525.Az

İnformasiyadan ehtiyatlı istifadə mədəniyyəti


 

İnformasiyadan ehtiyatlı istifadə mədəniyyəti<b style="color:red"></b>

İnternetdə yerləşdirilən informasiya resurslarının sürətlə artan həcmləri və çeşidləri, onlayn  rejimdə təqdim olunan informasiya xidmətlərinin rəngarəngliyi müasir cəmiyyətin demokratik, intellektual, mədəni, biznes və ixtisas inkişafının əsas katalizatorları və indikatorlarıdır.

Bu inkişaf məqsədi milli və qlobal miqyasda informasiya cəmiyyətlərin formalaşmasına yönəlib.

Prinsipial olaraq, informasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların məlumat, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və fikirlərin, arzulanan məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas hədəfi  informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin demokratik inkişafını təmin etməkdir.

Qurulan informasiya cəmiyyətindəki əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, uğurlar əldə olunub.

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı yeni mərhələyə qədəm qoyub. Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur.

Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunub. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (distant təhsil, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.

Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə köməklik göstərəcək.

İnformasiya cəmiyyətinin texnoloji təminatı − hökumət, biznes, tədris strukturlarının təqdim etdiyi onlayn xidmətlərin və informasiya resurslarının mənbələri vətəndaşların geniş kütləsinin asan istifadəsinə hədəflənib.

Bu səbəbdən həmin resursların böyük əksəriyyəti açıq və əksər hallarda müdafiə olunmamış, internet şəbəkələr üzərindən təqdim olunur.

Açıq və məhdudiyyətsiz internet şəbəkələri vətəndaşların rahat istifadəsinə qulluq etməklə yanaşı bu imkanlardan sui-istifadəsi üçün sonsuz imkanlar yaradır.

Buna misal olaraq, son 15 il ərzində internet üzərində aparılan kibercinayətlər digər cinayət növləri ilə nisbətdə rekord artım sürətini nümayiş etdirir.

Kibercinayətkarlıq yeni cinayət növüdür. Yeni texnologiyaların sürətli inkişafı və yayılması bu növ cinayətin meydana gəlməsinə gətirib çıxardı. Kibercinayətkarlıq kompüter sistemi vasitəsilə törədilən cinayətlərdir. Qanunsuz bank əməliyyatları, hakerlik, piratlıq, uşaq pornoqrafiyasının istehsalı, qadağan olunmuş, cinayət tərkibli, təxribat xarakterli informasiyaların yayılması və digər halları bu xarakterli cinayətlər hesab etmək olar.

İlk əvəl Şimalı Amerika, Qərbi  Avropa ölkələri müxtəlif  kibercinayətkarların hücumlarına məruz qalıblar.

Son beş ildə isə kibercinayət dalğası bütün sivil ölkələri bürüyüb.

Dünya üzrə qeydə alınmış kibercinayatlərin  1/3 hissəsi ABŞ və Çinin payına düşür.

Burada vəziyyət dinamik dəyişməkdədir. Belə ki 2011-ci ildə Çin virus-proqramlara yoluxmalara görə, dünyada ikinci yerdə olduğu halda, 2012-ci ildə artıq altıncı yerə enib. Skandinaviya ölkələri isə 3-cü yerə yüksəliblər.

Birinci yerdə dəyişilməz olaraq ABŞ durur və onun payına 33% dünya virus yoluxmaları düşür.

Artıq kibercinayatkarlığın müxtəlif aspektlərini xüsusi beynəlxalq və milli agentliklər ciddi araşdırılır, səbəbləri, motivləri, hədəfləri tədqiq olunur və vurulmuş zərərlər qiymətləndirilir.

Bu məqsədlə hətta İC3 (İnternet Crime Complaint Center) təşkilatı xüsusi sayt vasitəsi ilə kibercinayatkarlarla bağlı şikayətləri, müxtəlif məlumatları toplayır və təhlil edir.

Edilən hücumların keyfiyyətini, kəmiyyətini, qüvvəsini, xarakterini və s. izləmək, öyrənmək, nəzarətdə saxlamaq da çox vacibdir.

Son on il ərzində onlayn hücumlara məruz qalmış tərəflərin sayı ən azı 10 dəfə artıb.

