525.Az

Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu - I YAZI


 

Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu - <b style="color:red">I YAZI</b>

Müasir ədəbi-nəzəri fikrin aktual sahələrindən, prioritet istiqamətlərindən və əsas tədqiqat obyektlərindən olan Azərbaycan mühacirət ədəbiyyatı ideya, mövzu baxımından nə qədər zəngin və maraqlıdırsa, janr baxımından da fərqli və rəngarəngdir.

Mövcud ədəbi nümunələr içərisində poeziya, nəsr, publisistika, tənqid və ədəbiyyatşünaslıqla bağlı əsərlər daha çoxdur və bu da təbiidir. Mühacir həyatından qaynaqlanan bir sıra problemlər, mövzular və digər amillər qələm sahiblərini məhz bu janrlara daha çox müraciət etməyə meylləndirib. Dram janrının özünəməxsus cəhətləri bu qəbildən olan əsərlərin kəmiyyət baxımından mühacirət ədəbi irsində azlığını şərtləndirir. Nəşriyyat, təqdimat, auditoriya, xəbərin, yaxud toxunulan mövzunun operativ çatdırılması və digər bu kimi problemlərin təsiridir ki, ümumiyyətlə, mühacirət ədəbiyyatında, o cümlədən, Azərbaycan mühacirət irsində pyes janrında yazılmış əsərlərin sayı xeyli məhduddur. Mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən Abay Dağlı hələ Vətəndə ikən erkən yaradıcılığına poeziya nümunələri ilə başlayıb, mühacirət illərinin ilk dövründə nəsr əsərlərini qələmə alıb, II Dünya müharibəsindən sonra isə çox sayda pyeslər yazıb. O, "Əsir ruhlar", "Bir Mayıs gecəsi", "Okullular", "Sakarya", "Atatürk", "Atamızın gəncliyi", "Füzuli", "Sakarya çetəsi", "Malazgirtdən Sakaryaya", "Sakaryada 22-ci gün", "Ata anıları", "Albay", "Dədə Qorqud" və başqa dram əsərləri ilə mühacirət irsini həm ideya-məzmun, həm də janr baxımından zənginləşdirib.

Mirzə Abay Dağlının həyat və yaradıcılıq yolu, ədəbi irsi haqqında, ümumiyyətlə isə, mühacirət mövzusunda, eləcə də mühacirət ədəbiyyatı haqqında ötən əsrin 90-cı illərindən sonra mətbuatda bioqrafik, informativ xarakterli, bəzən də səthi, eyni zamanda, pafosla, hay-küylə dolu materiallar dərc olunmağa başlasa da, bu istiqamətdə ardıcıl, ciddi elmi tədqiqatlar xeyli sonralara təsadüf edir.

Diqqətçəkicidir ki, elə həmin dövrlərdə Xalq yazıçısı, filologiya elmləri doktoru Elçin qələm əhlini mühacirətdən yazarkən problemdən məsuliyyətlə, ehtiyatla söz açmağa dəvət edirdi. Görkəmli tənqidçi ədəbiyyatşünaslıq elmi və ədəbi tənqidin qarşısında duran vəzifələrdən və mühacirət ədəbiyyatının tədqiqi problemlərindən bəhs edərkən haqlı olaraq, mühacirət irsinin tədqiqinin aktuallığını qeyd edir, lakin bu zaman məsələyə ciddi və həssas yanaşmağın vacibliyini vurğulayırdı: "Azərbaycan mühacirət ədəbiyyatının öyrənilməsi və həmin ədəbiyyatın ədəbi prosesə cəlb edilməsi bu gün ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidin qarşısında duran mühüm vəzifələrdən biridir. Hissə qapılmadan, "mühacirətdə nə yazılıbsa, əladır" - kimi kor-koranə prinsiplə yox, obyektiv elmi-nəzəri meyarlarla aparılan araşdırmalar nəticəsində xalqımızın uzun müddət ayrı düşdüyü mənəvi sərvəti, təbii ki, özünə qaytarılmalıdır". Mühacirət ədəbiyyatı probleminin tədqiqinə, o cümlədən, Abay Dağlı yaradıcılığının araşdırılmasına Elçinin qeyd etdiyi prinsiplər əsasında yanaşan professor Vaqif Sultanlı, filologiya elmləri doktoru Nikpur Cabbarlı öz tədqiqatları ilə Abay Dağlı irsinin öyrənilməsinə - mühacirət ədəbiyyatşünaslığına sanballı və layiqli töhfələr vermişlər.

