəfələrlə artmasının səbəbi də elə bu gün keçirilən məzmunsuz , heç bir şeylə yadda qalmayan toy məclisləri deyilmi?!

Adət-ənənələrimizə gerilik kimi baxılmasından danışarkən dahi çinli Konfutsinin “Lun-Yuy” əsərinə əsaslanıb tərtib olunan Çin konstitusiyalarının bir çoxunda adət-ənənələrə xor baxışa görə ölüm cəzası tətbiq olunmasını yada salıb düşünməli olursan ki, bu xalqın bu günkü böyük yüksəlişinin bir səbəbi də bəlkə elə adət-ənənələrə bu müqəddəs yanaşmadan doğur. Çinlilər Konfutsinin əsərinin yazılışından 4500 ilə qədər  keçməsinə baxmayaraq o dövrün adət-ənənələrini bu gün də yaşadırlar. 

Sonda möhtərəm yazıçıya üz tutaraq arzu edirəm ki, daşıdığı çox ağır, məsuliyyətli vəzifəyə rəğmən  vaxt tapıb yeni-yeni əsərləri ilə biz oxucuları daim sevindirsin.

 





21.10.2013    çap et  çap et