Kibercinayətlərin kəskin artması nəticəsində mülki şəxslərə, şirkətlərə, və dövlət orqanlarına vurulan zərər durmadan artır.

Internet üzərində dələduzluq əməliyyatları tək Amerikada yox, həmçinin inkişaf etmiş Avropa və Asiya ölkələrində tüğyan edir, onların qurbanları arasında bir çox dünya üzrə tanınmış brendlər də yer alıb. Norton şirkəti yenicə bitirdiyi beş ölkə − İngiltərə, Avstriya, Yaponiya, Almaniya və ABŞ üzrə apardığı tədqiqatların nəticələrini dərc edib.

♦ Bu ölkələrdə hər böyük kompaniyada kiberdələduzluqdan 2012-ci ildə illik itkisi ortalama − $8.9 milyon,  2011 ildə − $8.4 milyon olub. İtkilərdə illik artım 6% səviyyədə olduğu hesablanıb;

♦ 2012-ci ildə ortalama hər kompaniyaya qarşı həftədə 1,8 uğurlu kiberhucum keçirilib. 2011-ci illə nisbətdə artım 42% təşkil edib;   

Kiberhucumlardan dəyən zərərə görə artıq digər inkişaf etmiş ölkələr ABŞ göstəricilərinə yaxınlaşırlar və onların arasında kəskin fərq müşahidə olunmur.

Tezliklə bir çox ölkələrin eyni dərəcədə böyük itkilərə məruz qalacaqlarını gözləmək olar.

Beləliklə qloballaşan dünyada əksər ölkələr geniş miqyaslı kiberdələduzluq qurbanları olub böyük maddi itkilərlə üzləşirlər.

Cinayət növləri arasında müəyyən bölgü tarazlığı yaranıb. Ölkədən-ölkəyə bu tarazlıq dəyişir.

Xüsusən inkişaf səviyyəsindən və coğrafi məkanından asılı olaraq internet-dələduzluğun hansısa növləri daha kütləvi xarakter daşıyır.

Solda verilən diaqramda Avropa  və Şimali Amerika ölkələri  üzrə ortalama vəziyyəti əks etirən diaqram verilib.

Kibercinayətlər ildən-ilə artmaqdadır. İnformasiyaların məhv edilməsi, dəyişdirilməsi, oğurlanması və ya internet resurslarına ziyan vurulması halları daha geniş yayılıb.

Kiberhucumlarin vurduğu zərərin miqyası durmadan artır.

Ancaq onların kütləvilik dərəcəsi çox zaman onların məqsədlərindən və növlərindən asılı olur.

Ponemon şirkətinin araşdırmalarına görə, 2012-ci ildə internet istifadəçilər virus yoluxdurucu (troyan, soxulcanlar) və zərərli softlarla bağlı hücumlar daha tez-tez baş verir.

Bu tip virusların yaradıb yaymaq nisbətən asan olduğu üçün daha çox ölkələrdən hakerlər bu cür əməllərə əl atır. Ölkədən-ölkəyə hücum tipləri və tərkibləri fərqlənə bilər. Hücum növləri üzrə ortalamam statistik göstəricilər yuxarıdakı diaqramda əks olunub.

Kiberhücumların məqsədi – hədəf şirkətlərə, sosial qruplara və dövlət qurumlarının kompüter şəbəkələrinin, proqram təminatlarını pozmaq, verilənlər bazalarını köçürmək və ya səpələmək. Bununla onlara mümkün qədər böyük maddi, psixoloji zərər vurmaqdır.

Bu səpkidə  Ponemon şirkəti – vurulan zərərin maddi çəkisinin  hücum tiplərindən asılığını tərtib edib. Bütün qruplar üzrə vurulan zərərin dəyərinə görə hər il 4%  artım  müşahidə olunur.

2011-2012 illərdə ən böyük itkilər zərərli soft ilə yoluxması və onlayn xidmətlərin göstərilməsi zamanı fırıldaqlarla bağlı olub.

Tədqiqata Azərbaycan daxil edilməyib, amma dərc olunan nəticələrin ümumi tendensiyası ölkəmizdəki vəziyyəti əks etdirir. Həqiqətən, etibarlı virus əleyhinə proqramların çoxu bahalı ovduğundan və ya onlara dəyər verilmədiyindən, ölkədəki əksər kompüterlər, şirkət və təşkilatların şəbəkələri virus yuvasına çevrilib.

