525.Az

"Bayatı Gəncə" muğamı, yaxud "Gəncə-Bakı" Qatarı"nın 60-cı dayanacağında xatirələr


 

"Bayatı Gəncə" muğamı, <b style="color:red">yaxud "Gəncə-Bakı" Qatarı"nın 60-cı dayanacağında xatirələr </b>

İlqar Həsənov bu yazının qələmə alınacağını yaxşı bilirdi. Buna baxmayaraq, nədən yazacağımla, necə yazacağımla qətiyyən maraqlanmadı. Həmin səbrin nəticəsidir ki, indiyədək onun haqqında yazdıqlarımın  hamısını qəzet səhifələrində görüb. Elə mən də ondan nə isə soruşmadım. Əvvəllər  yazdıqlarımın hansında soruşmuşdum ki?

... On yeddinci əsrin ortalarında dünyaya gəlmiş fransız söz, fikir, sənət damı Jan de Labrüyer yazmışdı ki, "ancaq kiçik çatışmazlıqları bağışlaya bilən adamlar həqiqi dost ola bilərlər". İlqar məhz elədir. Heç nəyi üzə vurmur. Bəlkə 60 yaşın tamamından sonra o da səhvlərimizi üzümüzə deyəcək. Deyəsən, elə mən də son 6-7 ildə heç kəsin səhvini gizlətmirəm.

O, müasir mətbuatımızın daim izdə olan, fəal nümayəndələrindən biridir. Dövlət müstəqilliyimizdən əvvəlki dönəmdə  peşəkarlıq, prinsipiallıq  və jurnalist məsuliyyəti ilə seçilirdisə, müstəqillik dövründə həmin keyfiyyətlərinə milli təəssübkeşlik və dövlətçilik maraqlarının qorunmasına xidmət kimi dəyərlər də əlavə edib. Məsələn, "Xalq qəzeti"nin bölgə müxbiri kimi qələmə aldığı çoxsaylı xəbər, təhlili material və silsilə məqalələri ilə  Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramlarının icrasının təbiği baxımından kifayət qədər iş görüb.

Qətiyyətlə demək olar ki, onun Qobustandan tutmuş Balakənədək olan rayonlarımızın bugünkü həqiqətləri barədə qələmə aldığı yazılar həmin bölgələrimizə turistlərin daha çox cəlb edilməsində özünəməxsus rol oynayır. "Kişdə açıq dərs" (Şəki)  və "Boz dağın qoynunda bir şəhər vardır" (Mingəçevir) adlı ikicə yazısını yada salmaq onun söz qarşısındakı məsuliyyətinin miqyası barədə təsəvvür yaratmağa kifayətdir. O, bölgə müxbiri kimi fəaliyyət göstərdiyi rayon və şəhərlərin hamısının qeyri-rəsmi "fəxri vətəndaşı" statusunu qazana bilib. Bölgə müxbiri kimi işlədiyi rayonlarda hamı ona İlqar müəllim yox, eləcə müəllim deyir.

İlqar Həsənovun Azərbaycan Mətbuat Şurasının təsis etdiyi "Ali Media Mükafatı"na layiq görülməsi məhsuldar və peşəkar jurnalist yaradıcılığına verilən qiymətdirsə, minlərlə insanın ona olan inam və rəğbəti kollektivin, jurnalist camiyyəsinin və ümumilikdə cəmiyyətin ictimai-siyasi həyatındakı fəallığının qarşılığıdır.

Onun haqqında hazırladığım yazıların hansındasa qeyd eləmişdim ki, İlqar üçün ətrafda mövcud olan hər şey, hər kəs və baş verən bütün proseslər dəyərli olsa da, onun üçün Anası, Gəncə və Mətbuat bütün dəyərlərdən üstündür. Allah anasına rəhmət eləsin! Bu günlərdə köhnə materiallara baxanda həmin fikirlərə rast gəldim və təəssüf etdim ki, orada İlqarın anasına və mətbuata bağlılığını göstərən məqamlar verilsə də, Gəncə ilə bağlı heç nə deyilməyib.

Xatırladım ki, o, Gəncədə yaşadığı dövrdə, xüsusən, uşaqlıq illərində aşıq sənətini çox sevsə də, muğama qətiyyən maraq göstərməyib. Elə Bakıda olduğu müddətdə də musiqimizin bu istiqaməti ilə qətiyyən maraqlanmayıb. Ancaq çox sonralar hiss etdim ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən televiziya muğam müsabiqələrini maraqla izləyir. Bir dəfə soruşdum ki, müəllim, bu axşam da müsabiqəyə baxdınmı? Necədir, xoşa gələn yeni səs varmı?

