525.Az

Old Boy! - Qoca Oğlan və yaxud İlqar Həsənovun 60 yaşına sözardı


 

Old Boy! - Qoca Oğlan <b style="color:red">və yaxud İlqar Həsənovun 60 yaşına sözardı</b>

Ona sevgini etiraf edib təbrik yazmağa, Onu tərifləməyə, Onun haqqında danışmağa, Onda olanları təbliğə, Ondan misallar gətirməyə başlamazdan əvvəl, tanımaq lazımdır ki, axı... Kimdir O?

Elmlərdən gələn suallara savadı, Həyatdan gələn suallara yaşamıyla cavab verən bu “qoca oğlan”ın adını da çəkməzdən əvvəl, mütləq bilmək lazımdır. Ki...

Bir dəfə, yəni 1998-ci ildə Azad Mirzəcanzadənin, Mirabbas Qasımovun, Midhət Abbasovun, Məcid Rəsulovun tələbəsi olmuş və onların evinə dəvət etdiyi, dostluqda bulunduğu Həşim Məmmədcəfər oğluna zəng elədim ki, görüşəkmi, soruşdu hardasan, dedim “məhlədəyəm” (“məhlə” Novobratsevo qəsəbəsindəki Tsentralnaya, 4-ü nəzərdə tuturdum), gəlirsənmi, qayıtdı ki, yarım saata. Açığı, incik səslə “yaxşı, gözləyirəm” cavabıma həmən reaksiya verdi: “görüşəndə izah edərəm”.

Yarım saatdan sonra görüşdük və eviylə görüş yeri arasında beş dəqiqəlik məsafə, üstəlik də bazar günü olan bir situasiyada Həşim müəllimi səliqəli formada, üzüqırxılı, kostyum-qalstukda görəndə bir az duruxdum. Mənə ilk sözü bu oldu ki, sən zəng edəndə formada deyildim, özümü qaydaya saldım, əynimi dəyişdim, yarım saat buna getdi. Əks təqdirdə, beş dəqiqəyə də görüşə bilərdim.

- Zalım balası, nə hay düşmüşdü, düşərdin də!

- Bu mənim özümə hörmətimi ifadə edən ilk punktdur, qalan punktlara buna əməl etmədən riayət etmək doğru olmaz!

Əbədi yaddaşıma yazasıydım, fəqət...

Bakının gecə barlarını “rus Nəbi” ilə dolaşan dönəmlərimdən dostlaşdığım bir “Tükəzban” vardı. Təsadüfən yolda rastlaşdıq. Telefonu məndən istədi bacısına zəng etməyə. Verdim.

- Az, dur geyin gəl, müştəri var. Tez gəl. Yox, bəzənmək-zad lazım deyil. “Çuşka”dı. O bahalı ətirdən, “pudra-kraska”dan da vurma. Taksi tut, pulunu verəcək.

Baxdım, baxdım və... Həşim Məmmədcəfər oğlunun etiket qaydası yadıma düşdü: bu həyatda insanlara dəyəri, ilk növbədə, özünə hörmət edən insan verir. İnsanlara dəyər verməyən insanın dəyəri elə o müştərini “elitar” və “çuşka”ya ayıran bar xanımının dəyəri qədərdir!

İlqar Həsənovu tanıdğım bu uzun illər ərzində hələ də görmədim ki, kimisə dəyərsiz saysın!

Bax, bu yaraşıqlı "qoca oğlan"ı tanıyanlar mənim şahidimdir: həmişə səliqəli, həmişə üzüqırxılı, həmişə bütün situasiyalara “pioner kimi hazır”.

Bu həm də İlqar Musa oğlunun bu həyata və insanlara münasibətidir!

Əlavə bir məişət misalıyla zahiri təsnifatı bitirim, keçim sözümün mabədinə. Onu elə İlqar Musa oğlu da tanıyır, həmkarları da, bu yazını oxuyanların çoxu da.