Korporativ şəbəkələr, serverlər, işçilərin və adi istifadəçilərin kompüterləri müntəzəm olaraq  sıradan çıxır və sonradan bərpa olmasına günlərlə vaxt sərf olunur.

Adı viruslardan qorunma mədəniyyətinin olmaması şirkətlərin, insanların böyük itkilərlə üzləşməsinə gətirir. Hücumların növlərindən asılı olaraq onların fəsadlarının aradan qaldırılmasına sərf olunacaq ortalama gün sayı sol diaqramda verilib.  

Digər itkilərə səbəb olan komponent – internet vasitəsi ilə göstərilən xidmətlər, – ölkəmizdə böyük vüsət alıb. Belə ki, “internet shoping” əşyaların, media məhsullarının, proqramların alınmasında geniş istifadə olunur. Etibarsız, yoxlanılmamış saytlar vasitəsi ilə sifarişlər və ödəmələr aparılarkən, sifarişçilər bir çox hallarda yaxşı təşkil olunmuş fırıldaqçılar şəbəkəsinin qurbanına çevrilirlər.

Kiberhücumların öz hədəf informasiya resursu və ya şəbəkə obyekti olur. Hücumları böyük hissəsi hədəf qrup obyektlərində informasiya resursundan və ya bazalarından informasiyanın silinməsi, pozulması ilə nəticələnir.

Ən yaxşı halda resursun bərpasını zaman itkisi ilə bərpa etmək olur. Amma bir çox hallarda informasiya ümidsiz itir və resurs sahibinin fəaliyyətini iflic edir.

Digər hədəf – şirkətin, təşkilatın digər tərəfdaşlarla apardığı elektron yazışmaların pozulmasına nail olmaq, yaxud müdaxilə etmək, spesifik məlumatları əldə edib şantaj və ya biznes sirrini yaymaq kimi pozucu hərəkətlərə keçməkdir.

Bu qrupu geniş yayılmış beynəlxalq biznes-cəsusluq  sisteminə aid etmək olar. Bu yolla və güclü analitik qrupların köməyi ilə onlayn əldə edilmiş gizli məlumatlar, perspektivli biznes istiqamətləri, ideyaları, təşəbbüsləri, planları barədə rəqib kompaniyalar üçün erkən kritik məlumatlar hazırlanır.

Artıq mütəşəkilləşməyə başlayan beynəlxalq kütləvi kibercinayatkarlıq ilə effektiv mübarizənin təşkil olunması üçün ölkələr bu sahədə sıx əməkdaşlıq imkanlarını gündəmə gətirirlər.

Beynəlxalq terrorizm, separatizm, ekstremizm müasir texnologiyalardan çox məharətlə istifadə edir və bu hal təhlükəni daha da artırır. Terrorçuların asanlıqla internetlə iz buraxmadan məlumat əldə etmələri, şəbəkələşmələri, sıralarını genişləndirmələri bu təhlükələrdəndir.

Bunun bariz nümunəsi 2001-ci ildəki Nyu-York “Twin Brothers” qüllələrinə terrorist hücumları  oldu. Hücumların məhz internet vasitəsi ilə beynəlxalq terrorist təşkilatı ilə koordinasiya olunduğu sübuta yetirilib.

Hadisədən dərhal sonra 23.11. 2001 tarixdə Avropa Şurasının təşəbbüsü ilə Budapeştdə 185№-lü “Kibercinayətkarlığa Qarşı Mübarizə Konvensiyası” Avropa Birliyi, ABŞ və digər ölkələr imzalayıb(http://conventions.coe.int/Treaty/Commun/ChercheSig.asp?NT=185&CL=ENG ).

Azərbaycan 2008-ci ildə  həmin Konvensiyaya qoşulub.

Sənəd kibercinayətkarlıq sahəsində ölkələrin vahid mövqeyə, bir platformaya söykənməsinə, və öz ərazilərində cinayətkar qrupların fəaliyyətinə yol verilməməsinə yönəlib.

Konvensiya kibercinayətkarlıq sahəsində universal beynəlxalq hüquqi-normativ bazasının yaradılmasına istiqamətlənib və milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılmasını nəzərdə tutur.

