525.Az

Azərbaycana qarşı yeni çirkin kampaniya: təbliğat şəbəkəsi iflasa uğrayacaq


 

Azərbaycana qarşı yeni çirkin kampaniya: <b style="color:red">təbliğat şəbəkəsi iflasa uğrayacaq</b>

Müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil.

İş o yerə çatıb ki, "siyasi mühacir" statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Bir neçə gün əvvəl Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bu barədə özünün "Facebook" səhifəsində geniş status paylaşıb.

O qeyd edib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardı. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Həmin adamlara lazımınca maliyyə dəstəyi göstərilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir.

Söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. Bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir. YAP sədrinin müavini Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini ölkəmizə qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib.

Mövzu ilə bağlı danışan millət vəkili Aydın Hüseynov deyib ki, radikal düşərgəni təmsil edən bir qrup xaricdə yerləşərək ölkəmizə qarşı əks təbliğat kampaniyaları aparırlar. Məqsəd isə artıq dünyada tanınan, qəbul edilən, müsbət imicə sahib olan, demokratik prinsiplərə söykənən, bütövlükdə həm regionda, həm dünyada baş verən proseslərdə yaxından iştirak edən ölkəmizə qara yaxmaq, onun uğurlarına kölgə salmaqdır.

Deputat deyib ki, artıq Azərbaycan dünyəvi bir dövlətə çevrilib, təəssüf ki, ölkəmizin belə inkişafını gözü götürməyənlər var: "Həmin qüvvələr, mərkəzlər dövlətimizə yaxşı məlumdur. Bir də hamımızın tanıdığımız, bütün dünyada ölkəmizə qarşı əks kampaniya aparan ermənilər var. Onlar düşməndir, bu, bəllidir. Təəssüf ki, bu cür qüvələrin dəyirmanına su tökən, onların toruna düşən azərbaycanlılar da var. Həmin adamlar azərbaycanlı olaraq pula aldanıb öz xalqına qarşı iftira yaxır, xarici havadarlarından daim təlimat alır, dövlətinə qarşı çirkin planları həyata keçirir".

Millət vəkili həmin şəbəkənin indi daha da aktivləşməsini təsadüfü saymır.

Onun sözlərinə görə, əgər onlara maliyyə ayrılırsa, bir internet TV özünün ayda təbliğinə 10 min dollardan çox vəsait xərcləyirsə, bu, təsadüfi deyil: "Onlar müəyyən mərkəzlərdən idarə olunur və həmin mərkəzlərin əsas qollarından birini də erməni lobbisi, diasporu təşkil edir.

Həmin insanlar Azərbaycan dövlətini təbliğ etməkdənsə, inkişaf etməkdə olan gənc, müstəqil ölkəmizə öz dəstəyini verməkdənsə, bu kimi qarayaxma kampaniyalarında iştirak edərək, birbaşa ermənilərin və digərlərinin dəyirmanına su tökürlər. Onlar birmənalı olaraq başa düşüb, dərk etməlidirlər ki, Azərbaycanda gedən bütün prosesləri xalqımızın iradəsi həll edir və xalqımız öz iradəsini ortaya qoyur".

A.Hüseynov əlavə edib ki, Azərbaycanda çox sağlam mövqedə dayanan, dövlətini, dövlətçiliyini müdafiə edən, reallığı əks etdirən çox sayda media orqanları, televiziyalar var: "Fədakarcasına Azərbaycan dövlətçiliyini müdafiə edən, onu təbliğ edən, nailiyyətlərimizə sevinən KİV-lər var. Elə bunların fəaliyyəti kifayətdir ki, həmin şəbəkənin cavabını versinlər. Digər tərəfdən, çox sağlam düşüncəli Azərbaycan gəncliyi yetişir, bu gəncliyin ümdə məqsədi dövlətçiliyimizi qorumaq, onu inkişaf etdirməkdir. Bunun öhdəsindən hər zaman gəliblər və gələcəklər də. Bizim hər birimizin mövqeyi dövlətçilik mövqeyinə söykənməlidir ki, vətənimizə qarşı ikrah fikirləri alt-üst edə bilək. Xalqımız öz yolunu, inkişafını, siyasətini, iqtidarını müəyyənləşdirib, prezidentini seçib. Bu siyasəti xalq özü müəyyənləşdirdiyi üçün özü də onu qoruyacaq, saxlayacaq. Sadəcə olaraq ürəkbulandıranlar özlərini ifşa edir, onların istənilən hərəkətləri boşa çıxacaq. Biz öz dövlətçiliyimizi qorumalıyıq. Çünki əldə olunan bütün nailiyyətlərdə hər bir vətəndaşımızın əməyi var. Bu nailiyyətləri qoruyub saxlamaq hər birimizin vətəndaşlıq borcudur".

