525.Az

Boris Consonun jesti: Baş nazir nə demək istəyir?


 

Boris Consonun jesti: <b style="color:red">Baş nazir nə demək istəyir? </b>

Böyük Britaniyanın Baş naziri Boris Consonun Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşdə fotosessiya zamanı ayağını kofe masasının üstünə qoyması dünya gündəmini zəbt edib.

Bir çox sosial şəbəkə istifadəçiləri, eləcə də KİV nümayəndələri britaniyalı hökumət başçısının bu hərəkətini müzakirə obyektinə çevirib və onu Fransa Prezidentinə qarşı hörmətsizlikdə qınayıblar. Media nümayəndələrindən bəziləri isə bildirib ki, Makron eyni hərəkəti Bukingem sarayında etsəydi, böyük qalmaqallar yaşanardı.

Bununla yanaşı, B. Consonun ünvanına tərif səsləndirənlər də olub. Bəzi rəyçilərin təbirincə, o, “Brexit”lə bağlı gərgin danışıqların getdiyi bir vaxtda çox “sakit və təmkinli” görünməklə, Fransa Prezidentinə “burada kimin əsas oyunçu olduğunu” göstərməyə çalışıb.

Qeyd edək ki, Yelisey sarayında fotosessiya zamanı E. Makron kiçik masanı göstərərək, onun ayaqaltı skamya kimi də istifadə oluna biləcəyini deyib, bunu zarafatla qarşılayan B. Conson bir anlıq ayağını masanın üzərinə qaldırıb və dərhal da yerə qoyub. Daha sonra prezidentlər maraqlı mesajlar veriblər. Fransa lideri bəyan edib ki, Böyük Britaniyanın gələcəyi Avropa ilə bağlıdır. Makron, həmçinin, vurğulayıb ki, “Brexit” ssenarisinin hansı səpkidə inkişaf edəcəyindən asılı olmayaraq, Fransa Londonla əməkdaşlığını davam etdirəcək.

Bu bəyanatlar fonunda medianın daha çox qalmaqallı fotoya münasibət bildirməsi maraqlıdır. Boris Consonun fotosessiya zamanı ayağını kofe masasının üstünə qoymasına niyə bu qədər diqqət yetirilir? Məsələ ondadır ki, dünya liderlərinin jestləri və “bədən dili” onların hadisələrə olan münasibətini qiymətləndirən ən etibarlı vasitədir.  Bəzən ikili standartların arxa pərdəsi elə mimikalarda, jestlərdə özünü büruzə verir.  Dünyada jestləri, əl hərəkətləri ilə qalmaqallara səbəb olan çox lider olub. “Bədən dili” diplomatiyada çox effektiv istifadə olunur. Salamlaşmadan tutmuş, oturuş şəklinə kimi siyasətçilər daim bir-birinə mesaj verir. “Bədən dili” dedikdə jestlər, mimikalar, göz təması, başın hərəkəti, ayaqların duruşu, oturma forması, oturmaq üçün seçilən yer, məsafə, geyim, istifadə edilən aksessuarlar, kosmetika və makiyaj başa düşülür.  Mütəxəssislərin araşdırmalarına görə, ünsiyyət zamanı məlumatın 50 faizi jest və mimikaların köməyi ilə çatdırılır. 

ABŞ Prezidenti olarkən Barak Obamanın Kubaya səfəri çərçivəsində həmkarı Raul Kastro ilə görüşü dünyanın diqqət mərkəzinə çevrilmişdi. Görüşdə Kastronun Obamanın çiyninə toxunmasına imkan verməməsi sosial şəbəkələr də daxil olmaqla çox müzakirə edilmişdi. Raul Kastro Obamanın bu hərəkətinə onun əlini tutub yuxarı qaldırmaqla cavab verdi. Təhlilçilər hesab edir ki, bu, ABŞ-la Kuba arasında heç də səmimi əlaqələrin hökm sürmədiyinə mesaj idi.

Bu baxımdan, Consonun jestini sıradan hadisə kimi qiymətləndirmək mümkün deyil. Bu iki ölkə arasında daim nüfuz uğrunda savaş müşahidə edilib. 1337-1453-cü illərdə Fransa və İngiltərə arasında baş verən və tarixə yüzillik müharibə kimi düşən hadisələrin ağrıları hələ də öz sözünü deyir. London özünün Parisdən üstün olduğunu daim qabardıb.

Bundan başqa, hər iki liderin şəxsi keyfiyyətlərinə də diqqət yetirmək yerinə düşərdi. Makronun zəif siyasi fiqur olması barədə fikirlər çoxdan məlumdur. Hələ bir neçə il əvvəl ABŞ Prezidenti Donald Trampın Makronla görüşdə onunla "uşaq kimi" rəftar etməsi yəqin çoxunun yadındadır. B. Consonun sonuncu hərəkəti etməsinin də məhz Makronun zəifliyinin nəticəsi olaraq ortaya çıxdığını söyləmək olar. Məsələn, Britaniya Baş nazirinin bu jesti Trampla, yaxud elə Türkiyə Prezidenti Ərdoğanla görüşdə edə biləcəyi nə qədər inandırıcı görünür?

Digər tərəfdən, Avropada yeni siyasi oyun başlayır. Artıq ABŞ-la bir sıra Avropa ölkələrinin maraqları toqquşur. Avropanın əsas dövlətləri olan Böyük Britaniya, Fransa və Almaniya da dünyada nüfuz uğrunda savaşı gücləndirir. Avropa İttifaqına daxil olmalarına baxmayaraq, onlar dəyişən geosiyasi şəraitdə öz maraqlarını təmin etmək üçün ciddi addımlar atırlar. Böyük Britaniyanın Avropa İttifaqından çıxması ehtimalı isə böyük dövlətlər arasında rəqabətin daha da gücləndiyini deməyə əsas verir. Beləliklə, bir daha təkrarlayaq ki, B. Conconun son jestini "Avropada əsas söz sahibi mənəm" mesajı kimi anlamaq heç də yanlış sayılmamalıdır.