Azərbaycan, konvensiyadan doğan öhdəliklərə, Avropa Birliyinin və Avropa Şurasının tələblərinə uyğun olaraq, milli qanunvericiliyin müvafiq sahələrində dəyişikliklər aparmaqdadır.

İnformasiya azadlığı və təhlükəsizliyi  ̶  dilemma yoxsa konsensus?

Həqiqətdə, qanunvericilikdə islahatlar aparılması tələbi, yalnız  kibercinayətkarliğa qarşı olan və informasiya təhlükəsizliyini dəstəkləyən hüquqi müddəaların qəbul edilməsi deyil.

Digər, və bəlkə də daha vacib, öhdəlik tələbi – Informasiya təhlükəsizliyinin təminatı adı altında – onlayn informasiya azadlıqlarının qurban verilməməsidir.

Kibercinayətkarliğa qarşı tədbirlər – informasiya azadlıqları və şəxsi məlumatların toxunulmazlığını məhdudlaşdırmalı deyil.

İnformasiya təhlükəsizliyinin təminatı çox hallarda bəlli texniki tədbirlər və vasitələrlə reallaşır  ̶  anti-virus və anti-spam proqramları, sanksiyasız müdaxilələrdən qorunma, aktiv filtrlərın tətbiqi və s. Əksər hallarda belə ciddi tədbirlərin istifadəsi informasiya sistemlərini kiberhücumlardan müdafiə etmiş olur. Digər tərəfdən, həmin tədbirlərin istifadəçilərin müxtəlif saytlara çıxışına süni maneələr törətmək üçün istifadə oluna bilər.

Daim təkmilləşən kibercinayət üsullarına qarşı informasiya müdafiə sistemləri davamlı olaraq mükəmməlləşməlidir. Tendesiya olaraq yeni sistemlər şəbəkənin daha  geniş  sahəsini və internet istifadəçilərinin məlumat mübadiləsini daha çox həcmdə nəzarət altına alır.

Bütünlüklə ölkə vətəndaşlarının etibarlı internet ilə təmin olunması üçün bir çox ölkələrdə  milli internet seqmentinin təhlükəsizliyinə nəzarət edən xüsusi dövlət qurumu yaradılıb.

Azərbaycanda müvafiq beynəlxalq standartlar əsasında elektron təhlükəsizlik üzrə dövlət qurumu -  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  (RİTN) nəzdində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi  yaradılıb.

Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən qurumdur.

Prinsipial olaraq informasiya təhlükəsizliyi  ̶ zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür.

Ölkə qitə daxilində yerləşdiyi üçün (landlocked country) beynəlxalq internet magistrallara qonşu ölkələr üzərindən keçən xətlər vasitəsilə çıxış əldə edir. Bu səbəbdən və  Azərbaycanın dost olmayan geosiyasi əhatəsini nəzərə alaraq yaradılmış agentliyin üzərinə milli informasiya təhlükəsizliyin etibarlı qorunması ilə bağlı yüksək məsuliyyət düşür.

Misal kimi 2012-il 16-17 yanvarda ölkənin 35 dövlət qurumunun saytlarına İrandan və Hollandiyadan 24 massiv haker hücumları keçirilib və saytların sonradan bərpa olunması ciddi qüvvə cəlb edilib. Qonşu Ermənistanın müntəzəm keçirdiyi kiberhücumlar bu ölkənin artıq 20 ildən çox  Azərbaycana qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir.

Agentliyin əsasnaməsi və daşıdığı funksiyaları yalnız internet məkanında terrorizm, ekstremizm, digər ölkələrin informasiya kəşfiyyatlarının diversiyaları kimi təhlükələri zərərsizləşdirməyə və digər növ kibercinayətkarlıqların qarşısının alınmasına imkan verir.

Ölkə informasiya məkanının təhlükəsizliyinin təminatı sahəsində beynəlxalq standartlar əsasında milli standartlar hazırlanır.

İstifadə olunan Beynəlxəq standartlar:

- “international standard ISO / IEC 27001:2005 «Information technologies — Security methods — Information security management systems — Requirements» ;

- standard ISO / IES 17799:2005 «Information technologies — Security methods — Rules of information security governance»;

-Avropa Birliyinin və Avropa Şurasının  müvafiq direktivləri və tövsiyələri;

Bu sənədlərdə informasiya təhlükəsizlik anlayışı – informasiya məxfiliyinin, tamlığının və çatımlığının təmin olunması anlamında tövsiyə olunur. Azərbaycan milli standartında bu tövsiyə tam nəzərə alınıb.

