525.Az

Şahin Növrəslinin “Bayatı”sı təqdim edilib


 

Şahin Növrəslinin “Bayatı”sı təqdim edilib<b style="color:red"></b>


Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin, caz sənətinin inkişafı və müxtəlif mədəniyyətlərin inteqrasiyası istiqamətində daha bir layihəni həyata keçirib. Heydər Əliyev Mərkəzinin Auditorium zalında caz ifaçısı, Əməkdar artist Şahin Növrəslinin “Bayatı” adlı konserti olub. Konsertdə pianoçunun yeni ifaları – müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənmişdir. “Natəvan üçün noktürn”, “Dəyirmandan vağzala”, “Əlində sazın qurbanı”, “Bayatı Şiraz”, “Bağa girdim üzümə” kimi musiqi parçaları təqdim edilən əsərlər sırasında olub. Gecənin xüsusi qonağı – finlandiyalı müğənni Yanita (Janita) da öz ifaları ilə tamaşaçıların zövqünü oxşayıb. O, repertuarından “Sən gözəlsən”, “Üzündəki cizgilər”, “Səssiz”, “Məni aya uçur” kimi kompozisiyaları tamaşaçılara təqdim edib.

Pianoçu Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamış və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. O, Azərbaycan muğamı ilə ənənəvi caz ritmlərini sintez edərək, öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirib. Şahin Növrəsli dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Kenni Viler, Ari Hoeniq, Uday Mazumdar, Allison Miller, Natan Pek, Aleks Pek, Mat Zebroski, Cef Lederer, Con Vikan, Aleksandr Maşin kimi görkəmli musiqiçilərlə birgə çıxış edib, albomlar yazdırıb.

Müğənni və bəstəkar Yanitanın vətəni Finlandiyada 8 albomu işıq üzü görüb. Onlardan bir neçəsi bu ölkənin ən məşhur qırx albom sırasına daxil olub. Yanita Nyu-Yorka köçdükdən sonra “Sony” ilə müqavilə imzalayaraq dünya səviyyəsində populyarlıq qazanıb. “Mənə yaxşı olacaq” debüt albomunun ardınca “Ömrün fəsilləri”, daha sonra “Kabus” albomlarını buraxdırıb. Heydər Əliyev Mərkəzində təqdim olunan “Bayatı” caz gecəsi Azərbaycan caz ənənələrinin təbliği və dünya mədəniyyətinin ölkəmizdə tanıdılması istiqamətində həyata keçirilən layihə kimi tamaşaçıların zövqünü oxşayıb.

S.ABDULLAYEVA

 





22.10.2013    çap et  çap et