525.Az

BMT baş katibi müraciət yaydı


 

BMT baş katibi müraciət yaydı<b style="color:red"></b>

Bu gün dini mənsubiyyəti və inancına görə zorakılığa məruz qalan qurbanların xatirəsinə həsr olunmuş Beynəlxalq gün kimi qeyd olunur.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, BMT baş katibi Antonio Quterreş bununla bağlı müraciət yayıb. 

Müraciətdə bildirilir ki, son bir neçə ayda, dini mənsubiyyət və inancına görə hədəfə alınan şəxslərə və qruplara qarşı hücumların artdığı müşahidə olunub. “Yəhudilər sinaqoqlarda qətlə yetirilib, onların məzarları svastikalarla təhqir olunub; müsəlmanlar məscidlərdə güllələnib, onların ibadət yerləri dağıdılıb; xristianlar ibadət zamanı öldürülüb və kilsələri yandırılıb.

Yeni Zelandiya, Şri-Lanka və Amerika Birləşmiş Ştatlarında olduğu kimi bir çox hücumlar məqsədyönlü şəkildə ibadət yerlərini hədəfə alıb. Suriyadan tutmuş Mərkəzi Afrika Respublikasına qədər, bir çox münaqişələrdə bütün icmalar məhz inanclarına görə hücuma məruz qalıblar”, BMT baş katibi müraciətində bildirib.

Dünyanın bütün əsas dinlərinin tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəklədiyini qeyd edən A. Quterreş qərəzli şəkildə dindən istifadə edərək yanlış təsəvvürlərin yaradılmasına, ədavətə təşviq edənlərə, qorxu və nifrətin yayılmasına çağıranlara müqavimət göstərməyin vacib olduğunu vurğulayıb. O, müxtəlifliyin zənginliyin və gücün mənbəyi olduğunu və təhlükə yaratmadığını qeyd edib.

BMT-nin dini mənsubiyyəti və inancına görə zorakılığın qurbanına çevrilənlərə sarsılmaz dəstəyini ifadə edən qurumun baş katibi beynəlxalq qurumun bu sahədə öz səylərini iki yeni təşəbbüs çərçivəsində – Nifrət nitqinə dair BMT-nin ilk strategiyası və fəaliyyət planı, eləcə də dini yerlərin qorunması üçün fəaliyyət planı – genişləndirdiyini qeyd edib.

“Dini mənsubiyyətə və inanca görə zorakılıq təhdidini aradan qaldırmağın ən yaxşı yolu səylərimizi birləşdirmək, nifrət mesajlarını sülh mesajları ilə cavab vermək, müxtəlifliyi qəbul etmək və insan haqlarını qorumaqdır.

Dünya antisemitizm, müsəlmanlara qarşı nifrət, xristian və digər dini qrupların təqibi, eləcə də irqçilik, ksenofobiya, ayrı-seçkilik və zorakılığa təhrikin bütün formalarını aradan qaldırmaq üçün səylərini artırmalıdır. Bəşər övladı olaraq qarşılıqlı anlaşmanı təşviq etməliyik.

Hər kəsin bir-birinə qayğı göstərmək, müxtəlifliyə hörmət etmək və sülh içində birgə yaşamaq məsuliyyəti var”, - deyə müraciətdə qeyd olunub.

 





22.08.2019    çap et  çap et