Qeyd edək ki, Londonun Avropa İttifaqını tərk etmək niyyəti - "Brexit", sadəcə, siyasi termin deyil, özündə konkret siyasi məzmun daşıyan anlayışdır. Ekspertlərə görə, "Brexit" Avropa İttifaqına daxil olan böyük dövlətlər arasında liderlik uğrunda rəqabətin güclənməsi nəticəsində Londonun ortaya atdığı siyasi-diplomatik manevrdir. İngilislər bu addımla demək istəyirlər ki, Böyük Britaniya Qərbin aparıcı dövlətidir və Avropa İttifaqından rəsmən çıxarsa, bu təşkilatın çökməsi zaman məsələsi olar. "Brexit"in Şərqi Avropada "domino effekti" yarada biləcəyini də istisna etmək olmaz. Böyük Britaniyasız Avropa İttifaqı güclü qurum təsiri bağışlamır. 

Lakin artıq "ox yaydan çıxıb" və belə bir problem mövcuddur. Londonun bütün mümkün  nəticələri hesablamadan siyasi manevr üçün atdığı addım Avropada mərkəzdənqaçma tendensiyasını alovlandıra bilər. Londonda bəziləri düşünür ki, özünütəcrid siyasəti Böyük Britaniyaya zərər vuracaq. Avropada baş verənlər Britaniya üçün çox böyük əhəmiyyət kəsb edir. Əgər proseslər arzu olunan istiqamətdə getməzsə, bundan Londonun zərər görməyəcəyini düşünmək sadəlövhlükdür.  Bunlar kifayət qədər ciddi problemlərdir və vəziyyətin Böyük Britaniyanın daxili durumu ilə məhdudlaşmadığını təsdiqləyir.

Bununla belə, London Avropa İttifaqından ayrıldıqda, dünyanın təhlükəsizliyinə ciddi zərbə vurulmayacaq. Çünki dünyada təhlükəsizliyi Avropa İttifaqı deyil, NATO təmin edir. Avropa İttifaqının isə müharibə etmək planı yoxdur. Xüsusilə Böyük Britaniyanın qurumdan çıxmasının onun NATO-dakı fəaliyyətinə hər hansı mənfi təsiri ola bilməz.

Avropa İttifaqının gələcək taleyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Analitiklər təşkilatın daxilində ziddiyyətlərin kəskinləşdiyi barədə fikir söyləyirlər. Daxili ziddiyyətlər kəskinləşdikcə Avropada milliyyətçilik də getdikcə güclənir ki, bu da qurumda mərkəzdənqaçma tendensiyasını daha da dərinləşdirir. Xüsusilə Şərqi Avropa ölkələrində vəziyyət gərgindir. Orada milliyyətçi və separatçı siyasi cərəyanlar seçkilərdə getdikcə daha çox səs qazanırlar. Bu prosesin qitədə əhatə dairəsi genişlənir. Milliyyətçilik isə islamofobiya ilə kəsişir. "Brexit" prosesində də bu əlamət özünü göstərir. Hazırda bu amil Londonun siyasi səhnəsində o dərəcədə güclənib ki, ciddi qarşıdurmadan xəbər verir.

Beləliklə, Avropa İttifaqı daxilində siyasi vəziyyət son dərəcə gərginləşib. Bir sıra ölkələr təşkilatın perspektivlərinə şübhə ilə yanaşır. Xüsusilə  Böyük Britaniya, Fransa və Almaniya arasında liderlik uğrunda rəqabət güclənib. Almaniya liderlik iddiasından əl çəkmir. Fransa da mövqeyini gücləndirməkdə davam edir. Şərqi Avropa ölkələri isə təşkilatdan uzaqlaşmaq meylinə düşür. Siyasi gedişlər davam edir. Avropalıları daha  hansı sürprizlərin gözlədiyini demək çətindir. Ancaq ziddiyyətlərin yeni mərhələyə yüksəlməsi ehtimalı da az deyil.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda söhbətlər 1973-cü ildən aparılır. Analoji səsvermə 1975-ci ildə də keçirilib. O zaman Avropa İttifaqında qalma tərəfdarları 67,2% səslə qalib gəliblər. Hazırda qurumun büdcəsində Böyük Britaniyanın payı ildə 15 milyard avro təşkil edir. Məhz bu amil "Brexit" tərəfdarlarının əsas arqumentlərindən birinə çevrilib. Onlar hesab edirdilər ki, Avropa İttifaqında üzvlük ölkəyə baha başa gəlir. “Brexit”in bütövlükdə Qərbin geosiyasi vəziyyətinə mümkün təsirləri hələ də analitiklərin maraq dairəsindədir. Son dövrlərdə ekspertlərin apardıqları təhlillər göstərir ki, həmin məsələ ilə bağlı mövqelər fərqlidir. Lakin bədbin notda fikirlər üstünlük təşkil edir.

Əksər mütəxəssis “Brexit”in Avropa İttifaqına böyük zərər yetirəcəyini, ümumən geosiyasi və hərbi proseslərə Qərb tərəfindən nəzarətin zəifləyəcəyini proqnozlaşdırır. Lakin o da maraqlıdır ki, bütün bunların səbəbini ekspertlər daha çox qurumun daxilində gedən siyasi-ideoloji proseslərdə görürlər. Avropa İttifaqının özündə ciddi islahatlara ehtiyac yaranıb. Əks təqdirdə, qurumu tərk edən ölkələrin sayı artacaq.

APA

 





23.08.2019    çap et  çap et