525.Az

Modern.az-ın 10 yaşı tamam olur


 

ƏFLATUN AMAŞOV: "İNANIRAM Kİ, QARŞIDAKI MÜDDƏTDƏ DƏ "MODERN.AZ" TUTDUĞU DƏST-XƏTTƏ, JURNALİSTİKA PRİNSİPLƏRİNƏ SADİQLİYİ İLƏ SEÇİLƏRƏK DAHA DA POPULYARLAŞACAQ"

Modern.az-ın 10 yaşı tamam olur<b style="color:red"></b>

Sentyabrın 1-i Modern.az xəbər portalı yubileyini - 10 yaşını qeyd edir. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən müddətdə özünəməxsus imic formalaşdırmağı bacarıb.

Modern.az-ın baş redaktoru Əfqan Qafarlı bildirib ki, saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlı materialları, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb.

"Bu illər ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 10 il ərzində oxuculara yanlış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla bağlı İP məsələsində hansısa problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, Modern.az yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.

Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik"- deyə baş redaktor əlavə edib.

Baş redaktorun sözlərinə görə, Modern.az saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub: "Biz də çalışacağıq ki, bu məktəbdən keçən gənc jurnalistlər dövlətçilik ənənələrinin qorunmasına töhfə versinlər.

Onu da qeyd edim ki, Modern.az-dan ayrılan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə, o cümlədən, televiziyalarda çalşırlar. Sevindirci haldır ki, Modern.az məktəbini keçən jurnalistlər milli maraqlardan çıxış edir, professionallıq nümayiş etdirirlər".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az saytını 10 yaşı münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Azərbaycanın internet media məkanının birincilərindən olan "Modern.az" saytının 10 yaşı tamam olur. Saytın başda Elşad Eyvazlı olmaqla kollektivini təbrik edirəm. "Modern.az" ictimai rəyə ağırlığını qoya bilmiş media orqanıdır. İnternet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin bol olduğu hazırkı şəraitdə bunu bacarmaq sıradan məsələ deyil.

10 yaşlı sayt jurnalist peşəkarlığının həm müasir, həm də ənənəvi formalarının internet media üçün aktual olduğunu sübuta yetirmiş kütləvi informasiya vasitəsidir. Buna görə nümunədir və bu səbəbdəndir ki, onun oxucu auditoriyası istər genişliyi, istərsə də intellektual potensialı ilə seçilməkdədir.

Əməksevər insanların, öz işinin peşəkarlarının toplaşdığı "Modern.az" gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri üçün də cəlbedicidir. Mövzu seçimindəki rəngarənglik, yanaşma tərzindəki məxsusilik sayta populyarlıq qazandırıb. Ötən 10 ilin uğurunu şərtləndirən cəhət də budur. İnanıram ki, qarşıdakı müddətdə də "Modern.az" tutduğu dəst-xəttə, jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilərək daha da populyarlaşacaq. Bir daha "Modern.az" saytının kollektivini ürəkdən təbrik edir, bu kollektivin hər bir üzvünə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram. Xoş gününüz mübarək, əziz "Modern.az"çılar. 10 yaşınız 100 olsun!"

 





01.09.2019    çap et  çap et