Yeri gəlmişkən qeyd edək ki, Xalq yazıçısı Anarın "Qürbət mənim içimdə", tanınmış diplomat, istedadlı publisist Ramiz Abutalıbovun "...Ağrı ilə Altaylar arasında bir ruh", yaxud Münhendən Parisə, sonra da Bakıya gətirilmiş bir bağlama haqqında", İradə Uluxanlının "Yazıçı Anar kim olub", Taleh İsmayılın "Türklüyün daha bir səsi", Aslan Kənanın "Anar" və Rana təxəllüslü yazıçı kimdir? - Mirzə Abay Dağlı, yoxsa...", professor Vaqif Sultanlının "Taleyin qəriblik yükü", Maarif Teymurun "...evimizə ozan gətirmişəm" və bu qəbildən olan bir sıra digər məqalələrin də Azərbaycanda Abay Dağlının tanıdılması və təbliğində müəyyən rolu olub. Heç şübhəsiz ki, bu sırada Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş respublika konfransının materialları, o cümlədən, tədbirdə muzeyin əməkdaşı Kübra Mahmudovanın "Abay Dağlı və Füzuli" mövzusundakı çıxışı da qeyd edilməlidir. "Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr" II Beynəlxalq elmi konfransında Maral Yaqubovanın "Abay Dağlının "Onlar türklərdi" romanının bədii ifadə strukturu" adlı məruzəsi də Abay Dağlı irsinin öyrənilməsinə töhfədir.

Burada bir məsələni də xüsusi ilə vurğulamaq lazımdır. Hələ müstəqilliyin ilk illərindən, havadarlarının maddi-mənəvi dəstəyi ilə Ermənistanda, Dağlıq Qarabağda erməni separatçılarının xalqımıza qarşı xəyanətkar çıxışları, əzəli, əbədi Azərbaycan torpağı Qarabağa göz tikmələri üzündən respublikamızda hökm sürən ağır ictimai-siyasi, iqtisadi vəziyyətə baxmayaraq, gənc Azərbaycan hökuməti də öz sələfinin - Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, mühacirətdə yaşamağa məhkum olmuş liderlərinin həyat, fəaliyyətinin, irsinin öyrənilməsinə qayğı göstərib. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2007-ci ildə Almas İldırımın 100, 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaovun 150, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130, 2014-cü ildə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150, 2015-ci ildə isə Ceyhun Hacıbəylinin 125 illik yubileylərinin keçirilməsi ilə bağlı Sərəncamları milli-mənəvi dəyərlərimizin bir parçasına çevrilmiş bu sərvətin - mühacirət irsinin müasir tələblər səviyyəsində, sistemli, ardıcıl araşdırılmasına zəmin olmuşdur və böyük tarixi əhəmiyyət kəsb edir. Bu diqqətin nəticəsidir ki, AMEA Rəyasət Heyətinin 2014-cü ildə keçirilən iclasının qərarına əsasən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsi fəaliyyətə başlamış, "Azərbaycan mühacirət ədəbiyyatı" kitabxanası"nın yaradılması nəzərdə tutulmuşdur. Hazırda həmin qərarla müəyyənləşdirilmiş tədbirlərin icrasının həyata keçirilməsi - seriya ilə kitabların buraxılması, o cümlədən, haqqında bəhs etdiyimiz Abay Dağlının bədii irsinin nəşrə hazırlanması istiqamətində müvafiq işlər görülür. Azərbaycan mühacirət ədəbiyyatında dramaturgiyanın inkişaf meyllərindən danışmazdan əvvəl, bu janrdakı pyeslərlə daha çox tanınan Abay Dağlının maraqlı, həm də məşəqqətlərlə dolu həyat yolundan bəhs etmək məqsədəuyğundur.

Mirzə Abay Dağlı (Cəmil İbrahim oğlu Ağayev) 1906-cı il yanvar ayının 27-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən birində - Şuşada anadan olmuşdur. Doğrudur, bəzi mənbələrdə təvəllüd tarixi fərqli rəqəmlərlə göstərilir. Məsələn, 1936-cı Abay Dağlının doldurduğu "Kadrlar uçotu üzrə şəxsi vərəqə"də və 1937-ci ildə yenə özünün yazdığı "Şəxsi kartoçka"da A.Dağlı təvəllüd tarixini nədənsə, 1910-cu il kimi göstərib. Yaxud araşdırmaçı Lətif Yücel 1991-ci ilin aprelində Bakıda keçirilmiş "Azərbaycan mühacirət ədəbiyyatı" beynəlxalq simpoziumundakı çıxışında Abay Dağlının doğum tarixini 1922-ci il kimi qeyd edir. Lakin əksər araşdırmaçıların yekdil qənaətinə və bir çox rəsmi sənədlərə, eləcə də Abay Dağlının öz əli yazdığı "Avtobioqrafiya"ya əsasən dramaturqun təvəllüd tarixi 1906-cı ildir.

