525.Az

Təhsildə şan-şöhrət axtarmaq və ya mütaliəsiz həyatın darıxdırıcılığı


 

Təhsildə şan-şöhrət axtarmaq <b style="color:red">və ya mütaliəsiz həyatın darıxdırıcılığı </b>

Mütaliəyə, yeniliyə o qədər marağımız olmasa da, uşaqlarımızın ali təhsil almasına böyük həvəsimiz var.

Dost-düşmən, qohum-qonşu arasında öyünməyə nəsə olmalıdır axı... Bu sahədə indi yarışdı desəm, daha doğru olar. Uşağın oxuması üçün 5 yaşından müəllim tuturlar. Birinci sinifdə az qala 3-4 repetitorun yanına göndərirlər. Az qalırlar uşağı dartıb uzatsınlar ki, tez böyüyüb onlara şan-şöhrət gətirsin... Birinə alqış edəndə də deyirlər ki, gün o gün olsun uşağın böyüyüb instituta daxil olsun. Amma unudurlar ki, beş barmağın beşi də bir olmur. Hər kəsin qabiliyyəti fərqlidir. Elə buna görə də peşə məktəbləri də ixtiyarımıza verilib. Sözümün canı odur ki, oxumağa meyli olmayan uşağı güclə universitetə hazırlamaq, onda özümüzü, əlimiz yetməyən arzularımızın təcəssümünü görməkdə çox yanılırıq. Müəllimlərə lap ürəyim yanır. Bir valideyn kimi onların oxumaq həvəsi olmayan, tənbəl uşaqlarla bağlı nələr çəkdiyini yaxşı başa düşürəm. Valideynlər bəzən uşaqlarının zəifliyini müəllimdə görürlər. Deyirlər niyə yaxşı oxutmursan uşağımı?.. Amma bunun uşaqdan da asılı olduğunu unudur. İki uşaqla 6 ildir ki, sanki onlarla eyni sinifdə oxuyuram. İndi gəlin görək onların ikisi də əlaçıdırmı? Oğlan oxumaq həvəsində deyil, elə indi güclə əlinə kitab vermişəm ki, oxumaq vərdişini unutmasın. Amma kitabı götürüb əyləncəyə başladı. Hündürdən oxumaq istəmədi. Guya ürəyində oxuyacaqdı... Amma qız ondan fərqlənir. Üçüncü sinifi də əlaçı olaraq bitirdi. İndi məktəb üçün darıxdığını deyir. Tezliklə bütün dərs kitabları ilə tanış olmaq istəyir. Kəndə gedəndə ondan soruşdular ki, böyüyəndə kim olacaqsan. Qızım dedi, dərzi, bir də dzayner... Gördüm heç kəsin xoşuna gəlmədi. Guya hamı həkim, ya da müəllim olmalıdır...

Yeni dərs ili yaxınlaşdıqca biz valideynlərin də qayğısı, həyəcanı artır... Təki uşaqlarımız salamat olsun, firavan böyüsün. Biri həkim, biri də dərzi olsun, qoy hansı sənəti seçir seçsin. Bizim vəzifəmiz isə onlara doğru yolu göstərməkdir ki, gələcəkdə dələduz, fırıldaqçı, oğru deyil, yaxşı vətəndaş kimi yurduna, elinə xeyirli bir insan kimi yararlı olsunlar. Məncə, onda övladımızla daha artıq qürur duymağa haqqımız çatar...

Burası da var ki, oxumaq, öyrənməklə bağlı həmişə bizdə müzakirələr gedir və bu mövzu hər vaxt aktual olaraq qalır. Nə qədər ki, bizdə kitaba, həyatı, dünyanı öyrənməyə münasibət dəyişməyib, yenə də bu barədə yazmaq həvəsi insanı rahat buraxmayacaq. Bir ay heç də uzaqda olmayan kəndlərimizin birində qalıb istirahət etməyə macal tapmayanda da bu mövzu mənim üçün daha da aktuallaşdı... Tanıdığım bir ailənin timsalında oxumaqdan, öyrənməkdən min ağac uzaq olan adam toplumunun necə sıxıcı, darıxdırıcı bir təsir bağışladığını anlatmağa çalışacam. Deməli, bu ailədən övladlar yuva qurub köç edəndən sonra bir-birinin, necə deyərlər, "kopyası" olan ər-arvad baş-başa qalıblar...

Budur onların səhəri belə başlayır. Kişi saat 7-dən televizorda musiqi proqramını açıb dinləyir. Deyərsiniz, burada nə var ki... Əlbəttə, əgər televizorun səsi nəinki evi, o boyda həyəti də başına götürməsə və evdə uşaqlı qonağın səhərin şirin yuxusunu almağa imkan versə, heç nə... Qadın da öz işində, toyuq-cücəni yemləyir, səhər yeməyini hazırlayır və s. Bu arada kişi dinləməkdən doymasa da, musiqi proqramı başa çatır. Kişi sağa baxır, sola baxır sanki bir adam gəzir söhbətləşməyə... Nəhayət, qonaqlı-qaralı hər kəs süfrə başına yığışır. İstər-istəməz söhbət etməli olursan. Və illərdi eşitdiyin qeybətlər, gileylər hamısı yenidən gündəmə gəlir. Necə ki, bir toy kasetinə əlli dəfə baxırsan. Gecə də toyda oynayırsan az qala...

Gün beləcə davam edir. Kişinin başqa heç bir işi, hobbisi, oxumağa bircə kitabı belə yoxdur ki, həyatı bir az dəyərləndirə bilsin. Amma onun öz əyləncəsi var. Onun danışdıqlarına "lətifə" deməyə dilim gəlmir. Axı lətifələr də insana nəsə öyrədir, onların da ibrətamiz tərəfləri var. Amma bu kişi kimisə ələ saldığından danışır və ona bircə nəfər gülür, özünun kopyası... Son vaxtlar hiss etdim ki, özünü lap itirib. Ağzına gələni danışır və güldüyü sözün mənasını, onun dəyərini anlamır. Evində bircə kitabı olmayan adam bax, bu qədər gülüncdü... Onun bircə işi olur. Arvadla ağız-ağıza verib qeybət qırmaq, ona-buna gülmək, arvadın ev işlərini əzbərləmək: tutaq ki, hansı qabı necə yumaq lazımdır və s.

Bir də onların hər ikisinin, yəni bu sevimli ər-arvadın özlərindən çooox razı qaldıqlarını hiss elədim. Olduqca xəsis olan qadın kiməsə necə gözəl pay-püş etməsindən xüsusi şövqlə danışır. Kişi isə deyir, hələ onun kimi sözünün, hərəkətinin yerini bilən ikinci bir adam dünyaya gəlməyib... Əhsən!!! Nə deyəsən.
Bax, kitabdan, elmdən bircə zərrə əldə etməyən adamlar belə acınacaqlı vəziyyətdə olur. İndi oxumursunuz, oxumayın, nə deyirik ki...        

Mina RƏŞİD

 





24.08.2019    çap et  çap et