525.Az

"Sənətə sevgim bu yaşımacan məni enerjili saxlayıb" - Sərpil Tamurla müsahibə


 

MƏŞHUR TÜRKİYƏLİ AKTRİSA SERPİL TAMUR: "DÜŞÜNCƏ TƏRZİM, XARAKTERİM ELƏDİR Kİ, HƏYATA NEQATİV BAXA BİLMİRƏM"

"Sənətə sevgim bu yaşımacan məni enerjili saxlayıb" - <b style="color:red">Sərpil Tamurla müsahibə </b>

Müsahibimiz qardaş Türkiyənin sayılıb-seçilən aktrisalarından biri, Azərbaycanda daha çox "Qurdlar vadisi" serialında Nəzifə ana, "Bir zamanlar Çukurova"da Haminne kimi məşhurlaşmış Sərpil Tamur bir neçə gün öncə paytaxtımızda qonaq oldu.

Sənətçiylə Türkiyə, Azərbaycan, rol aldığı seriallar, həyatı, yaradıcılığı və başqa bir sıra maraqlı mövzular ətrafında söhbət etdik.

Öyrəndik ki, bu, onun Azərbaycana ikinci gəlişidir. İki il öncə də bir televiziya proqramı üçün paytaxtımızda qonaq olub.

Dediyinə görə, hər dəfə Bakını bir az daha çox sevir. Azərbaycanın mədəniyyəti ilə bağlı da xeyli məlumatlara sahibdir:

"Buralar mənə çox doğmadı. Heç yad deyilik. Siz də bizsiniz, bizdən birisiniz. Çox gözəl bir yerdə yaşayırsınız. Azərbaycan mədəniyyətini də çox sevirəm. Çünki bizə heç yad deyil. Sizin sənətçilərinizdən Alim Qasımovu çox sevirəm. Keçən il Rasim Balayevlə görüşmüşdük. "Dədə Qorqud" filmini çox bəyənirəm. Rasim gözəl aktyordur. Hətta onunla bir filmdə işləməyi belə istərdim. Ümumiyyətlə, Azərbaycanla bağlı bir layihədə iştirak etmək arzum var. Bu, Azərbaycanda çəkilən film də ola bilər. Düzünü desəm, filmlərinizi tam xatırlaya bilmirəm. Həqiqətən bizdə izlənilmir. Ancaq həyat yoldaşım AzTV-ni izləyir. O, daha çox vaxt ayıra bilir. Mənim isə öz serialımı belə izləməyə vaxtım olmur".

Həm teatrda çalışan, həm seriallara çəkilən, həm də universitetdə dərs deyən Sərpil xanımın çox gərgin iş rejimi olduğunu bilirdik. Elə bizə də bu qədər çox işlərə necə vaxt və enerji ayırması maraqlı idi. O da həm teatrdan, həm serialdan, həm də ona işləmək enerjisi verən həyat eşqindən bəhs etdi:

"Teatr mənim həyat tərzimdir, hər şeyimdir. Teatr mənim üçün məbəddir, müqəddəs yerdir. Teatrda olduğum üçün çox şanslıyam. Onun yeri bambaşqadır. Hətta haqqında danışanda belə dəyişik, xoş duyğular keçirirəm. 56 ildir teatrdayam. Seriallarda isə 33 ildir ki, rol alıram. Digər ölkələrlə müqayisə aparsaq, Türkiyə serial sektorunda xeyli qabaqdadır. Rejissorlar yaxşıdır, mövzular yaxşıdır. Serial sektorumuz çox parlaq vəziyyətdədir.

Aktrisalıqdan əlavə, müəllimlik də etmişəm, münsiflik də. Qızım hərdən soruşur ki, bu enerjini hardan alırsan. Yeri gəlmişkən, deyim ki, övladlarım arasında mənim sənətimi davam etdirəni olmadı. Ancaq kiçik qızım sizin sənətçiniz Elnur Hüseynovdan musiqi dərsi alır. Müəllimindən də çox məmnundur. O ki qaldı enerjimi hardan almağıma, bu, mənim peşəmdən irəli gəlir. Mən hər zaman gənc qalıram. Sənətə, peşəmə sevgim bu yaşımacan məni enerjili saxlayıb. Eyni zamanda, idmanla da məşğul oluram.