Abay Dağlı ilk təhsilini atasının yanında işləyə-işləyə Şuşada realnı məktəbdə almış, bir müddət (1925-1927) pioner təşkilatçısı kimi çalışdıqdan sonra Azərbaycan Mərkəzi Partiya Məktəbində oxumuş (1927-1929), 1936-cı ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin ədəbiyyat ixtisası üzrə tam kursunu bitirmişdi. Hələ bundan xeyli əvvəl - 1929-1932-ci illərdə Şəmkir rayononun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edən Abay Dağlı 1936-cı ildə dərs demək üçün təyinatla Nuxadakı Stalin adına Pedaqoji Texnikuma göndərilir və 1940-cı ilədək orada çalışır. Texnikumda vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar Bakıya gəlir və Nizami adına muzeydə kiçik elmi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra - 1941-ci ildə muzeydəki vəzifəsi də ixtisara düşür və işdən azad olunur. 1941-ci ildə Böyük Vətən Müharibəsinə - ön cəbhəyə çağırılır. Bununla da Abay Dağlı vətənlə əbədi vidalaşır.

Müharibə bitdikdən sonra bir müddət Münhendə, sonralar Ankara və İstanbulda yaşayır. Abay Dağlının istər həyatı, istərsə də irsi 40 ilədək - 1965-ci ilə kimi qaranlıq qalmış, onunla heç qohumları da əlaqə saxlaya bilməmişdilər. Abay Dağlı 1989-cu ildə vəfat edir. Məzarının harada olduğu hələlik dəqiq məlum deyil. Bakıda yaşayan qohumlarının dediyinə görə, Abay Dağlı İstanbulda dəfn edilib. 1960-cı illərdən bacısı Xanım ilə yazışan Abay Dağlının məktublarından məlum olur ki, o, iki dəfə - Almaniyada və Türkiyədə ailə həyatı qurub. Türkiyədəki Əminə adlı xanımından yeganə övladı Nursən dünyaya gəlib.

Ədəbi mühitdə Abay Dağlı kimi tanınan Cəmil Ağayevin mühacirətə qədər və mühacirət dövründə bir sıra digər təxəllüsləri də olub. İlkin yaradıcılığında "Qırmızı Şamxor", "Nuxa işçisi", "Ədəbiyyat", "Kommunist", "Gənc pedaqoq", qəzetlərində "Şuşalı", Ağayev Cəmil", "A.Cəmil" imzaları ilə məqalə və şeirlərini dərc etdirən Abay Dağlı mühacirət illərində "A.M.D.", "M.D", "Rana", "A.Anar", "A.Dağlı", "Abay Mirzə", "Abay Mirzə Dağlı", Abay Dağlı" və s. təxəllüslərlə yazıb-yaradıb. Abay Dağlı Bakıda yaşayan qohumlarına, xüsusi ilə bacısı Xanıma yazdığı məktubları "Abay Ağa" kimi imzalayıb.

Qeyd etdiyimiz kimi, Abay Dağlının mühacirət həyatı və irsi nəinki Azərbaycan oxucuları, heç doğmaları üçün də uzun müddət - ötən əsrin 40-cı illərindən 60-cı illərin sonunadək tam qaranlıq qalmışdı. Yalnız 1965-ci ildə o, bacısı Xanıma ilk məktubu ünvanlayır. Ara-sıra yazışma 1968-ci ilədək davam edir. Sonra məlum olmayan səbəblərə görə məktubların arası kəsilir. Ötən əsrin 90-cı illərindən sonra yenidən Abay Dağlı xatırlanmağa başlayır. Professor Vaqif Sultanlı onun "Füzuli" pyesi haqqında "Azadlıq" radiosunda çıxış edir. Azərbaycan mühacirət irsinin fədakar və təmənnasız toplayıcısı Ramiz Abutalıbov 1990-cı illərin sonlarında S.Mümtaz adına ADMİA-ya Abay Dağlının 4 kitabını hədiyyə edir. O zaman eyni vaxtda R.Abutalıbov Abay Dağlının kitabları - "Dədə Qorqud", "Əsir ruhlar", "Albay", "Sakarya çetesi" pyesləri barədə mətbuatda çıxış etsə də, müəllifin həyatı barədə geniş informasiya vermir və özünün də etiraf etdiyi kimi, "Mirzə Abayın əsl adı hələ də naməlum qalır". Məqalənin sonunda müəllif oxuculara müraciət edərək Abay Dağlı haqqında məlumat verilməsini xahiş edir. 2000-ci il noyabrın 6-da bacısı Xanımın arxivə təqdim etdiyi 310 sənədin əsasında ADMİA-da "Şair, publisist, ədəbiyyatşünas Mirzə Abay Dağlı (Ağayev Cəmil İbrahim oğlu)" fondu yaradılır. Burada Abay Dağlının həyat və yaradıcılığı ilə bağlı 1924-1997-ci illəri əhatə edən sənədlər toplanılıb.

Fonda daxil olan sənədlər elmi-texniki cəhətdən işlənilib, siyahısı tərtib olunub və "M.A.Dağlının əlyazmaları; pyes və şeirləri; məqalə və qeydləri; M.A.Dağlının tərcümeyi-hal-sənədləri" şəklindəki bir ardıcıllıqla təsnif edilib.

 





01.09.2019    çap et  çap et