Demokratik dəyərlərin dəstəklənməsi baxımdan milli miqyasda informasiya təhlükəsizliyinin təminatı ilə bağlı tətbiq olunan tədbirlərin aşağıdakı xüsusiyyətləri diqqət çəkir:

İnternetdə texniki senzuranın yol verilməməsi;

Dövlət qurumlarının saytlara qadağa qoymasının və qara siyahıların hazırlanmasının mümkünsüzlüyü;

Bu cür saytlara daxil olması üçün blok və məhdudiyyətlərin qoyulmaması;

Ölkə rəhbərliyi ən yüksək forumlarda Azərbaycan internetinin sərbəst və tam azad olduğunu dəfələrlə bəyan edib.   İTU, BMT, Avropa Birliyin və Avropa Şurasının müvafiq qurumları, beynəlxalq və yerli qeyri-dövlət təşkilatların hesabatlarında Azərbaycanda internetin azad və bütün sosial şəbəkələrin tam maneəsiz vətəndaşların istifadəsində olduğu da etiraf edilir.

Ölkədə cərəyan edən siyasi-sosial proseslərin onlayn media vasitəsi ilə fərqli işıqlandırma imkanları, səslənən etirafların düzgün olduğunu sübuta edir. Belə ki, bəzi regionlarda yaşanmış həyəcanlı hadisələr, ayrı-ayrı  məmurların korrupsiya əməlləri Youtube video hostinqi vasitəsi ilə yayımlanıb.

İctimai maraq doğuran hadisələrin müxtəlif  prizmadan işıqlandırılması, sərbəst və maneəsiz internetdə sosial şəbəkələrdə yerləşdirilməsi adi hala çevrilib.

Belə faktlar Azərbaycanda İnternetin həqiqətən azad,  sosial şəbəkələrin açıq olduğunun, siyasi və ideoloji senzuranın yoxluğunu təsdiq edir.

Bu günə qədər Azərbaycan hökuməti veb-saytlara və ya digər virtual KİV-lərə sistemli təcridetmə, filtrasiya və ya digər yollarla hər hansı məhdudiyyət tətbiq etməyib.

Azərbaycanın təhlükəsiz qlobal informasiya məkanına inteqrasiya yolları

Ölkə vətəndaşları artıq informasiya cəmiyyətində yaşayırlar, bilik və informasiya resursları cəmiyyətin əsas varlığına çevrilib. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çəkir. Tədricən müasir cəmiyyətin dayaqları bundan asılı vəziyyətə düşüb. Bu səbəbdən informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, həyatı vacib bir amildir.

İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması mühüm məsələ kimi qarşıda durur. Bu gün bütün dünya dövlətləri informasiya təhlükəsizliyinin təmin olunması üçün yollar axtarır, bu sahədə davamlı tədbirlər həyata keçirir.

Azərbaycan informasiya təhlükəsizliyinin pozulması nümunələri ilə tez-tez üzləşir.

Çünki Azərbaycan ümumiyyətlə dünya informasiya məkanına bu cür müdaxilələrdən sığortalamayıb. Bu hücumları əsasən Azərbaycanla müharibə vəziyyətində olan işğalçı Ermənistanın informasiya strukturları, xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər həyata keçirir.

Yalnız Ermənistan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınır. Nə qədər ki, virtual informasiya mühiti var, informasiya müharibəsi mövcudluğunu daim saxlayacaq.

Əsasən milli dəyərli internet resurslarına daim haker hücumları mütəmadi şəkildə həyata keçirilir, daha çox Azərbaycan üçün əlamətdar olan Xocalı soyqırımının ildönümü, 20 Yanvar faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və bu kimi günlərdə daha çox müşahidə edilir.

Azərbaycan bütün dünya dövlətləri kimi informasiya təhlükəsizliyinin təmin olunması üçün effektiv yollar axtarır, bu sahədə beynəlxalq təcrübəyə əsaslanaraq, davamlı tədbirlər həyata keçirir.