Bu ilə kimi universitetdə də dərs deyirdim. Amma indi universitetdən icazə aldım, yerimə başqasını qoydum. Çünki serial çəkilişləriylə birgə çatdıra bilmərəm. Bəzən bir günə çəkiliş bitmir, növbəti günə qalır. Növbəti gün də dərsim var, necə qoyub gedim? Ona görə də bir illik icazə aldım".

Sərpil xanım ekranlardan göründüyü kimi, müsahibəmiz boyunca da gülərüz, səmimi idi. Görəsən, həyatda da belədir?

"Beləyəm. Hətta səhər yeməyi hazırlarkən öz-özümə gülürəm. Yoldaşım "nə gəldi ağlına?" - deyə soruşur. "Vallah heç nə gəlmədi, günə gülərək başlamaq istəyirəm" deyirəm. Çünki beyin saxtamı, gerçəkmi güldüyünü ayırd edə bilmir. Beyin güldüyün zaman xoşbəxtlik hormonu ifraz edir. Bizə də o lazımdır. Bəlkə də ilk addımlarımda Polyananı oynamağımın da bir təsiri olub. Düşüncə tərzim, xarakterim elədir ki, həyata neqativ baxa bilmirəm".

"İnsanlar mənim Nəzifə ana olduğuma inanırlar..."

"O, elə obraz idi ki, mənə tezliklə yapışdı. "Poladın anası - bizim anamız" şüar kimi hər yerə yayıldı. Teatr qastrollarına  çıxırıq. Anadolunu gəzirik. Getdiyimiz hər yerdə bizə münasibət çox gözəl, səmimidir. Ömər ata ilə Nəzifə ana kimi duet yaratmışdıq. Bu ikili də çox tuturdu. Tamaşaçılar "ideal ananı, atanı sizdə gördük" deyirdilər. Vuruşma, döyüş kimi səhnələri bol olan serial idi. Aksiyon serialında niyə oynadığımı soruşsanız, rejissor Osman Sınavla biz "Super ata" serialında birgə işləmişdik. Ona çox böyük hörmətim var. Onun təklifinə yox deyə bilməzdim. Amma biz Ömərlə bu çaxnaşmanın kənarında qalırdıq. Vurulma səhnəmi çıxmaq şərtilə. İnsanlar bu rolu çox sevdilər. Məni görənlər çox səmimi, isti münasibət bəsləyirlər. Əlimi öpür, xeyir-dua alırlar. Mən sadəcə aktrisayam, amma insanlar mənim Nəzifə ana olduğuma inanırlar.  Əslində, həyatda da Nəzifə ana kimi olduğumu deyə bilərəm. Pozitiv, duyğulu, həssas, övladlarına və nəvələrinə düşkün... Onun kimi çox gözəl yeməklər bişirə bilirəm. Bu yay uşaqlarım, nəvələrim Amerikadan gəldilər. Onlara dadlı yeməklər bişirdim. Hər halda dadlı yeməklər bişirərəm. Çox ayıb yaa... (gülüşmə) Axı gözəl yemək bişirməyimi ancaq yeyənlər deyə bilər.

Necati Şaşmazla ana-oğul kimiyik. Bir dəfə çəkilişdə idim. İşimiz gərgin gedirdi. Həmin gün də analar gününə təsadüf edirdi. Necati əlində güllərlə yanıma gəldi. Analar günümü təbrik etdi. Bu cür jestlər insanın ürəyindən gələn istəklərdir. O qədər gözəl bir xatirə idi. Bu il eyni hadisəni "Bir zamanlar Çukorava"da yaşadım: Vahidə əlində bir çiçəklə məni təbrik elədi. Bu cür xüsusi təbriklər məni duyğulandırır.

Serialda Ömər ata ilə biz dindar ailə kimi təqdim edilirik. Həyatda da dinimi çox sevirəm. Amma o qədər də bağlı deyiləm. Yəqin məni Nəzifə anadan fərqləndirən cəhətlərdən biri budur. Gündə 5 dəfə namaz qılmıram. Tanrıya inanıram. Onunla münasibətimiz yalnız bizim aramızdadır".

