525.Az

İndeksləşdirilmə pensiya kapitallarının artımına imkan verəcək


 

"ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN DAHA DA YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ İSLAHATLAR PROSESİ DAVAM EDƏCƏK"

İndeksləşdirilmə pensiya kapitallarının artımına imkan verəcək<b style="color:red"></b>

Məlum olduğu kimi, "Əmək pensiyaları haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "525"ə verilən məlumata görə, Prezident İlham Əliyevin cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək. Bununla dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Eldəniz Səlimov qeyd edib ki, pensiyaçıların sosial vəziyyətinin, həyat şəraitlərinin yaxşılaşdırılması, onların pensiyalarının artırılması daim Azərbaycan dövlətinin əsas prioritetləri sıraqsındadır. O, SİA-ya bildirib ki, ölkə rəhbərliyi bu kateqoriyadan olan insanlara daim xüsusi qayğı və diqqətlə yanaşır: "Elə bu qayğı və diqqətin nəticəsidir ki, bu ilin cəmi bir neçə ayı ərzində pensiyaçıların, təqaüdçülərin pensiyaları iki dəfə artırılıb".

E.Səlimov qeyd edib ki, ölkə başçısının fevral ayında imzaladığı fərmanla əmək pensiyaların minimum həddi 44 manat artırılaraq, 116 manatdan 160 manata, iyun ayında imzalanan növbəti fərmanla isə 40 manat artırılaraq, 160 manatdan 200 manata çatdırılıb: "Bu, çox böyük və əhəmiyyətli bir addım, hadisə olmaqla yanaşı, Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, baha bir əyani göstəricisidir".

Deputat əlavə edib ki, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar prosesi bundan sonra da davam edəcək.

Deputat Sona Əliyeva isə bildirib ki, Azərbaycanda cari ilin əvvəlindən elan edilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub: "İlin əvvəlindən dövlət başçısının bilavasitə ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsinə, onları narahat edən müxtəlif sosial məsələlərin həlli istiqamətində imzaladığı xeyli sayda fərman və sərəncamlar bunun əyani sübutdur".

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin ardıcıl xarakter daşıdığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyevin imzaladığı inqilabi sənədlər əsasında şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlər məsələsinin həllini tapması, bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əmək haqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması və digər tədbirlər bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına hesablanıb".

S.Əliyeva qeyd edib ki, müvafiq sosial paketin icrası nəticəsində 3 milyona yaxın vətəndaşın sosial müdafiəsi gücləndirilir: "Dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılıb. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin, minimum pensiyanın alıcılıq qabiliyyəti baxımından Azərbaycan MDB-də ilk yeri tutur".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslərin əmək haqları artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

C.ABASOV

 





21.08.2019    çap et  çap et