525.Az

Sözə dəyər qazandıran imza və ya "Dözüm" adamı - Ağasəfa


 

Sözə dəyər qazandıran imza <b style="color:red">və ya "Dözüm" adamı - Ağasəfa </b>

Torpaqdır...
              Üstündə sürü otlayır,
Təkə lap qabaqda çiçək dənləyir.
Şair əldə çomaq söz arıtlayır,
Kimsə yox, şairi fələk dinləyir.
(şeirlər Ağasəfanın
"Dözüm" kitabındandır)

Asfalt yoldan torpaq yola düşdük, dağlarla əhatələnmiş, ayağı xınalı kəkliksayağı sıralanmış laçın qayaların sinəsinin göz oxşayan rəng çalarlarında irəlilədikcə insanın ağlına heç nə gəlmir. Ağıla gələn bu dağları yaradana şükranlıqdır. İyul ayı olsa da, hava yolçulara münasib dona girmişdi. Ayağımız çoxdan dağ yolu görməmişdi deyə düşüb bir az qonağı olduğumuz söz adamıyla birgə addımlamaq istədik. Bizi qarşılamaq üçün yola çıxdığını uzaqdan hiss etmək mümkün idi. Az qala yolu səhv gedəcəkdik, yol boyu bir neçə dəfə yardım üçün zəng etdiyimiz dostlar da olmuşdu. Amma dağın başında telefon dalğaları kilidlənəndə çarə maşından düşüb bir həyətə düşməyə qalmışdı. Ev az, həyət-bacalar bom-boş idi.Yağış, qar döyməkdən qaralmış çay daşlarından tikilən evlərin çoxu sökülmüşdü, yeni tikilənlər də bu uyumdan kənarda qalırdı deyə insanda isti duyğular yaratmırdı. Sanki Xızı dağları kimi tanıdığımız bu dağların qoynunda yerləşən Qarabulaq kəndi bizi gördüyünə sevinməmişdi, daha çox öz hüsnünü yazda daha çox bəzəyən dağ kəndləri yayın qovurmaca vaxtında bir qəribə görünürdü. Bəlkə də evlərin tənha görünməsi, həyət-bacalarda bir ins-cinsin olmaması insanda belə bir təəssürat yaradırdı. Düşüb bir həyətdən insan haylamaq istəyəndə yol yoldaşımız, yazıçı dostumuz Aydın Tağıyev arxamca qayğılı səslə: "İt olar haa!", - deyəndə dönüb baxsam da, addımlarımı yavaşıtmadan harayımdan qalmadım. Düzü, həyətinin çəpəri belə olmayan, qapısı-bacası yarısökük bir evdə nə olasıdı ki, ora gətirib bir it də bağlasınlar, deyə düşündüyüm də oldu. Aralı ev qapısından bir kişinin əlində telefon harayıma hay vermək istəmirmiş kimi durduğunu gördüm. Çağırılmamış qonaqları kimsə sevmədiyini bildiyimdən tezcənə: "Ay dayı, Şair Ağasəfanın evinin yerini öyrənmək istəyirik", - dedim. Ev yiyəsi handan-hana özünü göstərib" "Üzü yuxarı yoldan sağ tərəfdəki ikinci evdir", - dedi. Düz gəlmişdik, sevinmişdik, elə yolun yuxarı başındaca şairi uzaqdan bizi qarşılamaq üçün yola çıxdığını görmüşdük. Şair öz zəngin şeir dünyasından çıxıb dağ yolunun üstündə durmuşdu. Tam bir qoca palıd ağacı kimi illərin dəli rüzgarlarına sinə gərmiş halda, qol-budağından zamanın qopartdıqları da olmuşdu, amma palıd ki palıd, əyilməmişdi.

Ruhum çırpınmada xəzan içində,
Balası yuvadan perikən quşdur.
Üşüdüm bu qədər insan içində,
Bu hələ payızdır...
                        Qabaqda qışdır.

Düşünürsən ki, qışın da qış ola, belə qışdan, qarşılamağa özün çıxasan, lap elə tənha palıd ağacı kimi dimdik qarşılayasan, qol-budağını amansız yellər çalın-çarpaz qırmağa başlasa da...
 
Addımlayırdıq. Bizə addımlamağa az yol qalmışdı, çünki bizdən fərqli olaraq daha çox dinləməyi seçən şair dostumuz Nəcməddin Mürvətov Siyəzəndən maşın götürüb arxamızca Şabrana gəlmiş, bizi burdan alıb təzədən Xızı yoluna rəvan olmuşdu. Bizə addımlamağa az yol qalmışdı, dediyim də bu səbəbdən idi.