Hazırda "Bir zamanlar Çukurova" serialında alzheymer xəstəsi Haminneni canlandıran müsahibimiz bunun ən sevdiyi rolu olduğunu dedi. Serial və rolu haqqında çox böyük həvəslə danışdı, növbəti mövsümdə də seriala davam etdiyini dedi:

"Çəkilişlər iki gün sonra başlamalıdır. Sabah (27 avqust - Ş.M.) mənə fəxri mükafat təqdim edilməlidir. Orada iştirak edəcəm. Bu yaşdan sonra fəxri mükafatlar artmağa başladı. Ondan sonra isə Adanaya gedirik, çəkilişlər başlayır. Bütün səmimiyyətimlə söyləyirəm, bu serialın ssenarisi mənə gələndə oxudum və yoldaşıma dedim ki, Uyğur, mən Adanaya gedirəm. O da "sənə çətin olmazmı?" dedi. "Axı mən bu rolu oynamaq istəyirəm. Bu, müdhiş bir şeydir" dedim və təklifi qəbul elədim. Hər dəfə o rolu oynamağa başlarkən xüsusi hazırlaşıram. Mən o rolu əzbərləməklə, yox yerdən yaratmadım. Neçə xəstəxanalar gəzdim, bu cür xəstələri müşahidə elədim, hərəsindən bir şey götürdüm. Mən çox sevirəm onu".

Bu sevgini çox bəlli etdiyini, ona görə bizim də onu çox sevdiyimizi dedik. Sanki Haminnenin keçmişi o qədər təmiz, saf olub ki, xəstəliyində də bu qədər sevimli və safdır. Müşahidələrimiz aktrisanı çox məmnun etdi:

"Bunu eşitdiyimə çox sevindim. Çünki adətən, insanlar seriallara baş rola görə baxarlar. Birinci dərəcəli rollardır hər zaman önə çıxan. Haminne kimi obrazlar diqqətdən kənarda qalır".

Haminnenin bir də küsməkləri var. Sərpil xanımın da həyatda küsəyən, dəymədüşər olduğuna inandığımı dedim. Qənaətim aktrisanı heyrətə saldı:

"Siz hardan bilirsiniz ki, mən dəymədüşərəm? Bunu orda belə çox hiss etməzlər. Hiss etdirmərəm. Sizin bunu anlamanız məni çox heyrətə saldı. Ən yaxınlarımdan başqa heç kim bunu bilməz. Çünki mən öz içimdə tez qırılıb, tez də özümü toplayıram, kimsəyə bəlli etmirəm. Siz necə hiss etmisiniz? Əhsən sizə! Demək ki, çox yaxşı müşahidəçisiniz. Haminnenin küsmələrini də mən əlavə etmişəm.

Əslində, bu, özü də rola bağlıdır. Bəzi rollara özündən nəsə əlavə edirsən. Bəzi rollar isə tamamilə yaddır və sənin ona verəcək nəyinsə yoxdur, o zaman sən ondan nəsə alırsan. Haminne, əslində, mənə çox yad obrazdır. Mənim ondan aldıqlarım daha çoxdur. Amma bəzi məqamlarda bu kimi şeylər də əlavə etməyimiz olur".

Söhbətimizin bu yerində həyatdakı Sərpil xanımla aktrisa Sərpil Tamuru ayıran xüsusiyyətləri soruşduq. Bu sualla birinci dəfədir qarşılaşdığını, bu haqda heç düşünmədiyini deyən müsahibim cavab üçün bir az fikirləşməli oldu:

"Deyəsən, ikisi bir-birini tamamlayır. Elə də çox fərqləri yoxdur. Məsələn, mən də evimdə Nəzifə kimi anayam, uşaqlarımı çox sevirəm, onları qoruyuram, nəvələrimə düşkünəm. Sənətçi kimliyi ayrı bir şeydir bəlkə də (fikrə gedir). Bax, heç zaman düşünmədiyim bir sual oldu bu. Heç kim bunu soruşmamışdı məndən. Həqiqət budur ki, mən sənətsiz yaşaya bilmərəm. Artıq onların ikisi də iç-içə keçiblər, məncə.

