525.Az

Demokratiya və böhtan: Qərb siyasi şüurunun problemləri


 

Demokratiya və böhtan: Qərb siyasi şüurunun problemləri<b style="color:red"></b>

Azərbaycanda keçirilmiş prezident seçkisi haqqında dünya KİV-də çoxlu informasiyalar yayılır. Bu maraq tamamilə təbiidir. Çünki Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi geosiyasi əhəmiyyət daşıyır. Lakin faktlar göstərir ki, heç də bütün təşkilatlar seçkini obyektiv qiymətləndirmir. Süni və qərəzli yanaşmalar da mövcuddur. Görünür, belə bir vəziyyətin yaranması, ümumiyyətlə, Qərb siyasi şüurunda kök salmış bəzi problemlərlə əlaqəlidir.

Şəffaf və demokratik seçki

Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkisi sözün həqiqi mənasında dünyada əks-səda yaradıb. Bunun konkret səbəbləri var. Birincisi, Azərbaycana Cənubi Qafqazın sürətlə inkişaf edən ölkəsi kimi böyük dövlətlər ciddi maraq göstərirlər. Onlar başa düşürlər ki, Bakının regionda oynadığı rolun əhəmiyyəti getdikcə çoxalır. İkincisi, Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət yeridən yeganə dövlətdir. Bölgənin digər iki ölkəsi böyük geosiyasi güclərin təsiri altındadır. Bu səbəbdən Azərbaycan üzərində ''nəzarəti ələ keçirmək'' kimi xülyalara uyan dairələr mövcuddur. Üçüncüsü, Azərbaycan regionun ən sabit ölkəsidir. Burada həyata keçirilən daxili və xarici siyasət üzvi şəkildə bir-birini tamamlayır. Bunun fonunda isə enerji siyasəti kifayət qədər səmərəli görünür.

Bunlar cəm halında Azərbaycanı qlobal siyasətin əsas məkanlarından birinə çevirir. Prezident seçkisi də, təbii ki, bütün dünyanın maraq dairəsində olmalı idi. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq təşkilatlardan və xarici ölkələrdən 1500-ə qədər müşahidəçi və ekspert seçkini izləyiblər. Onlar dünyanın 98 ölkəsini təmsil ediblər.

Müşahidəçilərin demək olar ki, hər birinin seçki ilə bağlı fikirləri müsbət olub. Azərbaycanda demokratik, şəffaf və ədalətli seçki keçirildiyi vurğulanıb. Bütövlükdə, ''Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım''ın atıldığı qeyd olunub.

Dünya KİV-i də bu prosesə kifayət qədər böyük maraq göstərib. Türkiyə, Almaniya, Rusiya, ABŞ, İngiltərə, Fransa, İtaliya və digər ölkələrin tanınmış mətbuat orqanları Azərbaycandakı seçkilərə geniş yer veriblər. Bunların hər birində seçki təhlil olunur, onun nəticəsinin reallığı əks etdirdiyi bildirilir.

Avropa Parlamenti, AŞ PA, ATƏT PA, İslam Əməkdaşlıq Təşkilatı və digər müşahidə missiyalarının yekun rəylərində seçkinin təşkili və gedişatına yüksək qiymət verilib. Bütün bunların fonunda ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçki haqqında açıqlamaları təəccüb doğurur. Bu cür süni qiymətləndirmənin arxasında duran məqamlar isə xeyli dərəcədə düşündürücü təsir bağışlayır.

Çünki burada söhbət sürətlə inkişaf edən bir müsəlman ölkəsinə olan münasibətin müəyyən incə aspektlərindən gedir. Hiss olunur ki, hər iki təşkilat seçkini obyektiv qiymətləndirməkdən daha çox, başqa məqsədlər güdüblər. Məsələ heç də seçki haqqında tənqidi fikirlərin bildirilməsindən ibarət deyil.

Rəsmi Bakı dəfələrlə konstruktiv və obyektiv tənqidi qeydlərə açıq olduğunu bəyan edib. Reallıqda da gerçəkliyə uyğun olan bu kimi iradlar öyrənilərək, müvafiq nəticələr çıxarılır. Bu halda isə təəssüf ki, qərəzli münasibətdən danışmalı oluruq.

Dövlət Departamenti və DTİHB seçkidə çoxlu sayda qüsurların olduğunu və buna görə də demokratiyanın tələblərinə cavab vermədiyini vurğulayıblar. Halbuki real vəziyyət fərqli olub. ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen verdiyi bəyanatda deyib: "Hesab edirəm ki, AŞ PA və Avropa Parlamentinin, eyni zamanda, ATƏT-in qısamüddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər DTİHB-nin hesabatında əksini tapmayıb. Bütün baş verən polemika və detallı problemlərə baxmayaraq, seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu "exit-poll"un da əksəriyyəti təsdiq edib" (bax: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu sifarişlə işləyir / "Azərbaycan" qəzeti, 12 oktyabr 2013).

Azərbaycan: Qərb ölkələrinə nümunə

Buradan sual yaranır: bəs nəyə görə nüfuzlu bir təşkilatın hesabatı real vəziyyətə uyğun olmayıb? Bunun səbəbi həmin sənədə Milli Şura üzvlərinin nüfuz etməsindən qaynaqlanıb. Məsələnin bu tərəfi daha düşündürücüdür. Çünki belə çıxır ki, bəzi beynəlxalq təşkilatlar əvvəlcədən müəyyən müxalif qüvvələrin maraqlarını müdafiə edib. Bu isə istənilən halda demokratik seçki prinsiplərinə ziddir, başqa ölkənin daxili işlərinə qarışmaqdır.

