525.Az

BDU-nun 100 illiyinə görə beynəlxalq konfrans keçiriləcək


 

BDU-nun 100 illiyinə görə beynəlxalq konfrans keçiriləcək<b style="color:red"></b>

Avqustun 27-30-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan "Riyaziyyat və onun tətbiqləri" 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçiriləcək.

BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Fırat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.

BDU-dan bildirilib ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.

Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət universitetlərinin, o cümlədən, Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimlərinin məruzələri dinləniləcək.

Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.

Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək.

Tədbirin əsas işçi dili ingilis dilidir. Konfransda təqdim olunacaq məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.

S.QARAYEVA

 





23.08.2019    çap et  çap et