Məqsəd – vətəndaşları qlobal virtual məkandan təcrid etmək deyil. Əksinə, hədəf – milli interneti zərərli müdaxilələrdən sığortalayaraq, internet istifadəçilərin onlayn resurslarına etibarlı və təhlükəsiz çıxışlarını və istifadəsini təmin etmək, milli informasiya məkanımızın virtual dünyaya harmonik inteqrasiyasını təmin etməkdir.

Azərbaycanda yayılan rəsmi statistikaya görə, internetə qoşulmuş kompüterlərin yalnız 71%-i anti-virus proqramları ilə təchiz edilib. İnternetə çıxışla bağlı istifadəçilərin qeyd etdiyi problemlərin faiz bölgüsü aşağıdakı diaqramda əks olunub.

İstifadəçilərin yalnız 11% internetin aşağı sürətindən   gileylənirlər.

Əslində, bu Azərbaycanda internet infrastrukturunun sürətli inkişafını simvolizə edir.  Əvvəlki illərdə bu rəqəm 70% səviyyəsinə çıxırdı (bax aşağı cədvələ).

Bununla yanaşı bəd xassəli onlayn müdaxilələrdən ehtiyat edənlərin faizi 80%  həddini aşıb. Bu çox ciddi xəbərdarlıqdır.

Bu, istifadəçilərin internetin təhlükəsizliyi məsələsində istifadə mədəniyyətinin zəif olduğunun göstəricisidir. Milli internet şəbəkələrində zərərverici proqramlar baş alıb gedir, informasiya təhlükəsizliyinin təminatı istiqamətində göstərilən tədbirlər isə yetərsizdir.  

Viruslarla yoluxma halları 5 il ərzində 8 dəfə artıb. Belə tendensiyanı qabaqlamaq üçün milli internet seqmentinin mühafizəsini gücləndirmək, hər gün baş verən yenilikləri öyrənmək, təhlil etmək, aktiv texniki əks tədbirlər görmək və məsələni gündəmdə saxlamaq tələb olunur.

Azərbaycan öz qarşısında regional İnformasiya Kommunikasiya Mərkəzinə çevrilmək kimi iddialı hədəf qoyub. Artıq Azərbaycan dəfələrlə uğurlu beynəlxalq layihələrin müəllifi, təşəbbüskarı və əsas icraçısına çevrilib. Bu siyahı son ildə Azersat telecom peyk layihəsi və Beynəlxalq yüksək sürətli Avropa-Asiya internet magistral layihələri ilə genişlənib. Maraqlı təşəbbüslərdən biri  də Beynəlxalq Elektron Təhlükəsizlik Mərkəzi yaradılmasıdır. Azərbaycan milli kommunikasiya peykləri və beynəlxalq magistrallar vasitəsi ilə tədricən regional internet trafikin təminatçısına çevrilməkdədir. Ölkə artıq paylanan internetin viruslardan, kiberhucumlardan və sair təhlükələrdən müdafiə olduğü barədə regional səviyyədə məsuliyyət daşıyacaq. Yeni təhlükəsizlik mərkəzi regional səviyyədə kibertəhlükəsizlik sahəsində region üzrə informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların  kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edəcək.

Təhlükəsiz İnternet Günü Azərbaycanda

Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi  İNSAFE 7 Fevral, 2004-cü ildə Beynəlxalq Təhlükəsiz İnternet Günü təsis edib.

Bu tədbir uşaqlar və gənclər üçün internetin təhlükəsiz məkana çevrilməsi üçün göstərilən səylərin birləşdirilməsinə xidmət edir.

Artıq dünyanın bütün qitələrində təqribən 70 ölkədə, o cümlədən Avropa birliyinin 27 üzv dövlətində Təhlükəsiz İnternet Günü qeyd edilir.

 2013-cü ildə Təhlükəsiz İnternet Gününün devizi və çağırışı:

“Nəsillərin birləşməsi və bir-birini maarifləndirməsi” (“Connecting generations and educating each other”) devizi altında qeyd edilir;

“Rəqəmli dünyanı birgə və təhlükəsiz kəşf edək” (“Discover the digital world together… safely!”) ifadəsi cari ildə “Təhlükəsiz İnternet Günü”nün çağırışıdır

Ənənəvi olaraq Azərbaycan bu tədbirdə fəal iştirak edir.

Təşəbbüs çərçivəsində qaldırılan prinsipial suallar :

- İlk öncə biz İnternetdə kimləri qorumalıyıq?

