525.Az

Jurnalistlər “Bizim Tarla” markasının istehsal müəssisəsində - Fotolar


 

Jurnalistlər “Bizim Tarla” markasının istehsal müəssisəsində - <b style="color:red">Fotolar </b>

Ölkənin aparıcı KİV nümayəndələri üçün Azərbaycanın ilk müasir kənd təsərrüfatı kompleksinə media tur təşkil edildi.

Artıq 13 ildir ki, uğurla fəaliyyət göstərən “Azərsun Kənd Təsərrüfatı Məhsulları” müəssisəsi 4500 hektar ərazini əhatə edir. İllərdir həm ölkəmizdə, həm də xaricdə istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Bizim Tarla” markasının hazırlandığı məhsullar məhz bu sahələrdə yetişdirilir. Daha sonra yetişdirilən məhsullar təravətini itirmədən kənd təsərrüfatı kompleksinin nəzdində fəaliyyət göstərən Biləsuvar Konserv Zavoduna göndərilərək emal edilir. Əkin sahələrini ziyarət edən mətbuat mənsublarına bu ərazilərin əvvəl əkinə tamamilə yararsız olduğu bildirilib.

“Azərsun Holdinq” tərəfindən rekultivasiya işləri aparılaraq drenaj xətləri çəkilib və ən müasir aqrotexniki avadanlıqların Azərbaycanda ilk dəfə istifadə olunaraq bu sahələrdən yüksək məhsuldarlıq əldə edilib. Media turda iştirak edən jurnalistlərin suallarını cavablandıran baş aqronom Səxavət Hüseynov hazırda pomidor sahələrindən yığım işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyərək, torpağa aqrotexniki qulluğun ən yüksək səviyyədə həyata keçirildiyini bildirib. O, torpaqların zənginləşdirilməsi üçün əsasən müəssisə daxilində fəaliyyət göstərən heyvandarlıq kompleksində hazırlanan üzvi gübrədən istifadə edildiyini qeyd edib.

“Bizim Tarla”nın marketinq müdiri Sara Rzayeva əvvəllər əkinə tamamilə yararsız olan ərazilərdə indi pomidor, yaşıl noxud, xiyar, badımcan, qarğıdalı və digər tərəvəzlərin yetişdirildiyini bildirib. O, bu müəssisənin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq insanların sosial-rifah halının yüksəlməsində mühüm rol oynadığını söyləyib. Ətraf ərazilərdə 11 məcburi köçkün qəsəbəsinin mövcud olduğunu söyləyən S.Rzayeva sakinlərin illərdir, bu müəssisədə işlə təmin edildiyini bildirib.

Pomidor sahələrini ziyarət etdikdən sonra jurnalistlər “Bizim Tarla”, “Saville” kimi sevilən nar şirələrinin xammalının yetişdirildiyi nar bağlarına baş çəkiblər. Burada toplanılan məhsulun tam orqanik olduğunu bildirən mütəxəssislər burada gülöyşə, vələs və digər nar növlərinin əkildiyini qeyd ediblər.

Daha sonra Biləsuvar Konserv Zavodunu ziyarət edən jurnalilstlərə əkin sahələri ilə istehsal müəssisəsinin eyni ərazidə yerləşməsinin keyfiyyətli məhsulun əldə olunmasında müstəsna rol oynadığı bildirilib. Sahələrdən toplanan məhsul qısa vaxt ərzində zavoda gətirilərək konservləşdirilir ki, bu da məhsulun təravətinin qorumasına səbəb olur.

KİV nümayəndələrinin suallarını cavablandıran “Bizim Tarla” markasının marketinq meneceri Bəhruz Hüseynov müəssisənin fəaliyyətinin “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”na uyğun həyata keçirildiyini və istehsal potensialının bütün ölkənin tələbatını qarşılamağa imkan verdiyini bildirib. Marketinq meneceri məhsulların əkilməsi ilə bərabər yerli fermerlərdən satın alındığını və onların sosial-rifah halının yüksəldilməsinə töhfə verildiyi qeyd edib. O, həmçinin, Biləsuvar Konserv Zavodunda məhsulun istehsaldan sonrakı anbarlarda saxlanma şəraitinin (rütubət və temperatur) ən müasir avadanlıqlar hesabına təmin edildiyini bildirib və qeyd edib ki, məhsullar satış nöqtələrinə tam sağlam şəkildə təslim edilir.

İstehsal müəssisəsini ziyarət edən jurnalistlərin yaradılan iş şəraiti ilə bağlı suallarını cavablandıran məcburi köçkün İlhamə xanım artıq 7 ildir burada çalışdığını söyləyib.

Daha sonra Biləsuvar Konserv Zavodunun İstehsal üzrə sahə rəisi Ceyhun Hacımuradov jurnalistlərə istehsal prosesinin bütün mərhələlərində laborator analiz və testlərin həyata keçirildiyini bildirib.

Jurnalistlərə istehsal xətti üzərində quraşdırılmış detektoru yoxlamaq şəraiti yaradılıb. Qonaqlar test üçün tomat məhsulunun tərkibinə yad cism əlavə edərək onu istehsal xəttinə qoyduqda detektor dərhal bu barədə məlumat bildirərək istehsal prosesini dayandırıb və yararsız məhsulu istehsal xəttindən uzaqlaşdırıb. Bununla da KİV nümayəndələri hazır məhsulun tərkibinə yad cismin düşməsinin qeyri-mümkün olduğunun şahidi olublar.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən “Bizim Tarla” markasının əsasını təşkil edən məhsulların yetişdirildiyi “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və Biləsuvar Konserv Zavodu dünyada böyük nüfuza malik Global GAP, BRC və digər məşhur sertifikatlara malikdir.

 





26.08.2019    çap et  çap et