Deməli, yüksək ranqlı vəzifə sahiblərindən biri ilə müsahibə almaq istədiyini bildirən “müxbir” görüşə həmin gün razılıq alsa da, vaxtı sabaha təyin edir. “Həmkarlar”ı soruşanda ki, ayə, bəs adamlar filankəslə görüşə, müsahibəyə əldən-ayaqdan gedirlər, sən niyə sabaha saxladın, bəlkə sabah alınmadı? Qayıdasan ki, sabah kostyumu birindən alacam, siqareti birindən, üstəlik... alışqanı da filankəsdən!!!

Adam adamdan müsahibə almaqdan daha çox, adama özünü aldırmağı planlayıbmış.

İlqar Həsənov haqqında dostları zarafata deyirlər ki, sən bircə ölüdən can almırsan! Özünü, sözünü, şəxsiyyətini, ləyaqətini heç vaxt aldırmayan İlqar Həsənov bu baxımdan haqqında hər gün yazılası bir imzadır! Kişidir!

Mən, məsələn, Lobanovskini çox istəmişəm, onun haqqında yazılan hər bir yazını tapıb oxumuşam, bu gün İlqar Həsənovun ad gününə Lobanovskinin yubiley yaşına yazılan bir yazı formasını tətbiq edə bilərdim.

Amma və lakin... Lobanovskidən yazılan “ot A, do Ya” alınmır.

Ona görə ki: nə köhnə Kirill əlifbası ilə, nə də təzə latın əlifbası ilə bəs eləmir o 32 hərf və üstəlik də bir apostrof!

İşdi-şayəd, hər hərfə aid nominasiyalarda sinonim-omonim cütləşməsini bütünlüklə istifadə etmək həvəsinə də düşsən, yenə azlıq edər. Bir neçəsini yazım, siz də razılaşın və ondan sonra etiraf edin ki, bəlkə, bəlkə ərəb əlifbası özünün iki və dörd şəkilli 28 hərfiylə dada çata!

İlqar Həsənovun A-sı: Arı Aydınlığını Aya Ağlıyla Aparacaq Adinin Aliliyi Allahın Adilliyinin Aksiomudur!

İlqar Həsənovun B-si: Baxışının Bəxtiyarlığı Bəxtinin Bəxtəvərliyindən Boylanan Bahadırlıq Bəxşişidir!

İlqar Həsənovun C-sı: Canının Canı Can-Ciyərlərinin Cəbrinə Cənnət Cövhəridir!

İlqar Həsənovun H-sı: Hu-dan Huş-a Hafiz Həşəməti Hörmətinin Hakimliyinə Hədiyyədir!

Həə (hərflərin alletrasiyası Zahid Sarıtorpaqdan bəhrələnmədir – A.C.), 60 yaşı oldu dünən İlqar Musa oğlu Həsənovun!

Adətən, adamı ad günü tamam olmamış təbrik etməzlər – düşər-düşməzi var! Elə adətən də adamı ad günündə layiqincə təbrik edərlər. Üstəlik də əgər adam səndən böyükdürsə. Amma bir orası da var ki, yubiley yaşıdır və bu il ta il bitənəcən İlqar Həsənovu təbrik etmək, dəyərləndirmək, mükafatlandırmaq boynumuzun borcudur. Mən, Əlizadə Nuri demişkən, Ağsaqqalı bir gün gec təbrik etməklə istədim ki, onu bir az da cavan saxlayım – bəhanə-zad deyil. Sadəcə, İlqar Həsənov hər gün bizim beynimizdə yeni bir fikir, söz, ideya “əkir”, “doğuzdurur”. İlk dəfə onun haqqında belə düşünə bilmişəm: İlqar Musa oğlu Həsənov 60 illik yaşamıyla Azərbaycan Cümhuriyyətinin 100 illiyinə hədiyyədir!

Və sonra da görmüşəm ki, İlahi, bunu deməyə mənim daha bir neçə dostum var! İlqar Həsənovun özünə, varlığına minnətdarlığımın sonsuzluğunu indi özünüz təsəvvür edin!

İstər sovet dövrü olsun, istər müstəqillik dönəmi, bu yaşda, bu ləyaqətdə az adam, az imza gördük. O azlar da özləri özlərini qəhr etdilər, olub-qalan elə lap azdır. Biri və birincisi İlqar Həsənovdur.

Əslində, mən İlqar Həsənovu ona görə ürəkdən təbrik edirəm, imkan və bəhanə düşən kimi ondan yazıram ki, onun qədər pozitiv, vicdanlı, ədalətli ikinci bir adam tanımıram.