ABŞ Dövlət Departamentinin də həmin qərəzli qiymətləndirmənin iştirakçısı olması diqqətdən yayınmamalıdır. Burada öz iradəsini başqalarına diqtə etməyin əlamətləri özünü göstərir. Aydındır ki, bu cür qanunsuz və əsassız müdaxilələr demokratiyaya xidmət etmir. Əksinə, beynəlxalq miqyasda ixtilafların və gərginliyin yaranmasını stimullaşdırır. Geosiyasi aspektdə bunun bütün dünya üçün çox təhlükəli ola biləcəyini unutmaq olmaz. Eyni zamanda, Qərbin ikili standarta əsaslanan mövqe tutduğu təəssüratı yaranır.

Bir faktı həmin bağlılıqda xatırlamaq olar. 2008-ci ildə Ermənistanda keçirilən seçkidən sonra İrəvanda onlarla nümayişçi öldürülmüşdü. Şəhərin küçələri əsl partizan savaşı meydanına çevrilmişdi. Bir çox siyasi partiya nümayəndələri təhqir edilmiş və hədələnmişdi. Erməni xüsusi təyinatlıları etiraz edənlərə qarşı xüsusi qəddarlıqla davranmışdı.

Lakin bütün bunlara Qərbin heç bir təşkilatı reallıqda kəskin reaksiya vermədi. Onlar sözdə tənqidi fikirlər ifadə edərək, seçkinin antidemokratikliyi üzərində dayanmadılar. İnsanlarda haqlı olaraq sual yaranır: hansı səbəblərə görə Ermənistanın demokratiyaya uyğun gəlməyən əməllərinə qarşı tədbir görülmür, onun qarşısında sərt tələblər qoyulmur?

Bu misal bir daha təsdiq edir ki, Azərbaycanda insidentsiz, sakit, yüksək təşkilatçılıq şəraitində, şəffaf keçən seçki haqqında mənfi rəy bildirmək ədalətsizlikdir. ABŞ-ın İnsanlar Arasında Əməkdaşlığın Yenilənməsi Alyansının icraçı direktoru Paulo Kasakanın ifadə etdiyi bir fikrin fonunda bunu daha aydın görmək mümkündür. O, "Sharnoff's Global Views" analitik portalında dərc edilən "Azərbaycan: Demokratiyaya Doğru Yol" sərlövhəli məqaləsində vurğulayır ki, burada keçirilən prezident seçkiləri bəzi Qərb ölkələrinə nümunə ola bilər (bax: Paulo Casaca. Azerbaijan: Road to Democracy / www.sharnoffsglobalviews.com, 11 oktyabr 2013).

Bunlar Qərbin Azərbaycandakı seçkiyə münasibətdə təzadlı mövqe tutduğunu göstərir. Şübhəsiz ki, belə bir vəziyyətin yaranmasında qlobal geosiyasətin bəzi məqamları öz rolunu oynayır. Görünür, hələ də bəzi dairələr Cənubi Qafqazda müsəlman dövlətin böyük uğurlar qazanmasına qısqanclıqla yanaşırlar. Bununla yanaşı, başqa bir amili unutmaq doğru olmazdı.

Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illərindən bu yana Qərbdə Azərbaycanın antidemokratik obrazını yaratmaq üçün bir çox dairələr dəridən-qabıqdan çıxırlar. Həmin dövrdə bir sıra ölkələrdə bu məqsədə xidmət edən sənədlər də qəbul edildi. Etiraf etmək lazımdır ki, bu prosesdə erməni diasporu ciddi rol oynadı.

İndi isə Azərbaycan həyata keçirdiyi islahatlar və demokratik seçkilərlə Qərbin bəzi dairələrinin, erməni diasporunun və rəsmi İrəvanın bütün fəaliyyətini puç edir. Bakı dünyaya sübut edir ki, Azərbaycan demokratik dövlət quruculuğunda Cənubi Qafqazda ən çox uğur qazanan ölkədir. Məntiqi olaraq, Qərb dövlətləri bu məsələlərdə mövqeyini ciddi surətdə dəyişməlidirlər. Onlar Ermənistanın Azərbaycan haqqında qərəzli informasiyalar yaydığını və özlərinin buna aldandıqlarını qəbul etməlidirlər. Görünür, Qərb siyasi təfəkkürü bu cür dəyişikliklərə hələ hazır deyil. Bu səbəbdən də Azərbaycanın uğurlu demokratik seçki keçirməsi faktını tam qəbul etmək istəmirlər.

Bundan əlavə, hiss olunur ki, Azərbaycanda siyasi qarışıqlıq yaratmaq istəyənlər fəallaşıblar. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərə oxşar hadisələri süni surətdə Cənubi Qafqazda da meydana gətirmək arzusundadırlar. Hesab edirik ki, əvvəla, onlar bərk yanılırlar. İkincisi, Azərbaycanı heç bir kənar təsir öz yolundan döndərə bilməz. Ölkədə gedən güclü dövlət və demokratik cəmiyyət quruculuğu prosesi tam uğurla başa çatdırılacaq.

Newtimes.az

 





21.10.2013    çap et  çap et