525.Az

Tükənməyin... tükətməyin... - Türkan Turan yazır


 

Tükənməyin... tükətməyin... - <b style="color:red">Türkan Turan yazır</b>

Bəzən sizə elə gəlir ki, indicə ağır qəza keçirmisiniz. Bütün daxili orqanlarınız yerə tökülüb. Sanki hərəsi bir tərəfə düşmüş o orqanları bir-bir götürüb yerinə qoymusunuz - ani hərəkətlər etməkdən qorxursunuz, addımlarınızı asta-asta atırsınız, hətta göz qapaqlarınızı da ehtiyatla yumub açırsınız.

Elə bilirsiniz, bunları surətli və ya kəskin şəkildə etsəniz, əmanət kimi qoyduğunuz orqanlarınızın hamısı təzədən yerə töküləcək. Özünüzü sürüngənə bənzədirsiniz. Sızıltı bədəninizdən, uğultu beyninizdən əl çəkmir. Bütün bunlar tərk edilərkən yaşananlardır. Hər şeyin bitdiyini qəbul etmək istəmirsiniz. Zorla tutub saxlamağa çalışırsınız. İsrar edirsiniz, dil tökürsünüz, həmin an gözünüz heç nəyi görmür. Tək hədəfiniz onun gedişini əngəlləmək olur. Bütün bunlar anlaşılandır. Çünki birlikdə gözəl illər keçirmişdiniz, əvəzedilməz anlarınız olmuşdu. Amma son günlər hər şey surətlə hərəkət edən, mazut daşıyan yük qatarı kimi relsdən çıxıb, ətrafa dağılmışdı. Buna baxmayaraq, yenə də nəticənin belə olmağını istəmirdiniz. Dünənə qədər yaşadıqlarınızın bu gün xatirəyə çevrilməyini görmək sizə faciə kimi görünür. "Belə olmamalı idi" deyirsiniz, "gərək getməyinə imkan verməyəydim" söyləyirsiniz, yalvar-yaxar edərək onu yolundan saxlamadığınız üçün peşmanlıq keçirirsiniz, mədənizdən daş asılır, ürəyiniz sinənizdə əzilir, düşünməkdən bitab düşürsünüz. Halbuki bütün bunların nə qədər yanlış olduğunu görmürsünüz.

Öncəliklə razılığa gələk ki, tərk edilmək ölüm deyil. İlk növbədə özünüzü suçlamaqdan əl çəkin. Münasibət bitibsə, bunun səbəbi siz deyilsiniz. Heç qarşı tərəf də deyil. Günahkar axtarışına çıxmayın. Nə olursa olsun, onu yolundan etməyə çalışmayın. Əgər qapını axıra qədər örtdüyünə əminsinizsə, geri qaytarmaq üçün özünüzü hədər etməyin. Bəlkə də qalmağa məcbur etməklə ona böyük işgəncə yaşadırsınız. Bunu sərt şəkildə dilə gətirməyə bilər, amma anlamağınız üçün mütləq sizə işarələr verib.

Bitmiş münasibətdən yapışıb qopmamaq hər iki tərəf üçün yavaş-yavaş öldürən zəhər kimidir. Həmin anlarda hiss etməyə bilərsiniz, amma bir müddət sonra görərsiniz ki, əvvəlki halınızdan əsər-əlamət qalmayıb.

Artıq sizinlə bir araya gəlmirsə, yanınızda rahatlıq tapa bilmirsə, onu hədiyyələr, xüsusi jestlər, ardı-arası kəsilməyən surprizlərlə özünüzə bağlamağa çalışırsınızsa, mütləq effektini görəcəksiniz. Amma təəssüf ki, bunun ömrü iki-üç gündən o tərəfə keçməyəcək. Əksinə, bu hərəkətlər onun sizdən uzaqlaşmağını daha da surətləndirəcək.

Bütün hallarda onu dayandırmağın mənası yoxdur. Çünki bir müddət sonra yarımçıq qoyduğu hərəkət yenidən baş qaldıracaq və çəkdiyiniz işgəncə təkrarlanacaq. Sürüyərək davam etmək çiyinlərinizi yormaqdan başqa işə yaramayacaq.

Artıq dayanın. Davam etmədiyini anlayın. Kürəyinizə ağır gələn bu yükdən qurtulduğunuz üçün sevinin. Nəzərə alın ki, onsuz da son günlər sizə pərişanlıqdan başqa heç nə vermirdi. Bəzən qarşıdakının getməyinə icazə vermək onu zorla saxlamağa çalışmaqdan daha yaxşıdır.

Əmin olun ki, bu, fəlakət olmayacaq. Həm də asılılıqdan qurtulmuş olacaqsınız. Yenilənmək üçün fürsət əldə edəcəksiniz. Həyatınızın mərkəzi halına gətirdiyiniz, onsuz nəfəs almadığınızı sandığınız insanın gedişini izləmək sizi daha da güclü edəcək.

Keçmişi xatırlayın. Onsuz da hər şeyin dadı qaçmışdı. Çürük saqqız kimi o tərəf-bu tərəfə çevirib çənə yormaqdan başqa adı yox idi. Bir-birinizdən zövq almağı unutmuşdunuz, sırf ad olsun deyə son telləri kəsib atmırdınız. Sirr deyil ki, tərəflərdən biri getməyə qərar verirsə, o münasibət təməlindən sarsılır. Hətta bir şəkildə dayandırmağa çalışsanız belə, heç nə əvvəlki kimi olmur.

Bu ayrılığın dünyanın sonunu gətirmədiyini görməlisiniz. Təkbaşına da varsınız, hər şeyin öhdəsindən gəlməyi yalnız da bacara bilərsiniz. Ən azından üfüqdən yeni günəş doğana qədər.

Tərk edilməyin yaxşı tərəfləri də var. Məsələn, insanın immunitetini gücləndirir, daha da mübariz edir.

Əgər onu yolundan etsəniz, həyatınız cəhənnəmə dönəcək. "görəsən, yenə gedər" deyə-deyə tərəddüdlər içində qıvrılacaqsınız. Hər hərəkətindən, hər mimikasından nəsə çıxardacaqsınız. Artıq hər davanı intiqam almaq hissinə çevirəcəksiniz. Yanlışlarını başına vura-vura duracaqsınız. Gərginliklər xoş anlarınızı tapdayıb keçəcək. Ona görə də, "getmək istəyirəm" deyəndə qapını ona özünüz açın. Unutmayın, hər şey sizdə başlayıb sizdə bitir. Yetər ki, ürəkli olun... tükənməyin... tükətməyin!..

 





31.08.2019    çap et  çap et