Amma elə bir rolum olmayıb ki, hansısa alışqanlığı var, ya da çox işlətdiyi bir söz, sonradan mənim həyatıma daxil olsun. Bizim müəllimlərimizdən öyrəndiyimiz ilk şey budur ki, rol həmin andır. O bitdisə, hər şey bitdi. Çölə addım atdığımızda öz həyatımıza dönürük, rolu bir növ unuduruq".

Ədəbiyyatla bağlı söhbətimizdə az qala bütün türkiyəli sənətçilər kimi o da, Dostoyevskinin adını çəkir. Öncə oxuduğu başqa yazarlar, sonra isə türklərdəki Dostoyevski sevgisinin sirri ilə maraqlanırıq. Deyir ki:

"Dostoyevski ən sevdiyim yazıçılardan biridir. Şəxsləri incələməsi, insan haqda xarakterik analizləri romanında əks etdirməsi mənə çox maraqlı gəlir. Ona görə çox sevirəm. Kaş onun əsərlərindən birini tamaşaya gətirə biləm! Kafka, Tolstoy mənim üçün müəllim kimidirlər. Oxuduğum kitablar mütləq məni silkələməlidir. Dedektiv əsərlər sevmirəm, oxumuram. Türk ədəbiyyatından isə Nazim Hikmətə xüsusi rəğbətim var. Evdə kitablarım çoxdur. Orxan Pamukun "Qar" əsərini daha çox sevirəm".

Bütün bu sahələrdə gənclərlə sıx münasibətdə olan Sərpil xanımın yeni nəsillə bağlı fikirləri ilə də maraqlandıq:

"İndiki gənclərin bir hissəsi çox əzmkar, çalışqandırlar. İlk əvvəl teatrla maraqlananlar mənim diqqətimi çəkir, sonra isə elmin başqa sahələrindəkilər. Teatrla maraqlananlar çox gözəl şəkildə yetişirlər. Heç bir çətinlikdən qorxmurlar. Mən onları çox təqdir edirəm. Başqa bir qisim gənclik isə sosial həyatla daha az maraqlanırlar. Nə bir teatra gedirlər, nə bir film izləyirlər.

Tələbələrimə və gənc aktyorlara vacib hesab etdiyim, dəyişməyən məsləhətim odur ki, çox çalışsınlar. 12 yaşımda oynadığım Polyanayı da hesaba qatsaq, 62 ildən çoxdur ki, bu işin içərisindəyəm. Müşahidələrimə görə, məsələn, konservatoriyanı bitirir və öz üzərində çalışmaq bitir. Ondan sonra başlayır içki, siqaret, gecə həyatı... Bütün bunlar sənəti məhv edən şeylərdir. İstedad da xilas etməz. Bizim sənətimiz belə bir şeydir ki, həmişə çalışmalısan, işləməlisən. Dil-dodaq əzələlərini, səsini, diafraqmanı, bədənini həmişə məşq elətdirməlisən. Sonra sənətini bəsləmək, inkişaf etdirmək üçün nə oxumaq, nə izləmək lazımdırsa, onlara vaxt ayıracaqsan. Mən 8-də başlayacaq tamaşam üçün saat 4-də teatra gedirəm. O zaman ərzində məşq edirəm, səsimi açıram, bədənimi hazırlayıram. Özümü rolun içərisinə salıram, adaptasiya oluram.

Söhbətimizin sonunda işləmək istədiyi rejissor, oynamaq istədiyi rolları xəbər aldıq:

"Rejissorlardan Çağan Irmakla işləməyi çox istəyərəm. Heç qismət olmadı. Olsa, məmnuniyyətlə razı olardım.

Canlandırmaq istədiyim tarixi qadınlardan... Zibeydə xanım var... Atatürkün anası... O xanımı düşünəndə belə çox həyəcanlanıram (gözləri dolur). O, çox ayrı bir məsuliyyət, ayrı bir şərəfdir. Elə bir insanın anası olmaq... Necə bir şeydir, görəsən? Teatrda da "Yaşlı xanımın ziyarəti" tamaşasında oynamağı çox istəyərdim, olmadı".

Şahanə MÜŞFİQ

 





30.08.2019    çap et  çap et