525.Az

Litva kitablarına köçmüş Qarabağ ağrısı - Mahir Həmzəyev yazır


 

Litva kitablarına köçmüş Qarabağ ağrısı - <b style="color:red">Mahir Həmzəyev yazır </b> Litvalı ziyalıların bir çoxu Qarabağ hadisələrinə ürək ağrısı ilə yanaşırlar. Onların arasında jurnalist, publisist və naşir olanlar da vardır ki, bəzilərinin yaradıcılığında Qarabağ mövzusu və bu gün işğal altında inləyən bölgənin ağrı-acıları xüsusi yer tutur.

Həmin müəlliflər Qarabağ münaqişəsi ilə ilgili əsərlərində tarixi həqiqətlərə və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarına söykənən vətəndaş mövqeyini ortaya qoyurlar. 

Bu məqalədə məqsədimiz Qarabağın azad edilməsi yolunda qələmlə mübarizə aparan vicdanlı Litva ziyalılarından üçünün - Gintaras Visotskas, Algimantas Lekis və Lyaonas Yurşanın münaqişə ilə bağlı araşdırma işlərinin qısa xülasəsini verməkdir.

Bu baxımdan, tanınmış jurnalist və naşir Gintaras Visotskasın fəaliyyəti xüsusilə  diqqət çəkir. G.Visotskas 8 aprel 1966-cı ildə Vilnüsdə doğulub. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1991-ci ildə Vilnüs Universitetinin Jurnalistika fakültəsini bitirib. Litvanın "Literatura ir menas", "Lietuvos aidas", "Atgimimas", "Respublika", "Valstieciu laikrastis" və "XXI amzius" qəzetlərində çalışıb. 1994-1995-ci illərdə hərbi müxbir kimi Şimali Qafqazda fəaliyyət göstərib.

G.Visotskas 2007-ci ildə Vilnüsdə Slaptai.lt ictimai-siyasi internet qəzetini və eyniadlı video studiyanı təsis edib. Həmin ildən etibarən Litva Azərbaycanlıları Cəmiyyəti onunla yaxın və işgüzar əlaqələr quraraq mühüm təbliğat layihələri həyata keçirib. O, 2014-cü ildən həm də Azərbaycanın Litvadakı Səfirliyi ilə media sahəsində əməkdaşlıq edərək bir sıra uğurlu işlərə imza atıb. Qarabağ mövzulu çoxsaylı tarixi və analitik məqalələrin, icmal və reportajların, Litva dilinə edilmiş tərcümələrin və video çəkilişlərin müəllifidir.
G.Visotskasın indiyədək bu sahədə gördüyü işlərin zirvəsində 2016-cı ildə Vilnüsdə litvaca nəşr etdirdiyi "Qara bağın faciəsi" ("Juodojo sodo tragedija") adlı kitabı durur. Tarixi-publisistik janrda yazılmış bu kitabı G.Visotskas, həmçinin, rus dilinə tərcümə edərək 2017-ci ildə Litvada çap etdirib.



G.Visotskas kitabda ilk baxışdan ritorik kimi görünən məntiqi bir sualla oxuculara müraciət edir:
"Niyə Litva həmişə yadında saxlamır ki, Dağlıq Qarabağ və ətrafındakı Azərbaycana məxsus 7 rayon, yalnız Ermənistanın yox, həm də Rusiya hərbi qüvvələrinin iştirakı ilə və beynəlxalq hüquq normalarını ayaqlar altına atmaqla Azərbaycandan zorla qoparılıb. Nəticədə bir milyon dinc azərbaycanlı doğma ev-eşiyindən məhrum olunaraq didərgin düşüb. Axı, Qarabağı onların əlindən almaq - Litvadan Vilnüs diyarını, Latviyadan Latgale regionunu, Estoniyadan Narva torpaqlarını qoparmaq deməkdir!.."