Şair Ağasəfa sanki bizi hər gün görürmüş kimi dərdi-hal etdi, sonra öyrəndim ki, adını eşidib özünü ilk dəfə gördüyüm Ağasəfa müəllimi digər qələm dostlarımız da xeyli vaxtdan bəri görmürlərmiş. Elə içi mən qarışıq illərin belinə qoyduğumuz qırıq-sökük nərdivanla gəlib düz Xızı dağlarına çıxmışdıq. Qarabulaq kəndində çox az adam qalıb, dedi şair, biz isə harayladığımız adamdan qeyri adam görmədik. Gördüyümüz elə bu dağların qayım-qədim sakini şair və onun cəfakeşliyini edən xanımı oldu.

"Dünyanın bütün yolları kaş bir şair ocağında" bitəydi, deyə düşünürəm. Bir ucunda şeir ocağı olan bir yolçuluğun savabı da dağlar boyda olurmuş demə. Başqaları üçün biz suçlu adamlarıq, günah adamlarıq bəlkə, ömrümüz bir sərçə dimdiyindəki yükdən də dəyərsizdi bəlkə, amma ruh adamlarını bir-birinə bağlayan bağlar var olduqca bizi yaşadan və bir araya gətirən ilahi qüvvəyə şükür etmədən keçməməliyik.

İmanla, gümanla çırpınır ürək,
Ayağım - torpaqda, əllərim - haqda.
Dünyanı təzədən çevirmək gərək,
Baş başda dayansın, ayaq ayaqda.

Elə təzəcə nəfəsimizi dərib yerimizi rahatlamışdıq ki, bizi çoxdan arzulayırmış kimi pəncərəsindən içərini havalandıran pərdələr otaq boyu rəqs halındaydılar. Ev yiyəsi şair kitablarının üstünə yürüdü, əlində bir neçə kitabla qayıtdı. Evə göz gəzdirməyə macalımız vardı. Nəcməddin müəllim fikrimi oxuyurmuş kimi bu sözləri dedi: "Əsl kənd evidi". Əsl şair eviydi həm də, divarlar uzunu rəflər üst-üstə qalaqlanmış kitablarla doluydu. Dünyanın harasında olursansa ol, fərq etməz, öz kiçik dünyanı yarada bildiyin yer səninkidir. Bu ev də Ağasəfanın özünə yaratdığı ən zəngin dünyaydı. Hər daşında, divarında öz əlinin zəhməti varıydı.

Doğulduğu, böyüyüb boya-başa çatdığı otaq da bu evin ən mübhəm otağıydı. Dağlarda gecələrin də yəqin öz bambaşqa havası olur, təbiət burda da öz şirin və doyumlu nəğməsini səsləndirir. Təbiət çox səxavətlidir, anlayana, duyana hər addımbaşı bir zənginlik bəxş edə bilir. Anlamayan, duymayan nə anlasın daşın, qayanın dilindən?

Qısa ixtilatdan sonra Aydın müəllim gətirdiyi kitabları Ağasəfa müəllimə uzatdı. "Mən ustad oxucuyam" - dedi Ağasəfa. Mən onun mənə bağışladığı kitablardan ən sonuncu nəşr olanını vərəqlədikcə şeirlərin cazibəsinə düşüb, heç olmasa, bir neçə günlük olsa da "yaxşı oxucu" olmaq istədim. Qarabulaqda səhər duasından sonra insanlar əl-üzlərini yəqin səhər mehiylə yuyurlar. Hər səhər bu dağlardan Vətən indi bizim səsimiz-ünümüz yetməyən dağlarınacan üz tutub dua-səna edirlər. Adamın inanmağı gəlmir ki, hardasa bütün şairlərin bir dərdi var - öz yurdunda qərib olmaq kimi çətindir bir ömür yaşamaq. Şair Ağasəfa da öz səhər duasını belə oxuyur:

Dua oxuyuram səninçün, Vətən,
Əllərim Tanrının ətəyindədir.
Çətin günümüzdə üz tutub gedən,
Qürbətdə olanı yurduna gətir.

Ağrı ikihecalı sözdür, amma hardasa neçə yerindən didik-didik edə bilir insanı. Zəhərli güllələr kimidir, öldürməsə, əl çəkməz. Bəlkə də buna görədi ki, kitabının adı "Dözüm"dü şairin. Dözümsüzlüyün iç aynasıdır, dərddən dağlara çıxmağa bənzəyir. Şeir elədir, anlasan oxumağına dəyər.