Əvvəla, heç vaxt görmədim ki, kiminsə dalınca danışsın, kiminsə qeybətini etsin, kimisə qınasın, kimisə pisləsin, kiməsə...

İkincisi də, heç onu tanımayan biri haqqında ədalətsiz ittiham görəndə, təzyiqi də, şəkəri də kəllə-çarxa qalxıb.

Bircə fakt: Fikir verin, İlqar Həsənov Nizami küçəsində olur, “Azadlıq” qəzetinin redaksiyası da Xaqani küçəsində yerləşir. “Azadlıq” qəzetində yazı görür: “Bəylər Əyyubov Balakən tədarükünə şərikdir”.

Axşamüstü gəzə-gəzə gəlir “Azadlıq” qəzetinə, nə qədər olmasa da, qəzetin baş redaktoru Gündüz Tahirli “Bakı-Baku” qəzetində onun yanında praktikaya gəlib. Qalxır yuxarı, bircə kəlmə deyir: “Ay Gündüz, əgər “Azərittifaq”da işləyən mənəmsə, o “Azərittifaq”ın Balakəndə heç nəyi yoxdur, bircə dənə dağılmaqda olan balaca bir otağından başqa, onun da ağzından özündən böyük bir qıfıl asılıb. Balakəndə tədarük var ki, Bəylər Əyyubov da ona şərik olsun?”

Nə o vaxtı, nə indi bu günə qədər Bəylər Əyyubov İlqar Həsənovu tanımayıb, tanımır, yəqin ki, tanımayacaq da, amma... İlqar Həsənov bir dövlət məmuruna qarşı haqsızlığı cavabsız saxlamağı rəva görmür! Elə misallar 60-dan çoxdur!

Və yaxud...

Bir unudulan imzadan, həmkardan yazı yazılıb. İlqar Həsənov bilir ki, adamın o yazıdan xəbəri yoxdur.

Götürüb adama zəng edir, deyir, səndən filankəs yazıb!

İlqar Həsənov bu dünyaya sanki insanları sevindirmək üçün gəlib, missiyası budur!

İlqar Həsənov yalanın ümumiyyətlə düşmənidir, amma yanlışın yeri varsa, mütləq adamı tapır, doğrunu söyləyir və çalışır ki, başqası bu yanlışa görə adamı utandırmasın. Biri elə mənim özüm. Zərurət olanda hər dəfə general-mayor Rafiq Abbasovun adını çəkəndə vəzifəsini daxili işlər nazirinin müavini kimi yazıram. Hər dəfə də zəng edir, xatırladır, ay Aydın, Rafiq Abbasov Zaqatalada, Lənkəranda, DİN-də idarə rəisi və BŞBPİ-də rəis olub, indi də idarə rəisidir, kadrlar üzrə müavin filankəsdir, sən Rafiq müəllimi çox istəyirsən, ya müavin görmək istəyirsən, bu öz yerində, ancaq, vallah, o, idarə rəisidir! Mən də hər dəfə düzəldirəm!

İlqar Həsənovu həm də ona görə çox istəyirəm ki, hələ nə bir kopayoğlu, nə də bir kişi oğlu onun hansısa naqis nə hərəkətini dilə gətirib, nə də irad bildirib. Tam səmimiyyətimlə deyirəm: nə qədər səmimi olsam da, ondan gizlətmək istədiyim nələrsə var, hətta İlqar müəllimlə dost olan bəzi yoldaşlardan xahiş etmişəm ki, siz allah, mənim o “əndrabadi işləri”mi onun yanında danışmayın. Çünki İlqar Həsənovun gözündən düşmək Allahın gözündən düşməkdən qat-qat ağır cəzadır. Düzdür, mən o “əndrabadi işləri” görəndə də bilirəm ki, Allah var və buna baxmayaraq, mən o "əndrabadiliyi" edirəm, Allaha izah etməyə, anlatmağa bəhanəm də var, fəqət İlqar Həsənovun insanlıq kriteriyalarında o “əndrabadiliklərə” yer yoxdur!