***

Azərbaycan, o cümlədən, Qarabağ tarixi ilə məşğul olan daha bir litvalı müəllif - tarixçi alim, professor Algimantas Lekis Litvada məhsuldar elmi fəaliyyəti ilə tanınıb. O, 16 oktyabr 1943-cü ildə Litvanın Taurage rayonunda dünyaya göz açıb. 1966-cı ildə Kaunas politexnik institunu mühəndis ixtisası üzrə bitirib. 1966-1984-cü illərdə Litvanın bir sıra qəzet və jurnallarında əməkdaş və redaktor kimi çalışıb. 1982-ci ildən tarix elmləri doktorudur. 1984-1991-ci illərdə Litva Elmlər Akademiyası Tarix institutunda şöbə müdiri işləyib.

1994-1995-ci illərdə  Litva Əhalisinin Soyqırımını və Müqavimət Hərəkatını Araşdırma İnstitunun direktoru olub. 1996-cı ildən bir sıra elmi tədqiqat qurumlarına rəhbərlik edib və 2002-ci ildən "Elmi Araşdırmalar Mərkəzi"nin direktoru olub.

A.Lekis əhəmiyyətli fəaliyyəti və xidmətlərinə görə 6 fevral 2004-cü ildə Litva Respublikası Prezidentinin Fərmanı ilə Böyük Litva knyazı Gediminas ordeninin "Cəngavər  xaçı" ilə təltif olunub.

A.Lekis 13 avqust 2019-cu ildə dünyasını dəyişib və Vilnüsdəki Fəxri xiyabanda dəfn edilib.

Düşünürük ki, tarixçi alim A.Lekisin adı və imzası Azərbaycan elmi, siyasi və ictimai-mədəni dairələri üçün də maraq doğuracaqdır. Belə ki, o, Litva alimləri arasında ilk dəfə böyük əhəmiyyət kəsb edən bir əsər - "XX əsrdə Qafqazda xalqların köçü" ("Taute kraustymai Kaukaze XX a.") adlı monoqrafiya yazıb. Bu işi 2016-cı ildə tamamlayıb və həmin ildə onu Vilnüsdə litvaca nəşr etdirib. 

Müəllif giriş məqaləsində göstərir ki, "kitab Azərbaycan xalqının öz azadlığı və torpaqlarının qorunması naminə apardığı mübarizədən, bu yolda verdiyi şəhidlərdən və üz-üzə gəldiyi itkilər tarixindən bəhs edir".

Zənnimizcə, A.Lekisin bu sözlərində həm də onun Qarabağ tarixinə baxışı və problemin həllinə yanaşması bir tezis olaraq manifestdə olduğu kimi çox dürüst ehtiva edilib.

Kitab 2016-cı ildə rus dilinə də tərcümə olunaraq nəşr olunub. Tərcümə zamanı kitabın müəllifi mətnə bir sıra əlavələr edib.



***


"Eynəkli cənabla, təsbehli ağanın" - Rusiya və İranın 1828-ci ildə qəsbkarlıqla imza atdıqları ədalətsiz Türkmənçay müqaviləsinə və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə, beləliklə, gələcək Azərbaycan-Ermənistan qarşıdurmasının, eləcə də Qarabağ münaqişəsinin əsasının qoyulmasına tənqidi fikirlərini bildirərək haqq-ədalər müstəvisindən yanaşan litvalı müəlliflərdən biri də publisist Lyaonas Yurşadır. O, bu yönümlü düşüncələrini, təhlil və ümumiləşdirmələrini "Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları" ("Tautu likimus pakeite politiku sprendimai") adlı litvaca kitabçasında təqdim edib. Litvalı publisistin bu kitabçası 2017-ci ildə Vilnüsdə işıq üzü görüb. Və elə həmin ildə L.Yurşa kitabçanı rus dilinə tərcümə edərək burada nəşr etdirib.