"Ulduz" jurnalına bu yaxınlarda verdiyi müsahibəsində Ağasəfa müəllimin Fərqanə xanımla çox səmimi bir söhbəti olmuşdu. Bu müsahibəni oxuyan kimi mənə zəng etmişdi Aydın Tağıyev. Müsahibəsində mənim də adımı çəkmişdi deyə çox sevinmişdi. Jurnalı alıb mənə bağışlamışdı da. "Ağasəfa müəllimə baş çəkərik" fikrini də elə əvvəlcədən bildirmişdi. Bu görüşün belə tez alınacağına inanmasam da, Nəcməddin müəllim bizim arzumuzu əlbəəl reallığa çevirməyi bacarmışdı. Ağasəfa müəllimin Şabran deyəndə ilk dilinə gətirdiyi sözləri sizlərə çatdırmaq istəyirəm, bu sözlər mənim bu həyatda eşidə biləcəyim ən gözəl sözlərdən biridir, Şabranı bütövlüklə özündə əks etdirir, bir qələm adamı üçün, bir şair üçün Şabran rayonu Xaqani Poeziya Evi deməkmiş, bəli, Ağasəfa müəllim məndən ilk öyrənmək istədiyi ünvan bizim Poeziya Evimiz oldu. Və burda mütləqdir ki, Şabranı Poeziya ocağı kimi tanıdan dəyərli qələm sahibi Novruz Novruzova öz təşəkkürümüzü bildirək. Aydın müəllimin söhbətlərində bizimlə qiyabı də olsa Qarabulağacan gedib qayıdan Novruz müəllim də ruhən yanımızdaydı, şairin kiçicik komasına sığmayan bir dünya zənginliyinə öz işığını qatmaqdaydı.

Xeyir-duası həmişə üstümüzdə olan insanlar nə yaxşı ki var! Şair Ağasəfanın kitabları da dağlardan qopardığımız xeyir-dua kimi saf və qüvvətlidir:

Ocaq yanında yer elə,
Tufan əyləyib gəlmişəm.
Süfrəyə çağırma məni,
İçimi yeyib gəlmişəm. 
 
Şair evləri pirlərə bənzəyir. Qonağı kim olursa olsun, suçundan-günahından arınaraq dönür evinə. Bizim ruhumuzu arındıran, duyğularımızı göyərdən, rişələrimizi artıran söz adamları harda yaşamaqlarından asılı olmayaraq orda bir müqəddəslik və pirlik dünya kəşf edə bilirlər. Nəcməddin müəllimdən eşitdiyim bir başqa söz də vardı: "Dağlar şairi görün necə gizlədibdir". Bəlkə dağlar belə şairi olduğuna görə bizim üçün bu qədər gözəl və qürurverici idilər. Bu boyda dağlarda 5-10 ev arasında hənirti gələn bir ev var - Şair evidir ora. Kitabdandı divarları, eynəyini itirər tez-tez Şair, qələmini itirər, yadından çıxan qafiyəsinin yerinə dərib bir kəklikotu basar, eynəyini axtarmaq yorulanda yerinə yıxılıb yatar, qələmini tapmayanda yazmaq istədiyini dilinin ucunda tez-tez təkrar edib əzbərləməyə çalışar. "Səhər açılanda durub yazaram", deyər, səhərin xoruz banına heç nə qalmaz, asta qaçan namərd kimi qaçar həmin gecənin ən gözəl qafiyələri. Türbət asar vərəqlərindən, kitabını balası kimi öpüb oxşar. Sonuncu gülləsini özü üçün saxlamış bir şəhid kimi son misrasına qənim kəsilər dodaqlarının. Uzaqdan otlağa qalxan örüşdən bir təkə ayrılıb qayadan özünü aşağı atar. Bax, Şeir doğular beləcə, hardasa bir arzusu ölmüş ətcəbala ürəyin divarlarında ah dediyin çat açınca bitər həmin Şeir. Ən gözəl Şeir kimi bitməyə məhkumdur, maləsəf... Yeni bir Şeirin doğudunu gözləyər gecə düşüncə... Hardasa, arxasına düşdüyümüz səs kimidi dünya, biz də bir SƏS adamı...

O səs itib getsə, mənim sonumdur,
O səs var, köksümü didirəm hələ.
O səs son ümidim, son pənahımdır,
O səsin ardınca gedirəm hələ.
Yolun bitməsin, Şair!

 





28.08.2019    çap et  çap et