525.Az

Çap məhsullarına tətbiq olunan ƏDV yazılı medianın fəaliyyətinə mənfi təsir edir


 

"İDXAL OLUNAN KAĞIZIN ÜZƏRİNDƏN ƏDV-nin GÖTÜRÜLMƏSİ REDAKSİYALARDA ÇAP XƏRCLƏRİNİN AZALDILMASINA İMKAN VERƏRDİ"

Çap məhsullarına tətbiq olunan ƏDV yazılı medianın fəaliyyətinə mənfi təsir edir<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycana idxal olunan çap məhsullarına görə tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) uzun müddətdir ciddi müzakirə mövzusudur. 

Problemi həm mətbuat yayımı şirkətləri, həm də qəzet, jurnal və kitab çapı ilə məşğul olan qurumlar dəfələrlə gündəmə gətiriblər. Məsələ Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, hətta Milli Məclis səviyyəsində müzakirəyə çıxarılıb, lakin müsbət nəticə əldə olunmayıb.

Vergi Məcəlləsinə görə, çap məhsulları ƏDV-dən azad olunsa da, Dövlət Gömrük Komitəsinin rəhbərliyi Nazirlər Kabinetinin 2015-ci ildən ləğv edilən 11 saylı qərarını əsas götürür. Halbuki qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, KİV istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də var. Ona görə də, mətbuat orqanı, yayım şirkətləri və poliqrafiya rəhbərləri məsələnin qanunvericilik müstəvisində tənzimlənməsi, ziddiyyətli məqamların aradan qaldırılması üçün dövlətdən dəstək gözləyirlər.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova qeyd edib ki, bir neçə il öncə ardıcıl olaraq iki devalvasiyanın baş verməsi bütün sahələrdə olduğu kimi çap mediasında da maddi durumun ağırlaşmasına səbəb olub: "Doğrudur, dövlət üzləşdiyimiz çətinliklərin aradan qaldırılması ilə bağlı öz maddi dəstəyini göstərib. Bu dəstək Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən indi də davam etdirilir. Lakin həmin dövrdən başlayaraq müxtəlif səviyyələrdə çap mediasının üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlı müxtəlif təkliflər irəldi sürülüb. Bu təkliflərdən biri də ölkəyə idxal edilən və əsasən qəzet və jurnalların çapında istifadə olunan kağız məmulatlarının üzərindən əlavə dəyər vergisinin götürülməsi ilə bağlıdır. Hətta, bu məsələ bir neçə dəfə Milli Məclisdə də qaldırılıb".

İdxal olunan çap məhsullarının ƏDV-dən azad edilməsi təklifini dəstəklədiyini deyən S.Seyidova qeyd edib ki, idxal olunan qəzet və jurnal kağızlarının üzərindən əlavə dəyər vergisinin götürülməsi müəyyən qədər redaksiyalarda çap xərclərinin azaldılmasına imkan verərdi: "Kağız idxalından dövlət büdcəsinə ödənilən əlavə dəyər vergisinin ümumi məbləğinə nəzər salsaq bu vəsaitin dövlət büdcəsi üçün o qədər də böyük rəqəm olmadığını söyləyə bilərik. Lakin mövcud rəqəm çap mediası üçün əhəmiyyətli bir göstəricidir. Biz də istərdik ki, məlum çağırışlara müsbət reaksiya verilsin və hər iki tərəfi qane edə biləcək ortaq bir yol tapılsın". Baş redaktor əlavə edib ki, qəzetlərin maddi durumunun yaxşılaşdırılması üçün sadəcə bu təklifin reallaşdırılması yetərli deyil: "Qəzetlərin yayım məsələsi və reklam bazarının optimallaşdırılması da diqqət tələb edən və həllini gözləyən başlıca problemlərdəndir".

Qeyd edək ki, idxal olunan KİV məhsullarının ƏDV-dən azad ediləməsi məsələsi ilə bağlı "Qaya" Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyevlə Dövlət Gömrük Komitəsi arasında məhkəmə çəkişmələri olub. X.Əliyev hesab edir ki, bu məsələ ilə bağlı qanunun yox, qərarın üstün tutulması absurddur: "Bununla bağlı üç məhkəmə instansiyasında qərar və qərardad çıxarılıb. Həmin qərar və qərardadda göstərilir ki, "Qaya" Mətbuat Yayımının idxal etdiyi qəzet və jurnallara görə Gömrük Komitəsinin ƏDV tələbi qadağan edilsin. Amma məhkəmənin qərar və qərardadlarını Gömrük Komitəsi icra etmir".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun direktoru Umud Mirzəyev də qəzetimizə açıqlamalarında idxal olunan çap məhsullarına görə ƏDV-nin ləğvi məsələsini vacib hesab etdiklərini bildiriblər. Bundan başqa, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bir neçə dəfə parlament iclaslarında problemin həllinin vacibliyinə diqqəti çəkib. Hesab olunur ki, çap fəaliyyəti ilə bağlı Türkiyə və Rusiya təcrübəsinin Azərbaycan tətbiqinə ehtiyac var. Bu ölkələrdə çap məhsullarına heç bir vergi tətbiq olunmur.

C.ABASOV

 





30.08.2019    çap et  çap et