L.Yurşa panerməni təbliğat mərkəzinin Litvadakı qüvvələri tərəfindən indoktrinasiya edilmiş bəzi oxuculara kitabçanın elə ilk səhifəsindəcə müraciət edərək yazır: "Bəri başdan bildirək ki, bu nəşr Dağlıq Qarabağın tarixi köklərinin Azərbaycanla bağlı olması barədə müddəanı inkar edənlərin döşünə yatmayacaq. Çünki ermənilərin Cənubi Qafqaza köçürülməsini əks etdirən həqiqi tarixi saxtalaşdıraraq, guya onların ən qədim zamanlardan bəri məskunlaşdıqları və nə vaxtsa tərk etdikləri doğma vətənlərinə qayıtmaları kimi qələmə vermək üçün yaradılmış mifləri bu kitabça tamamilə dağıdır.

Elə olmayıb axı. Əslində, erməniləri onların heç vaxt yaşamadıqları torpaqlara Rusiya imperiyası köçürüb məskunlaşdırıb. Bu səbəbdən onların Azərbaycan ərazilərinə iddia etməyə nə mənəvi, nə də hüquqi haqları var..."

Göstərilən kitablar, əsasən, tarixi-publisistik, politoloji və kulturoloji səpkidə yazılıb. Müsbət haldır ki, kitabların hamısı 2002-ci ildən Vilnüsdə uğurla fəaliyyət göstərən "Elmi Araşdırmalar Mərkəzi"nin xətti ilə nəşrə hazırlanıb və "Litvanın elmi" seriyasından buraxılıb. Nəşrlərdə, həmçinin, çoxlu sayda illüstrasiyalar - şəkillər, xəritə, bayraq və poçt markaları görüntüləri yer alıb.

Bu kitabların geniş ictimai-siyasi və akademik dairələrdə tanıdılması üçün 2016-2019-cu illərdə Litvada bir sıra tədbirlər həyata keçirilib. 2016-cı ilin iyun ayında Litva Edukoloji Universitetində, 2017-ci ilin fevralında Vilnüsdəki Zabitlər Evində, 2019-cu ilin iyununda Şyaulyay şəhərində baş tutmuş təqdimat tədbirləri göstərdi ki, Litvanın siyasi qurumlarından fərqli olaraq, ictimai-mədəni dairələrin təmsilçiləri Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsini tarixi həqiqətlərə uyğun, anlamlı şəkildə qəbul edib adekvat dəyərləndirirlər.

Azərbaycanın akademik və ictimai-mədəni qurumlarına da sözügedən nəşrlər və Litvada bu istiqamətdə görülən işlər barədə bilgilər təqdim olunub. Belə ki, 2017-ci ilin martında AMEA Mərkəzi Elmi Kitabxanasında geniş ictimaiyyətin və medianın, həmçinin, G.Visotskasın və A.Lekisin iştirakı ilə litvalı müəlliflərin "Qara bağın faciəsi" və "XX əsrdə Qafqazda xalqların köçü" kitablarının təqdimat mərasimi gerçəkləşdirilib. Tədbir iştirakçıları litvalı ziyalıların Qarabağ həqiqətləri ilə bağlı politoloji və kulturoloji düşüncələri ifadə olunmuş, eləcə də münaqişə tarixinin səhifələrinə kənardan işıq salan bu kitabları maraqla qarşılayıb yüksək qiymətləndiriblər.

Sonda qeyd edək ki, A.Lekis və G.Visotskas kitabların təqdimatı ilə bağlı Azərbaycana səfər çərçivəsində həm də Qobustan dövlət tarixi-bədii qoruğunda oldular, eləcə də Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. A.Lekis səfərdən qayıtdıqdan sonra Vilnüsdə kədər hissi ilə danışırdı: "Litva və Azərbaycanın tarixi bir-birinə çox oxşayır. Həm biz, həm də azərbaycanlılar çox əzablar çəkmişik. Ancaq dünya nə bizim, nə də azərbaycanlıların təlafat və itkiləri haqqında demək olar ki, heç nə bilmir. Keçmişin yabançılar tərəfindən bizə zorla qəbul etdirilmiş traktovkasını təhrif edilməmiş və saxtalaşdırılmamış gerçək tarix ilə əvəz etmək üçün hər cür səylər göstərilməlidir".

Vilnüs-Bakı
 





23.08.2019    çap et  çap et