525.Az

Çap məhsulları ilə bağlı bütün baryerlər aradan qaldırılmalıdır


 

"QƏZET, JURNAL, KİTAB MAARİFÇİLİYƏ XİDMƏT EDİR, ONA GÖRƏ DƏ ƏDV-nin LƏĞVİNƏ DƏSTƏK GÖSTƏRİLMƏLİDİR"

Çap məhsulları ilə bağlı bütün baryerlər aradan qaldırılmalıdır<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) uzun müddətdir ciddi müzakirə mövzusudur.

Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar gündəmə gətiriblər. Məsələ Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılsa da, müsbət nəticə əldə olunmayıb.

Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var.

Mövzu ilə bağlı "525"ə Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Mirzəyev bildirib ki, çap məhsulları ilə bağlı bütün baryerlər aradan qaldırılmalıdır: "Çünki qəzet, jurnal, kitab maarifçiliyə xidmət edir. Ona görə də mümkün qədər bu məsələyə dəstək göstərilməlidir".

"Burada varlanmaqdan, varidat əldə etməkdən söhbət getmir. Azərbaycana gətirilən çap məhsullarına görə tutulan gömrük rüsumlarının ümumi həcmi də azdır", - deyə, U.Mirzəyev qeyd edib.

Mətbuat Şurasının sədr müavini hesab edir ki, bu məsələ birmənalı şəkildə həllini tapmalıdır: "Hazırda bu sahədəki problemlərimiz çap sektorunun inkişafına mənfi təsir edir. Təsəvvür edin ki, tətbiq edilən rüsumlar ölkəmizdə bir kitabın çapına sərf olunan vəsaitdən də yuxarıdır".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, idxal olunan çap məhsullarına görə ƏDV-nin tətbiqi qanunvericiliklə tənzimlənir: "Bu məsələ dəfələrlə gündəmə gətirilib, bununla bağlı Mətbuat Şurasında, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda dəfələrlə müzakirələr aparılıb".

"Əgər söhbət qəzet çapı üçün zəruri kağız və digər məhsulların ƏDV-dən azad olunmasından gedirsə, bu məsələ dəstək mexanizmlərinin işə salınması qəzetçilik fəaliyyətinin inkişafına müsbət təsir edər", - deyə V.Rəhimzadə qeyd edib.

Qeyd edək ki, KİV məhsullarının ƏDV-dən azad ediləməsini "Qaya" Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyev dəfələrlə gündəmə gətirib. Bu məsələ ilə bağlı şirkət rəhbəri ilə Dövlət Gömrük Komitəsi arasında məhkəmə çəkişmələri də olub. X.Əliyev mətbuata bildirib ki, Vergi Məcəlləsi 3 ildir qüvvədə olsa da, Gömrük Komitəsi idxal olunan KİV məhsullarına qeyri-qanuni əlavə dəyər vergisi tələb edir: "Qanunverici və icra orqanları isə komitənin bu tələbinə biganə yanaşır".

"Qaya" Mətbuat Yayımının rəhbəri hesab edir ki, bu məsələ ilə bağlı qanunun yox, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya" Mətbuat Yayımının idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin qərar və qərardadlarını Gömrük Komitəsi icra eləmir". X.Əliyev bu qanunsuzluğa görə Gömrük Komitəsinin Baş maliyyə idarəsinin rəisi Mirqasım Vahabovu günahlandırır. Onun iddiasına görə, Ali Məhkəmə məmurların təzyiqi ilə sonradan absurd qərar çıxarıb: "Vergi Məcəlləsində yazılıb ki, alqı-satqı (KİV məhsulları nəzərdə tutulur-red.) vergidən azaddır. Ali Məhkəmə isə sonradan qərar çıxarıb ki, "alqı" sözü Vergi Məcəlləsinə səhvən düşüb, bu, yalnız satqıya aiddir. Qanuna "alqı" sözü necə səhv düşə bilər? Mən üç ildir, bunu başa sala bilmirəm".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da qəzetimizə açıqlamalarında idxal olunan çap məhsullarına görə ƏDV-nin ləğvi məsələsini vacib hesab etdilərini bildiriblər.

Bundan başqa, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bir neçə dəfə parlament iclaslarında problemin həllinin vacibliyinə diqqəti çəkib.

Hesab olunur ki, çap fəaliyyəti ilə bağlı Türkiyə və Rusiya təcrübəsinin Azərbaycan tətbiqinə ehtiyac var. Bu ölkələrdə çap məhsullarına heç bir vergi tətbiq olunmur.

C.ABASOV

 





23.08.2019    çap et  çap et