- İnternetdən istifadə zamanı hansı əsas qaydalara əməl edilməlidir?

Avropa Təhlükəsiz İnternet Mərkəzləri internet istifadəçilərinə tövsiyə edir:

- İnternet həyatınızın tamamı deyil sadəcə bir hissəsi olmalıdır; Ailəniz və dostlarınız hər zaman internetdən öndə olmalıdır;

- Gerçək həyatda olduğu kimi internetdə də tanımadığınız insanlarla ünsiyyətdən qaçın və sizi narahat edənlər barədə ailənizə məlumat verin;

- İnternetdə təhqiramiz ifadələrdən istifadə etməyin;

- Sizə aid (adınız, yaşayış yeriniz, yaşınız və s.) məlumatları tanımadığınız insanlarla paylaşmayın. Kiçik görünə biləcək məlumatlar sonradan böyük problemlərə gətirib çıxara bilər.;

- Şəkil və videolarınızı internetdə yerləşdirməyin;

- İnternetdə hər hansı bir saytda qeydiyyatdan keçəndə fərdi məlumatlarınızdan istifadə etməyin və bu məlumatları şifrələrinizə daxil etməyin;

- İnternetdən əldə etdiyiniz məlumat doğru olmaya bilər.  Doğruluğuna əmin olmağınız üçün bu məlumatı ən azı 3 mənbədən yoxlamalısınız;

- İnternetdəki pulsuz təkliflərə aldanmayın, ciddi zərər çəkə bilərsiniz;

- Sizə tanış olmayan məktubları açmayın və cavablandırmayın, hətta dostlarınızdan aldığınız şəkil, sənəd və s. materialları açmamışdan öncə antivirus proqramları ilə yoxlayın;

- İstifadə etdiyiniz antivirus proqramlarının bazasını gündəlik yeniləyin və İnternetdən yüklədiyiniz proqramları, xüsusilə də “.rar”, “.com”, “.bat” və s. genişlənməyə malik faylları kompüterinizə yazmamışdan öncə antivirus proqramları ilə yoxlayın, “crack” və “keygen” tipli proqramlar yükləməyin;

- İnternetdə etibar etdiyiniz saytlardan istifadə edin və etibar etdiyiniz proqramları yükləyin;

- Əməliyyat sisteminizi dövri olaraq yeniləyin və sistemin təhlükəsizliyini təmin edən sistem proqramlarından istifadə edin və onları heç bir proqramın və ya saytın tələbi ilə söndürməyin;

- Lisenziyalı proqram təminatlarından istifadə edin və bunu dostlarınıza tövsiyə edin.

Son illərdə ölkədə genişzolaqlı internetin regionlarda da geniş yayılması və evlərdə internet istifadəçilərin sayının kifayət qədər artması uşaqların  təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir.

İnternet istifadəçilərin kibercinayətlərə həssəs kütləsi ─ şagird və tələbələrdir.

Azərbaycanda son illər təhsil sistemində informasiyalaşdirna üzrə ardıcıl olaraq üç dövlət proqramı realizə olunmaqdadır. Proqramlar çərçivəsində ölkənin təhsil müfəssəllərini özündə cəmləşdirən vahid İnternet Təhsil şəbəkəsi Azedunet yaradılıb. Digər məqsədlərlə yanaşı

Azedunet məktəblərdə, peşə mərkəzlərinə və universitetlərə  ekstremizmə, əxlaqsızlığa, kin-nifrət salınması, terrorçuluğa, soyqırımına təhrik hesab olunan materiallardan tam azad olunmuş İnterneti pulsuz çatdırır. Proqram çərçivəsində uşaqların və valideynlərin internetə daha sıx və davamlı yiyələnməsi üçün aşağıdakı istiqamətlər üzrə metodik və praktiki, tövsiyə xarakterli materiallar yayır:

Qanunvericilik və uşaqların hüquqları

İnformasiya resursları, kontentlər

İnformasiya süzgəcləri

Məlumatlılığın artırılması

Valideyn vasitəçiliyi

Mediadan istifadə savadlılığı

Onlayn təhsil imkanları

Uşaqlara davranışın təlqin edilməsi

Özünütənzimləmə kodeksi və təcrübəsi

PressForum.az

 





22.10.2013    çap et  çap et