Məhz İlqar Həsənov kimi kişilərin varlığı adama dedizdirir: bircə dəfə İlqar Həsənovun gözlərinə şax baxmaqdan məhrum olan adam həmən ölər! Çünki... İlqar Həsənov heç vaxt onu ittiham etdirəcək, onun üzr istəyəcəyi hərəkətə sahib olmayıb, yoxdur elə bir hal!

Mən həyatda bu cür təkcə Müəllimdən – Vahid Rzayevdən eymənmişəm! İkinci Nur Payı İlqar Həsənovdur!

İndi ad günüdü və yubileyidi deyə yazmıram e bunları, həm də ona görə yazıram ki, - İslam Türkaydan “oranjeman” edirəm, - “çinar qələm olsa, Xəzər mürəkkəb, Ondan ha yazıla, yenə tükənməz!”

İlqar Həsənov tükənməz saflıq və işıq mənbəyidir!

İlqar Həsənov Azərbaycan poeziyasının və nəsrinin canlı arxividir – bu xalqın işıqlı, istedadlı yüzlərlə şairinin, nasirinin misraları, bəndləri, cümlələri, abzasları, ideyaları, fikirləri bu adamın dilindədir. Hamıya hər zaman ən yaxşısını çatdırır – yemək kimi, paltar kimi, pul kimi, al, ye, geyin, xərclə.

Elə hesab edirəm ki, o şairlər, o nasirlər bilsəydilər ki, İlqar Həsənov onları necə ürəklə təqdim və təbliğ edir, onun ürəyindən öpüb, onu gözlərinin üstünə qoyardılar!

Bilmirlər – İlqar Həsənov heç vaxt etdiyi yaxşılığı nə dilə gətirib, nə də təmənnasını umub!

Çox vaxt mənə deyirlər ki, uzun yazırsan. Zalım balası, mənim haqqında uzun yazdığım adamlar mənim yazdıqlarımı yaşayıblar e – 55 il, 60 il, 65 il... sənin O CÜR GÖZƏL, ELƏ MƏRD YAŞANMIŞ O BOYDA ÖMÜRDƏN YAZILAN YAZINI oxumağa hövsələn çatmır, bir özünə sual ver görüm, sən necə yaşayırsan?

Bax, İlqar Həsənov haqqında bir ömür uzunluqda yazılası adamdır! Oxumağa həm də gərəkən digər nəsnələrdən öncə, kişilik lazımdır. Kişi olmaq lazımdır, kişi kimi yaşamaq lazımdır ki, biləsən, kişiliyin hansı çalarını mən yaşayammadım.

Bizə yaşamağı – necə və nə cür yaşamağı öyrədən kişilərdəndir, imzalardandır əzizimiz İlqar Musa oğlu Həsənov!

Nə qədər nəfəsim gəlirsə, əllərim klaviaturada hərəkət edə bilirsə, əminəm ki, bir neçə nəfər var ki, onlardan yazmaqdan doymayacam – biri də İlqar Həsənovdur. Məmməd Araz, Məmməd Aslan, İlyas İsmayılov, Mehman Cavadoğlu, Aqil Abbas və ən nəhayət, Şakir Yaqubov!

Mən deyəndə ki, Azərbaycan xalqı varlı xalqdır, buna görə deyirdim. Ayrıları nəyi, kimi nəzərdə tutub deyirsə, öz işidir, mənim sərvətlərim həm də xalqa məxsusdur!

Ən sonda: birdən sizə maraqlı gələr ki, bu İlqar Həsənov harda işləyib, indi hardadır, ixtisası-filanı...

Əgər fərqinə varmadınızsa, İlqar Həsənov Azərbaycanda Azərbaycan xalqının yetim-yesirinə əl tutmaq, yaxşılarını təbliğ etmək işində işləyir, tay neyniyirdiniz bu boyda yazını oxumağı? Eləcənə üç cümlə status yazardım da: elmin suallarına savadıyla, həyatın suallarına yaşamıyla cavab verən, tükənməz işıq və xeyirxahlıq mənbəyi, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə hədiyyə olan həmkarımız, yubileyin mübarək! Allahın gözündən düşsək də, Sənin gözündən düşməyək, əziz imzamız!

Düz demirəm?

 





25.08.2019    çap et  çap et