Dedi: - Yaxşıdır. İstedadlı uşaqlar çoxdur, müəllimlər də səhvləri söyləyir, yaxşı istiqamət verirlər. Ancaq mənim bir arzum var, ay hacı.

Soruşdum: - O nə arzudur, elə?

- Ay hacı,  nə zamansa televiziyadan bir "Bayatı Gəncə" muğamını eşitsəm, heç zaman ölmərəm. Fikir ver, Qarabağ şikəstəsi də var, Şirvan şikəstəsi də, Naxçıvan gözəlləməsi də, "İrəvan çuxuru" aşıq havası  da, Təbriz təranələri də, Şəki yallısı da, Lənkəran halayları da...

Dedim: - Gəncənin də Nizamisi var, Cavad xanı var, ilk paytaxt statusu var.

Dedi: - Yox ey, onları müsabiqədə elan etmək olmur axı.

Sən demə, bu adam muğamı sevməsə də, muğam müsabiqəsinə elə vurulub ki, orada "Bayatı Gəncə" muğamı eşitmək həvəsinə də düşüb. Yurdsevərliyin kitablara düşməli, ən ali nümunələrindəndir.

... Sovet dövründə Qasım İsmayılov rayonuna pambıq yığmağa getmişdik. Düşərgəmiz dəmir yolunun Kürəkçay stansiyasının təxminən iki-üç kilometrliyində idi. Yəni qatarların səsini eşidirdik. Əslən Qazaxdan olan Nizami müəllimin bir qabiliyyəti hamını heyran etmişdi. O, üç kilometr aralıdan eşitdiyi səslə qatarların təyinatını deyirdi. "Bu, Tiflisdən gələn sərnişin qatarıdır". "Bu, yük qatarıdır". "Bu, Ağstafa qatarıdır". Dediyinə görə, telefonla söhbət etdiyi adam dəmir yoluna yaxındırsa, "Gəncə-Bakı" qatarının səsini telefonla da tanıya bilrdi. Təbii ki, o zaman mobil telefon yox idi və kabel telefonu ilə söhbət etdiyimiz adamın öz səsini güclə tanıyırdıq.

Sonralar öyrəndim ki, Nizami müəllim qabiliyyətdə olan, yəni səsdən çox məqamları müəyyən edən başqa adamlar da var. Məsələn, bu yazının qəhrəmanı. Maraqlıdır, İlqar Həsənov nəinki yanındakı həmsöhbətinin, hətta telefonla söhbət etdiyi adamın da hər sözünün, hər ifadəsinin fərqinə varmağı bacarır və üstəlik, həmin adamın bu ifadələri nə üçün işlətdiyinin səbəbini də ayırd edir. Şəxsən, mənim üçün bu keyfiyyət əlçatmazdır.

Yeri gəlmişkən, İlqarın özü də səsini asanlıqla ayırd etmək olan "Gəncə-Bakı" qatarlarından biridir. O, həm yük daşıyır, həm də sərnişin. Yükü kiminsə problemini həll etmək üçün düşündüyü fikirlərdir, sərnişinləri isə - ürəyində gəzdirdiyi yaxşı adamlar. Bu qatar avqustun 24-də Gəncə-Bakı yolunun 60-cı dayanacağına yetişir. Elə bu söhbət də həmin dayanacaqdakı xatirələrdən ibarət oldu. 
 
Yadındadır, İlqar Musaoğlu, "Teplovoz"la işləyən qatarlar vağzala çatanda dərindən bir "köks ötürüb" dayanırdılar. Uşaq olanda elə bilirdim ki, yorulmuş qatar köks ötürüb, ufuldayıb dayanandan sonra çevrilib geri baxmaq istəyir. Amma baxa bilmir. Qatar geri necə çevrilsin?

İnsan isə nəinki altmışıncı, hətta səksəninci, doxsanıncı dayanacaqda da geri baxa bilir. Özü də köks ötürmədən. Allaha şükür ki, geri baxanda fəxr etməli çox məqamları görürsən. Məncə, xoşbəxtlik elə budur. 

Altmışıncı dayanacağa xoş gəldin. Nəfəsini dər, yolunu davam et. Hələ qabaqda çox işlər var. Bu dayanacaqda ləngidiyin müddətdə İbrahimin toy planlarını da götür-qoy et. Mən bilən, adam nəyisə özü-özlüyündə götür-qoy edəndə qərar tez hasil olur. Əgər bu götür-qoy 60-cı dayanacaqda baş verirsə, onda  qərar daha müdrik olar, İnşallah!

Təbrik edirəm!

 





25.08.2019    çap et  çap et