Siyasi ekspert, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə düşünür ki, artıq illərdir bu istiqamətdə fəallaşmağa səy göstərən həmin şəbəkənin fəaliyyətinin indi müəyyən maraqlı hadisələrlə üst-üstə düşməsi nəzərdən yayınmır: "Məlumdur ki, Azərbaycan seçki ərəfəsindədir, bu il ölkəmizdə bələdiyyə, gələn il isə parlament seçkiləri keçiriləcək. Azərbaycanın müəllifi olduğu bir sıra beynəlxalq layihələrin tam şəkildə istifadəyə verilmə ərəfəsində olduğu bir vaxtda bu şəbəkənin çox mürəkkəb sistem əsasında fəallaşması təkcə kampaniyaçılıq kimi nəzərdən keçirilə bilməz. Bu, ölkəmizə qarşı məqsədli, sistemli şəkildə aparılan, zaman-zaman təzahür edən bir işin tərkib hissəsidir. Bəli, ölkəmiz çox məhsuldar bir dövrə daxil olduğu üçün Azərbaycanla bağlı kənardan bir çox tərəfləri hələ görünməyən mübarizə mərkəzi formalaşdırılır.

Bir tərəfdən ölkənin daxilindəki radikal müxalifətin ən müxtəlif formalarda dəstəklənməsi kimi üsullar düşünülür. Məsələn, diqqət çəkən budur ki, açıq-aşkar radikal müxalifət yönümlü paylaşım və statuslara sosial şəbəkələrdə daha geniş yayılmaq imkanı verildiyi halda, Azərbaycanın dövlətçilik mövqeyinə aid olan paylaşımlara o qədər də geniş şərait yaradılmır, hətta bəzən onların qarşısında müxtəlif texniki sədlər çəkilir. Yəni dövlətçilik mövqeyində olan statusu və müxalifətçilik mövqeyində olan statusu eyni anda paylaşmaqla bunun nə dərəcədə həqiqət olduğunu görmək mümkündür".

Ekspert Avropada yerləşmiş mühacirlər üçün ard-arda internet TV-lərinin açılmasına da diqqət çəkib.

Onun sözlərinə görə, dünən Azərbaycandan çox böyük çətinlik ucbatından getdiyini iddia edən belə adamların bu gün orda TV açması əlbəttə ki, çox düşündürücüdür: "Əgər onun belə imkanları olsaydı, özünün məntiqinə uyğun olaraq Azərbaycandan getməzdi. Yox, əgər gedibsə, belə TV-nin açılması onun maliyyə imkanlarında deyil və təbii ki, burda onu belə imkana çatdıran müəyyən qara qüvvələrin fəaliyyəti diqqəti cəlb etməyə bilməz. İnternet TV-lər vasitəsilə müəyyən vəsaitlərin toplanması və həmin vəsaitlərin də böyük bir hissəsinin şübhəli mənbələrdən gəlməsi sadəcə bir görüntü deyil. Biz bilirik ki, həmin internet TV-lər Azərbaycanın əsasən dövlətçilik mənafelərini və rəmzlərini hədəfə götürüb.

Nəzərə alsaq ki, ölkəmiz Ermənistan kimi bir dövlətlə, onun xaricdəki böyük lobbisi ilə müharibə vəziyyətindədir, ona görə çox real görünür ki, internet TV-lər vasitəsilə toplanan həmin pulların böyük bir hissəsi erməni lobbisindən və ermənipərəst dairələrdən gəlir. Bütün bu elementlərin hamısını bir yerə toplayanda, tam aydın şəkildə görünür ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ölkənin içərisində müəyyən siyasi proseslərə rəvac vermək, sabitliyi pozmaq, xalqın hər hansı bir dəstəyini qazanmaq gücündə olmadığına görə getdikcə zəifləyən radikal müxalifəti düşdüyü vəziyyətdən xilas etmək üçün müəyyən bir mexanizmlərin hazırlanma prosesi gedir. Xaricdə radikal mühacirlərin əli ilə internet TV-lərin açılmasını Azərbaycana qarşı zaman-zaman rast gəlinən fəaliyyətlərin bir növü kimi yox, xüsusilə indiki şəraitdə ölkəmiz əleyhinə aparılan sistemli bir işin davamı saymaq olar".

Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib ki, Azərbaycan gücləndikcə, müstəqil siyasət yürütdükcə ona qarşı xaricdən hücumlar daha da artır. Son vaxtlar isə bu hücumlar ifrat halını alıb: "Hazırda arqumentləri tükənən, əsaslandırılmış mövqe ortaya qoya bilməyən bu qüvvələrin çılpaq və iyrənc oyun aparırılar. Onlar heç bir əsas olmadan Azərbaycanı hər şeyə görə "tənqid" edirlər.

Bununla Azərbaycan daxilində - cəmiyyətlə dövlət, cəmiyyətlə hakimiyyət arasında etimadsızlıq mühiti yaratmağa çalışır, bu zaman təhqirlərə, böhtanlara yol verir, ictimai rəyi çaşdırmağa cəhd edirlər: Bütün bunlar xaricdən Azərbaycanın daxilinə müdaxilədir və ölkədə ictimai-siyasi sabitliyi pozmağa hesablanıb".

Ekspert əlavə edib ki, indiyə qədər Azərbaycana qarşı müxtəlif sahələrdə aparılan belə savaşlar öz nəticəsini vermədiyi kimi, hazırda müşahidə etdiyimiz qərəzli kampaniyalar da effekt doğurmayacaq.

AZAD

 





23.08.2019    çap et  çap et